Azərbaycanda mədəniyyətlərarası dialoq, fərqli sivilizasiya daşıyıcılarının harmoniyası tarixi ənənələrə söykənir.
Ölkəmizdə milli, dini müxtəliflik, qarşılıqlı hörmət və dözümlülük böyük dəyər və sərvət hesab olunur. Dünyada mədəniyyətlərin barışmazlığı, Qərb-İslam münasibətlərinin kəskinləşməsi və müxtəlif fobiyaların güclənməsi fonunda Azərbaycan öz tarixi ənənələrini davam etdirir. Bu mənada bir neçə il bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə mədəniyyətlərarası dialoqa töhfə vermək üçün bir proses başlanmışdır.
2008-ci ilin dekabrında Bakıda keçirilmiş Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransında Qərblə Şərq arasında yeni bir mədəniyyət körpüsünün əsası qoyuldu. Prosesin davamı olaraq Azərbaycanın təklifi ilə 2009-cu ildə Bakıda keçirilən İslam ölkələrinin mədəniyyət nazirlərinin konfransında Avropa dövlətlərinin təmsilçiləri iştirak etdilər. Bu isə artıq yeni bir Qərb-Şərq dialoqunun başlanğıcı oldu.
Azərbaycanın təşəbbüsü ilə 2011-ci ildən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi ilə “Bakı prosesi” yeni üfüqlər qazandı. Artıq hər iki ildən bir fərqli mədəniyyət daşıyıcıları Bakıda toplaşırlar. Hər forum yeni-yeni sahələri və harmoniya axtarışında yeni yolları işıqlandırır. Bu il keçirilən növbəti forumda artıq Bakının fərqli mədəniyyətlərin mozaikasında parlayan mərkəzi nüvəyə çevrildiyi izlənilir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev ölkəmizin mədəniyyətlərarası dialoqa ev sahibliyi etməsinin səbəblərini dəqiq göstərmişdir: “Təsadüfi deyil ki, mədəniyyətlərarası dialoqun keçirilməsi üçün məhz Azərbaycan həm coğrafi, həm tarixi baxımdan, həm bugünkü reallıqlar baxımından mərkəzə çevrilir... Biz gündəlik həyatımızda bu prinsiplər əsasında fəaliyyət göstəririk. Bu prinsiplər cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəklənir, müdafiə edilır”. Azərbaycan multikulturalizmi dünyaya öz modelini təqdim edir. Bu modelin unikallığı, ilk növbədə, onun həyat fəlsəfəsini əks etdirməyindədir. Başqa mədəniyyətə, dinə, tarixə olan hörmət öz dəyərlərinə olan hörmətdən başlayır. Dünyanın müxtəlif guşələrindən ölkəmizə gələn fərqli sivilizasiya təmsilçiləri Azərbaycanın tolerantlıq məkanı olmasını və bu irsi əsrlərdir daşımasının şahidi olurlar.
Azərbaycan modeli dünyada Şərq-Qərb qarşıdurmasının, islamafobiyanın gücləndiyi, fərqli dəyərlərə qarşı dözümsüzlüyünün artdığı bir şəraitdə fərqli qütbləri bir arada əks etdirə bilməsi ilə fərqlənir. Bu günlərdə 5 ilini tamamladığımız “Mədəniyyətlərarası dialoqa dair Bakı prosesi” əslində sivilizasiyalar arasında harmoniyanın əsrlərdir formalaşmış Azərbaycan modelinin dünyaya təqdimatıdır.
Mədəniyyətlərarası dialoq Azərbaycan üçün yeni hadisə deyil. Ölkəmiz tarixən həm türk xalqları ilə gen və din birliyi zəminində həm də Şərqdə ərəb və fars dilli ədəbiyyat və mədəniyyətlərlə sıx təmasda yaşayıb. Özəlliyini qorumaq prinsipi əsasında Azərbaycan mədəniyyəti orta çağlardan üzü bəri Avropa mədəniyyətləri ilə qarşılıqlı ünsiyyətdə olmuşdur. Şərqdə beşyüz ildən artıq (750-1258) davam etmiş Abbasilər zamanında antik yunan mədəniyyətinin, fəlsəfəsinin Şərqdə həyatı başlandı, bu həm Renessansın (İntibahın), həm də Sufizmin bərqərar olmasına zəmin yaratdı. Çağdaş qloballaşma prosesində də Şərq, o cümlədən türkruhlu Azərbaycan mədəniyyəti hərtərəfli Qərb amilinə qarşı öz poetik və estetik özəlliyini qorumaq üçün müqavimət göstərməkdədir.
Azərbaycanın təcrübəsi bir daha təsdiq edir ki, multikulturalizm yalnız həyat fəlsəfəsi olaraq qəbul olunduqda yaşamaq iqtidarındadır. Şərqlə Qərb arasında mühüm siyasi-iqtisadi, mədəni və mənəvi magistralların üzərində yerləşən Azərbaycan hər iki istiqamətdən yayılan ideoloji cərəyanların mərkəzində dayanır. Təsadüfi deyil ki, Azərbaycanda İslam dünyasında ilk opera, ilk respublika quruluşu mövcud olmuş, məktəblə mədrəsə yanaşı inkişaf etmiş, müsəlmanlarla birlikdə yəhudilər və xristianlar dinc yanaşı yaşamış, minilliklərdən qalan dözümlülük, tolerantlıq həmişə gözlənilmişdir. Hətta hər iki mədəniyyətin paralel təsiri Bakının arxitekturasında da özünü göstərməkdədir. Belə ki, Bakıda Şərqin istehkam tipli qala divarları, Atəşgah məbədi, Qız qalası neft milyonçularının Qərbin qotika üslubunda tikdirdikləri memarlıq abidələri ilə yanaşıdır və Xəzərin sahilində sanki əkiz qardaşlar kimi qoşa ucalırlar.
Azərbaycan Şərqlə Qərbin toqquşduğu, ayrıldığı yer deyil, Şərq ilə Qərb arasında körpüdür, qovuşma nöqtəsidir. Əsrlər boyu Azərbaycan cəmiyyəti öz sosiomədəni məkanına hər iki istiqamətdən gələn və öz milli xüsusiyyətlərinə uyğun olan dəyərləri daxil etmiş, ölkə meyarlarına cavab verməyən amilləri isə qəbul etməmişdir. Azərbaycan cəmiyyətində heç zaman hər hansı bir istiqamətdə radikal meyillər mövcud olmamışdır. Bu baxımdan da Azərbaycan cəmiyyəti Şərq və Qərb dəyərlərinin birləşdiricisi, ortaq daşıyıcısıdır.
Mayın 18-də Bakıda “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” mövzusunda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu forumun Azərbaycan üçün tarixi əhəmiyyətini müəyyənləşdirərək demişdi: “Bu gün mədəniyyətlərarası və sivilizasiyalararası dialoq, multikulturalizmə aid məsələlər “Bakı prosesi”nə daxildir. Biz səylərimizi davam etdirəcəyik və 100-dən artıq dövlətdən olan nümayəndələrin Bakıya səfər edərək bu mühüm məsələləri müzakirə etməsi bizdə məqsədlərimizə nail olmaqla bağlı ruh yüksəkliyi yaradır. Biz dostluq, sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələlərinə töhfəmizi verməyə çalışacağıq”.
Multikulturalizm Azərbaycanda həyat tərzidir. Tarixin bütün zamanlarında ölkəmizdə dini, irqi, milli və ümumiyyətlə, hər hansı bir ayrı-seçkilik olmamışdır. Azərbaycandakı milli və dini dözümlülük bizim tarixi ənənələrimizə əsaslanır və cəmiyyətimizin tələbidir.
Fərəh ƏLİYEVA,
ADMİU-nun rektoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.