Faktları sevən və sentimentallığı inkar edən tarix dövlətin və millətin inkişafında mədəniyyətin və ideoloji amillərin vacibliyini bizə aşkar və təkzibolunmaz şəkildə sübut edir. Burada bir çox görkəmli alim və dünya şöhrətli siyasətçilər tərəfindən istifadə olunmuş ifadənin qeyd olunması yerinə düşərdi: “Konkret xalqa məxsus olan mədəniyyətin məhvi və ya onun deqradasiyası xalqın və bütövlükdə dövlətin dünyanın siyasi xəritəsindən silinməsinə gətirib çıxara bilər”. Hesab edirəm ki, bu ifadə heç bir zaman öz aktuallığını və qüvvəsini itirməyəcəkdir. Əksinə total unifikasiya təzahürləri ilə müşahidə olunan qloballaşma prosesləri bu fikrin sürətlə artan aktuallığını bir daha təsdiq edir.
Qaçılmaz qloballaşma prosesləri müstəvisində milli identikliyin başlıca göstəricisi və meyarı olan mədəniyyətin və mədəni təzahürlərin aktuallığı və əhəmiyyəti kəskin şəkildə artır. Odur ki, müasir dövrdə milli mədəniyyətin qorunması və inkişaf etdirilməsi kimi məsələlərə milli təhlükəsizliyin təmin olunması kontekstindən yanaşmaq olduqca vacibdir.
Qeyd olunanlar, habelə mədəniyyət siyasətinin qarşısında duran mürəkkəb və əhəmiyyətli məqsədlər sovet dövründə müşahidə olunan mədəniyyətin rəmzi kontekstindən imtina olunmasını diktə edir. Mədəniyyət amili artıq bayramlar və yubiley tədbirlərinin təşkili ilə təcəssüm olunmur. Bu gün Azərbaycanın reallıqları (sürətli inkişafı və dünyaya inteqrasiyası), habelə aparılan informasiya müharibəsi mədəniyyətin daha çox siyasi potensialına müraciəti aktuallaşdırır. Ölkə rəhbərliyinin bilavasitə diqqəti və qayğısı sayəsində, habelə sahənin peşəkar menecmenti nəticəsində mədəniyyət siyasəti bu günlər öz inkişafının ən parlaq mərhələsini yaşayaraq, iqtisadi, sosial və xarici siyasət kimi mühüm istiqamətlərlə yanaşı dövlətimizin davamlı inkişafında əvəzolunmaz əhəmiyyət kəsb edir.
Vurğulamaq istərdim ki, mədəniyyətin siyasi potensialına müraciət olunması heç də müasir dövrün kəşfi deyil. Konkret xalqın təşəkkülündə mədəniyyətin əvəzolunmaz rolunu sübut edən faktlar bəşər tarixində kifayət qədər çoxdur. Ancaq nəzəriyyədən uzaqlaşaraq daha çox təsiretmə və düşündürmə imkanına malik olan bir misalı qeyd etmək istərdim. Belə ki, müxtəlif dövrlərdə ABŞ Prezident Administrasiyasının milli təhlükəsizlik məsələləri üzrə müşaviri olan Zbiqnev Bjezinski öz “Şahmat lövhəsi” adlı məşhur əsərində açıq etiraf etmişdir ki, ABŞ-ın xarici siyasətinin uğurunu təmin edən amillərdən biri Ağ evin effektiv mədəniyyət siyasətidir.
Təsadüfi deyil ki, ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə 2006-cı ildə yaradılmış Mədəniyyət və Turizm Nazirliyinin qarşısında duran əsas və prinsipial vəzifələrdən biri məhz Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasıdır. Başqa sözlə desək, Azərbaycanın siyasi sisteminin ayrılmaz hissəsi olan bu rəsmi dövlət qurumunun strateji məqsədlərindən biri məhz beynəlxalq təbliğatın aparılmasından ibarətdir. Bu cür yanaşma mədəniyyət amilinin siyasi potensialının aşılanmasını və mədəniyyət sahəsinin cəmiyyətdə olan imicinin əsaslı şəkildə artırılmasını tələb edir. Keçən müddət ərzində nazirlik tərəfindən görülmüş işlərin təhlili bir daha onu sübut edir ki, əsrlər ərzində qazanılmış ənənələrin qorunması və inkişafı, beynəlxalq təbliğat, habelə sahənin mahiyyət etibarilə modernləşməsi və xalqın millin özünəməxsusluğunun qorunub saxlanılması Azərbaycanda həyata keçirilən mədəniyyət siyasətinin əsas vəzifələrindəndir. Dövlət əhəmiyyətli məqsədlərin reallaşmasında mədəniyyət siyasətinin metodoloji potensialına müraciət olunması artıq bir reallıqdır. Bu gün biz Azərbaycanda mədəniyyət siyasətinin və xarici siyasətin sıx tandeminin mövcudluğundan tam əminliklə danışa bilərik. Ölkənin suveren inkişafında əvəzolunmaz rol oynayan bu iki mühüm sahənin vəhdət və razılaşdırılmış fəaliyyəti nəticəsində Azərbaycanın dünyada lazımi imicinin formalaşması, üzv olduğumuz beynəlxalq təşkilatlarda mövqelərimizin əsaslı şəkildə gücləndirilməsi, xalqımıza məxsus olan mədəni irs nümunələrinin Ermənistan tərəfindən mənimsənilməsi hallarının, habelə informasiya müharibəsi çərçivəsində aparılan antiazərbaycan kampaniyalarının qarşısının alınması və digər bu kimi mühüm siyasi məqsədlərin effektiv reallaşdırılması təmin olunur.
Azərbaycanda təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Humanitar Forum və digər qlobal xarakterli möhtəşəm tədbirlər zamanı tanınmış siyasətçi və dövlət xadimləri tərəfindən “Azərbaycan beynəlxalq əməkdaşlıq üzrə qlobal sistemdə xüsusi əhəmiyyət kəsb edən bir oyunçuya çevrilir” - kimi bəyanatların səsləndirilməsi artıq siyasi reallıqdır. Azərbaycanın dünyada artan nüfuzu beynəlxalq təşkilatların rəhbərlərinin siyasi etiraflarının predmetidir.
Qeyd etmək lazımdır ki, bu kimi yüksək etiraflar ölkəmizin beynəlxalq əməkdaşlıq sistemində mövqeyini möhkəmləndirməklə yanaşı, bizi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəni sülh və ədalət yolu ilə həll etməyə daha yaxın edir. Azərbaycanın dünyada artan rolunun və potensialının tanıdılmasına dair hər bir beynəlxalq etiraf Ermənistana və müvafiq beynəlxalq qurumlara göstərilən diplomatik təzyiq kimi qəbul olunmalıdır. Məhz bu siyasətin nəticəsində ikili standartlara son qoyula bilər. Ermənistan hökuməti onun üzərinə qoyulmuş beynəlxalq öhdəlikləri yerinə yetirmək, yəni işğal olunmuş əraziləri azad etmək məcburiyyətində qalacaqdır. Bu cür yanaşma mövcud münaqişənin beynəlxalq hüquq müstəvisində tənzimlənməsində diplomatik təzyiqlərin əhəmiyyətini və qüvvəsinin artmasına xidmət edir.
Belə ki, Azərbaycanın bütün siyasi təşəbbüslərinin beynəlxalq ictimaiyyət tərəfindən adekvat qəbul olunması və yüksək qiymətləndirilməsi, nəinki siyasi-iqtisadi gücümüzdən xəbər verir, eyni zamanda, beynəlxalq qurumlar səviyyəsində Azərbaycanın humanitar-inteqrativ təşəbbüslər ölkəsi kimi legitim imicinin formalaşdığını bildirir. Nəzərə alınmalıdır ki, ölkəmizin sözügedən istiqamətdəki hər bir beynəlxalq aksiyası və təşəbbüsü xarici siyasi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan öz təşəbbüsü vasitəsi ilə nüfuzlu beynəlxalq siyasi tribuna olaraq əhəmiyyətli qərarlar verir və beynəlxalq sistemdə böyük ehtiyac duyulan humanitar-inteqrativ impulslar yaradan ideoloji məkan statusu əldə edir.
Siyasətin bu forması vasitəsilə bizim ölkəmiz obyektiv olaraq xüsusi beynəlxalq status əldə edir. Azərbaycan öz prinsipial siyasəti, demokratik və humanitar dəyərlərə sadiqliyi, habelə multikulturalizm prinsiplərinin təbliği ilə ölkələr, regionlar və mədəni sivilizasiyalar arasında etibarlı münasibətləri yarada biləcək yeni diplomatik mexanizmi dünyaya təqdim etmiş olur. Ölkəmizin siyasi-iqtisadi potensialının adekvat qiymətləndirilməsi və mədəniyyətlərarası dialoqun əhəmiyyətinin dərk olunması kimi məsələlər Azərbaycanın qlobal təşəbbüslərinin beynəlxalq qurumlar tərəfindən dəstəklənməsinin bir növ izahıdır. Zəngin mədəni ənənələrə malik olan ölkənin həyata keçirdiyi mədəniyyətlərarası dialoq prinsiplərinin təbliği xarici siyasətin prioritet və prinsipial istiqamətlərindən olduğu halda və ərazisi coğrafi baxımında Şərqlə Qərbin kəsişməsində yerləşdiyindən Azərbaycan “ümumdünya mədəniyyətlərarası dialoq mərkəzi” legitim statusunun əldə edilməsi üçün bütün lazımi imkanlara malikdir. Təsadüfi deyil ki, bir çox Avropa ölkələrinin rəsmiləri və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri Azərbaycanı tolerantlığın və dini plüralizmin universal modeli adlandırmışlar.
Bununla yanaşı, xüsusi mədəniyyət siyasətinin qarşısında duran bir neçə strateji məqsədlərin vurğulanması zəruridir: mədəni müxtəlifliyin dəstəklənməsi, mədəni irs nümunələrinin və milli identikliyin qorunması, böyük tərbiyəvi əhəmiyyət kəsb edən və estetik zövqün formalaşmasında mühüm rola malik olan bədii təhsilin inkişafı, yaradıcılıq fəaliyyəti üçün lazımi şəraitin yaradılması, tolerantlıq və mədəniyyətlərarası dialoq mühitinin yaradılması, yeniliklərin və təşəbbüslərin dəstəklənməsi, milli mədəniyyətin və bütövlükdə mədəni təzahürlərin tədqiqinə və təşviqinə xidmət edən tədbirlərin görülməsi və s.
Qeyd olunan məqsədlər bizlərə mədəniyyət siyasətinin xalqın suveren inkişafında oynadığı rolu haqqında məlumat verir. “Mədəniyyət” məfhumu milli ideologiyanın ayrılmaz hissəsi olduğu üçün mədəniyyət siyasəti eyni zamanda xalqın davamlı inkişafını təmin edən strateji vasitələrdəndir. Belə ki, mədəni müxtəlifliyin dəstəklənməsi bir növ mədəniyyətdə demokratik prinsiplərin təcəssümü olmaqla yanaşı ölkə daxilində tolerantlıq mühitinin təmin olunması deməkdir. Qeyd olunanlar isə öz növbəsində milli siyasətin ayrılmaz hissəsidir. Belə ki, mədəni irs nümunələrinin qorunması milli identikliyi təmin edən vəzifələrdəndir. Milli identiklik isə millətin mövcudluğunu tərənnüm edən şərtlərdəndir.
Mədəniyyət siyasətinin tərbiyəvi və estetik zövqün formalaşdırılması kimi vəzifələrin də qeyd olunması vacibdir. Bədii təhsilin inkişafı məsələsi isə bilavasitə tərbiyəvi xarakter daşıyır. Milli ruh müstəvisində gənc və yeniyetmə nəsildə estetik zövqün formalaşması və onların dünya klassik mədəniyyət nümunələrinə qovuşması, gənclərimizin dünya mədəniyyətinə harmonik şəkildə inteqrasiyası, xalqın ümumi inkişafında böyük rol oynayır. Sahənin ruhuna uyğun gələn yenilikçi keyfiyyətlərin dəstəklənməsi isə öz növbəsində sistemin və dolayısı ilə bütün dövlətin modernləşməsinə gətirib çıxarda biləcək xüsusiyyətlərdəndir.
Sözsüz ki, mədəniyyət siyasəti digər sahələrdə olduğu kimi, öz inkişafında müəyyən dəyişikliklərə və korrelyasiyalara məruz qalacaqdır. Bu dəyişikliklər dinamik cərəyan edən dünyəvi proseslər və müharibə şəraiti tələb edir. Ancaq dəyişməz olaraq bir həqiqət vardır ki, o da Azərbaycan mədəniyyətinin zənginliyi və gözəlliyidir. Xalqımızın bu sərvətinin qoruyub saxlaması və gələcək nəsillərə çatdırması zərurəti mədəniyyət siyasətinin tükənməz aktuallığını sübut edir.
Asif USUBƏLİYEV,
Mədəniyyət və Turizm Nazirliyinin elm,
təhsil və gənclərlə iş şöbəsi elm sektorunun müdiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.