İyunun 2-dən 5-dək Bakı şəhərində ənənəvi XXII Beynəlxalq “Xəzərneftqaz - 2015” sərgi və konfransı keçiriləcək
Azərbaycanda hər il ənənəvi olaraq keçirilən növbəti Beynəlxalq Xəzər neft-qaz sərgi və konfransı iyunun 2-də Bakı Ekspo Mərkəzində öz işinə başlayacaqdır. İyirmi iki ildir ki, ardıcıl olaraq respublikamızın paytaxtında keçirilən bu mötəbər beynəlxalq tədbirdə neft-qaz hasilatı və emalı, həmçinin nəqletmə, logistika və servis sahəsində qabaqcıl texnologiyalar nümayiş etdirilir, yeni əməkdaşlıq imkanları axtarılır.
Tədbirin önəmini artıran amillərdən biri də budur ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev konfransda və sərgidə şəxsən iştirak edir. Habelə, bir sıra dövlətlərin rəhbərlərinin, o cümlədən Amerika Birləşmiş Ştatları Prezidentinin, Böyük Britaniyanın Baş nazirinin beynəlxalq konfransa və sərgiyə öz təbriklərini göndərmələri artıq ənənəyə çevrilmişdir.
Keçən il iyunun 3-də Xəzər neft-qaz sərgisinin açılışında çıxış edən Prezident İlham Əliyev tədbirin əhəmiyyətindən danışarkən demişdir: “Bu gün Xəzər neft-qaz sərgisinin açılışı münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Çünki bu sərgi ölkəmizin müasir həyatında çox önəmli rol oynayır. Əslində, bu sərgi müstəqil Azərbaycana dünyanın diqqətini cəlb edən birinci ən önəmli addım olmuşdur”.
Göründüyü kimi, Azərbaycanın paytaxtında artıq 22-ci dəfə reallaşan bu sərgiyə bütün dünyada böyük maraq var. Sərgidə dünyanın bir sıra ölkələrinin neft və qaz hasilatı və əməliyyatları üçün müasir avadanlıq istehsal edən şirkətləri, eləcə də elmi idarə və başqa təşkilatlar təmsil olunacaq və qabaqcıl texnologiyaların istifadəsinə və yeni münasibətlərin yaradılmasına geniş imkanlar yaranacaq. Beynəlxalq sərgidə müxtəlif ölkələrdən 320-dək şirkət və firmanın iştirak etməsi gözlənilir ki, bu da ölkəmizin neft və qaz sənayesinin bütün tarixi ərzində əldə olunmuş nailiyyətlərini yüksək qiymətləndirilməsinin əyani təzahürüdür.
Sərgi və onun gedişində keçirilməsi nəzərdə tutulan elmi konfrans çox böyük əhəmiyyət kəsb edir. Tədbir iştirakçıları və tamaşaçılar neft-qaz hasilatı və bu prosesin texnika və texnologiyası sahəsində dünyanın iri neft şirkətlərinin əldə etdikləri təcrübə, eyni zamanda, Azərbaycanda meqalayihələrin həyata keçirilməsi və qazanılmış nailiyyətlə tanış olacaq və bu təcrübədən geniş istifadə edəcəklər. Bu sərgiyə göstərilən marağı, onun əhəmiyyətini nümayiş etdirən amillərdən biri də odur ki, burada təkcə neft şirkətlərinin işçiləri yox, həmin şirkətlərin təmsil etdiyi böyük ölkələrin dövlət nümayəndələri də tədbirin açılışına qatılacaqlar. Aldığımız məlumatlara görə, “Xəzərneftqaz - 2015" sərgisinə artan beynəlxalq marağın göstəricisi, ilk dəfə iştirak edən şirkətlərin sayının artması və xarici şirkətlərin əhatə etdikləri sahənin böyüməsidir. Bu il xarici şirkətlərin yerləşdiyi ekspozisiya sərginin ümumi sahəsinin 70,8 faizini təşkil edir. Ölkəmizdə energetika və alternativ enerji mənbələri sahəsinə artan marağın nəticəsi olaraq, bu sektoru sərgidə 30-dan artıq şirkət təmsil edəcəkdir. Xarici şirkətlərlə yanaşı, Günəş və külək enerjisinin alınması üçün müvafiq qurğular istehsal edən Azərbaycan müəssisələrinin məhsulları da nümayiş olunacaqdır.
Beynəlxalq Xəzər neft – qaz sərgi və konfransının Bakıda keçirilməsi təşəbbüsü xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən irəli sürülmüşdür. İyirmi iki ildir ki, müvəffəqiyyətlə təşkil olunan bu mötəbər tədbir regionda və daha geniş miqyasda nüfuz qazanan enerji sənayesinin ən mühüm tədbiri olmaqla yanaşı, ilk vaxtlarından etibarən Azərbaycanın və dünyanın neft-qaz sənayesi sahəsində qabaqcıl texnologiyaların nümayişi, qarşılıqlı təcrübə mübadiləsi, habelə sahənin inkişafının başlıca istiqamətlərinin və strateji prinsiplərinin çatdırılması baxımından səmərəli olmuşdur. Keçirilən sərgilərin müvəffəqiyyəti respublikanın iqtisadi inkişafı, Azərbaycanın və xarici ölkələrin şirkətləri arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün mühüm rol oynamışdır.
Sərgiyə çoxlu sayda iştirakçının gəlməsi və təmsil olunması yüksək səviyyəli regional iqtisadi inkişafa marağı təsdiqləyir və Xəzər regionunda əməkdaşlığın irəliləməsində Azərbaycanın həlledici rolunu sübut edir. Hazırda Azərbaycanda həyata keçirilən enerji layihələrini təkcə neft və qaz hasilatının artırılması baxımından yox, həm də regional əməkdaşlığın yeni mərhələsi kimi qiymətləndirmək olar ki, bu da respublikamıza yatırılan xarici sərmayələrin və investisiyaların artmasına əsas yaradır. Maraqlı odur ki, əgər keçmişdə enerji sektorunda risklərin əksəriyyəti təbii, texniki, texnoloji risklərlə bağlı idisə, müasir dövrümüzdə onun 90 faizi siyasi və ya bazar amillərinin payına düşür. Bu cür risklərin əvvəldən nəzərə alınması, hesablanması və mümkün qədər qarşısının alınması məsələləri investisiyaların cəlb edilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.
Bu sərgilərin ildən-ilə beynəlxalq nüfuzunun artırılmasında, mühüm nailiyyətlərin əldə olunmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin önəmli rolu xüsusi qeyd edilməlidir. Onun sərgilərdə şəxsən iştirakı, məruzə və çıxışları, xarici dövlət nümayəndələri və şirkət rəhbərləri ilə görüşləri və danışıqları Azərbaycanın neft-qaz sənayesinin inkişafı və gələcəyi üçün olduqca böyük əhəmiyyətə malikdir.
Bu il keçirilən sərgi və konfransın iştirakçıları alternativ və bərpa olunan enerji mənbələrinin istehsalına və istifadəsinə xüsusi diqqət yetirəcəklər. Enerji resurslarına olan tələbatın daim artması, karbohidrogen ehtiyatlarının məhdudluğu, enerji istehsalının qlobal iqlim proseslərinə təsiri, istehsal prosesi ilə bağlı yaranan texnogen problemlərin idarə edilməsindəki çətinliklər alternativ və bərpa olunan enerji mənbələrindən və enerjidən səmərəli istifadəni zəruri etmişdir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, alternativ və bərpa olunan enerji mənbələri hesabına 2020-ci ildə dünyanın enerji tələbatının yalnız 5,8 faizi ödəniləcək. Bununla belə, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya kimi inkişaf etmiş ölkələr 2020-ci ilədək alternativ enerjinin ümumi enerji istehlak həcmində payının 20 faizədək artırılmasına nail olmağı nəzərdə tutmuşlar. Buna görə də onlar alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsinin inkişafı məqsədilə həm istehsalçı, həm də istehlakçılara daha cəlbedici şərait yaradılması üçün mövcud qanunvericilikdə ciddi dəyişikliklər qəbul edirlər.
Ölkəmizdə də bu istiqamətdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə üzrə Prezident cənab İlham Əliyevin rəhbərliyi altında XXI əsrin əvvəllərində önəmli addımlar atılmışdır. Artıq respublikamızda bir sıra - külək, Günəş, bioqaz, kiçik su elektrik stansiyaları və sair layihələr həyata keçirilir və bu işlər ardıcıl olaraq davam etdiriləcəkdir. Yaxın gələcəkdə hər bir kənd, rayon alternativ və bərpa olunan enerji mənbələrinin hesabına enerji ilə təmin olunacaqdır. Bu baxımdan Xəzər neft-qaz sərgisi ilə yanaşı, 5-ci “Caspian Power”–2015 Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji sərgisinin keçirilməsi də çox aktual və məqsədyönlüdür. Ümid edirəm ki, “Caspian Power” – 2015 sərgisində təqdim olunan avadanlıq və texnologiyalar respublikada həyata keçirilən yeni energetika layihələrində təyinatı üzrə istifadə olunacaq və Azərbaycanın enerji kompleksinin müasirləşdirilməsinə kömək edəcəkdir.
Ötən müddət ərzində ölkəmiz neft siyasətində davamlı və yüksələn xətt üzrə inkişaf nümayiş etdirmişdir. Ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülmüş yeni neft strategiyası neft yataqlarımızdan səmərəli istifadə olunmasına dair dövlət siyasətinin əsas faktoruna çevrilmiş və yanacaq sənayesinin gələcək inkişafı üçün yol xəritəsi rolunu oynamışdır. Hazırda neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi sahəsində Azərbaycanda istifadə edilən avadanlıq, texnika və texnologiya dünya standartlarına uyğun aparılır və neft sənayesinin inkişafının daha da sürətləndirilməsini təmin edir. Ölkəmizin müstəqillik dövründə qazandığı nailiyyətlər onu Xəzər — Qafqaz regionunda sürətlə inkişaf edən dünyanın neft mərkəzlərindən birinə çevirmişdir. Azərbaycan son illər müxtəlif ölkələrdə neft-qaz sənayesinə irihəcmli investisiyalar yatıraraq, dünya enerji bazarındakı nüfuzunu gücləndirməkdədir. Bakıda yeni neft-qaz emalı və neft-kimya kompleksinin yaradılması layihəsi də region üçün böyük məna kəsb edir. Hazırda da sahənin inkişafı üçün yeni infrastruktur yaradılır. Neft- qaz, neftayırma, neft-kimya və energetika sahəsinə irihəcmli investisiyaların yatırılması və müasir texnologiyaların tətbiqi nəticəsində respublikamızın dinamik inkişafının yeni mərhələsinin əsası qoyulmuşdur. Hazırda ölkəmiz öz ixrac potensialı ilə dünyanın və regionun enerji təhlükəsizliyinin təmin edilməsində aparıcı mövqelərə malikdir. “Şahdəniz” layihəsinin işlənməsinin ikinci mərhələsi, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri respublikamızın mövqeyini və qlobal tərəfdaşlığını möhkəmləndirən uğurlu addımlardır.
Bəşəriyyətin ən mühüm problemlərindən biri enerji amilidir. Hazırda dünya əhalisinin sayının 6,9 milyarddan 2035-ci ildə 8,6 milyarda kimi artacağı gözlənilir. Dünya iqtisadiyyatı isə bu müddətdə ildə 3,4 faiz artmaqla inkişaf edəcək. Təsəvvür edin ki, 40 il bundan öncə Yer kürəsində yaşayan 4 milyard insan enerjinin növündən asılı olmayaraq, ekvivalent şəkildə ümumilikdə gündə 100 milyon barrel həcmində yanacaqdan istifadə edir. Hazırda isə 6,9 milyard insan gündə 228 milyon barrel neft ekvivalenti həcmində enerji istifadə edir. Bunlara baxmayaraq, Beynəlxalq Enerji Agentliyinin 2014-cü ildə verdiyi məlumata görə dünyada hələ də 1,3 milyard insanın elektrik enerjisindən istifadəsi imkan xaricindədir, bunların da çoxu Afrika qitəsində və Asiyada — Banqladeş, Hindistan və Pakistanda müşahidə olunur.
Başqa bir misal. Bu, dünyada avtomobillərin sayının artması ilə bağlıdır. Belə ki, bu gün avtomobillərin və maşınların sayı bir milyarda yaxınlaşır. 2030-cu ilə kimi onların sayı iki milyard olacağı gözlənilir ki, bunların da hamısının mühərrik yanacağı ilə təmin olunması problem kimi qarşıya çıxır. Məhz buna görə ölkələrin enerji təhlükəsizliyi XXI əsrin ən başlıca müzakirə edilən məsələlərindən biridir.
Hazırda dünyanın enerji mənbələri sırasında neft, qaz və kömür ilk yerləri tutur. Qarşıdakı onilliklərdə də neft və qaz əsas enerji mənbəyi kimi qalacaqdır. Əhalinin çoxalması, iqtisadiyyatın inkişafı, yeni iş yerlərinin yaradılması, yoxsulluğun aradan qaldırılması ilə əlaqədar enerji sərfi də artmaqdadır. Artan tələbatı ödəmək üçün bir yandan yeni enerji mənbələri axtarılır, digər tərəfdən mövcud mənbələrdən daha səmərəli istifadə olunması üçün tədbirlər görülür.
Konfransın əsas mövzularından biri neft, qaz və energetika sahəsində mövcud vəziyyətinin müzakirəsi və qarşıda duran problemlərin aradan qaldırılması yollarının araşdırılmasıdır. Qeyd etmək istərdim ki, 2014-cü ilin məlumatına görə, dünyada ümumi neft ehtiyatı 2239 milyard ton, qaz ehtiyatı isə 806 trilyon kubmetrdir. Neft ehtiyatlarının təqribən 70 faizi, qaz ehtiyatlarının isə 32 faizi Orta Şərq ölkələrindədir. 2014-cü ildə dünyada 4,5 milyard ton neft çıxarılmışdır ki, bunun da 30 faizi Orta Şərq ölkələrinin payına düşür. Belə bir halda neft istehlakının 28 faizi Şimali Amerikanın, 31 faizi Avropanın, 24 faizi Asiya və Avstraliyanın, qaz istehlakının isə 33 faizi Şimali Amerikanın, 45 faizi Avropanın, 9 faizi isə Asiya və Avstraliyanın payına düşür. Hesablamalara görə, enerji istehlakının artan həcmini təmin etmək üçün 2050-ci ilədək enerji sahəsinə 36 trilyon ABŞ dolları məbləğində sərmayə tələb olunur. Bu müddətədək ümumi enerjinin tələbatı azı iki dəfə artacaq, bununla bərabər, ətraf mühitə atılan zəhərli maddələr isə 50 faizədək azalacaqdır.
Başqa bir mövzunun da müzakirəsi maraqlı olacaq. Bu da şist qazının dünya ehtiyatlarının perspektivləri və problemləri ilə bağlıdır. Onun gələcəkdə əsas üstünlüyü hazırda elektrik stansiyalarında elektrik enerjisinin istehsalında istifadə edilən kömürün əvəzlənməsi və neft-kimya sənayesi üçün xammal rolunun oynaması ilə bağlıdır. Lakin bu məsələlərlə bağlı hələ ki, aydın olmayan suallar ortaya çıxır, bunlar da şist qazının ehtiyatlarının dəqiq həcmi, istehsalın texniki, texnoloji, iqtisadi və kommersiya şərtləri və səmərəliliyi ilə bağlıdır.
Qlobal enerji problemlərinin həllində Azərbaycanın yaşadığımız regionda oynadığı rol çox böyükdür və gələcəkdə daha da artacaqdır. Bu gün gələcəyə nikbinliklə baxan Azərbaycanın energetika sahəsinin qarşısında mühüm vəzifələr durur. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ölkəmizin inkişaf etmiş ölkələr səviyyəsinə yüksəldilməsini milli ideyanın başlıca hədəfi kimi qarşıya qoyur. Yaxın gələcəkdə mövcud nailiyyətlərin daha da möhkəmləndirilməsi, ümumidaxili məhsulun iki dəfə artması, adambaşına düşən ÜDM-in həcminin 13 min ABŞ dollarına çatdırılması, qeyri-neft sektorunun hərtərəfli inkişaf etdirilməsi və bunun hesabına rəqabətədavamlı və ixracyönümlü məhsulların istehsalı kimi mühüm vəzifələr yerinə yetirilməlidir. Yaxın beşillikdə Azərbaycanda nəhəng obyektlərin genişlənməsi, istehsal güclərinin artırılması, xidmətlərin və məhsulların keyfiyyətinin dünya standartlarına çatdırılması kimi vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur.
1994-cü ildə dünyanın tanınmış şirkətləri ilə imzalanmış müqavilələrlə başlayan inkişaf yolu bu gün Azərbaycanı Avrasiyanın enerji təhlikəsizliyi üzrə etibarlı tərəfdaşa çevirmişdir.Xəzər regionunun karbohidrogen potensialı, neft və qaz hasilatı və ixracın həcminin artırılması, Şimal-Cənub və Şərq-Qərb enerji və nəql dəhlizlərinin inkişafı Aralıq və Xəzər-Qara dəniz hövzələri üçün mühüm əhəmiyyət kəsb edən irimiqyaslı regional layihələrin reallaşmasına xeyli dərəcədə kömək etmişdir. Bu gün dünya miqyasında əsas enerji mənbələrinə nəzarət uğrunda rəqabətin gücləndiyi bir vaxtda Azərbaycan qlobal transmilli layihələrin istər təşəbbüskarı, istərsə də icraçısı rolunu layiqincə gerçəkləşdirmişdir. Ölkəmiz özünün əlverişli coğrafi mövqeyinə, dünya miqyaslı təbii ehtiyatlarına və potensialına əsaslanaraq, Avropa dövlətləri və digər ölkələrlə, dünyanın tanınmış iqtisadi, maliyyə qurumları və şirkətləri ilə geniş əməkdaşlıq edir.
Sərginin və konfransın hazırlanmasında böyük əmək və zəhmət çəkən “ITECA” şirkətinə və Azərbaycan Ticarət-Sənaye Palatasına minnətdarlığımızı bildirir, sərginin işlədiyi günlərdə onun təşkil olunmasında çalışacaq şəxslərin hamısına uğurlar arzulayıram. Şübhəsiz, sərgidə nümayiş etdirilən texnika və texnologiyalar Azərbaycanda neft-qaz sənayesinin inkişafı və nəhəng enerji layihələrinin icrasının uğurla başa çatması üçün yeni bir addım olacaqdır. İnanıram ki, Xəzər neft və qaz sərgi və konfransı həm qlobal, həm də regional səviyyələrdə yeni əlaqələrin qurulmasına, mövcud əməkdaşlığın bundan sonra da dərinləşməsinə zəmin yaradacaq, dünyada neft-qaz sahəsindəki proseslərə töhfəsini verməklə mühüm görüş yeri olduğunu bir daha sübuta yetirəcəkdir.
Natiq ƏLİYEV,
Azərbaycan Respublikasının
energetika naziri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.