Port-Arturun Azərbaycanlı qəhrəmanları

 

 

 

 

 

 

 

 

 

 

 

Həmişə ön cəbhədə olan Səməd bəy Mehmandarovun Port-Artur döyüşlərində xüsusi xidmətləri olmuşdur. Yaxşı ki, onun müasiri olan rus jurnalistləri Səməd bəyin döyüş fəaliyyətini qələmə almışlar.

Jurnalist E.K. Nojin Port-Arturda çıxan “Novıy kray” qəzetinin xüsusi müxbiri olmuşdur. Odlu cəbhələri gəzən jurnalist maraqlı gündəliklər müəllifidir. Qeydlərindən aydın olur ki, o, general eloğlumuz Səməd bəy Mehmandarovla həmişə ön xətdə görüşərmiş. Rus jurnalisti azərbaycanlı sərkərdənin Vətəni Qafqaz üçün darıxmasının da şahidi olub.

“Blindaja girdim. General Nadein həmişəki kimi sakitdir. Onun qərargah rəisi Stepanov yorğundur. Burada bir neçə zabit var. Polkovnik Mehmandarov da buradadır. Biz həmişəki kimi çox səmimi görüşdük. Mehmandarov heyranlıqla vətəni Qafqazı yad edirdi:

 - Qafqaz çox yaxşıdır, çox gözəldir!  Təbiət hər şeyin keyfiyyətinə zəmanət verərək ona öz möhürünü vurmuşdur. Amma bədbəxtlik ondadır ki, bəzən daş lazım olan yerdə bir dənə də daş tapmazsan, lazım olmayan yerdə isə sayı-hesabı yoxdur. Su lazım olan yerdə su olmur, ehtiyac olmayan yerdə dərya qədərdir.  - Ani olaraq dayanan Mehmandarov sözünə davam etdi:  Bəs İslam? Yaxşı nə varsa onu sonrakı həyatın verəcəyini vəd edir. Hər şey çox yaxşıdır, amma bizə cənnətdə yeddi mələk boyun olublar, yeddisinin də gözü girdə. Sizcə bu nə olan işdir? Peşmançılıq deyilmi? Bilirsinizmi, mən indi heç nə istəmirəm - nə cənnəti, nə də mələkləri. Mən yalnız azca istirahət istəyirəm.

Ətrafda hər yanda mərmilər partlayırdı. Onların ikisi blindajın tavanına düşdü. Zabitlər təlaşla ayağa durdular. İgid polkovnik Mehmandarov isə heç tövrünü belə pozmadı. Onun iri, ağıllı gözlərində zərrəcə qorxu hissi yox idi.

Səməd bəy Mehmandarovun ən təhlükəli döyüşdə belə özünü itirmədiyinin şahidi olan Əliağa Şıxlinski yazır ki, oktyabrın 14-də qala topa tutulan zaman Səməd bəy Mehmandarov bizim mövqeyə gəldi. Həmin mövqe yaponlar tərəfindən on bir düyməli və otuz yeddi millimetrlik xırda dəniz topları ilə atəşə tutulurdu. Həm də bu mövqe yaponların tüfəng və pulemyot atəşi altında idi. Bu zaman Mehmandarovun yaxınlığında altı düyməlik mərmi partladı və yerdən qalxan qara palçıq onun üstünü buladı, amma yaralamadı.

Mehandarov buna əsla əhəmiyyət verməyərək, böyük soyuqqanlıqla cibindən ağ dəsmalını çıxarıb, gözəl təzə paltosunun üzərinə sıçrayan palçığı silməyə başladı.

 

*    *    *

 

Dekabrın ilk günlərində yaponlar qalaya iki ağır zərbə vurdular. Rusların inadlı müqavimətinə baxmayaraq, onlar qalanın bir neçə mühüm fortlarını tutdular. İkinci ağır zərbə isə 1904-cü il dekabrın 2-də oldu. Komandan general Roman Kondratenko qəhrəmanlıqla həlak oldu. Əvəzində iradəcə zəif olan general-leytenant Aleksandr Fok komandan təyin edildi. On altı gün sonra yaponlar qalanın taleyini həll edən Drakonovıy Xrebet dağını ələ keçirdilər. Port-Arturun qorxaq və istedadsız komendantı general Anatoli Stessel qalanı dərhal düşmənə təslim etmək üçün hərbi şuranın iclasını çağırdı. Şurada iştirak edən bəzi komandirlər general Stesselin təklifinə şərik oldular. Lakin general-mayor Səməd bəy Mehmandarov, polkovnik Semyonov və digər zabitlər təslim olmağa qəti etiraz etdilər. Döyüşkən zabitlər inad edirdilər ki, güclü yapon ordusunu geri oturtmağa hələ qüvvələri çatar. General Mehmandarov başda olmaqla onlar deyirdilər ki, qala hələ özünü saxlamağa qadirdir, nə qədər ki, mərmi var, toplardan atəş yağdıracağıq. Nə qədər ki, patron var, tüfənglərdən atəş açacağıq. Mərmi və patron qurtardıqda isə süngü ilə döyüşəcəyik.

Lakin cəsarətsiz general Stessel mərd zabitləri eşitmədi, silahı yerə qoymağı qarnizona əmr etdi. Sonralar Rusiyaya qayıdanda general Stessel qala müdafiəçilərinin tələbi ilə Port-Arturu tələsik təslim etdiyinə görə hərbi məhkəməyə verildi.

General-mayor Səməd bəy Mehmandarov və onun zabit dostları qala təslim edildikdən sonra da hərbi anda sadiq qalaraq başqa əsgər və zabitlər üçün nümunə göstərdilər. Yaponların şərtlərinə görə, əsgərlər hərbi əsir alınır, zabitlər isə Yaponiyaya qarşı bir daha müharibədə iştirak etməyəcəkləri barədə yazılı iltizam verəndən sonra Rusiyaya qayıdırdılar. General Stesselin ətrafındakı bir qrup zabit dillərindən belə bir iltizam verdilər. Lakin xalqımızın igid oğlu Səməd bəy Mehmandarov zabit şərəfini təhqir edən belə bir alçaq vəddən boyun qaçırdı. Bir daha Yaponiyaya qarşı müharibədə iştirak etməyəcəyi barədə iltizam vermədiyinə görə general-mayor Səməd bəy Mehmandarov əsir alınıb Yaponiyanın Naqoya şəhərinə göndərildi. O, 1905-ci il avqustun 23-də Amerikanın Portsmut şəhərində sülh müqaviləsi bağlanandan sonra Rusiyaya qayıda bildi.

332 günlük məşhur Port-Artur qalasının müdafiəsi general Səməd bəy Mehmandarovun taleyinə belə yazıldı.

 

*    *    *

 

Aleksandr Stepanovun “Port-Artur”, P. Lorenkonun “Port-Arturun əzablı günləri” və Trofim Borisovun “Portarturçular” romanlarında bir azərbaycanlı soyadına da rast gəldik – poruçik Sadıqov.  Bu əsərlərdə poruçik Sadıqovun əzablı döyüş yolu yazıçılar tərəfindən maraqla izlənilir. Hətta P.Lorenkonun 1906-cı ildə Peterburqda nəşr olunmuş “Port-Arturun əzablı günləri” sənədli əsərində (II cilddə) yaralanmış poruçik Sadıqovun hospitalda müalicəsi zamanı iki dəfə fotoşəkli də dərc olunub. Döyüşlərdə mətanət və mərdliklə vuruşan poruçik Sadıqov qəhrəmanlıqla həlak olub. Poruçik Sadıqov kimdir?

Bu barədə “Kommunist” qəzetinin 9 sentyabr 1984-cü il tarixli sayında dərc edilən yazımdan sonra respublikanın ayrı-ayrı bölgələrindən çoxlu məktub aldım. Xeyli adam poruçik Sadıqovun onun qohumu olduğunu yazırdı. Lakin sabirabadlı Böyükağa Sadıqovun gətirdiyi faktlar, sənədlər və fotoşəkillər sübut elədi ki, poruçik Ağababa Hacıbaba oğlu Sadıqov onun əmisidir. Poruçik Ağababa Sadıqov 1875-ci ildə Şamaxının Ərdəbilli məhəlləsində ziyalı ailəsində anadan olub. Atası Hacıbabanın Peterburq və Moskvada ipək dükanı varmış. 1903-cü ilin əvvəllərində igid poruçik Ağababa Peterburqdakı Mixaylov topçuluq məktəbini bitirib. 1905-ci ilin əvvəllərində onun həlak olması haqqında qara kağız da alınıb.

Port-Artur döyüşçüləri haqqında inqilaba qədər onlarla əsər yazılıb. Kabardin və çeçen igidlərinin Port-Arturdakı döyüş fəaliyyəti haqqında Əhmədxan Naloyevin “Dan üzünün atlıları” tarixi romanı, Vikenti Veresayevin “Yapon müharibəsi haqqında hekayətlər” silsiləsi, yazıçının irihəcmli gündəliyi və yol qeydləri, Sergey Senskinin “Susima”, N.A. Levitskinin “1904-1905-ci illərdə rus-yapon müharibəsi” əsərləri maraqla oxunur. Bunların hamısında eloğlularımızın qəhrəmanlığı haqqında da məlumatlar verilir.

“Niva” jurnalının 1905-ci il 25-ci sayında bir həmyerlimizin də adına və fotoşəklinə rast gəldim. Onun haqqında ancaq bu sözlər yazılırdı: “33-cü Şərqi-Sibir atıcı alayının poruçiki Zülfüqar Mirzə Ələkbər oğlu Bağırbəyov fevral döyüşlərində igidliklə vuruşub və kontuziya alıb”.

Adından, atasının adından və soyadından poruçik Zülfüqar Bağırbəyovun azərbaycanlı olması şübhəsizdir. Düşünürdüm ki, görəsən, Uzaq Şərq sərhədləri uğrunda igidliklə vuruşan bu həmyerlimizin qohum-qardaşından sağ qalanı varmı?

1987-ci ildə İçərişəhərdə yaşayan 82 yaşlı bir ağsaqqalla görüşdüm. Məhəmməd Cavad oğlu Bağırov bildirdi ki, “Niva” jurnalından şəklini götürdüyünüz poruçik Zülfüqar Mirzə Ələkbər oğlu Bağırbəyov mənim doğma əmimdir. O, 1874-cü ildə Şuşada anadan olub. Port-Artur döyüşlərindən sağ-salamat qayıdan əmim Novobəyazid süvari alayında ştabs-kapitan rütbəsində xidmət edib. 1912-ci ildən 1914-cü ilədək Bakı şəhərində hərbi komendant işləyib, rütbəsi mayor idi. Birinci Dünya müharibəsi illərində Avstriya və Rumuniya cəbhələrində döyüşlərdə iştirak edib.

Zülfüqar bəyin müasiri, Azərbaycan Cumhuriyyətinin liderlərindən biri Nağı bəy Şeyxzamanlı Türkiyədə nəşr etdirdiyi “Xatirələrim” kitabında yazır ki, Zülfüqar bəy Bağırbəylinin Birinci Dünya müharibəsində, 1915-ci ildə Qafqaz cəbhəsində ucqar Olti qəzasında məchul bir güllə ilə vurulduğunu ailəsinə xəbər verdilər. Sonralar məlum oldu ki, Zülfüqar bəy bir erməni tərəfindən döyüş vaxtı arxadan vurulmuşdur. Ancaq rus komandanlığı tərəfindən qatil axtarılmamış və cinayət “məchul güllə ilə törədilmiş” - deyə ört-basdır edilmişdir.

 

*    *    *

 

Böyük türk dünyasının nüfuzlu orqanı “Tərcuman” qəzeti Port-Artur müharibəsinin gedişatını müntəzəm izləmiş və öz səhifələrində orduda qəhramanlıqla döyüşən, dini müsəlman olan əsgər və zabitlərin fəaliyyətindən xəbərlər dərc etmişdir. Qəzet 11 iyun 1904-cü ildə “Müxtəlif  xəbərlər” rubrikasında yazırdı: “İstehkamçı - kapitan İlyas bəy Ağalarov yeni podpolkovnik rütbəsi alaraq Uzaq Şərq döyüşlərinə yola düşür. Məşhur bəy nəslinin nümayəndəsi İlyas bəy Ağalarov əla hərbi təhsil almaqla elektrotexnika sahəsində də görkəmli mütəxəssis olmuşdur. Onun orduda keçən hərbi xidməti, həyatı və rütbəsi Rusiyada yaşayan hər bir müsəlman əhlində iftixar hissi doğurur”.

Gürcüstan Mərkəzi Dövlət Arxivində İlyas bəy Allahyar bəy oğlu Ağalarova məxsus azsaylı sənədlərdən məlum olur ki, o, Port-Artur döyüşlərindən sağ-salamat qayıtmışdır. Sonralar ikinci Qafqaz istehkamçı batalyonun komandiri olan polkovnik İlyas bəy Ağalarov 1860-ci il iyunun 7-də Gəncədə nüfuzlu bəy ailəsində dünyaya gəlib.

Sənədlər göstərir ki, İlyas bəy İkinci Moskva hərbi gimnaziyasında və Pavlov hərbi məktəbində təhsil alıb. Hərbi xidmətə 1879-cu il aprelin 26-da başlayıb. 1887-ci il avqustun 8-də podporuçik, 1894-cü il avqustun 1-də ştabs-kapitan, 1898-ci il avqustun 1-də kapitan, 1904-cü il iyunun 26-da podpolkovnik, 1910-cu il dekabrın 6-da isə polkovnik rütbələrini alıb.

Polkovnik İlyas bəy Ağalarovun Port-Artur döyüşlərində və nizami ordudakı nümunəvi xidmətləri 1901-ci ildə ikinci dərəcəli “Müqəddəs Stanislav”, 1905-ci ildə ikinci dərəcəli “Müqəddəs Anna”, yenə həmin ildə dördüncü dərəcəli “Müqəddəs Anna” (bant və qılıncla birgə) ordenlərinə layiq görülmüşdür.

1913-cü il martın 18-də polkovnik İlyas bəy qəfil mərmi partlayışından həlak olub. Bu sərkərdə eloğlumuzun məzarı hazırda Gəncədə İmamzadə məscidinin həyətindədir. Məzarın mərmər başdaşında solmaqda olan “Qvardiya polkovniki İlyas bəy Ağalarov” sözlərini oxuyanda unudulmuş igidin xatirəsi qəlbimi göynətdi. İllərin tufanı mərmər qəbir daşından onun sonuncu izini də silib aparır...

“Tərcuman” qəzeti 5 noyabr 1904-cü ildə “Müsəlmanlar Port-Arturda” adlı xəbərində yazırdı: “Mancuriya ordusunun sıralarında və həmçinin Port-Artur döyüşlərinin qəhrəman müdafiəçiləri arasında azsaylı müsəlmanlar da şərəflə vuruşurlar. Redaksiyanın aldığı məktubdan aydın olur ki, yeddinci Şərqi-Sibir artilleriya divizionunun  rəisi, general-mayor Səməd bəy Sadıq bəy  oğlu Mehmandarov Qarabağ bəylərindəndir. Qala artilleriyasının xəzinədarı isə Litva müsəlmanlarından olan Ədhəm bəy  Muxranskidir. Şimali Qafqazdan olan artilleriya poruçiki Y.İ. Dudarov isə avqust hücumlarının birində mərd zabit kimi şərəflə vuruşaraq həlak olmuşdur. Allah ona rəhmət eləsin. Amin!”.

General Əliağa Şıxlinski
Port-Artur döyüşlərində

Port-Artur döyüşlərinin qala müdafiəsi zamanı düşmən həmlələrinin dönə-dönə dəf edilməsində top artilleriyasının mahir ustası Əliağa Şıxlinskinin döyüş xidmətləri misilsizdir. Onun 1904-1905-ci illərdəki hərbi rəşadəti bütün Rusiyaya yayılmışdı. Qısa müddətdə qəhrəmanlığı altı ordenə layiq görülən, rütbəsi kapitandan podpolkovnikə yüksələn Şıxlinski haqlı olaraq “Xatirələrim”də yazır ki, Port-Artur epopeyasının iştirakçısı olduğumu həmişə iftixarla yad edirəm.

(ardı var)

Şəmistan NƏZİRLİ,
tədqiqatçı – jurnalist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında