(əvvəli bu linkdə)
İyunun 21-də M.Təkinskinin xarici işlər naziri M.Y.Cəfərova göndərdiyi daha bir şifrəli teleqramda bildirilirdi ki, Naxçıvan, Şərur, Vedibasar, Şahtaxtı rayonları erməni qoşunları tərəfindən tutulmuşdur və erməni administrasiyası yaradılmışdır. M.Təkinski Naxçıvan Milli Şurasının ondan müttəfiqlərin komandanlığının nəzərinə çatdırmağı xahiş etmişdir ki, ingilis generalı Devinin və Ermənistan hökumətinin başçısı A.Xatisovun vədlərinə baxmayaraq, erməni hakimiyyəti axtarışlara, silahları müsadirə etməyə və ev əşyalarını talan etməyə başlamışdır. Milli Şura xahiş edir ki, müttəfiqlərin komandanlığı ermənilərin bütün bu qanunsuz əməllərinə son qoysun. Teleqramda həmçinin bildirilirdi ki, Culfa ermənilərin əlindədir, lakin ordubadlılar erməniləri ora buraxmırlar.
1919-cu il iyulun 11-də M.Təkinskinin Azərbaycan xarici işlər nazirinə göndərdiyi şifrəli teleqramda bildirildi ki, Böyük Vedidə erməni qoşunlarının hücumlarının qarşısı alınıb, erməni ordusu artilleriyası ilə birlikdə dəmir yolu xəttinə çəkilib. İrəvana çoxlu erməni yaralılarının daşındığı, öldürülən erməni əsgərlərinin sayının 200-dən artıq, yaralanan və öldürülən erməni zabitlərinin sayının on nəfərdən çox olması barədə xəbərlərin dolaşdığı teleqramda ifadə edilmişdi. Ermənilər öz uğursuzluqlarını Vedibasarda türk əsgərlərinin olması ilə izah edirlər. İngilislər də ermənilərə inanırlar. Orada türk əsgərlərinin olmasını M.Təkinski qəti surətdə təkzib edir. M. Təkinski İrəvandakı ingilis hərbi nümayəndəliyinin açıq-aşkar ermənipərəst mövqe tutduğunu yazırdı.
Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi M. Təkinskinin 1 avqust 1919-cu ildə xarici işlər naziri M.Y.Cəfərova göndərdiyi teleqramda qeyd edirdi ki, erməni qoşunları iyulun 4-də Böyük Vediyə çatmışlar və danışıqlar zamanı ilk atəş ermənilər tərəfindən açılmış, Böyük Vedidən olan nümayəndələr Zeynalabdin Şıxəli oğlu və Nəsrulla bəy Bəşir bəy oğlu öldürülmüşdür. Bundan sonra Böyük vedililər də atəş açmış, atışma axşamadək davam etmişdir. Axşamüstü ermənilər Böyük Vedi müsəlmanlarının hücumuna tab gətirməyərək döyüş meydanında pulemyotlar, mərmilər, palatkalar qoyaraq geri çəkilmişlər. M.Təkinski həmin teleqramda Ermənistanın Azərbaycandakı diplomatik nümayəndəsi T.Bekzadyanın Böyük Vedi müdafiəçilərinin kənardan pulemyotlarla təmin edilməsi barədə bəyanatının yalan olduğunu, vedililərin pulemyotları ermənilərlə döyüşlərdə ələ keçirdiklərini yazır.
Həmin teleqramda M.Təkinski öz-özünə sual verir: – “Nə üçün Böyük Vedinin müsəlmanları mübarizə aparmağı qərara almışlar?” Sualın cavabında M.Təkinski yazır ki, Böyük vedililər İrəvan quberniyasında 300-dən artıq müsəlman kəndinin ermənilər tərəfindən dağıdılmasını və on minlərlə kişi, qadın və uşaqların öldürüldüklərini görüb mübarizə aparırlar. Hər gün müsəlmanların öldürüldüyü, talan edildiyi, eşidilməmiş zorakılıqlara məruz qoyulduqları bütöv rayonların Ermənistanın tabeçiliyindən imtina etmələrini və istənilən qonşu ölkəyə birləşmək istəklərini M.Təkinski təbii hal hesab edir.
1919-cu il avqustun 2-də M.Təkinski Azərbaycan hökuməti adından Ermənistanın xarici işlər nazirinə nota təqdim edir. Notanın əvvəlində M. Təkinski avqustun 1-də xarici işlər naziri M.Y.Cəfərova Böyük Vedi hadisələri ilə bağlı yazdığı faktları təkrar etdikdən sonra qeyd edir ki, bölgənin müsəlmanları onun yanına gələrək nəql edirlər və yazılı məlumat verirlər ki, İrəvan şəhərinin küçələrində Zəngibasarın, Gərnibasarın və digər rayonların yollarında milis forması geymiş ermənilər müsəlmanları necə öldürür, əmlaklarını talan edir, müsəlmanların bağlarında ağacları doğrayır, bostanlarını və bağlarını ələ keçirirlər. Böyük Vedi ətrafında təqribən bir ay davam edən döyüşlər zamanı ev-eşiyindən didərgin düşən müsəlmanların yetişdirdikləri məhsulları ermənilər toplayıb aparmış, yerdə qalan məhsulu isə yandırmışlar.
Daha sonra M.Təkinski yazır ki, Ağzıbir, Məngüs, Milli Dərəsi və s. kəndlərin evlərindən didərgin düşmüş sakinlərini “Ermənistana xəyanətdə” suçlayaraq, Ermənistan hakimiyyətinin nümayəndələri onları öz doğma kəndlərinə buraxmırlar. Uzun sürən xahişlərdən sonra bəzi müsəlman kəndlərinin sakinləri öz kəndlərinə buraxılsalar da, ermənilər onların olub-qalan əmlaklarını talan etmiş, bir neçəsini öldürmüş, ona görə də müsəlmanlar dəhşət içərisində qaçıb canlarını qurtarmışlar. Müsəlmanlar hazırda M. M.Təkinskidən xahiş edirlər ki, labüd ölümdən qurtulmaq üçün onların Azərbaycana köçürülməsinə yardım etsin.
Notanın sonunda M. Təkinski yazır ki, əgər Ermənistan hökuməti iki respublika arasında xoş münasibətlərin qurulmasını istəyirsə, Ermənistandakı müsəlmanlar üçün hüquqi zəmin yaratmalı, qatilləri və talançıları ciddi cəzalandırmalıdır.
1919-cu il oktyabrın 1-də Məhəmməd xan Təkinski Azərbaycan xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunur.
Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi vəzifəsinə 24 avqust 1919-cu ildə görkəmli Azərbaycan yazıçısı və ictimai-siyasi xadimi Əbdürrəhim bəy Haqverdiyev təyin olunmuşdur. Ermənistanda və Qars vilayətində türklərə qarşı törədilən soyqırımının Birləşmiş Dövlətlərin Ali Komissarlığına, xarici ölkələrin Qafqazdakı nümayəndəliklərinə çatdırılmasında, qaçqınların vəziyyətinin yüngülləşdirilməsində Əbdürrəhim bəy Haqverdiyev xeyli iş görmüşdür. Ə. Haqverdiyevin imzası ilə arxivlərdə saxlanılan yüzlərlə sənəddə o dövrün mənzərəsi əks olunmuşdur. Həmin sənədlərdən bir neçəsi diplomatik nümayəndə kimi, Tiflisdən İrəvana gedərkən Sənain və Kolagirən stansiyaları arasında erməni terrorçularının Ə. Haqverdiyevə qarşı soyğunçuluqlarından bəhs edir.
Ə.Haqverdiyev 1928-ci il martın 11-də İrəvan Dairə Məhkəməsinin prokuror müavini K.Budaqyana verdiyi izahatında hadisəni belə şərh etmişdir: “Cari il martın 7-də saat 1.40 dəqiqədə mən Tiflisdən Azərbaycana məxsus 2012 N-li salon-vaqonda İrəvana yola düşdüm. Kupemdə mənimlə Samson Stepanoviç Harutyunyan gedirdi, qonşu kupedə isə Məmməd Riza Hüseynov və familiyasını bilmədiyim iki irəvanlı gedirdilər. Bu sakinlərdən əlavə, mənim mühafizəçilərim İsmayıl Rəcəb oğlu və Məşədi Məmməd Hüseynov da orada idilər. Sonrakı vaqon isə bələdçinin idi. Deyəsən, gürcü idi, ad və familiyasını bilmirəm. Mənim salonumda yuxarı qatda iki sərnişin var idi – biri 18 yaşlı oğlan İttaid Camalbəyov və Azərbaycan Himayədarlıq Nazirliyinin Ermənistandakı müvəkkilliyinin əməkdaşı Nəsrulla Şeyxov idi. Gecə saat 3-də vaqonda baş verən səs-küydən oyandım. Mən qışqırtı eşitdim, kimsə bağırdı: “Hamısını axtarmalı!”. Salona enlikürək, qarayanız, balaca saqqallı, əsgər şineli geyinmiş, furajkalı bir gənc daxil oldu. Əvvəlcə onun əlində silah görmədim, sonra o, “Brauninq” sistemli tapança çıxardı. Onu haradan və nə vaxt çıxardığını belə hiss etmədim. Həmin gənc salondakı stolun arxasına keçib sənədləri tələb edəndə mən ona dedim ki, bu vaqon yoxlanıla bilməz (Ə. Haqverdiyev bunu deyərkən özünün diplomatik toxunulmazlıq hüququnu xatırladırmış — N.M.). Bu vaxt bir başqası — dairəvi papaqda, yekə şineldə qapıda göründü. Mən və Samson Harutyunyan sənədlərimizi göstərdik. Birinci daxil olan sənədlərimizə baxıb stolun üstünə atdı və qışqırdı: “Hamısını axtarın. Mən soruşanda ki, kimdir onlar? — cavabında qapıda dayanan “Naqan” tipli tapançanı mənə tuşladı. Dəhlizdə səs-küy eşidilirdi, aydın idi ki, orada da bu cür hadisə təkrar olunur. Bu cənablar tələb etdilər ki, pullarımız haradadır, onlara göstərək. Mən içərisində beş milyon 400 min manat (250-lik əskinasla 2 milyon Zaqafqaziya bonu və 50-lik əskinasla 68 paçkada hər birində 50.000 olmaqla 3.400.000 Azərbaycan bonu ) olan səbəti onlara göstərdim. S.Harutyanın yol çantasından təqribən 300.000 rubl və cibindən isə 10.000 rubl götürdülər. Bizim bütün yüklərimizi axtardılar və mənim zəncirli qızıl saatımı, 17 min manat dəyərində brilliant sancağımı (inciçiçəyinin budağı şəklində ) və 10 min manatlıq brilliant sırğamı götürdülər. Ümumiyyətlə, saatla birlikdə 40 min manatlıq malımı götürdülər...”
Əbdürrəhim bəy daha sonra izahatında Şeyxovun üstündən heç nə tapmadıqlarından aparıb onu “çıxdım” etmək istədiklərini bildirir. O, mühafizəçilərinin silahlarını da quldurların götürdüyünü yazır. Qeyd edir ki, quldurlar S. Harutyunyandan pulları götürəndə onu poçtla özünə qaytaracaqlarını söylədilər və vaqondan çıxarkən içəri birinci daxil olan quldur onunla əllə xudahafizləşdi. Soyğunçular vaqondan çıxdıqdan sonra güclü yaylım atəşi eşitdik və fikirləşdik ki, bizim vaqonu atəşə tuturlar.
Ə.Haqverdiyev prokuror müavininə verdiyi izahatında S. Harutyunyanın quldurlarla əlbir olmasına işarə edir. Görünür, quldurlar Ə.Haqverdiyevin hələ Bakıda ikən diplomatik nümayəndəlik üçün dövlət xəzinəsindən nə qədər pul götürdüyü, nə vaxt, hansı qatarla yola düşəcəyini əvvəlcədən bilirlərmiş.
Quldurlar basqın məqamını da çox dəqiqliklə hesablayıblarmış. Belə ki, Sənain stansiyasından çıxan qatar Kober dayanacağına çatmamış, dərədə saxlanılmış, quldurlar öz işlərini görüb qurtardıqdan və güclü yaylım atəşindən sonra hərəkətə başlamışdır.
Hadisədən 10-15 dəqiqə sonra qatar Kolagirən stansiyasına çatır. Ə. Haqverdiyev mühafizə dəstəsinin rəisi Zilveriyana hadisə haqqında məlumat verir və quldurların təqib olunmasını xahiş edir. O, hətta quldurları tutacaqları təqdirdə dəstənin hər bir üzvünə 1500 rubl vəd edir.
İzahatdan quldurların ancaq Ə.Haqverdiyevi qarət etmək niyyətində olduqları aydınlaşır. Belə ki, Ə.Haqverdiyev göstərir ki, bizi soyduqları vaxt təxminən 20 quldur vaqonu mühasirəyə alıbmış. Digər tərəfdən, Azərbaycanın diplomatik missiyasının vaqonuna bitişik Amerika missiyasının vaqonu imiş və həmin vaqonda doktor Aşer öz kuryeri ilə birlikdə 7 milyon (pulun vahidi göstərilmir) aparırlarmış. Ancaq qarət edilən təkcə Azərbaycan vaqonu olur.
Ə. Haqverdiyev martın 8-də Kolagirən stansiyasından Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsinə teleqram vuraraq qarət edildiklərini bildirir, hadisəni Azərbaycan hökumətinə çatdırmağı və təcili tədbir görməyi tələb edir.
Teleqramda “bizimlə birlikdə nümayəndə Samson Harutyunyan da qarət edilib” ifadəsini işlətməklə Ə.Haqverdiyev cinayətin kələfini haradan çözələməyə işarə vurur.
Bu hadisədən sonra Azərbaycanın Gürcüstandakı daimi nümayəndəsi Ermənistanın Gürcüstandakı diplomatik nümayəndəsinə müraciət edərək tədbir görülməsini tələb edir.
Azərbaycan XİN hadisə ilə bağlı Ermənistanın ölçü götürməsini tələb etmək üçün Britaniya Ali Komissarlığına müraciət edir. Ermənistan nümayəndəsi öz hökuməti adından Britaniya Ali Komissarlığına cavab verir ki, qarət Ermənistanla Gürcüstan arasındakı neytral zonada törədilib. Həmçinin bildirilir ki, Ermənistan polisləri axtarış apardıqları zaman Gürcüstan polisləri tərəfindən tərksilah ediliblər. Neytral zonaya Amerika general qubernatoru nəzarət etdiyini bəhanə gətirərək Ermənistan nümayəndəliyi məhz birinci ünvana müraciət etməyi məsləhət görür.
Uzun sürən yazışmalardan bir nəticə hasil olmur. Erməni quldurlarının törətdikləri cinayət adi quldurluq hadisəsi deyildi. Həmin dövrdə indiki Ermənistan ərazisində 100 mindən artıq qaçqın, yetimxanalarda, lazaretlərdə kimsəsiz uşaq və qocalar dəhşətli aclıq keçirirdilər. Ə. Haqverdiyevin Bakıdan gətirdiyi pullar onların ərzaqla təminatına sərf olunmalı idi ki, ermənilər də onları bu imkandan məhrum etmiş, vəziyyətlərinin daha da ağırlaşmasına səbəb olmuşdular.
Himayədarlıq Nazirliyinin Ermənistandakı müvəkkili Teymur bəy Makinskinin 11 noyabr 1919-cu ildə nazirliyə göndərdiyi məruzəsində Ermənistan hökumətinin əsl siması açılırdı: “1918-ci ilin fevralından davam edən qırğınlar nəticəsində 0,5 milyon əhali dilənçi vəziyyətinə düşüb (Naxçıvan qəzasından, Şərur məntəqəsindən, Sürməli məntəqəsinin 2-3-cü polis sahələrindən və Zəngibasar rayonundan başqa). Həmin ərazilərdə müsəlman əhali hər şeyini itirib. Dağıntıya məruz qoyulan rayonlarda əhali 200 min nəfərdən artıqdır. Onlar xəstəlikdən və aclıqdan məhv olurlar, dəfələrlə talanlara və qırğınlara məruz qalıblar. Bu kateqoriyaya İrəvan şəhərinin müsəlmanları, Zəngibasarın Göykümbət, Arbat, Ağcaqışlaq və Çarbax kəndləri aiddir. Qəti demək olar ki, ölənlərin sayı 100-120 min nəfərdir. 50 min nəfər Azərbaycana qaçqın kimi gəlib. Təqribən bir o qədər İrəvanda, Zəngibasar rayonunda, Sürməli qəzasının 2 məntəqəsində və Eçmiədzində yaşayır. Qalan qaçqınlar Naxçıvan qəzasına, Şərur məntəqəsinə, Sürməli qəzasının 3-cü sahəsinə və Qars vilayətinin Qağızman dairəsinə sığınıblar. Bəziləri Maku xanlığına və Türkiyə ərazisinə köçüblər. İndiki məqamda 50 min nəfərə ərzaq yardımı (un, taxıl və çörək şəklində) göstərilməlidir. İrəvan şəhərində aclıq keçirən əhalinin sayı 8 min nəfərdir”.
1919-cu il noyabrın 23-də Tiflisdə üç Cənubi Qafqaz respublikasının təmsilçilərinin iştirakı ilə sülh konfransı keçirilir. Ermənistanla Azərbaycan arasında bağlanan sazişi Azərbaycan və Ermənistanın baş nazirləri N. Usubbəyov və A. Xatisov, təminatçı sifəti ilə ABŞ tərəfindən C. Rey və Gürcüstanın xarici işlər naziri E. Gegeçkori imzalamışdılar. Sazişdə Ermənistan və Azərbaycan hökumətləri razılığa gəlmişdilər ki, bundan sonra silaha əl atmayacaqlar, hər iki hökumət Zəngəzura gedən yolların açılması üçün tədbirlər görəcək, sərhəd məsələləri də daxil olmaqla, bütün mübahisəli problemlər sülh konfransının qərarına qədər yalnız sülh yolu ilə həll ediləcəkdir. Barışıq əldə edilmədikdə polkovnik Ceyms Rey münsiflər məhkəməsi sifətində tədbirlər görəcək, danışıqlar aparmaq üçün iki ölkə bərabər sayda nümayəndələr seçəcək və mübahisəli məsələlər müzakirə ediləcək, tərəflər bu sazişin müddəalarına vicdanla əməl edəcəklər. Lakin əvvəllər olduğu kimi, bu dəfə də ermənilər yaranmış fürsətdən istifadə edərək yeni-yeni Azərbaycan ərazilərini işğal etmişlər. Onlar Azərbaycan tərəfinin tələblərinə məhəl qoymadan işğalı davam etdirmiş və 1920-ci il yanvarın 21-dən 26-dək Zəngəzurun 3-cü sahəsində 48, 4-cü sahəsində 3 kəndi işğal edərək bütün kəndlərinin işğalını başa çatdırmışdı.
Əbdürrəhim bəy Haqverdiyevin, nümayəndəliyin əməkdaşları Abbasəli bəy Makinskinin və Nəsrulla Şeyxovun verdikləri məlumata görə, Araz və Tarasum çaylarının o biri sahilində, Uluxanlı stansiyasından 17 verst məsafədə, daha təhlükəsiz yerdə mal-mülkü talan edilmiş və tamamilə yandırılmış 50 min qaçqın toplaşmışdır. Nümayəndəliyin sərəncamında 14 nəfər əməkdaş var idi ki, onların da vəzifəsi İrəvandakı qaçqınları himayə edərək, onları göndərməkdən ibarət idi. İrəvandan 20 verstdən artıq uzaq məsafədə olan qaçqınların isə taleyin hökmünə buraxıldıqları protokolda qeyd edilirdi.
Himayədarlıq Nazirliyinin müvəkkili Abbasəli bəy Makinskinin (Teymur bəy Makinskinin əmisi oğlu idi. 1908-ci ildə Peterburq Universitetinin hüquq fakültəsini bitirmişdir. Sonradan İrəvandakı daimi nümayəndəliyində çalışmışdır. Rus, ingilis, fransız və alman dillərini bildiyi üçün diplomatik danışıqlarda azərbaycanlıların hüquqlarını müdafiə etmişdir. O, 1918-ci ilin payızında Naxçıvanda qurulan Araz-Türk Hökumətinin fəallarından olmuşdur.- N.M.) və doktor Qənizadənin 21 dekabr 1919-cu ildə nazirliyə göndərdikləri hesabatlar əsasında hazırlanan məruzədə bildirilirdi ki, 1919-cu ilin payızına qədər İrəvan quberniyasında və Cənub-Qərbi Azərbaycanda qaçqınların sayı 150 minə çatır. İrəvan qəzasında 25 mindən artıq, Eçmiədzin qəzasında da bir o qədər, İrəvan şəhərində 13 min qaçqın və yerli əhali toplanıb. Novo-Bəyazid qəzasında Göyçə gölünün şərq sahili istisna olmaqla müsəlman qalmayıb. Hazırda bütün qaçqınların sayı 70-80 min arasındadır və onlar, əsasən, Böyük Vedi, Aralıx, Başkənd, Yengicə və Naxçıvanda cəmləşiblər. A.Makinski qaçqınların vəziyyətinin həddindən artıq ağır olduğunu, çörək tapılmadığını, müsəlman kəndlərində Türkiyədən gələn erməni qaçqınlarının məskunlaşdığını, ev sahiblərinin isə evsiz-eşiksiz, ac-yalavac qaldıqlarını bildirir. Məruzədə həmçinin, təkcə 1919-cu il avqustun 2-ci yarısında Eçmiədzin, Novo-Bəyazid və Sürməli qəzalarında 50-dən artıq müsəlman kəndinin dağıdıldığı da öz əksini tapmışdı.
Ermənistan ordusunun növbəti hədəfi özünümüdafiə dəstələrinin güclü olduğu Zəngibasar bölgəsi idi. Azərbaycan XİN-in dekabrın 27-də Ermənistan XİN-ə göndərdiyi teleqramda deyilirdi: “Bu gün aldığımız məlumata görə, dekabrın 21-də Ermənistan hökuməti Zəngibasar rayonunun müsəlmanlarına qarşı hərbi əməliyyatlara başlayıb. Həmin gün Qarğabazar kəndi talan edilib və dağıdılıb. Ayın 22-də həmin aqibəti Uluxanlı kəndi yaşayıb. İndi döyüşlər Çobankərə və Qaraqışlaq kəndlərində gedir. Əgər bunlar doğrudursa, deməli, Ermənistan hökuməti danışıqları pozmuşdur. Azərbaycan XİN Ermənistan XİN-ə Zəngibasarın müsəlman kəndlərinə erməni hücumlarını dayandırmaq haqqında teleqramın surətini Fransanın və İtaliyanın hərbi missiyalarına və Müttəfiq Dövlətlərin Qafqazdakı Ali Komissarına və Britaniyanın Ali Komissarına da göndərmişdi.
Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəliyindən Mir Mahmud Mirbabayev 25 yanvar 1920-ci ildə Azərbaycan XİN-ə göndərdiyi məxfi məktubunda göstərirdi ki, “erməni silahlı birləşmələri Zəngəzuru müsəlmanlardan tamamilə təmizləməklə Paris Sülh Konfransını fakt qarşısında qoymaq istəyirlər. Zəngəzurda Oxçu, Şabadin və Gığı dərəsindəki kəndləri viran qoyan ermənilərin məqsədi Ordubad istiqamətində irəliləyib Əylisdəki qüvvələrlə birləşdikdən sonra Naxçıvanı ələ keçirməkdir.
İrəvan quberniyasının Zəngibasar nahiyəsinin müsəlmanlarının müvəkkilləri Mir Mahmud Mirbabayev və Məhəmməd Rzayev 3 yanvar 1920-ci ildə Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyinə göndərdikləri məktubda Müttəfiq Dövlətlərin Ali Komissarı ilə görüşə bilmədiklərindən, onların Zəngibasar müsəlmanlarının vəziyyətinə dair məruzələrini Ali Komissara çatdırmağı xahiş edirdilər. Onlar hər bir gecikilən saatın minlərlə müsəlman ailəsinin məhvi demək olduğunu öz müraciətlərində ifadə edirdilər.
İrəvan qrupunun rəhbəri, general-mayor Şelkovnikovun 8 mart 1920-ci ildə Ermənistan qoşunlarının komandanına göndərdiyi məktubunda bildirilirdi ki, Zəngibasar müsəlmanlarının tutduqları mövqenin təhdidedici və İrəvan şəhərinə yaxın olmasını nəzərə alaraq tərksilah əməliyyatının keçirilməsi və onların diz çökdürülməsi zəruridir. Əgər diplomatik təsirlər nəticəsiz qalsa, onda hərbi gücə əl atmaq və həmin ərazinin əhalisini zor gücünə köçürmək və Zəngibasar rayonunu müsəlman ünsürlərindən tamamilə təmizləmək lazım gələcək.
Ə.Haqverdiyev Ermənistanda daimi nümayəndə vəzifəsindən istefa verdikdən sonra martın 16-da onun yerinə Himayədarlıq Nazirliyinin Ermənistandakı müvəkkili Teymur bəy Makinski təyin edilmişdi.
Teymur bəy Məhəmmədqulu xan oğlu Makinski 1874-cü ildə İrəvan şəhərində anadan olmuşdu. İrəvanda yaşayan Maku xanlarının törəmələrindən idi. O, İrəvan gimnaziyasını, 1916-cı ildə Varşava Universitetinin hüquq fakültəsini birinci dərəcəli diplomla bitirmişdi. İctimai-siyasi xadim Teymur bəy Makinski Cənubi Qafqaz Seyminin Müsəlman fraksiyasının və Azərbaycan Milli Şurasının üzvü olmuşdu. Milli Şuranın 19 noyabr 1918-ci il tarixli “Azərbaycan Məclisi-Məbusanının (parlamentinin) təsisi haqqında” Qanununa əsasən, seçkisiz Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdi. T.Makinski 1918-ci ilin iyun-oktyabr aylarında Azərbaycan hökuməti ədliyyə nazirinin müavini, oktyabrın 20-dən dekabrın sonunadək Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistan hökuməti yanında diplomatik nümayəndəliyində fəaliyyət göstərmişdi. O, İrəvan quberniyasında yaşayan azərbaycanlıların erməni zülmündən qorunması məqsədilə 1919-cu ilin yanvarında Bakıda təsis edilmiş İrəvan Quberniyası Həmyerliləri Cəmiyyəti İdarə Heyətinin sədri seçilmişdi. Teymur bəy Makinski 1918-ci il dekabrın 26-dan 1919-cu il martın 14-ə qədər Fətəli xan Xoyskinin 3-cü hökumət kabinəsində ədliyyə naziri vəzifəsini icra etmişdir. O, 1919-cu ilin iyunundan 1920-ci ilin yanvarına qədər Azərbaycan hərbi məhkəməsinin sədri, 1920-ci ilin martından Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistan hökuməti yanında diplomatik nümayəndəsi olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonrakı dövrdə onun taleyi haqqında səhih məlumat yoxdur.
1920-ci ilin aprelində Azərbaycanda bolşeviklərin hakimiyyəti ələ almasından sonra yaranmış fürsətdən istifadə edən ermənilər azərbaycanlı yaşayış məntəqələrinə hərbi təcavüzü daha da genişləndirmişdilər.
T. Makinski 2 may 1920-ci ildə yazdığı hesabatında fəaliyyətə başladığı gündən yüzlərlə soydaşımızın onun yanına gəlib ermənilərin onları məruz qoyduqları vəhşilikərdən şikayətləndiklərini qeyd edir. O, yazırdı: “Ermənilər dinc əhalinin evlərinə hücum edib, çox zaman onları öldürür, həbs edir, əmlaklarını müsadirə edirlər. İndiyədək zorakılığa görə kimsə cəzalandırılmayıb. Martın 21-də müsəlman əhalinin vəziyyəti barədə Ermənistan XİN-ə məlumat vermişəm. Bundan bir neçə gün sonra Eçmiədzin qəzasının Təkiyə, Üşü, Nəzravan və digər kəndlərin darmadağın edilməsi barədə məlumat aldım... Martın 19-da erməni silahlı qüvvələrinin Vedibasara hücumu başlandı. Mən dəfələrlə bu barədə notalar verdim. Lakin nəticəsi olmadı. Əksinə, yenidən başladı. Bütün bunlar onu göstərir ki, Ermənistan hökumətindən müsəlman əhaliyə qarşı xoş münasibət gözləmək mümkün deyil.” T. Makinski həmçinin hesabatında diplomatik nümayəndəliyin əməkdaşlarının qarşılaşdıqları zorakılıqlardan da bəhs edir.
Azərbaycan hökuməti İrəvan quberniyası ərazisində mövcudluğunu qoruya bilən azərbaycanlı əhalini aclıqdan, səfalətdən qurtarmaq, erməni silahlı dəstələrinə qarşı duruş gətirmək uçun diplomatik nümayəndəlik vasitəsiilə Zəngibasar Milli Şurasına mütəmadi olaraq pul göndərirdi. 1920-ci il aprelin 4-də diplomatik nümayəndəliyin əməkdaşlarının Zəngibasara apardıqları pulları Ermənistan kəşfiyyatı ələ keçirmişdi. Bu barədə Ermənistanın baş naziri A.Xatisov həmin vaxt Tiflisdə Azərbaycan nümayəndələri ilə danışıqlar aparan xarici işlər naziri A.Ohancanyana İrəvandan göndərdiyi məktubunda belə məlumat verir: “Makinski aprelin 4-də üç nəfərlə, öz maşını ilə Zəngibasara 600000 rubl göndərmişdir. Bizim yoldakı postumuz onları yaxalamış, həbs etmiş və İrəvana məruzə etmişdir. Yolda onlar hər şeyi anlamış və Makinskini ələ vermişlər. İş məhkəmədə böyük hay-küy yaradacaq. Makinskinin hələlik onların ifadələrindən xəbəri yoxdur, lakin hiss edir ki, biz hər şeyi bilirik. Müstəntiq onu dindirmişdir. O, işarə vurur ki, onun missiyasında hansısa “hadisə” baş vermişdir və deyir ki, Xoyski ilə görüşməlidir. O, sabah Tiflisə gedir. Bu barədə yalnız nümayəndə heyətinə və Tumanovdan başqa heç kimə deməyin. Daha başqa izlərə düşmək üçün hələ ki, iş məxfi aparılır.”
Həbs ediləcəyini hiss edən T.Makinski mayın 28-də İrəvanı qəfildən tərk edir və diplomatik nümayəndə vəzifəsini Adil Qiyasbəyov icra etməyə başlayır. İyunun 15-də Ermənistan XİN Azərbaycanda bolşevik hökumətinin qurulmasını səbəb göstərərək, diplomatik nümayəndəliyin fəaliyyətinə xitam verildiyini bildirir.
Bakıya qayıdan T.Makinski Sovet Azərbaycanının Xarici İşlər Komissarlğına yazdığı məlumatda diplomatik fəaliyyətlə məşğul olduğu dövrdə xərclənmiş pulların dəqiq hesabatını verir və bununla da bolşevik hökuməti qarşısında maliyyə hesabatı verməklə, gələcəkdə ona qarşı sürülə biləcək ittihamları önləməyə çalışırdı.
Çox təəssüflər olsun ki, Azərbaycanın Ermənistandakı daimi nümayəndəliyində saxlanılan sənədlərin sonrakı aqibəti məlum deyil. Ola bilsin ki, nümayəndəliyin əməkdaşları təhlükəsizlikləri baxımından ya həmin sənədləri məhv etmiş, ya da daşnak hökumətinin əlinə keşmişdir.
Nazim MUSTAFA,
AMEA Tarix İnstitutunun əməkdaşı,
Dövlət mükafatı laureatı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.