Nəhayət, İrəvan çoxdan hazırlaşdığı “erməni soyqırımı” harayının 100 illiyini sınıq- salxaq bir hüznlə qeyd etdi. Yalanlar və uydurmalarla dolu tarixin bir ili də geridə qaldı. Bu tarixi saxtakarlığın Avropa ölkələrindən 11-nin 1915 -ci il olaylarını “soyqırımı” kimi tanıması, Pasxa günlərində Roma papası I Fransiskin dilindən qondarma “erməni soyqırımı” ifadəsinin eşidilməsi çox -çox əvvəllər hazırlanmış böhtan ssenarisi kimi tarixin yaddaşında qalacaq.
Sivil dünya insanının ağlına heç cür sığmayan bu qarayaxma xristian aləminin, xüsusilə katoliklərin mərkəzi Vatikanın bütün dünyaya bəlli uydurmanın bəzi dövlətlər tərəfindən olmuş həqiqət kimi qələmə verməsi “xristian qardaşlığı”nın müsəlmanlara, İslam aləminə qarşı birtərəfli münasibətinin açıq -aydın bəyannaməsidir.
Bu gün “erməni soyqırımı”nın 100 illik harayını salmaqla insanlığın düşməni imicini qazanmış bədnam qonşularımızın 200 il bundan əvvəl türklərə, azərbaycanlılara, kürdlərə və digər millətlərin nümayəndələrinə qarşı qəddarlıqlarını ört -basdır etmək, dünya xalqlarına özlərini “yazıq millət” kimi tanıtmaq üçün dəridən -qabıqdan çıxmaqla, tarixi faktlardan, dədə -babalarının yaratdıqları “Daşnaksütyun”un, “Qnçak”ın və “Armenakan”ın törətdiyi cinayətlərdən özlərini xəbərsiz kimi göstərməklə tökdükləri saysız -hesabsız qanları, qətliamları, görəsən, daha hansı millətlərin adına yazacaqlar?
Bü gün ermənilərin azərbaycanlılara, türklərə qarşı soyqırımı tarixini vərəqləyərkən “Daşnaksütyun”un 1890- cı ildən bəri törətdiyi cinayətlərdən, “Armenakan” və “Qnçak”ın terror əməllərindən, bu günümüzə və gələcəyimizə hesablanmış faciələrin ictimai- tarixi köklərini araşdırıb bütün dünyaya car çəkməkdən, beynəlxalq təşkilatları məlumatlandırmaqla erməni ağ yalanlarını ifşa etməkdən başqa yolumuz yoxdur. Erməni cinayətkar təşkilatlarının beynəlxalq terrorizmin əsasını hansı üsullarla qoyduqlarını təkzibedilməz faktlarla sübut etmək indi bizim vətəndaşlıq borcumuzdur.
Qafqazşünas -tədqiqatçı V.L.Veliçko deyib: “1860-70- ci illərdə Azərbaycanın Tərtər yaşayış məntəqəsində gəlmə erməni quldurlar orada yaşayan azsaylı rus əhalisinə qarşı ardıcıl cinayət əməlləri törətmiş və nəticədə, təzyiqlərə dözməyən onlarla rus ailəsi ev -eşiklərini tərk etmək məcburiyyətində qalmışdır”. Digər rus alimi K.N.Şavrov yazır: “1828-ci ildən başlayaraq 1830 -cu ilədək Zaqafqaziyada 40 mindən çox İran, 80 mindən çox Türkiyə ermənisi Yelizavetpol quberniyasının (Gəncənin) və İrəvanın ən yaxşı ərazilərinə köçürülmüşlər. Bu ermənilər Yelizavetpol quberniyasının dağlıq hissəsi (Dağlıq Qarabağ) və Göyçə gölünün sahillərində azərbaycanlıların xüsusi torpaqlarında məskunlaşdırılmışlar”.
Gəlmə ermənilər Azərbaycanda məskunlaşdıqdan sonra terror təşkilatları, bandaları, quldur dəstələri yaradaraq cinayət əməllərinə planlı şəkildə başlamışlar.
1885 -ci il sentyabrın 30- da İstanbulda varlı erməni bank sahibi Mkrtıç Portokalyanın oğlu “Armenekan” terrorçu təşkilatını yaratmış və müsəlmanların və türklərin qanına susayan cəlladları bu təşkilata cəlb etmişdir. Elə həmin ildə yaradılmış “Qnçak” terrorçu təşkilatı da “Armenekanın” yolu ilə gedərək yerlərdə çoxlu terror əməlləri törətmişdir. Sələflərinin ənənələrinə sadiq qalan “Daşnaksütyun” tarixinin tədqiqatçı müəllifi erməni M.Varandyan bu təşkilatın fəaliyyətinin əsas cəhətlərini belə ümumiləşdirib: “Daşnaksütyun” komitəsinin əsas şüarı belə idi: “Xarici görünüşündən və kimliyindən asılı olmayaraq, rast gəldikləri türkləri güllələmək və məhv etmək!”. Bu komitə yarandığı andan özünün silahlı birləşmələrini yaratmış, terror əməllərini lazımınca yerinə yetirmək üçün fədailərinə müntəzəm təlimlər keçmişdir.
“Dənizdən - dənizədək” Böyük Ermənistan xülyasına qərq olmuş daşnaklar Türkiyənin onlarla şəhərində insanları kütləvi surətdə amansızlıqla məhv etmiş, sağ qalanları isə girov götürmüşlər. 1890 -1892-ci illərdə Türkiyə təbəəsi olan erməni cəza dəstələrinin əli ilə 65 min dinc müsəlman, türk və kürd amansızlıqla qətlə yetirilmişdir.
Bu hər üç təşkilatın bədnam planlarına əsasən, 1903 -cü ildən başlayaraq Azərbaycan ərazilərində - Qubada, Gəncədə, Bakıda, Şuşada, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qazaxda, Sırxavənddə, Paprəvənddə silahsız, köməksiz insanlar - qadınlar, uşaqlar, qocalar qılıncdan keçirilmiş, yüzlərlə adama olmazın işgəncələr verilmiş, kənd və qəsəbələr yandırılıb yerlə -yeksan edilmişdir.
1904-cü ilin sentyabrında erməni terrorçuları müsəlmanlara qarşıdakı qətliamlarına xəbərdarlıq məqsədilə Bakıda bir neçə adamı amansızlıqla öldürmüşlər. Onlar eyni zamanda şəhərin müxtəlif yerlərində vərəqələr, intibahnamələr yayaraq azərbaycanlıları ermənilərlə birləşib ruslara qarşı birgə mübarizə aparmağa çağırmışlar. Vərəqələrin çoxunda deyilirdi: əks halda biz torpaqlarınızı sizin qanınıza buluyacağıq və meyitlərinizi alovlarda yandıracağıq.
1905-ci il fevralın 6- da Bakıda erməni milyonçuları Balabəy Lalayevin, Artyom Babayantsın, İsay Ter-Osipovun himayədarlığı ilə 18 nəfər soydaşımız amansızlıqla öldürülmüş, 33 nəfər isə yaralanmışdır. Bunlardan 34-ü azərbaycanlı, 6- sı rus, 6 nəfəri erməni, 5 nəfəri isə digər millətlərin nümayəndələri olmuşdur. Bundan bir gün sonra Bakıda erməni terror təşkilatlarının göstərişi ilə 100- dən çox dinc sakin öldürülmüş və yaralanmışdır.
Fevralın 9-dan etibarən Bakıda onlarla insan qətlə yetirilmiş, şəhərin müxtəlif yerlərində dağıntılar törədilmişdir. Bir sözlə, 1905-ci il fevralın 6-dan 10 -dək baş vermiş hadisələr şəhərin tarixinə qanlı qətliam günləri kimi daxil olmuşdur. Həmin il fevralın 20 - 21-i günləri İrəvanda beynəlxalq terror təşkilatı vəzifəsini yerinə yetirən “Daşnaksütyun”un quldur dəstələri şəhərin müsəlmanlar yaşayan məhələlərində qəddarlıqla neçə -neçə dinc sakini qanına -qəltan etmişlər.
1905- ci il mayın 1- də Bakıda daşnakçılar Qafqaz xalqları dostuğunun tərəfdarı olan knyaz Nakaşidzeni və Takayşvilini qətlə yetirmişlər. Bunun ardınca uyezd rəisləri Pavlov, Neşanskiy, Bobslavski, vitse-qubernator Andreyev, polkovnik Bıkov və digərləri bu terrorçu qrupların əli ilə öldürülmüşlər. Həmin il Naxçıvanda onlarla dinc sakinin qanı axıdılmışdır. 1905- ci il fevralın 20- də Bakıda yaxşı silahlanmış erməni quldur birləşmələri müsəlmanların sıx yaşadıqları məhəllələrə qəflətən hücum edərək neçə-neçə kişinin başını vurmuş, hamilə qadınların qarınlarını yırtaraq bətnlərindəki körpələri çıxarıb oda atmış, quyulara tullayaraq boğmuş, bir çoxlarının meyitini dənizə atmışlar. Ondan bir gün sonra, avqustun 2- də cəzasız qalan erməni quldurlar Şuşada məktəbi təmir edən 17 azərbaycanlı ustanın başını bədənlərindən ayırmışlar.
Bir sözlə, 1905-1907- ci illərdə daşnakçıların rəhbərlik etdikləri erməni birləşmiş terror dəstələri Bakıda, Azərbaycanın digər şəhər və kəndlərində, indiki Ermənistanın ərazisində saysız- hesabsız qanlı əməliyyatlar aparmış, yüzlərlə yaşayış məntəqəsini yer üzündən silmiş, minlərlə insanı xüsusi qəddarlıqla qətlə yetirmişlər. Əməlliyatlar zamanı erməni “saqallıları”, “könüllü drujinaları”, “milli büro” üzvləri heç kəsə rəhm etmədən ucdantutma qətliamlar törətmişlər.
1905-1906- cı illərdə təkcə İrəvan və Yelizavetpol (Gəncə) quberniyalarında azərbaycanlıların 200- dən artıq yaşayış məntəqəsi tamamilə dağıdılmış, əhalisi isə etnik təmizləməyə və soyqırıma məruz qalmışdır. Bakıda və Şamaxıda kütləvi müsəlman qarğınları törədilmiş, bu yerlərdə erməni vəhşiliklərinin qəddarlıqlarının tayı- bərabəri olmamışdır. O vaxt təkcə Qarabağda azərbaycanlılar yaşayan yüzlərlə kənd yandırılıb məhv edilmiş, neçə- neçə məscid, ibadət yerləri və ziyarətgahlardan əsər- əlamət qalmamışdır.
1914-cü ilin fevralından başlayaraq 1916- cı il avqustun sonunadək Türkiyənin müxtəlif şəhərlərində, yaşayış məntəqələrində və kəndlərində adamların başı qılıncla vurulmuş, diri- diri gözləri çıxarılmış, qulaq- burunları kəsilmiş, ucdantutma məhv edilmişlər. Bu əməllərindən doymayan daşnakçılar, qnçakçılar, armenakançılar ayrı- ayrı yaşayış məntəqələrində, kəndlərdə insanları müxtəlif vasitələrlə zəhərləyib öldürmüşlər.
Tarixi faktlar, rəsmi sənədlər, bu hadisələr barədə yazılan qalaq-qalaq kitablar və şahid ifadələri, təkzibedilməz həqiqətlər bir daha deməyə əsas verir ki, deyək: 1915- ci ildə Türkiyə ərazisində ermənilərə qarşı heç bir soyqırımı əməli olmamış, əksinə, erməni cəlladlar, onların çoxsaylı qaniçən dəstələri, fədailəri, kamikadzeləri insanları kütləvi surətdə qətlə yetirmişlər. Onların bu cinayətləri erməni qəddarlıq tarixinin qara səhifələrinə qanlı sətirlərlə yazılmışdır.
Tarixi həqiqətlər belədir ki, 1890- cı ildən etibarən Türkiyədə alovlandırılıb, sonu görünməyən fəlakətlərin, kütləvi qırğınların təşəbbüskarları “Daşnaksütyun”, “Armenakan” və “Qnçak” beynəlxalq terrorizmin əsasını qoymuşlar.
Ulu öndər Heydər Əliyev erməni terrorizmindən, daşnakçıların görünməmiş qəddarlıqlarından danışarkən deyirdi:
“Birinci Dünya müharibəsindən, 1917-ci ilin fevral- oktyabr çevrilişlərindən sonra ermənilər bolşevizm bayrağı altında məqsədlərinə çatmaq planlarını həyata keçirməyə başlamışlar. Bakı Kommunası əks-inqilabi ünsürlərlə mübarizə şüarı altında 1918- ci ilin martından etibarən özlərinin cinayətkar niyyətlərini həyata keçirməyi, bütün Bakı quberniyasında azərbaycanlıları məhv etməyi qarşılarına məqsəd qoymuşdular. Həmin vaxt ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına həkk olunmuşdur.
Öz milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı məhv edilmişdir. Ermənilər evləri yandırmış, insanları diri- diri alovun içinə atmışlar. Erməni quldurları tarixi memarlıq abidələrini dağıtmış, məscidləri, digər tikililəri məhv etmiş, Bakının böyük hissəsini xarabalıqlara çevirmişlər. Bakı, Şamaxı, Quba quberniyalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın digər rayonlarında xüsusi qəddarlıqla soyqırım planlı şəkildə həyata keçirilmişdir. Bu yerlərdəki yaşayış məntəqələrinin dinc əhalisi kütləvi surətdə məhv edilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri tamamilə dağıdılmışdır".
Bu gün “erməni soyqırımı” harayını qaldıran daşnak tör- töküntülərinə, onlara havadarlıq edənlərə, qaniçən ermənilərə göz yaşı tökənlərə tarixi həqiqətləri andırmaq hamımızın, bütün İslam aləminin insanlıq borcu olmalı, dünən bütün dünyanın gözü qarşısında Xocalı faciəsinin əsl soyqırımı kimi həyata keçirildiyini elliklə tərəqqipərvər bəşəriyyətə çatdırmalıyıq. Görünür, bu gün “erməni soyqırımı” üçün “ürəkağrısı” keçirən, bu hadisəni həm də özlərinin faciəsi hesab edənlər daşnakçı cəlladların Nyu- Yorkda, Parisdə, Romada, Londonda, Moskvada, Rusiyanın müxtəlif şəhərlərində törətdikləri cinayətlərdən, amansız terror əməllərindən xəbərsizdirlər.
Bir sözlə, indi erməni qəddarlarına havadarlıq edən beynəlxalq təşkilatları, Avropanın ayrı- ayrı ölkələrindəki və Vatikandakı ermənipərəstlərin daşnakçıların yalan və iftiralarına uymamağı, olmuş həqiqətləri nəhayət, vicdanlarının səsinə qulaq asıb etiraf etməyə çağırmalı, ölkəmizə və türk dünyasına atılan şər və böhtanlara qətiyyətlə cavab verməliyik.
Erməni milli vandallığını, dövlət terrorizmini, bu başabəla toplumun xalqımıza qarşı davamlı soyqırım siyasətini daim müxtəlif səviyyələrdə qətiyyətlə ittiham və ifşa edən Prezident İlham Əliyev bugünlərdə ölkəmizin paytaxtında keçirilən III Ümumdünya Mədəniyyətlərarası Forumunun mötəbər tribunasından bir daha ermənilərin müəlliflik etdiyi milli nifrət, dini- etnik dözməzlik, neofaşizm kimi bəşəri bəlaların dünyanın yaxın sabahı üçün ciddi təhlükə olduğunu söylədi: “Biz bu gün dünyanın müxtəlif yerlərində etnik, dini, məzhəb zəminində ayrı- seçkiliyi görürük. Bu da faciəvi bir haldır. Biz bunu öz qonşuluğumuzda görürürük. Biz, həmçinin neofaşizm kimi təhlükəli meyillərin şahidi oluruq.”
Bu, bəşəriyyətin sahahı üçün xalqımızın və onun liderinin həssaslığı və xoşməramlı mesajıdır. Görəsən, dinclik, tərəqqi arzusunda olan dünya xalqları erməni neofaşizminin hələlik cəzasız qalması, cilovlanmaması, hətta şirnikləndirilməsi ilə barışacaqmı?
Ənvər QAFARLI,
AVCİYA-nın Ekspertlər
Şurasının üzvü,
“Təfəkkür” Universitetinin professoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.