Hindistanın Baş naziri Narendra Modinin Çin Xalq Respublikasına üçgünlük rəsmi səfəri iki dövlət arasında 22 milyard dollar dəyərində müqavilələrin imzalanması ilə başa çatdı. Cənab Modinin Çin lideri Si Tszinpinlə danışıqlarısa Asiyanın iki böyük dövləti arasında münasibətlərin yaxşılığa doğru dəyişəcəyi barədə proqnozları gücləndirdi. Geosiyasi rəqabətin və ərazi mübahisəsinin olmasına rəğmən tərəflər əlaqələrin yüksək səviyyədə olmasının vacibliyini önə çəkirlər.
Ümumiyyətlə, Baş nazir Narendra Modinin Çinə səfərindən gözləntiləri böyük idi. Çünki hər iki ölkə arasında həll olunmamış bir sıra məsələlər var və səfər xüsusilə də geosiyasi rəqabətin doğurduğu gərginliyin azaldılması baxımından əhəmiyyət daşıyırdı. Baş nazir Modinin Çində verdiyi bəyanatlar və hər iki ölkədə fəaliyyət göstərən 200-dən artıq şirkətlər arasında 22 milyard dollar dəyərində müqavilələrin imzalanması səfər barədə səsləndirilən nikbin proqnozları təsdiqlədi. İmzalanmış müqavilələrin alternativ energetika, bankçılıq, liman infrastrukturu və sənaye parkları kimi sahələri əhatə etdiyi bildirilir. Cənab Modinin imzalanma mərasimindən əvvəl dediyi sözlər də xüsusi diqqət çəkir: “Mən əminəm ki, XXI əsr Asiyanın böyük dövlətlərinin hökmranlığı əsri olacaq”. Maraqlıdır ki, müqavilələrin imzalanmasından öncə Çin Xalq Respublikasının sədri Si Tsinpin hindli qonağını doğma əyalətində-Şansidə qəbul etdi. Bu qarşılama Hindistan nümayəndələri tərəfindən qonağa göstərilmiş böyük jest kimi qiymətləndirildi. Belə ki, Çin lideri indiyədək heç bir xarici ölkə liderini doğma əyalətində qarşılamamışdı.
Ancaq Asiyanın bu iki böyük ölkəsində tərəfləri daha da yaxınlaşmağa imkan verməyən bir sıra problemlər var. Onlardan biri 1962-ci il müharibəsi nəticəsində yaranmış ərazi mübahisəsidir. Görüş zamanı liderlər arasında mübahisə ətrafında fikir mübadiləsinin aparıldığı bildirilir. Müharibənin başa çatmasından uzun zaman keçməsinə baxmayaraq, mübahisəli ərazidə yaranmış vəziyyətin silahlı münaqişəyə çevrilmək təhlükəsinin hələ də qaldığı məlumdur. Qonşu ilə münasibətlərdə sıçrayışa nail olması baxımından Çinə səfəri öncəsində Hindistan Baş nazirinə Aranuçal-Pradeş ştatında mübahisəli sərhədyanı bölgəyə səfər etməməsi də tövsiyə olunmuşdu. Siyasi müşahidəçilərin fikrincə, ərazi mübahisəsinin həlli regionda liderlik uğrunda mübarizə aparan iki böyük dövlət arasında daha fundamental geosiyasi ziddiyyətlərin tənzimlənməsinə təkan verə bilərdi.
Politoloqlar geosiyasi çəkisi getdikcə artan Çinin qonşusu Hindistanla münasibətlərinin qarşıdurmadan tərəfdaşlıq müstəvisinə keçirməyə çalışmasının rəsmi Pekinin maraqlarına uyğun gəldiyini bildirirlər. Çin lideri də Hindistanla daha sıx və tərəfdaşlıq əlaqələrinin yaradılmasına can atılmasının vacibliyini vurğulayır. Bundan başqa, ÇXR sədri düşünür ki, münasibətlərin yaxşılaşdırılması üçün regionda və dünyada əməkdaşlıq möhkəmləndirilməli, daha ədalətli beynəlxalq nizamın yaradılması naminə müştərək addımlar atılmalıdır. Cənab Tszinpinin Hindistan liderini qarşılıqlı inamın artırılması, eyni zamanda, mədəni və intellektual mübadilənin fəallaşdırılması üçün səylərini artırmağa səslədiyi də açıqlanır. Bir sıra politoloqların fikrincə, Asiyanın bu iki ölkəsi arasında münasibətlərin tərəfdaşlıq xarakteri alması Çin-Hindistan-Rusiya geosiyasi üçbucağının yaradılması ehtimalını da gücləndirir. Məlumdur ki, tərəflər arasında ərazi mübahisəsi belə geosiyasi konfiqurasiyanın yaradılmasını xeyli çətinləşdirir.
Qərb mətbuatı da Hindistan - Çin münasibətlərində müşahidə olunan istiləşməni yaxından izləyir. Məsələn, ABŞ-ın mühafizəkar “The Huffington Post” internet nəşri Hindistan ilə Çin arasında siyasi iqlimin istiləşməyə başladığını bildirir. Hindistan Baş nazirinin səfərinə geniş yer ayıran nəşrdə qeyd olunur ki, Asiyanın bu iki ölkəsi hazırda Qərbin hökmran olduğu dünya nizamını ötdüyünü hesab edir. “The Huffington Post” xatırladır ki, bu yaxınlarda rəsmi Dehli və Pekin BRİKS ölkələrinin təsis etdiyi Yeni İnkişaf Bankının yaradılmasında iştirak etdi. Bundan başqa, ÇXR Hindistanın Şanxay Əməkdaşlıq Təşkilatına qoşulması təşəbbüsünü dəstəklədi, rəsmi Dehli də cavabsız qalmayaraq, Çinin Cənubi Asiya Regional Əməkdaşlıq Təşkilatında müşahidəçi statusunun verilməsinə razı oldu. Göründüyü kimi, Hindistan və Çinin yaxınlaşması qlobal miqyasda bir sıra geosiyasi dəyişikliklərin baş verməsi baxımından böyük əhəmiyyət daşıyır. Amma gözlənilən dəyişikliklərin qısa zaman kəsiyində reallaşacağı da həqiqətə uyğun görünmür. Ona görə ki, hər iki tərəf müəyyən öhdəlik və tərəfdaşlıq əlaqələrinə malikdir. Üçüncü tərəflərin davranışları da münasibətlərin gələcəyinə təsir göstərə biləcək faktor arasındadır.
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.