Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan dövləti sabitlik və sürətli inkişaf nümunəsidir

Bu gün Azərbaycan dövləti möhkəm əsaslar, milli
maraqlar üzərində qurulub. Bizim milli ideologiyamız,
azərbaycançılıq fəlsəfəsi bütün cəmiyyəti birləşdirir.
Müstəqil Azərbaycan dövləti möhkəm milli
dəyərlər üzərində qurulubdur.
Bizim güclü iqtisadi dayaqlarımız var.
İqtisadi potensial həm iqtisadi,
həm də siyasi müstəqilliyimizi şərtləndirir.
Beynəlxalq aləm Azərbaycanın
dünyadakı rolunu qiymətləndirir
və bizə çox böyük dəstək verir.

 Prezident İlham Əliyevin
28 May Respublika Günü münasibətilə
keçirilən rəsmi qəbuldakı nitqindən

Bakı, 27 may, 2015-ci il


Həmişə olduğu kimi, bu il də milli bayramımız – Respublika Günü münasibətilə keçirilən tədbirlər silsiləsi müasir Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edən faktlarla zəngin oldu. Ən başlıcası isə o idi ki, dövlət başçımızın mayın 27-də “Buta” sarayında bu münasibətlə təşkil olunan rəsmi qəbuldakı nitqi ölkəmizin dostlarının və bədxahlarının böyük maraqla dinlədiyi və izlədiyi tarixi çıxış kimi yaddaşlarda qaldı. Dövlət başçımız xatırlatdı ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dünya miqyaslı tarixi hadisə idi. Çünki müsəlman aləmində ilk demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu tarixi Azərbaycan xalqı yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bir daha onu göstərir ki, Azərbaycan xalqı çox istedadlı, vətənpərvər və mütərəqqi xalqdır.

Prezident yada saldı ki, xalqımız üçün həm şərəfli, həm də mürəkkəb hadisələrlə dolu olan həmin illərdə Azərbaycanda dövlət quruculuğu prosesi başlamışdı. Demokratik institutlar təsis edilmişdi. Siyasi islahatlar aparılmağa başlamışdı. Bizim dövlət atributlarımız qəbul edilmişdi – dövlət himnimiz, milli bayrağımız təsdiq edilmişdi. Qadınlara səsvermə hüququ verilmişdi: “Onu da qeyd etməliyəm ki, Azərbaycan Xalq Cümhuriyyəti bunu bəzi Avropa ölkələrindən daha da əvvəl etmişdi. Bir sözlə, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti çox müsbət, uğurlu idi. Baxmayaraq ki, Xalq Cümhuriyyəti bunu çox ağır geosiyasi şəraitdə edirdi”.

Həmin tarixi proseslərə, xüsusən, müstəqil Azərbaycan dövlətinin yaradılması və yaşadılması üçün böyük məhrumiyyətlərə tab gətirmiş, öz canını belə fəda etmiş insanların xatirəsinə həmişə dərin hörmət və ehtiramla yanaşan Azərbaycan Prezidenti bu nitqində də ilk demokratik dövlətimizi məxsusi qədirbilənliklə xatırladır: “ Əgər iki ildən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etməsəydi, bəlkə də, bu gün Azərbaycan dünya miqyasında ən inkişaf etmiş ölkə ola bilərdi”.

Azərbaycan Prezidentinin həmin tarixi günlə bağlı səsləndirdiyi fikirlər xalqımızıın bir əsrlik tarixinin xarakterizə edilməsi baxımından kifayət qədər əhəmiyyətli idi : “Sovet dövrü də mürəkkəb dövr idi, Azərbaycan müstəqil, azad deyildi. Ancaq, eyni zamanda, xalqımız inkişaf edirdi. Azərbaycanda o illərdə elm, təhsil inkişaf edirdi. Bu gün biz qürur hissi ilə deyirik ki, Azərbaycanda savadlılıq 100 faiz səviyyəsindədir. Bunun əsası, əlbəttə ki, sovet dövründə qoyulmuşdur. Ölkəmizin sənaye potensialı inkişaf edirdi, xüsusilə neft sənayesi. Bu yaxınlarda faşizm üzərində Qələbənin 70 illiyini qeyd edərkən bütün dünya bir daha gördü ki, Azərbaycan xalqı, Azərbaycan neftçiləri ümumi Qələbəyə nə qədər böyük töhfə vermişlər. Azərbaycan nefti olmasaydı, müharibənin nəticələri fərqli ola bilərdi”.

 Dövlət başçımızın şifahi olaraq xarakterizə etdiyi milli tariximizin qısa mərhələlərindən biri isə bugünkü iqtisadi və siyasi potensialımızın təməlinin qoyulduğu illəri əhatə edirdi: “Sovet dönəmində Azərbaycanın sürətli inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Sadəcə olaraq, statistik rəqəmlərə baxmaq kifayətdir ki, bunu hər kəs görsün. Məhz 1970-ci illərdən başlayaraq Azərbaycanda çox böyük quruculuq işləri aparılmışdır. Əgər 1970-ci illərə qədər Azərbaycan Sovet İttifaqında ən geridə qalmış yerlərdə idisə, 1980-ci illərin əvvəllərində Azərbaycan ən qabaqcıl yerlərə çıxa bilmişdir. Rusiya Federasiyasından başqa, cəmi iki respublika donor kimi fəaliyyət göstərirdi, onlardan biri də Azərbaycan idi”.

 Azərbaycanın bir əsrdə ikinci dəfə dövlət müstəqilliyinə qovuşduğu dövr barədə söz açan Prezident həmin illərdə üzləşdiyimiz məhrumiyyət və məşəqqətləri yada salır, itkilərimizin miqyasını dilə gətirir. Ancaq xalq həmişə olduğu kimi, həmin xaos və anarxiya ilə müşayiət olunan günlərdə də həqiqi çıxış yolunu tapmışdı: “Xalqın tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan sonra vəziyyət sabitləşdi. Əlbəttə, sabitlik başlıca şərt idi ki, Azərbaycan inkişaf etsin. Siyasi sabitlik, ondan sonra iqtisadi sabitlik təmin edildi. 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir, siyasi, iqtisadi islahatlar aparılmağa başlanmışdır. Bir sözlə, o tarix - 1993-cü il müstəqil Azərbaycanın yeni dövrünün başlaması idi. Əslində, müstəqilliyimiz məhz o vaxt başlamışdır. O dövrdən başlayaraq bu günə qədər Azərbaycan sürətlə inkişaf edir”.

Gənc müstəqil Azərbaycan dövlətinin bu günü haqqında danışılanda isə söz, fiki, fikir arqument və faktlar daha çoxdur: “Bu gün Azərbaycan dövləti möhkəm əsaslar, milli maraqlar üzərində qurulub. Bizim milli ideologiyamız, azərbaycançılıq fəlsəfəsi bütün cəmiyyəti birləşdirir. Müstəqil Azərbaycan dövləti möhkəm milli dəyərlər üzərində qurulubdur. Bizim güclü iqtisadi dayaqlarımız var. İqtisadi potensial həm iqtisadi, həm də siyasi müstəqilliyimizi şərtləndirir. Beynəlxalq aləm Azərbaycanın dünyadakı rolunu qiymətləndirir və bizə çox böyük dəstək verir.

Ölkəmizdə bütün işlər müsbət istiqamətdə inkişaf edir. Bir neçə il bundan əvvəl yaşanan iqtisadi və maliyyə böhranı, - bu böhran bütün dünyanı bürümüşdü, - Azərbaycana çox az təsir etmişdir. Hazırda yenə də dünyada yaşanan siyasi, hərbi və iqtisadi böhran Azərbaycana təsir etmir. Ona görə ki, biz düşünülmüş siyasət aparırıq. Bizim siyasətimiz milli maraqlar üzərində qurulubdur. Milli maraqlar, Azərbaycan xalqının maraqları bizim üçün hər şeydən üstündür. Biz öz gələcəyimizi bunda görürük. Müstəqil siyasətin aparılması həm ölkədəki vəziyyəti daha da sabitləşdirir, eyni zamanda, dünya miqyasında Azərbaycan etibarlı tərəfdaş kimi tanınır. Bizim sözümüzün çəkisi var və bizim rolumuz həm regionda, həm qitədə, həm də dünyada artmaqdadır".

“Daxili siyasətlə bağlı bizim çox konkret proqramlarımız var. Azərbaycanda daxili sabitlik qorunur, bütün azadlıqlar təmin edilir. Gələcəkdə Azərbaycanda demokratiyanın inkişafı prosesi daha da sürətlə gedəcək,” – deyən dövlət başçımız ölkə daxilində insanları narahat edən bəzi məqamların olduğunu da etiraf edir. Ancaq: “Cəmiyyəti narahat edən məsələlərlə bağlı konkret addımlar atılır. Korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır. Həm inzibati tədbirlər, lazım gəldikdə cəza tədbirləri həyata keçirilir. Ən əsası odur ki, bu sahədə sistem xarakterli islahatlar, institusional islahatlar mühüm rol oynayır. Biz bu sahədə “ASAN xidmət”in fəaliyyətini qeyd etməliyik. Bu yaxınlarda “ASAN xidmət” BMT tərəfindən yüksək mükafatla təltif edilib. Qısa müddətdə, iki il ərzində 4 milyondan çox insan bu xidmətin imkanlarından faydalanıb. Biz bu şəffaflıq prinsiplərini bütün sistemimizə - dövlət quruculuğu sisteminə, maliyyə sisteminə tətbiq etməliyik və bu müsbət təcrübəni yaymalıyıq. Konkret tapşırıqlar verilib və əlavə tədbirlərin görülməsi üçün indi iş gedir".

Son zamanlar ölkəmizdə çoxsaylı beynəlxalq tədbirlər keçirildiyini yada salan dövlət başçımız bu müsbət tendensiyadan məmnunluq ifadə edir: “ Mən bunu alqışlayıram. Deyə bilərəm ki, bir çox hallarda bu tədbirlərin təşəbbüskarı da mənəm. Mən hesab edirəm ki, bu, ölkəmizin inkişafı üçün çox vacibdir. Eyni zamanda, dünyada Azərbaycanı daha da çox tanıyacaqlar, Azərbaycana daha da çox hörmət edəcəklər. Deyə bilərəm, təmasda olduğum və Bakıya gələn bütün qonaqlarla apardığım söhbət əsnasında onlar qeyd edirlər ki, Azərbaycanın və Bakının bu qədər inkişaf etmiş ölkə və şəhər olduğunu gözləmirdilər. Azərbaycanda siyasi tədbirlər, dövlət və hökumət başçılarının iştirakı ilə müzakirələr, forumlar, mədəniyyətlərarası forumlar keçirilir. Bu yaxınlarda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Qlobal Bakı Forumu keçirilmişdir. Azərbaycanda Beynəlxalq Humanitar Forum keçirilir. Bu tədbirlər, eyni zamanda, idman tədbirləri, Avropa Oyunları, İslam Həmrəylik Oyunları, digər beynəlxalq idman yarışları Azərbaycanı dünyaya inkişaf edən, müasir, güclü dövlət kimi təqdim edir. Bu, özlüyündə Azərbaycana qoyulan investisiyaların həcmində də, turistlərin artan sayında da özünü göstərir. Yəni, həm imic, həm təqdimat, həm də real iqtisadiyyat baxımından bunlar çox önəmli tədbirlərdir. Biz gələcəkdə də Azərbaycanda müxtəlif qlobal tədbirlərin keçirilməsini təmin edəcəyik. Bu gün Bakı, Azərbaycan regionun iqtisadi, siyasi və mədəni mərkəzlərindən biridir”.

Həm Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olunmasında, həm də davam edən sürətli sosial-iqtisadi inkişafın dönməz xarakter almasında beynəlxalq aləmlə əməkdaşlığa xüsusi önəm verən Prezident həmin əməkdaşlığın səviyyəsindən razıdır: “Beynəlxalq təşkilatlarla əlaqələrimiz də yüksək səviyyədədir. Biz beynəlxalq təşkilatlarda fəal iştirak edirik və bundan sonra da fəal iştirak edəcəyik. İlk növbədə, BMT-də və Qoşulmama Hərəkatında. Bu qurum BMT-dən sonra ölkələrin sayına görə ikinci təşkilatdır. Azərbaycan Qoşulmama Hərəkatına bir neçə il bundan əvvəl üzv olmuşdur və dərhal bu qurum Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü əsasında həlli ilə bağlı qətnamə qəbul etmişdir”.

Dünya ölkələri və aparıcı beynəlxalq təşkilatlarla əməkdaçıqda Heydər Əliyev siyasi kursunun bütün incəliklərini əsas götürən Prezident İlham Əliyev həm Şərq, həm də Qərb dəyərlərinə bərabər şəkildə önəm verdiyini növbəti dəfə dilə gətirir: “Azərbaycan müsəlman aləminin bir parçasıdır və İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının baş katibi ölkəmizdə olarkən Azərbaycanın rolu haqqında danışırdı. Eyni zamanda, biz Avropa Şurasının üzvüyük və bu yaxınlarda Avropa Şurasına sədrlik edirdik. Bu əməkdaşlıq da həm bizim, həm də Avropa Şurası üçün çox önəmlidir. Bu yaxınlarda III Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində qeyd edilirdi ki, məhz Azərbaycan “Bakı prosesi”nin müəllifi olmuşdur. “Bakı prosesi” Avropa Şurası ilə İslam Əməkdaşlıq Təşkilatı arasında mədəniyyət sahəsində və başqa sahələrdə dialoqun əsasını təşkil etmişdir".

Xatırladaq ki, Azərbaycanın həmin nadir rolu bu gün həm müsəlman aləmində, həm də Avropada yüksək qiymətləndirilir. Dövlət başçımızın

28 May Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı nitqi əsasında hazırladığımız sətirləri məhz həmin nitqin son cümlələləri ilə tamamlayırıq: “Müstəqilliyimiz bizim ən böyük dəyərimizdir, ən böyük sərvətimizdir. Biz müstəqilliyi qoruyuruq və qoruyacağıq”.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında