Bu gün Azərbaycan Respublikasının hərtərəfli və sürətli inkişafı, dövlətimizin beynəlxalq aləmin ən fəal və hamı tərəfindən qəbul edilən subyektlərindən birinə çevrilməsi, rəsmi Bakının regionda aparıcı söz sahibi olması və bu kimi onlarca fakt bir daha sübut edir ki, müstəqilliyimizin əsas təməllərini yaratmış ulu öndər Heydər Əliyev dahi dövlət xadimi olmaqla yanaşı, həm də mükəmməl strateji təhlillərə söykənən uzaqgörənliyə malik siyasətçi idi.
Xalqımız bu faktı hər gün, hər an, istənilən uğura imza atdığımız zaman böyük qədirbilənliklə yada salır, xatırlayır. Biz Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçkilərdə qalib gəlməsi zamanı da, həmin şuraya və Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etdiyi müddətdə də, kosmosa ilk rabitə peykimizi çıxaranda da, dünyanın bütün aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə bərabərhüquqlu əməkdaşlığımız prosesində də öncə həmin amili yada salmış, ulu öndərin ruhuna dualar oxumuşuq. Bakıda və ölkənin bütün şəhər və kəndlərində keçirilən tədbirlərin hamısında dönə-dönə eşidirik ki, xalqımız bugünkü uğurlara görə ümummilli liderimizin siyasi kursuna minnətdardır.
Bu yazıda isə ölkəmizin 2003-cü ilin payızından sonrakı uğurları barədə söz açmaq istəyirik. Xatırladaq ki, indi dünyanın hər yerində liderin, dövlət başçısının və ya siyasətçinin xalq qarşısındakı xidməti haqqında danışarkən bütün şablonlardan və epitetlərdən yan keçirlər. Birbaşa mətləbi qələmə almaq, konkret faktlardan istifadə etmək daha məqsədəuyğun sayılır. Ən çox istifadə edilən variantlar isə müqayisələrdir. Ona görə biz də bu qısa yazını bəzi müqayisələrlə başlamaq istəyirik.
...1992-96-cı illərdə – Dövlət Radiosunun “Xəbərlər” Baş Redaksiyasında çalışdığımız illər ömrümüzün ən ağır dövrü idi. Təkcə ona görə yox ki, iş yerimiz Şəhidlər xiyabanının yanında idi və səhər-axşam buraya daşınan şəhid tabutlarının hər birinin Dağüstü parkı titrədən ana-bacı fəryadı ilə müşayiət olunması hər birimizin ürəyində “özünəməxsus” iz buraxıb keçirdi. Həm də ona görə ki, həmin illərdə şahidi olduğumuz bəzi faktları imkansızlığımıza görə dövlətimizə və xalqımıza yuxarıdan aşağı baxılması kimi qiymətləndirmişdik və ağrısını illər boyu ürəyimizdə yaşatdıq.
Birinci faktı yada salaq və həmin hadisəni bugünkü Azərbaycan həqiqətləri ilə müqayisə edək. 1994-cü ilin may ayında Amerika Birləşmiş Ştatlarından gələn nümayəndə heyətinin qəbul mərasimində iştirak etməli idik. Biz - xəbər jurnalistləri həmin görüşün başlanmasını xeyli gözlədik. Qonaqlar gəlib çıxmırdılar. Aeroportdan şəhər mərkəzinə gəlməyin nə üçün bu qədər çox çəkdiyini öyrənmək istəyən həmkarlarımızdan birinə dedilər ki, qonaqlar Bakı hava limanına deyil, Tbilisi aeroportuna eniblər və oradan Bakıya avtomobillə gəlirlər. Səbəb isə o idi ki, Bakı aeroportunun o günlər üçün müasir olan ABŞ təyyarələrini qəbul etməyə texniki imkanları yox idi. Yəni Sovet istehsalı olan təyyarələr Bakıya enə bilsələr də, Qərbin nəhəng aviaşirkətlərinə məxsus hava laynerlərini qəbul etmək üçün texniki imkanlarımız yox idi ( Məhz o səbəbdən ulu öndər Heydər Əliyevin başladığı əsaslı islahatların tərkibində ölkənin nəqliyyat infrastrukturunun, xüsusən, hava nəqliyyatının müasirləşdirilməsinə yönələn tədbirlər daha çox yer tuturdu).
İndi isə müqayisə. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2011-ci il noyabrın 18-də Qəbələ Beynəlxalq aeroportunun açılış mərasimində demişdir: “Biz, bütövlükdə hava nəqliyyatının inkişafına çox böyük sərmayə qoyuruq. Aeroportların tikintisi və o cümlədən Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportunun yenidən tikilməsi, yeni aerovağzal kompleksinin, yeni zolaqların inşası bizim siyasətimizi açıq şəkildə göstərir. Azərbaycan coğrafi vəziyyətindən səmərəli şəkildə istifadə edir və nəqliyyat sektorunda aparılan islahatlar bu reallıqları təmin edir. Biz nəinki aeroportları yaradırıq, yeni müasir təyyarələri də ölkəmizə gətiririk. Son illər ərzində ən müasir, ən gözəl təyyarələr–“Boeing”lər, “Airbus”lar, “ATR” təyyarələri gətirilir. Demək olar ki, təyyarə parkı tam şəkildə dəyişdirilmişdir və indi ən yüksək səviyyəyə cavab verir.
Ölkəmizin beynəlxalq aeroportları - həm Gəncə, həm Naxçıvan, həm Lənkəran aeroportları beynəlxalq uçuşları da təşkil edir. Bu, insanların rahatlığını təmin edir, başqa ölkələrə rahat getmələri üçün şərait yaradır. Bu infrastruktur artıq Azərbaycanda yaradılıbdır. Qəbələ Beynəlxalq Aeroportunun yaradılması, hesab edirəm ki, bu proqramın ən axırıncı addımlarından biridir. Bundan sonra da Azərbaycanda yeni aeroportların tikintisi ilə bağlı fikir mübadiləsi aparılacaqdır. Əgər belə zərurət yaranarsa biz bu prosesi davam etdirəcəyik. Ancaq Qəbələ aeroportunun öz funksiyaları vardır. Bu aeroportun tikilməsinin məqsədi bölgəyə, Qəbələyə və ətraf bölgələrə turistlərin axınını gücləndirməkdir və təmin etməkdir. Nəzərə alsaq ki, Qəbələdə çox müasir və gözəl turizm infrastrukturu yaradılmışdır və bu proses davam etdirilir, ümid edirəm buraya gəlmək istəyənlər çox olacaq, başqa şəhərlərdən Qəbələyə birbaşa təyyarə uçuşları təşkil ediləcəkdir". Bir daha xatırladaq ki, dövlət başçımız bu fikirləri dörd il qabaq səsləndirmişdi və son dörd ildə də bu istiqamətdə kifayət qədər uğurlu addımlar atılıb. Xüsusən, təyyarə parklarımızın müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər daha intensiv xarakter alır.
Bu gün Heydər Əliyev Beynəlxalq Hava Limanı, nəinki bizim regionun, hətta, bütövlükdə Avropanın ən yüksək səviyyədə, müasir qurğularla təchiz edilmiş, dünya standartlarına cavab verən, ən yeni aerobusları qəbul edib yola sala bilən hava limanıdır. Bundan başqa, Prezident İlham Əliyevin 2003-cü ilin payızından etibarən Azərbaycanı inkişaf etmiş dünya dövlətlərinin sırasına çıxarmaq üçün imzaladığı Dövlət proqramlarının icrası nəticəsində Naxçıvan, Gəncə, Yevlax, Lənkəran, Zaqatala və Qəbələdə inşa edilmiş beynəlxalq aeroportlar istənilən növ nəqliyyat və yük təyyarələrini qəbul etmək iqtidarındadır.
Bu gün Avrasiyanın hər yerindən Qəbələyə təyyarələrin gəldiyi barədə xəbəri oxuyanda, yuxarıda xatırlatdığım fakt yadıma düşmüş, bizi ələ salırmış kimi başqa ölkəyə enib oradan Bakıya gələnlərə ürəyimdə demək istəmişdim ki, Bakıya indi gəlin. Amma deməsək də indi gəlirlər. Bu gün Bakıya dünyanın ən müasir aerobusları ilə gələnlər və buradan uçub gedənlər artıq on minlərlə, yüz minlərlədir. Elə bir il olmur ki, Azərbaycan paytaxtında 20-25 beynəlxalq tədbir keçirilməsin. Üstəlik, sürətlə inkişaf edən ölkəmiz Avropanın əsas turizm ünvanlarından birinə çevrilir. Mərhum həmkarımız Hidayət Səfərlinin dediyi kimi, indi bütün təyyarələr Bakıya uçur...
İkinci fakt. 1995-ci ilin payızında Böyük Britaniyadakı yəhudi lobbisinin nümayəndələri Bakıya gəlmiş, buradan da Qubaya, Qırmızı qəsəbəyə getmişdilər. Onlarla Qubaya getmiş həmkarlarım danışırdılar ki, qonaqlar Qubada özləri ilə Londondan gətirdikləri “suxoy poyok”u yedilər. Guya, Azərbaycanda yeməklər köhnə, keyfiyyətsiz, insan orqanizmi üçün zərərli imiş.
Müqayisə. Bakı Qlobal forumlarına, Beynəlxalq Humanitar forumlara, Mədəniyyətlərarası Dialoq forumlarına, eləcə də “Eurovision” mahnı yarışına və digər tədbirlərə gəlmiş amerikalı, avropalı qonaqların mətbuata verdikləri müsahibələrdə dəfələrlə eşitmişik ki, Azərbaycanın tarixi, mədəniyyəti, təbiəti nə qədər gözəl və zəngin olsa da, buradakı yeməklərin təmizliyi, təbiiliyi, keyfiyyəti, mətbəxin zənginliyi daha gözəl, daha yaddaqalandır. Aradan nə keçib ki, cəmi 20 il. Bu qısa müddətdə Avropa insanının Azərbaycan haqqında düşüncələrində tamamilə yenidən qurulubmuş kimi dəyişiklik etməyi bacaran dövlət də, dövlət başçısı da min qat alqışlanmalıdır.
Yeri gəlmişkən, Prezident İlham Əliyev bu il may ayının 5-də Bakıda yeni tikilib istifadəyə verilmiş “İnturist” otelinin açılış mərasimindəki çıxışında demişdir: “Son vaxtlar Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir. Kadr hazırlığı da lazımi səviyyədədir. Son illər ərzində Azərbaycanda, xüsusilə Bakıda çoxsaylı otellər tikilmişdir. Bu gün bütün müasir və ən qabaqcıl otellərin brendləri Bakıda vardır. Son 2-3 il ərzində görün nə qədər gözəl otellər tikilib. “Four Seasons”, “Fairmont”, “Mariott”, “Kempinski”, “Jumeirah”, “Hilton”, “Sheraton” – bunlardan əvvəl “Hyatt” var idi, indi də “İnturist” oteli. “İnturist” mehmanxanasının da bu otellər sırasında öz yeri var. Əminəm ki, gələcəkdə bu proses davam edəcək. Çünki yaxın gələcəkdə yeni “Ağ şəhər” bulvarında “Bulvar” oteli də açılacaq. Bulvarın uzunluğu artıq 16 kilometrə çatıb. “Ağ şəhər” bulvarı yaxın günlərdə insanların sərəncamına veriləcək. Beləliklə, Bakıya gələn qonaqlar şəhərimizi gəzəcək və bir daha görəcəklər ki, Azərbaycan nə qədər güclü ölkədir, Azərbaycan nə qədər sürətlə inkişaf edir. Bakıya gələn bütün qonaqlar bunu görür və qeyd edirlər”.
Başqa bir fakt. Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu ölkəmizə qonaq gəlmiş fransalı mədəniyyət xadimləri ilə söhbətində demişdi ki ( biz həmin tədbirdə iştirak edirdik -İ.M) , həm Azərbaycan, həm də Bakı çox qədim mədəniyyətə və tarixə malikdir. Nazir Bakının rəmzinə çevrilmiş Qobustan qayaüstü rəsmləri, Suraxanı atəşgahı, İçərişəhər, Qız qalası, Qoşa qala qapısı , Səbail şəhərinin qalıqları barədə danışanda fransalı rəssam heyrətli bir tərzdə demişdi: “Çox qədimdir!”.
Müqayisə. 2003-cü ildən sonra Bakıda yaradılmış Dövlət Bayrağı meydanı, Heydər Əliyev Mərkəzi, “Ağ şəhər”, Konqres sarayı, “Kristal zal”, Olimpiya stadionu, sayı onlarca olan turizm və idman qurğularının hər biri Azərbaycan paytaxtının rəmzinə çevriləcək qədər dəyərli və qürurvericidir. Bütün bunların şahidi olan əcnəbilərdən — aprelin son günlərində keçirilən III Qlobal Bakı Forumunun qonaqlarından dönə-dönə eşitdik: “Çox müasirdir!”.
Bəli, 13-14 il əvvəl Bakının rəmzləri ilə tanış olan əcnəbi rəssam “Çox qədimdir!” – ifadəsini işlətmişdi. İndi isə “Çox müasirdir!” kəlməsini əcnəbilər az qala xorla deyirlər. Prezident İlham Əliyevin reallaşdırdığı bu layihələrin hamısı Heydər Əliyev siyasi kursuna sədaqətin nəticəsidir. Çünki ulu öndər tövsiyə edirdi ki, biz öz tarixi dəyərlərimizi qorumalı, həmin dəyərlər üzərində müasir Azərbaycan Respublikası yaratmalıyıq.
Artıq həmin Azərbaycan bütün dünyanın gözü qabağındadır. Onu görməyə gələnlərin sayı isə gündən-günə artır, çoxalır.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.