Azərbaycan siyasi və iqtisadi cəhətdən müstəqil, azad, öz resurslarına güvənən ölkədir

Müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi strategiya və bu kursun uğurlu davamı Azərbaycanın dünya birliyindəki reytinqini getdikcə artırır. Son 10 il ərzində ölkədə baş verən hadisələrə nəzər yetirdikdə  bir-birindən əhəmiyyətli uğurlar qazandığımızın və dünyada söz sahibinə çevrildiyimizin şahidi oluruq. Bir faktı xüsusi qeyd etmək lazımdır ki, möhkəm təməl üzərində qurulmuş siyasət nəticəsində ölkəmiz sürətli inkişaf yoluna qədəm qoymuşdur. Dünyanı iqtisadi böhran bürüsə də,  bu, Azərbaycanın tərəqqisinə ciddi təsir göstərə bilməmişdir. Respublikamızda həyat öz axarı ilə davam etmiş, ümumi daxili məhsulun həcmi artmış, müasir tələblərə cavab verən yeni istehsal müəssisələri yaradılmış, əhalinin həyat səviyyəsi getdikcə yüksəlmişdir.

 Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində Azərbaycanın hər bir sahədə digər ölkələrə örnək olan uğurları xalq-iqtidar birliyini daha da möhkəmləndirmiş, sarsılmaz etmişdir. Məhz bu dəstək, dövlət başçımızın 2008 və 2013-cü il prezident seçkilərində yenidən qələbəsini şərtləndirdi. Dövlətimizin başçısının hər bir vədinin konkret əməli işdə öz təsdiqini tapması yeni-yeni hədəflərin gündəmə gətirilməsi üçün möhkəm bazanı formalaşdırmaqla yanaşı, Azərbaycanın hərtərəfli inkişafını sürətləndirdi.

 Azərbaycanın elmi əsaslara söykənən inkişaf modelinin mövcudluğu artıq dünya birliyində də təqdir olunur. Bu gün böyük fəxr hissi ilə qeyd etdiyimiz reallıqlardan biri məhz Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilməsidir.

Prezident İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçildikdən sonra  andiçmə mərasimində bəyan etmişdir: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevıriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”. Dövlət başçımızın bu fikirləri artıq reallığa çevrilib. Hər birimiz bu inkişafı gündəlik həyatımızda hiss edir, dünya birliyində isə respublikamızın şöhrətinin getdikcə artdığının şahidi oluruq. Bütün bunlar Prezident İlham Əliyevin düzgün müəyyənləşdirdiyi və davamlı olaraq həyata keçirdiyi daxili və xarici siyasətin nəticəsidir.

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, harada yaşamasından asılı olmayaraq güclü, qüdrətli Azərbaycan hər bir soydaşımızın qürur mənbəyidir. Bu gün böyük fəxr hissi ilə qeyd etdiyimiz reallıqlardan biri məhz Azərbaycanın beynəlxalq əhəmiyyətli mötəbər tədbirlər üçün ideal məkan seçilməsidir. Ölkəmizə gələn qonaqlar Azərbaycanın iqtisadi inkişafının sanki möcüzə olduğunu bildirir, postsovet dövlətlərlə müqayisədə respublikamızın yüksələn xətt üzrə inkişaf etdiyinin reallıq olduğunu etiraf edirlər. Təbii ki, bu dəyərləndirmə Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin dəstəklənməsinin bariz nümunəsidir. Azərbaycan xalqı ictimai-siyasi, sosial-iqtisadi həyatının yeni bir dövrünü – müstəqillik dövrünü yaşayır. Bu illər ərzində ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən dövlətlər sırasına qoşulmuş,  iqtisadi, siyasi, mədəni sahələrdə böyük uğurlar qazanmışdır. Milli inkişaf modelinin tətbiqi ilə uğurlu nəticələrin əldə olunması, sosial-siyasi islahatların ardıcıl qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, həmçinin, hüquqi dövlət quruculuğu yolunda atılan addımlar, həyata keçirilən tədbirlər Azərbaycanın dinamik inkişafını təmin edən faktorlar hesab edilir. Bu gün tam cəsarətlə demək olar ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Bu model əsasında uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın həm də beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarıb.

 Prezident İlham Əliyevin müəyyənləşdirdiyi xarici siyasət strategiyasının uğurları Azərbaycanı gündən—günə irəliyə  aparır. Belə ki, həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində ölkəmiz regionun ən qüdrətli və nüfuzlu dövlətinə çevrilib. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. Təkcə onu demək kifayətdir ki, respublikamızın iştirakı olmadan regionda hər hansı bir strateji layihə reallaşdırıla bilməz. Məhz belə layihələr Azərbaycanın  heç bir subyektdən asılı olmadığını da təsdiq edir.

Bu günlər Azərbaycan yenidən dünyanın diqqət mərkəzində oldu. Bakıda “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” devizi altında III Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir.  Forum Prezident İlham Əliyevin himayəsi və UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə baş tutmuşdur.

Forum çərçivəsində mədəni hüquqlar, ekstremizmə qarşı mübarizədə dini plüralizm və dəyərlərin qorunması, beynəlxalq təşkilatların mədəniyyətlərarası dialoqun qurulmasında rolu və əməkdaşlığı plenar sessiyaları olmuşdur. Tədbirdə 100-dən çox dövlətin nümayəndələri, 50-dən çöx ölkədən nazir, nazir müavinləri, parlament təmsilçiləri və digər yüksək səviyyəli rəsmilər, 10-dan artıq beynəlxalq qurumun rəhbəri iştirak etmişdir.

Göründüyü kimi, Azərbaycan artıq dünyanın etimad göstərdiyi, inandığı dövlətlərdən birinə çevrilib. Belə  beynəlxalq əhəmiyyətli tədbirlərin Azərbaycanda keçirilməsi barədə  qərarın qəbul edilməsi ölkəmizin getdikcə artan beynəlxalq nüfuzunun, sosial, iqtisadi uğurların, infrastrukturların dünya standartları tələbləri səviyyəsində qurulmasının və digər amillərin dünya birliyinin diqqət mərkəzində olmasından irəli gəlir. Bunlarla yanaşı, ölkəmiz artıq dünyada mötəbər tədbirləri keçirməyə qadir olduğunu dəfələrlə təsdiqləyib. Bu yaxınlarda başa çatmış III Qlobal Bakı Forumunu xatırlatmaq istərdim.  Bu tədbirdə bir sıra ölkələrin prezidentləri, baş nazirləri, xarici işlər nazirləri, həmçinin  sabiq dövlət və hökumət başçıları, siyasi xadimlər, elm adamları və ekspertlər – ümumilikdə, 75 ölkədən 350-yə yaxın nümayəndə iştirak etmişdir. Onların arasında 6 ölkənin hazırkı prezidenti, 41 sabiq prezident, 24 sabiq baş nazir, bir neçə ölkənin isə indiki və sabiq xarici işlər nazirləri olub. Göründüyü kimi, Azərbaycan bu gün iqtisadi qüdrətinə görə dünyada diqqət mərkəzində olan dövlətlərdəndir. Çünki beynəlxalq miqyaslı tədbirləri yüksək səviyyədə keçirmək hər ölkənin gücü deyil. Belə mühüm əhəmiyyətli tədbirləri yalnız Azərbaycan kimi müstəqil siyasət yeridən, dünya birliyində nüfuz sahibi olan və iqtisadi cəhətdən qüdrətli olan dövlətlər keçirə bilər. Postsovet dövlətlərinin müstəqillik tarixinə nəzər saldıqda, Ermənistanda və digərlərində heç vaxt belə tədbirlərin keçirilməsinin şahidi olmarıq.

Bu gün tam cəsarətlə demək olar ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Bu model əsasında uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın həm də beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarıb. Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə Avropa Olimpiya Komitəsinin qərarı da məhz bu siyasi strategiyanın nəticəsidir.  Həyata keçirilən uğurlu daxili və xarici siyasət xalqımızda bu möhtəşəm tədbirin də  həmrəylik, birlik, sağlam və ədalətli rəqabət ruhunda keçəcəyinə əminlik yaradıb.

Hazırda  xalqımız möhtəşəm bir bayram – sülh, dostluq və böyük bir idman bayramı ərəfəsindədir. Avropa Olimpiya Komitəsinin hələ iki il əvvəl qəbul etdiyi qərara əsasən, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi artıq reallaşmaq üzrədir.  Nüfuzlu beynəlxalq qurumun belə bir qərar qəbul etməsi heç də təsadüfi deyil. Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət sayəsində respublikamızın regional və qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artmış, beynəlxalq aləmdə etibarlı tərəfdaş imici qazanmış və  Azərbaycan mötəbər beynəlxalq tədbirlərin, nüfuzlu idman yarışlarının keçirildiyi məkana çevrilmişdir.

İlk Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi barədə tarixi  qərarın qəbul edilməsi, eyni zamanda, ölkəmizin getdikcə artan beynəlxalq nüfuzunun, sosial iqtisadi uğurların, infrastrukturların dünya standartları tələbləri səviyyəsində qurulmasının və digər amillərin beynəlxalq təşkilatların diqqət mərkəzində olmasından irəli gəlir.

 Azərbaycan Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi haqqında tarixi qərarı yüksək qiymətləndirərək demişdir: “Bu, böyük tarixi hadisədir. Çünki ilk dəfədir ki, Avropa Oyunları keçirilir. Baxmayaraq ki, Olimpiya Oyunları Avropa qitəsində yaranmışdır və ondan sonra Avropa qitəsində də bərpa edilmişdir. Ancaq bu günə qədər Avropa Oyunları keçirilməmişdir. İlk oyunların Bakıda keçirilməsi, əlbəttə ki, böyük nailiyyətdir, bizim böyük uğurumuzdur”.

Belə bir  tarixi qərarın qəbul edilməsində əsas amillərdən birinin ölkəmizin beynəlxalq nüfuzunun getdikcə artmasının həlledici rol oynaması ilə yanaşı, son illər ərzində Azərbaycanın dünya miqyasında özünü dinamik inkişaf edən müasir, güclü ölkə kimi göstərməsi də əsas amillərdən olmuşdur. Azərbaycanın cəmi 24 illik müstəqillik tarixi olsa da, hazırda ölkəmiz dünya miqyasında çox etibarlı tərəfdaş kimi tanınır. Beynəlxalq aləmdə nüfuzumuzun yüksək səviyyədə olması, eyni zamanda, BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz və bu quruma iki dəfə sədrlik etməyimiz, həmçinin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyimiz də  bunu təsdiqləyir. Bütün bunlarla yanaşı, Avropa Oyunları Komitəsinin məlum  tarixi qərarı, əslində, 24 il ərzində görülən işlərin yüksək qiymətləndirilməsidir.

İlk Avropa Oyunlarının da möhtəşəm keçiriləcəyinə heç bir şübhə ola bilməz. Çünki bunun üçün Azərbaycanın çox böyük potensialı vardır. Ən başlıcası odur ki, oyunların keçirilməsi ideyası təkcə ölkənin rəhbərliyi, Milli Olimpiya Komitəsi və nazirlikləri tərəfindən deyil, həm də bütün vətəndaşları tərəfindən dəstəklənir. Dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi,  hər sahə üzrə proqramların mövcudluğu, həyata keçiriləcək layihələrin xalq tərəfindən dəstəklənməsi, birgə addımların atılması gələcəyə daha böyük inamla irəliləməyə stimul verir. Ölkə başçısının  son  12 ildə hər bir vədini konkret əməli işi ilə təsdiqləməsi, həyata keçirdiyi siyasətin alternativsizliyi beynəlxalq qurumların,  dünyanın tanınmış siyasətçilərinin, politoloqlarının, nüfuzlu araşdırma mərkəzlərinin açıqlamalarında xüsusi qeyd edilir, ən yüksək mükafatlara layiq görülür.

Mirkazım KAZIMOV,
Milli Məclisin deputatı,
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında