“Dumanlı Albion” dəyişiklik ərəfəsində

Böyük Britaniyada keçirilən parlament seçkilərində Mühafizəkarlar Partiyası inamlı qələbə qazandı. Bütün proqnozlara rəğmən qanunverici hakimiyyətdə üstünlüyə sahib çıxmalarına baxmayaraq, mütəxəssislər torilərə rahatlaşmağı məsləhət görmürlər.

Belə ki, Mühafizəkarlar Partiyasına qarşıda bir sıra çətin məsələləri həll etmək lazım gələcək. Xüsusilə də torilər kiçik partiyalara üz tutmuş seçicilərin yenidən rəğbətini qazanmağa və Londonun istər siyasi, istərsə də maliyyə mərkəzi kimi itirilməkdə olan təsir rıçaqlarını geri qaytarmağa çalışmalıdırlar.

Ümumiyyətlə, Böyük Britaniyada parlament seçkiləri öncəsi müxtəlif mülahizələr irəli sürülürdü. Bəzi analitiklər deyirdilər ki, seçkilər son beş il ərzində müşahidə edilən koalisiya hökumətinin formalaşdırılmasına gətirib çıxaracaq nəticələrlə yekunlaşacaq. Digər mütəxəssislər isə düşünürdülər ki, britaniyalılar maksimum olaraq həddən artıq qeyri-sabitliyi ilə seçilən azlıq hökumətinə bel bağlaya bilərlər. Hətta bəzi politoloqlar mühafizəkarların qalib gələrək yeni hökumət formalaşdırılmasına yol verməmək üçün yeni koalisiyanın yaradılacağını da istisna etmirdilər. Belə görünür, seçkilərdən öncə ən doğru proqnozu məhz Baş nazir Devid Kemeron vermişdi. Cənab Kemeron əminliklə bildirmişdi ki, torilərin yenidən hökumət formalaşdırmaq şansı var. Britaniya mətbuatı da son ictimai rəylərə əsasən, torilərin liderinin şans barədə dediklərini ciddi qəbul etməyərək seçkilərdə heç bir partiyanın üstünlük qazanmayacağı fikrini qabardırdılar.

Amma mayın 8-də öncə exit-pollun, sonra da rəsmi səsvermənin nəticələri açıqlandığı zaman “Dumanlı Albion” yüngül şok keçirdi. Mühafizəkarlar 650 yerlik parlamentdə 331 yeri qazanmaqla böyük üstünlüyü əldə etdilər. İndi britaniyalılar köhnə mühafizəkar hökumətin yürüdəcəyi siyasəti izləməli olacaqlar. Lakin bir sıra mütəxəssislər torilərə rahatlaşmamağı məsləhət görürlər. Çünki Devid Kemeron hökumətinə seçki kampaniyası zamanı verdiyi vədləri yerinə yetirmək lazım gələcək. Məsələ ondadır ki, son zamanlar “Dumanlı Albion”da Şotlandiyanın Milli Partiyası (ŞMP) və Birləşmiş Krallığın Müstəqillik Partiyası (BKMP) kimi yeni siyasi birliklər getdikcə böyük populyarlıq qazanır. ŞMP ifrat radikallığı ilə fərqlənir və Şotlandıyanın müstəqillik qazanması uğrunda mübarizə apardığını gizlətmir. Britaniya mətbuatı yazır ki, ŞMP leyboristlərin ənənəvi olaraq Şotlandiyanın sənaye rayonlarında yaşayan tərəfdarlarının bir hissəsini cəlb etməyə müvəffəq oldu. “Dumanlı Albion”un Avropa Birliyindən çıxması uğrunda mübarizə aparan BKMP isə aylıq gəliri orta səviyyədən aşağı olan və ənənəvi olaraq mühafizəkarları dəstəkləyən fəhlələrin bir hissəsinin rəğbətini qazanmağı bacardı. Bu, həmin fəhlə sinfinin nümayəndələridir ki, Britaniyadan bütün əcnəbilərin çıxarılmasını və Brüssel bürokratiyasının diktatına son qoyulmasını tələb edirlər.

İndi mühafizəkarlar qalib gəlmələrində böyük rol oynayan seçicilərinin inamlarını doğrultmağa calışmalı olduqlarını yaxşı dərk edirlər. Çünki toriləri dəstəkləyən elektoratın da əcnəbilərə və Avropa Birliyinə qarşı müxalifətdə olduğu heç kimə sirr deyil. Buna görə də, Baş nazir Devid Kemeron da 2017-ci ildən geç olmayaraq Böyük Britaniyanın AB-dən çıxması haqqında referendum keçiriləcəyinə vəd verir. Torilər belə referendum keçirməklə digər partiyalara üz tutmuş seçicilərinin “evə qayıdacaqlarına” ümid edirlər. Amma cənab Kemeron Britaniyanın vahid Avropada qalmasını istədiyini də gizlətmir. Bununla belə, o, Avropa  Birliyinə üzvlük məsələsində islahatlar aparmağın zəruri olduğunu vurğulayır. Siyasi müşahidəçilərin fikrincə, cənab Kemeron birlikdən çıxmaq məsələsini istismar etməklə Brüsseldən əlavə güzəştlər istəyir. Xüsusilə də mühacirətin məhdudlaşdırılması və milli hökumətin rolunun gücləndirilməsi məsələlərində əlavə güzəştlərin verilməsini gözləyir.

Bundan başqa, torilərin qarşısında mühüm vəzifə- ölkənin ərazi bütövlüyünü qorumaq vəzifəsi dayanır. Son rəy sorğuları göstərir ki, britaniyalıların təqribən 48 faizi Şotlandiyanın yaxın 20 ildə müstəqil olacağına inanır. Maraqlıdır ki, respondentlərin 70 faizi Şotlandiyanın birliyi tərk etməməsi üçün cəhd göstərməyəcəyini də açıqlayır. Buna görə də, torilər hakimiyyətdə olduqları müddətdə belə bir rəyin ortadan qaldırılması üçün çox çalışmalı olacaqlar. Mütəxəssislər cənab Kemeronun vətəndaşlarını Britaniyanın vahid dövlət olmasının vacibliyinə inandırmalı olacağını deyirlər. Belə görünür, bunu etmək üçün mühafizəkarlar daha çox güzəştlər tələb edən Şotlandiya parlamenti ilə krallığın digər region parlamentləri arasında manevrlər etməyə məcbur olacaqlar. Məhz buna görə də Baş nazir Devid Kemeron çıxışlarının birində açıqlamışdı ki, Şotlandiyada vergilər sahəsində vacib səlahiyyətləri olan ən güclü və inkişaf etmiş hökumətin yaradılması planlarına daxildir. Bununla yanaşı, torilərin lideri vurğulamışdır ki, İngiltərəyə münasibətdə hər hansı bir ədalətsiz konstitusiya sazişinə imza atmayacaq. Amma belə bir mövqeyi qorumaq çox çətin  olacaq, çünki Şotlandiyanın Milli Partiyasının son parlament seçkilərində 3-cü yeri tutması belə düşünməyə əsas verir ki, toriləri yaxın perspektivdə gərgin müzakirələr gözləyir.

Bir sözlə, mayın 7-də britaniyalılar ciddi seçim qarşısında idilər. Onlar Britaniya millətçilərinə səs verməklə AB-dən çıxmalarını sürətləndirə, Şotlandiya millətçilərini dəstəkləməklə ölkənin ərazi bütövlüyünü təhlükə altına ata bilərdilər. Ancaq “Dumanlı Albion” sakinləri ciddi dəyişikliklərə yox, aydın və real proqramlarla çıxış edən torilərə səs verdilər. Bununla belə, mühafizəkarların qalib gəlmələri hələ o demək deyil ki, krallığın qarşısında dayanan ciddi problemlər arxa plana keçəcək. Politoloqlar əmindirlər ki, torilər gec-tez ada sakinlərini narahat edən suallara aydınlıq gətirməli olacaqlar.

Səbuhi MƏMMƏDOV, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında