Biz belə həqiqətlərin dəfələrlə şahidi olmuşuq. Lənkəranda yaşayış binası çökəndə, Muğanın Kürsahili rayonları daşqınlara məruz qalanda, Zaqatala- Balakən zonasında dağıdıcı zəlzələlər baş verəndə – ümumiyyətlə, ən çətin məqamlarda da Azərbaycan xalqı öz Prezidentini və dövlətini yanında görmüşdür. Dərhal hadisə yerinə gedən dövlət başçımız insanların dərdinə şərik olmuş, fəsadların aradan qaldırılması üçün bütün lazımi tədbirlərin görülməsi barədə tapşırıqlar vermişdi. Çox təəssüf ki, xalqımız yenə də faciəli bir hadisə ilə üzləşdi. Nə yaxşı ki, gözü yaşlı insanların öz yanında gördüyü ilk insanlar bilavasitə dövlət rəsmiləri oldu.
Mətbuatdan da məlum olduğu kimi, Azərbaycan Respublikası Baş Prokurorluğu, Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri Bakıda yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı birgə məlumat yayıblar. Məlumatda deyilir: “2015-ci il may ayının 19-da, saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb ediliblər. Hadisə yerinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının və paytaxtın polis orqanlarının əməkdaşları tərəfindən təmin edilib. Operativ surətdə həyata keçirilmiş tədbirlərlə binanın 27 sakini təxliyə olunub, 37 nəfər xilas edilib”.
Hadisədən dərhal sonra məlumat yayıldı ki, həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mətbuata bildirdi ki, Binəqədi rayonundakı yaşayış binasında baş vermiş yanğın Prezident İlham Əliyevin ciddi narahatlığına səbəb olub: “Cənab Prezident yanğının nəticələrinin aradan qaldırılması, zərər çəkmiş şəxslərə hərtərəfli kömək göstərilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarına tapşırıqlar verib. Hazırda Səhiyyə Nazirliyi yanğından xəsarət almış şəxslərə təcili tibbi yardım göstərilməsi ilə bağlı tədbirlər görür”.
Dövlət rəsmisi bəyan etdi ki, Prezident İlham Əliyev Xətai və Binəqədi rayonlarında iki yaşayış binasında baş vermiş yanğının səbəblərinin bütün təfərrüatları ilə araşdırılması üçün xüsusi komissiyanın yaradılması barədə göstəriş verib. Həmçinin yanmış üzlük materialların istehsalına uyğunluq sertifikatının verilməsi, onlardan yaşayış binalarında üzlük kimi istifadə edilməsi, bu halda təhlükəsizlik normalarına riayət olunub-olunmaması məsələləri də araşdırılacaq, pozuntuya yol vermiş qurumlar və şəxslər ciddi şəkildə cəzalandırılacaq. Həmin materiallarla üzlənmiş binalarla bağlı müvafiq tədbirlər görüləcək. Hadisədən cəmi bir neçə saat sonra isə kütləvi informasiya vasitələri xəbər yaydılar ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhəri Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğın ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. Baş nazirin müavini Abid Şərifovun sədrliyi ilə formalaşdırılan Dövlət Komissiyasının qarşısına hadisənin baş vermə səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin müəyyənləşdirilməsi və həyata keçirilməsi, zərər çəkənlərin əmlakına dəymiş ziyanın 15 gün müddətində hesablanmasının təmin edilməsi, zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini təmin etməsi, xəsarət alanların müalicəsinin təmin edilməsi, yaşayış binasının istifadəyə yararlılıq vəziyyətinin araşdırılması və onun sakinlərinin müvəqqəti yerləşdirilməsi ilə bağlı zəruri tədbirlərin həyata keçirməsi, eləcə də görülmüş işlər haqqında mütəmadi məlumat verməsi kimi vəzifələr qoyuldu. Baş Prokurorluğa isə tapşırıldı ki, Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə baş vermiş yanğın hadisəsinin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirsin. Təbii ki, dövlət qurumları dərhal bu funksiyaların yerinə yetirilməsinə başladılar və xalqın narahatlığının aradan qaldırılması istiqamətində qətiyyətli addımlar atıldı. Ertəsi gün–mayın 20-də isə səhər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hadisə yerinə baş çəkdi. Dövlətimizin başçısı binaya baxış zamanı hadisənin səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi, hadisə vaxtı zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə yardımların göstərilməsi və digər məsələlərlə əlaqədar Dövlət Komissiyasının üzvlərinə yerindəcə tapşırıqlarını verdi.
Baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının Azərbaycan Prezidentinin rəhbərliyi ilə ilk iclası keçirildi. Dövlətimizin başçısı əvvəlcə hadisə zamanı həlak olanların ailələrinə bir daha başsağlığı verdi. Hadisə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Prezident İlham Əliyev yanğının nəticələrinin aradan qaldırılması üçün dövlət səviyyəsində görülən tədbirlərdən danışdı. Dövlətimizin başçısı hadisənin baş verməsində təqsirli bilinən şəxslər barədə cinayət işinin qaldırıldığını və onların ciddi şəkildə cəzalandırılacağını dedi.
Qeyd etdiyimiz kimi, dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrasına məsul olan qurumlar dərhal əməli işə keçiblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən mətbuata bildiriblər ki, nazir Səlim Müslümov dünən yanğından zərər çəkmiş insanların müvəqqəti məskunlaşdırıldıqları Bilgəh qəsəbəsindəki Müharibə və Əmək Əlilləri Pansionatına gələrək, sakinlərin bir hissəsi üçün nəzərdə tutulan otaqlar və kotteclərdə yaradılan şəraitlə tanış olub. Burada həmin şəxslərin yerləşdirilməsi və onların lazımi xidmətlərlə təmin olunmaları üçün artıq bütün müvafiq tədbirlər görülüb. Ayrılmış yerlərdə müasir tələblərə cavab verən məişət şəraiti mövcuddur.
İstənilən xoş gündə və dar məqamda Azərbaycan xalqının yanında olan Heydər Əliyev Fondu da Binəqədidə baş vermiş faciədən dərhal sonra öz ənənəsinə sadiq qalaraq, zərərçəkmişlərin yanında oldu. Mayın 20-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 1 nömrəli Bakı Kliniki Tibbi Mərkəzinə gələrək baş vermiş yanğın nəticəsində xəsarət alanların vəziyyəti ilə maraqlandı. Birinci xanıma məlumat verildi ki, yanğın zamanı ümumilikdə 56 nəfər tibbi yardım üçün müraciət edib. Onlardan 15-nə yerindəcə tibbi yardım göstərilib, 41 nəfər isə xəstəxanalara yerləşdirilib. Xəstəxanalara yerləşdirilənlərdən 26-sı mayın 19-da buraxılıb. Hazırda 14 nəfərin xəstəxanalarda müalicəsi davam etdirilir. 1 nömrəli Bakı Kliniki Tibbi Mərkəzinin toksikologiya şöbəsində isə 12 xəstə müalicə alır. Xəsarət alanlardan üçü uşaqdır. Onlar üç, dörd və altı yaşlarındadır. Məlumata görə hazırda zərərçəkənlərin həyatları üçün təhlükə yoxdur.
Mehriban xanım Əliyeva yanğın zamanı xəsarət alanlarla söhbət etdi. Bildirdi ki, onların müalicəsinin yüksək səviyyədə aparılması və yanan binanın sakinlərinə dəyən maddi ziyanın ödənilməsi Prezident İlham Əliyevin birbaşa nəzarətindədir. Zərərçəkənlər ürəklərinə təsəlli gətirəcək ifadələri Mehriban xanımdan da eşitdilər: Hadisənin səbəbkarları cəzalarını alacaqlar.
Bir sözlə, qitə miqyaslı möhtəşəm tədbirə – ilk Avropa Oyunlarına hazırlaşdığımız, qonaqları qarşılamağa başladığımız günlərdə paytaxt sakinlərinə üz verən bu bədbəxt hadisə Prezident İlham Əliyev başda olmaqla, bütün azərbaycanlıları ciddi şəkildə narahat etsə də, dövlətlə xalqın mükəmməl birliyi bu ağrıları kifayət qədər azalda bildi. Son iki gündə sosial şəbəkələrdə Fövqəladə Hallar və Daxili İşlər Nazirlikləri əməkdaşlarının alov içərisində olan soydaşlarımızı xilası zamanı nümayiş etdirdikləri şəxsi igidlik və qətiyyətlə dolu məqamların lent yazılarını paylaşırlar. Həmin kadrlar bir daha sübut edir ki, Azərbaycan əsgəri, Azərbaycan polisi, nəinki hansısa rəqibə, hətta, tüstüsü ərşə çatan alovlara da qalib gəlmək iqtidarındadır. Cəsarətli gənclərimiz itkilərimizin minimuma endirilməsi üçün, sözün həqiqi mənasında, şücaət göstərirdilər. Bu da təbiidir.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.