Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri
Azərbaycanda sülh və ləyaqət şəraitində bir ailə kimi yaşamışlar. Biz fəxr edirik ki,
bu müsbət meyillər müstəqillik illərində daha da güclənmişdir.
Bizim tarixi abidələrə nəzər salmaq yetər ki, Azərbaycanın
mədəni müxtəlifliyi aydın görünsün.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan daha bir mötəbər tədbirə—III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etməklə iqtisadi, siyasi və mədəni sahələrdə yüksələn xətt üzrə inkişaf etdiyini bir daha təsdiqlədi. Onu da deyək ki, ölkəmiz belə nüfuzlu tədbirləri keçirməyə qadir olduğunu artıq sübut edib. Buna respublikamızın getdikcə artan iqtisadi güdrəti də zəmin yaradır. Uzun illərdir hökm sürən davamlı ictimai-siyasi sabitlik, dövlət başçısı ilə xalqın sıx vəhdəti, sülhə, xalqlar arasında dostluq və əməkdaşlığa daim öz layiqli töhfələrini verən Azərbaycan son illər nüfuzlu beynəlxalq qurumların tədbirlərinin keçirildiyi məkana çevrilib.
III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycanda keçirilməsini də məhz bu amillər reallaşdırmışdır. Belə əhəmiyyətli tədbirlərin ölkəmizdə keçirilməsinin ən üstün cəhətlərindən biri də Bakıya gələn qonaqların ölkəmizlə, adət – ənələrimizlə, milli- mənəvi dəyərlərimizlə, qonaqpərvərliyimizlə və sürətli inkişafımızla yaxından tanış olmasıdır. Bütün bunlar respublikamız haqqında beynəlxalq ictimaiyyətdə mənfi rəy yaratmaq istəyən antiazərbaycan dairələrin səylərini alt-üst edir. Bu günlərdə başa çatan III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən nüfuzlu qonaqların dedikləri də bunu təsdiqləyir.
Forum günlərində Bakının 100-dən çox ölkəni təmsil edən qonaqları Azərbaycanı daha yaxından tanımaq imkanı əldə etmişdi. Bu tədbirdə 10-dan çox beynəlxaq qurumdan rəhbər şəxslər, 50-yə yaxın ölkədən nazir və nazir müavinləri, dünyanın nüfuzlu media qurumlarının nümayəndələri, ümumilikdə, beş qitədən 500-dək xarici ölkə nümayəndəsi iştirak etmişdir. Builki forumun kifayət qədər maraqlı proqramı olmuşdur. Dövlət xadimləri, politoloqlar, beynəlxalq ekspertlər və elm adamları arasında təşkil olunmuş müzakirələr böyük maraq doğurmuşdur. Dünyanın bütün qitələrindən gəlmiş insanların təmsil olunduqları forumda siyasi liderlər və ictimai xadimlər, beynəlxalq təşkilatların rəhbərləri, dövlət və hökumət nümayəndələri, mədəniyyət nazirləri və mədəniyyət məsələləri üzrə səfirlər, deputatlar, diplomatlar, merlər və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər, mədəniyyət üzrə ekspertlər və tanınmış ziyalılar iştirak edirdilər.
Forum çərçivəsində mədəni hüquqlar, ekstremizmə qarşı mübarizədə dini plüralizm və dəyərlərin qorunması, beynəlxalq təşkilatların mədəniyyətlərarası dialoqun qurulmasında rolu və əməkdaşlığı üzrə plenar sessiyalar, təhsilin, gənclərin, incəsənətin, turizmin mədəniyyətlərin yaxınlaşmasında və dialoqda roluna həsr edilən müxtəlif işçi sessiyalar keçirilmişdir. Müzakirələr, ilk növbədə, BMT Baş Assambleyası tərəfindən elan olunan 21 May - Dialoq və Inkişaf Naminə Ümumdünya Mədəni Müxtəliflik Gününə həsr olunan layihə və proqramlar, eləcə də, mədəniyyətlər arasında etimad və əməkdaşlığın möhkəmləndirilməsində din, miqrasiya, idman, təhsil, incəsənət və biznesin rolu ətrafında aparılmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirak etdiyi Foruma BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser, UNESCO-nun baş direktoru İrina Bokova, İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni, İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri, BMT-nin Dünya Turizm Təşkilatının baş katibinin turizm və sülh üzrə müşaviri Əmr Abdel-Qaffar qatılmışlar.
Dövlət başçısı İlham Əliyevin forumdakı nitqi böyük maraqla qarşılanmışdır. Qonaqları salamlayan ölkə rəhbəri III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda öz işinə başlamasını yüksək dəyərləndirmiş və bunun yaxşı ənənə olduğunu diqqətə çatdırmışdır. Artıq üçüncü dəfə keçirilən bu dialoqa yüzdən artıq ölkənin təmsilçisinin qatıldığını qeyd edən respublikamızın rəhbəri bu müzakirələrin böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir. Dövlət başçısı demişdir ki, Azərbaycan mədəniyyətlərarası dialoqda mühüm rol oynayır və çalışır ki, ölkələri, xalqları bir araya gətirsin: “Azərbaycan Avropa və Asiya arasında yerləşir, bu da Azərbaycanın mədəni müxtəlifliyində rol oynayıb. Etnik və müxtəlif dinlərin təmsilçiləri həmişə Azərbaycanda tolerant şəkildə yaşayıb. Tarixi irsimiz mədəni müxtəlifliyə yanaşmanı ortaya qoyur. Şamaxıda ən qədim məscidlərdən biri, Şəkidə alban kilsəsi, Abşeronda atəşpərəstlərin məbədi yerləşir. Bu gün Azərbaycanda müxtəlif etnik qrupların nümayəndələri yaşayır və inkişafımıza töhfə verirlər. Biz beynəlxalq tədbirləri ona görə keçiririk ki, multikulturalizm ənənələrini təbliğ edək”. Prezident bu gün dünyada baş verən hadisələrin narahatlıq doğurduğunu forum iştirakçılarının diqqətinə çatdıraraq, Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasının bu sahədə bir addım olduğunu vurğulamışdır. Ölkə başçısı bəyan etmişdir ki, multikulturalizmin alternativi yoxdur: “Bu baxımdan vətəndaş cəmiyyəti qurumlarının, qeyri-hökumət təşkilatlarının rolu artır. Bəzi hallarda dini ədavət bilərəkdən inkişaf etdirilir və yayılır. İctimai rəyə təsir göstərən insanların öhdəliyi artır, biz multikulturalizm ənənələrini inkişaf etdirməliyik. Multikulturalizmin müsbət ənənələri var və Azərbaycan onlardan biridir. Bizim bu səylərimiz olmasa, dünyada vəziyyət daha pis olacaq. Azərbaycan kimi ölkələrin dünyada oynadığı rol müsbətdir. Bunun alternativi islamofobiya, antisemitizm ola bilər və bunlar tarixdə insanlar üçün böyük faciələrlə nəticələnib. Multikulturalizm Bakı prosesinin əsasını təşkil edir. 100-dən çox ölkənin təmsilçisinin iştirakı göstərir ki, biz mədəni müxtəlifliyi təmin edəcəyik”.
Azərbaycan Prezidenti bu gün beynəlxalq aləmdə mövcud olan etnik, dini, məzhəb zəminində baş verən ayrı-seçkiliyə də toxunmuş və belə faktların faciəvi hallarla nəticələndiyini bildirmişdir. “Biz bunu öz qonşuluğumuzda görürük” - deyən ölkə başçısı, həmçinin neofaşizm hərəkatı kimi təhlükəli meyillərin də şahidi olduğumuzu diqqətə çatdırmışdır. Azərbaycan
Prezidenti forum iştirakçılarına müraciətində demişdir ki, beynəlxalq ictimaiyyət, onun liderləri bu məsələyə çox ciddi şəkildə yanaşmalıdırlar. Çünki biz bu döyüşdə qalib gəlməliyik və bunu yalnız birgə səylərimizlə edə bilərik. Bu səbəbdən bu gün burada təşkil etdiyimiz mədəniyyətlərarası forum kimi tədbirlər çox əhəmiyyətlidir. Hesab edirəm ki, Bakı bu gün belə məsələlərin müzakirə edildiyi məkandır.
Forum iştirakçıları ölkəmizin son illərdə iqtisadi, siyasi, mədəni sahələrdə qazandığı uğurlarla bir daha məlumatlandırılmış, gənc müstəqil Azərbaycanın dünya birliyində reytinqinin getdikcə yüksəldiyinin şahidi olmuşlar. Müstəqilliyimizin bərpasından ötən qısa müddət ərzində Azərbaycan 155 dövlətin dəstəyi ilə ən mötəbər beynəlxalq qurum olan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi beynəlxalq ictimaiyyətin mütləq əksəriyyətinin ölkəmizi dəstəkləməsindən xəbər verir. Dövlətimizin başçısı diqqətə çatdırmışdır ki, bizim heç də bu 155 dövlətin hər biri ilə fəal əlaqələrimiz yoxdur. Lakin düşünürəm ki, müstəqilliyimizin bərpasından ötən qısa müddət ərzində bizim etibarlı tərəfdaş kimi davranışımız, birgə dəyərlər və milli maraqlara əsaslanmış müstəqil mövqeyimiz ölkəmizə müsbət münasibət yaratmışdır.
Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi edəcəyini xatırladan respublikamızın rəhbəri Avropa Olimpiya Komitəsinin dünyada ilk Avropa Oyunlarının müsəlman əhaliyə malik ölkədə keçirilməsi ilə bağlı qərarının son illər qəbul edilmiş ən müdrik qərarlardan biri olduğunu vurğulamışdır: “Biz 6000 Avropa idmançısını bir araya gətirəcəyik. Artıq hazırlıq prosesinin yekun mərhələsindəyik. Bu, yalnız böyük idman tədbiri deyil, həm də dostluq və tərəfdaşlıq tədbiri olacaq. Bizim üçün isə bu, təbii ki, ölkəmizi və qonaqpərvərliyimizi nümayiş etdirmək baxımından yaxşı fürsət olacaq. İki ildən sonra isə biz İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Yəni, iki il ərzində eyni ölkədə, eyni şəhərdə həm Avropa, həm də İslam Həmrəyliyi Oyunları keçiriləcək. Hesab edirəm ki, iki il ərzində hər iki oyunun eyni ölkədə təşkil edilməsi Avropa idman tarixində nadir hal olacaq”.
III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə keçirilməsi və böyük əhəmiyyət kəsb etməsini dünyanın aparıcı kütləvi informasiya vasitələrində dərc olunan məqalələr, həmçinin forum iştirakçıları tərəfindən səsləndirilən fikirlər də təsdiqləyir. Məsələn, Misirin nüfuzlu “Əl-Əhram” qəzetində dərc olunan məqalədə Azərbaycan Prezidentinin nitqinə xüsusi yer ayrılmışdır. Bununla yanaşı, qeyd edilir ki, mədəniyyətlərarası dialoqun bütün sahələrdə inkişaf tendensiyaları, dünyada müasir qlobal çağırışlar, dini-ideoloji qarşıdurmalar, mədəni və sosial transformasiyalar fonunda bəşəri dəyərlərin qorunması üçün məşhur şəxsiyyətlər, siyasətçilər, dövlət xadimləri, elm adamları arasında müzakirələr təşkil olunmuşdur.
Azərbaycanın böyük tarixi keçmişi olduğunu bildirən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser tədbirə himayədarlıq etdiyinə görə Azərbaycan Prezidentinə və hökumətinə minnətdarlığını bildirmiş və demişdir ki, builki forumun ciddi mövzusu var və dünyanı sülhə, əmin-amanlığa səsləyən mötəbər tədbirin təşkili təqdirəlayiqdir.
Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoq, multikulturalizmə aid məsələlərin müzakirə olunduğu məkana çevrilməklə bir daha təsdiqlədi ki, humanitar forumlarla dostluq, sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələlərinə layiqli töhfələrini verməyə çalışır.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.