Azərbaycanın təşəbbüsləri dünyaya lazımdır

 Bu gün dünya çox mürəkkəb proseslərdən keçir: regionların lokallaşması və ekstremist tendensiyalar; radikal cərəyanların yayılması, eləcə də müxtəlif fobiya və dözülməzlik formalarının təzahürü; multikulturalizm ideyasının böhranı; bütöv regionların enerji təhlükəsizliyinin təminatında ciddi “çatlaqların” əmələ gəlməsi; iqtisadi sarsıntıların artması; tədricən açıq formaya keçən qızğın silahlanma; ümumi inamsızlıq, ilk növbədə, beynəlxalq təşkilatlara qarşı güclənən inamsızlıq ruhunun yayılması tendensiyaları; ikili standartlar siyasəti və s.

Razılaşın ki, sadalanan proseslər, yumşaq desək, ayrı-ayrı regionların  və bütövlükdə dünyanın davamlı inkişafının təminatçısı ola bilməz. Əksinə, onların dünyanı xaosa sürükləməsi labüddür. Nələrin dünyamızı məqsədyönlü və ya təsadüfi şəkildə xaosa sürükləməsi sualı isə açıq olaraq qalır, diskussiya xarakterlidir.

Məhz buna görə də  bu gün dünyanın və xüsusilə beynəlxalq təşkilatların, dünya ölkələri arasında etimadlı münasibətlərin, eləcə də beynəlxalq təşkilatlara olan etibarın bərpa olunmasına kömək edə biləcək humanitar-inteqrasiya impulslarına ehtiyacı var. Başqa sözlə, bu gün dünya dönüş dövrünün açıq mərhələsindən keçir. Kobud desək, ya biz bir-birimizdən üz çevirib uzaqlaşacağıq  ya  da  bizləri qarşılıqlı anlaşmaya və etimada gətirəcək dialoqa başlayacağıq. Bu kontekstdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin “EXO” qəzetinə müsahibəsində dediyi sözlər çox dəqiqdir: “Mədəniyyətlərin yox edilməsi  dünya üçün açıq təhdiddir”.  Problemin bu cür qoyuluşu inteqrasiya təşəbbüslərinə  kəskin ehtiyacı təsdiq edir. Məhz bu, Azərbaycanın təşəbbüslərinin dünyaya lazım olduğunu deməyə imkan verir.

Bu kontekstdə 18-19 may tarixində Bakıda keçirilmiş III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında danışmaq yerinə düşərdi. Azərbaycan Prezidentinin bu cür təşəbbüslərinin ölkəmizin müasir tarixində ən parlaq yer tutacağına azacıq da şübhə  yoxdur. Bu təşəbbüslər  tarixin müasir dövrünü öyrənən gələcək nəsillər tərəfindən layiqincə qiymətləndiriləcəkdir. Axı bu təşəbbüslər sayəsində biz təkcə öz siyasi məsələlərimizi həll etmir, həm də beynəlxalq münasibətlər sistemində mühüm rol  oynayan bir ölkə statusunu formalaşdırırıq. Onların sayəsində biz idarə edilən ölkə olmaqdan çıxıb, idarə edən ölkəyə çevrilirik. Dünyanın heç də hər ölkəsi, xüsusən, hər xalqı bu statusu əldə edə bilmir. Bir çox ölkələr şərti suverenliyini qoruyub saxlamaq üçün himayədarlarının maraqlarını təmin etmək sayəsində forpost və ya marionet ölkə statusu ilə barışmalı olur - bu, suverenliyin itirilməsini qaçılmaz edən dəhşətli bir taledir. Bu gün Ermənistan hakimiyyəti öz ölkəsini məhz bu yolla aparır.

Xatırladaq ki, forum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi və UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, BMT-nin Ümumdünya Turizm Təşkilatının, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və İSESCO-nun bilavasitə tərəfdaşlığı ilə təşkil edilmişdi. Təkcə bu faktın özü, yəni forumda eyni zamanda belə nüfuzlu beynəlxalq təşkilatların iştirakı Azərbaycanın təşəbbüslərinin dünyanın aparıcı ölkələri tərəfindən adekvat qarşılandığını ifadə edir və ölkənin humanitar potensiallarının qəbul olunmasına dəlildir.

Həmçinin onu da qeyd etmək artıq olmazdı ki, forum “Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq” devizi altında keçib. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev  bu devizi izah edərkən onun siyasi məzmununu çox dəqiq xarakterizə edib: “Əslində,  bu deviz tədbirin strateji-tematik istiqamətini müəyyən etmişdir: birgəlik, təhlükəsizlik və mədəniyyət... Birgəyaşama, təhlükəsizliyin təminatı  və mədəniyyətlərə qarşılıqlı hörmət - dünyanın sabahını  təmin edən şərtlərdir”. Nazirin bu şərhini diqqətə alaraq deviz sərbəst siyasi interpretasiya edilərsə, onu başqa sözlərlə belə ifadə etmək olar: “Açıqlıq və tolerantlıqdan keçən etimad  dünyanın mövcudluğunun və davamlı inkişafının şərtidir”. Bu cür yanaşma  mədəni dözülməzlikdə təzahür edən sivilizasiyaların toqquşmasından qurtarmağa imkan verəcəkdir.

Azərbaycan Prezidenti İlham Əliyevin III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı “Müasir dünyamızda multikulturalizm və mədəniyyətlərarası dialoqun alternativləri fobiyalar, münaqişələr və regionların yox edilməsidir” fikrini səsləndirməsi, çox güman ki, bununla izah olunur. Bu siyasət və bu sözlər dövlət başçısının belə təşəbbüslərinin qlobal əhəmiyyətini göstərir. Bu fikri inkişaf etdirərək və forumun əhəmiyyətinin miqyası barədə danışaraq, həmçinin qeyd etmək lazımdır ki, bu tədbir öz formatı sayəsində ideal diskussiya meydançası təşkil edir. Əbülfəs Qarayevin sözləri ilə desək: “ O hər hansı konkret ideyanın dünyada eşidilməsinə şərait yaradır. Bizim forumumuz eşidilmək üçün unikal imkan verir”. Bizə isə yalnız bu cür mesacların bir sıra dövlətlərin və beynəlxalq təşkilatların siyasətində, eləcə də dünya alimlərinin işlərində inkişaf etdiriləcəyinə ümid etmək qalır.

Asif USUBƏLİYEV,
siyasi elmlər üzrə
fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında