Polşada mayın 24-də keçirilən prezident seçkilərinin nəticəsində müxalifətdə olan “Qanun və ədalət” partiyasının namizədi Andjey Duda qalib gəlib. Sağ-mərkəzçi və mühafizəkar Duda həm də 2014-cü ildən Avropa Parlamentinin üzvüdür. O, öz səlahiyyətlərinin icrasına avqustun 6-da keçiriləcək inauqurasiya mərasimindən sonra başlayacaq, bununla da hazırkı ölkə başçısı Bronislav Komorovskinin 5 illik prezidentlik müddəti başa çatacaq.
Xarici siyasətdə daha sərt ritorika?
Polşanın geosiyasi cəhətdən ABŞ–Rusiya qarşıdurmasında mühüm toqquşma nöqtələrindən birində yerləşdiyini nəzərə alaraq, siyasi ekspertlər yeni prezidentin xarici siyasətdə hansı mövqedə dayanacağını təxmin etməyə çalışırlar. Doğrudur, Polşa siyasi sistemində prezidentin xarici siyasətdəki rolu böyük deyil. Lakin Andjey Dudanın prezident seçilməsi 2015-ci ilin payızında ölkədə keçiriləcək parlament seçkilərində onun üzvü olduğu partiyanın qalib gəlmə şansının yüksək olduğunu deməyə əsas verir. Bu isə o deməkdir ki, “Qanun və ədalət” Partiyası hökuməti formalaşdıracağı təqdirdə ölkənin siyasi kursunu müəyyən edən qüvvəyə çevriləcək. Bu, həm də partiyanın hakimiyyətə qayıdışı olacaq. 2001-ci ildə Lex və Yaroslav Kaçinski qardaşları tərəfindən yaradılan “Qanun və ədalət” Partiyası 2005-ci ildə parlament və prezident seçkilərində qalib gəlib. 2007-ci ilin növbədənkənar parlament seçkilərində isə partiya məğlub olub. Andjey Dudanın isə özündən əvvəlki prezidentlərin ənənəsini davam etdirərək partiya üzvlüyündən çıxacağı da istisna olunmur.
Beləliklə, bəzi ekspertlərə görə, Duda Rusiyaya münasibətdə mülayim mövqe nümayiş etdirəcək. Onlar bunu Dudanın namizədliyi dövründə Rusiya ilə bağlı məsələlərdə sərgilədiyi nisbətən yumşaq yanaşma ilə izah edirlər. Bununla belə, yeni hakimiyyət bütövlükdə, qərbyönümlü siyasəti davam etdirəcək və bu xüsusda, ABŞ-la əlaqələrin inkişafı və NATO qüvvələrinin Polşada yerləşdirilməsi ilə bağlı Varşavanın tələbi gündəmdə qalacaq .
Bəzi rusiyalı ekspertlər Andjey Dudaya böyük ümidlə yanaşırlar. Onların fikrincə, İkinci Dünya müharibəsi illərində savaşmış ukraynalı üsyançıların hazırda hökumət tərəfindən azadlıq döyüşçüsü kimi qəhrəmanlaşdırılması həmin dövrdə Polşa ilə konfliktləri olan Ukraynanın bu ölkə ilə münasibətlərinə mənfi təsir göstərir. Ekspertlər Dudanın daxili siyasətə, iqtisadiyyatın inkişafına daha çox diqqət göstərəcəyini, bu amilin də Polşa–Ukrayna münasibətlərinə bir qədər soyuqluq gətirəcəyini, Polşanın Ukraynanın müdafiəçisi roluna zərbə vuracağını düşünürlər .
Polşanın yeni prezidentinə rəsmi Moskva da ümidlərlə yanaşır. Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin sədri Aleksey Puşkov Polşadakı seçkilərdən sonra bildirib ki, Ukraynadakı vəziyyətlə bağlı Moskva və Varşava arasındakı fikir ayrılıqlarına baxmayaraq, Rusiya-Polşa münasibətlərində yeni səhifə açmaq mümkündür. Rusiya–Polşa münasibətlərinin istiləşməsinə inam Rusiya Prezidenti Vladimir Putinin Dudaya təbrik məktubunda və prezidentin mətbuat katibi Dmitri Peskovun bəyanatında da ifadə olunub.
Gözləntilərin əksinə olaraq, hakimiyyət dəyişikliyinin Polşanın xarici siyasətinə və Rusiya ilə bağlı mövqeyinə heç bir təsir göstərməyəcəyini düşünənlər də var. Bu yanaşma onunla əsaslandırılır ki, Komorovskinin hazırkı siyasəti bir çox cəhətlərinə görə Kaçinskinin siyasi xəttinin davamı kimi xarakterizə edilir.
Rusiya Federasiya Şurasının xarici əlaqələr komitəsinin sədri Konstantin Kosaçov da yeni prezidentin antirusiya mövqeli olduğunu, belə bir liderin Rusiya-Polşa əlaqələrinə müsbət heç nə vəd etmədiyini düşünür. Onun fikrincə, buna baxmayaraq, ölkənin Rusiyaya qarşı sanksiyalara qoşulması nəticəsində üzləşdiyi iqtisadi çətinliklər və ictimai rəy Dudanı Kremllə normal münasibətlər qurmağa vadar edəcək .
İstənilən halda, Polşa-Rusiya münasibətlərinin qarşıdakı illərdə də kifayət qədər mürəkkəb olacağını düşünmək olar. Belə ki, Duda seçkiöncəsi debatlarının birində NATO-nun 2016-cı il Varşava sammitinədək ölkəsində alyansın hərbi bazasının yaradılmasının vacibliyini bildirib. O, ölkəsini NATO-nun şərq sərhədi kimi gördüyünü də bildirib. Rəsmi Moskvanın NATO hərbi bazalarının sərhədlərinə yaxınlaşmasını böyük həssaslıq və narahatlıqla qarşıladığı məlumdur. Rusiya qonşuluqda olan, yaxın regionlardakı ölkələrin Şimali Atlantika Alyansının təsiri altına düşməsini özü üçün ciddi geosiyasi və hərbi təhlükə hesab edir.
Qərbdə isə bəziləri yeni rəhbərliyin istər Rusiyaya, istərsə də Avropa İttifaqına münasibətdə daha sərt ritorikadan istifadə edəcəyini düşünür. Onlar bunu “Qanun və ədalət” partiyasının rəhbəri Yaroslav Kaçinskinin Rusiya və Almaniyaya qarşı tənqidi münasibəti ilə izah edirlər. Hər iki ölkənin imperiya ambisiyalarının olduğunu düşünən Kaçinski İkinci Dünya müharibəsindən əvvəl Polşanın qərb ərazilərinə sahib olan Almaniyanın həmin bölgələri yenidən öz tərkibinə birləşdirməyə çalışdığını iddia edir.
Dudanı təbrik edən Ağ ev də Polşa ilə əməkdaşlıq sayəsində “daha demokratik, çiçəklənən və təhlükəsiz region qurmaq və iki ölkə arasındakı mövcud güclü tərəfdaşlığı daha da dərinləşdirmək” niyyətini bəyan edib.
İqtisadiyyata dövlət nəzarəti artırıla bilər
Polşadakı seçkilərin mümkün siyasi və iqtisadi nəticələri Qərbdə diqqətlə izlənilir. 38 milyon əhalisi olan Polşa iqtisadiyyatının böyüklüyünə görə Avropa İttifaqı ölkələri arasında altıncı yerdədir. Ölkə son 25 ildə davamlı iqtisadi artıma nail olsa da 11,3 faiz təşkil edən işsizlik yüksək həddə qalmaqda davam edir.
Dövlətin iqtisadiyyata müdaxiləsinə üstünlük verən “Qanun və ədalət” Partiyası özünü bazar iqtisadiyyatından və iqtisadi inkişafdan faydalana bilməyənlərin müdafiəçisi kimi təqdim edir. O, təqaüdə çıxma yaşının 67-dən 65-ə endiriləcəyini, əhalinin aztəminatlı təbəqəsi üzərindəki vergilərin azaldılacağını vəd edib. Həmçinin, Duda hesab edir ki, avrozonanın borc problemləri həll edildikdən sonra Polşa Avropa İttifaqının vahid valyuta sisteminə daxil ola bilər.
Duda ölkənin milli maraqları naminə xarici banklara və alış-veriş mərkəzlərinə yeni vergilərin tətbiq olunmasını, bankların dövlətin nəzarətinə keçməsini istəyir. Bu amillər xarici investorların narahatlığına səbəb olan məqam kimi çıxış edir. Mühafizəkar siyasi xətt yürüdəcəyi təqdirdə, Dudanın aparıcı Avropa ölkələrinin və qurumlarının tənqidlərinə məruz qalacağı istisna deyil. Bəzi xarici dairələrin narazılığına baxmayaraq, Dudanın ölkənin milli maraqlarının müdafiəsində daha prinsipial mövqe nümayiş etdirəcəyi gözlənilir.
Newtimes.az
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.