III Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın mədəni həyatında çox mühüm hadisəyə çevrildi

Son  zamanlar bir-birinin ardınca  beynəlxalq  tədbirlərin keçirildiyi Azərbaycan daha bir yüksək səviyyəli  beynəlxalq tədbirə ev sahibliyi  etdi. Ölkəmizdə III  Mədəniyyətlərarası  Dialoq Forumu da böyük  uğurla başa çatdı. “Bakı prosesi”nin  artan  nüfuzu  bu tədbirə  daha çox  ölkələrin və beynəlxalq təşkilatların  qoşulmasını təmin etdi.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev ölkəmizin mədəniyyətlərarası dialoqa ev sahibliyi etməsinin səbəblərini dəqiq göstərmişdir: “Təsadüfi deyil ki, mədəniyyətlərarası dialoqun keçirilməsi üçün məhz Azərbaycan həm coğrafi, həm tarixi baxımdan, həm bugünkü reallıqlar baxımından mərkəzə çevrilir.”

Hələ  bu  tədbirlərə hazırlıqla  bağlı  dünyanın müxtəlif ölkələrində keçirilən  təqdimat mərasimləri   onu göstərirdi ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları respublikamızı dünya mədəniyyətləri və xalqları arasında multikultural ənənələrə sahib olan ölkə kimi  tanınıb. Belə tədbirlər həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm  əhəmiyyətə malikdir və ölkəmizə qarşı ikili standartlar münasibətinə qarşı effektiv silahdır.

Rəsmi  məlumata görə forumda 102 ölkədən nümayəndə, 10-dan çox beynəlxalq qurumdan rəhbər şəxslər, 20-yə yaxın ölkədən nazir, dünyanın nüfuzlu beyin mərkəzlərinin və media qurumlarının nümayəndələri, ümumilikdə beş qitədən 500-ə yaxın xarici ölkə nümayəndəsi iştirak etmişdir.

Tədbir çərçivəsində “Sülh və dialoqa nail olmaq üçün mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik”, “Mədəniyyətlərarası dialoqu mənalı etmək: mədəniyyət, incəsənət və irs”, “Qadınlar mədəniyyətlərarası dialoqun vacib iştirakçıları kimi”, “Texnologiya, sosial media və mədəniyyətlərarası əlaqələrə təsiri”, “Dünya dinləri arasında mədəniyyətlərarası dialoq”, “Mədəniyyətlərarası dialoq və əməkdaşlığın inkişafına dair yeni təşəbbüs və layihələrin təqdimatları” mövzularında sessiyalar, AMEA-nın təşkilatçılığı ilə “Müasir dünyada dialoq fəlsəfəsi və mədəni müxtəliflik” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Həmçinin, Avropa Şurasının təşkilatçılığı ilə “Mədəniyyətlərarası şəhərlər” layihəsinə üzv şəhərlərin merlərinin və nümayəndələrinin iştirakı ilə seminar da  maraqla  qarşılanmışdır.. Sivilizasiyaların İttifaqı uğrunda Qlobal Gənclər Hərəkatının (SİQGH) birinci konqresi, MDB ölkələrində mədəniyyətlərarası dialoqun ənənələri və perspektivləri: mədəniyyət, təhsil, kommunikasiya" mövzusunda  da seminarlar  təşkil olunmuşdur.

Bu  beynəlxalq  tədbir bir də onunla  əlamətdardır ki,   bu  günlər Azərbaycanda   I Avropa Oyunlarına hazırlıq  görüldüyü bir ərəfədə  keçirilmişdir.   Məlumdur ki, Azərbaycan iyun ayında  ilk  dəfə   keçirilən çox möhtəşəm  Avropa Oyunlarına  da ev  sahibliyi  edəcək.  Bu foruma  gələn  qonaqlar ölkəmizin  həmin   beynəlxalq  tədbirə  hazırlıq  səviyyəsindən məmnunluqla danışırdılar. Bu qədər  az  vaxt ərzində  Bakıda  görülən hazırlıq tədbirləri onları əsl mənada  heyrətləndirirdi.

Azərbaycan  artıq  beynəlxalq  aləmdə   təkcə  öz iqtisadi yüksəlişi ilə deyil,  həmçinin  mədəniyyəti, idman sahəsində qazandığı uğurları ilə  tanınır. Bu  yüksəliş, bu tərəqqi  cənab  Prezident İlham Əliyevin   həyata  keçirdiyi  davamlı, məqsədyönlü  siyasətin nəticəsidir. Əlbəttə, Heydər Əliyev  Fondunun  prezidenti, UNESCO və İSESCO-nun  xoşməramlı  səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın  da  xidmətlərini xüsusi olaraq  vurğulamaq lazımdır.

Azərbaycan  öz mədəniyyət müxtəlifliyi,  tolerantlığı ilə  tarixən   tanınıb.  Burada müxtəlif  dinlərin nümayəndələri  sərbəst  yaşayırlar. Bunu tarixi, dini abidələr də  sübut edir. III Mədəniyyətlərarası Dialoq  Forumunun açılış mərasimində   cənab Prezident  demişdir: “Biz tarixi və mədəni irsimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən olan, 743-cü ildə inşa edilmiş məscid Azərbayjanın qədim Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri - Qafqaz albanlarının kilsəsi Azərbaycanın digər qədim Şəki şəhəri yaxınlığındadır. Pravoslav və katolik kilsələr, sinaqoqlar, atəşpərəstlər məbədi bizim mədəni irsimizin tərkib hissəsidir və biz bununla fəxr edirik.”

Forumda mədəniyyətlərarası dialoqun bütün sahələrdə inkişaf tendensiyaları, dünyada müasir qlobal çağırışlar, dini-ideoloji qarşıdurmalar, mədəni və sosial transformasiyalar, bəşəri dəyərlərin qorunması üçün məşhur şəxsiyyətlər, siyasətçilər, dövlət xadimləri, elm adamları arasında müzakirələr təşkil olundu. Forum çərçivəsində mədəni hüquqlar, ekstremizmə qarşı mübarizədə dini plüralizm və dəyərlərin qorunması, beynəlxalq təşkilatların mədəniyyətlərarası dialoqun qurulmasında rolu və əməkdaşlığı məsələlərinin  müzakirə olunması  da  olduqja əhəmiyyətli idi.

Doğrudan da, bu vaxta kimi  bizim ölkədə millətlər,  xalqlar arasında  heç  bir ayrı-seçkilik  olmamışdır. Ən kiçik  etnik  qrupların belə mənəvi, mədəni inkişafına xüsusi qayğı göstərilmişdir.

 Cənab Prezident forumdakı  çıxışında  dünyaya  çox  ciddi  mesajlar da   verdi: “Bu gün dünyada neofaşist hərəkatlar yaranır. Beynəlxalq ictimaiyyət bu məsələni ciddi şəkildə nəzərdən keçirməlidir. Biz birgə səylərlə bu döyüşdən qalib çıxa bilərik. Ona görə də mədəniyyətlərarası dialoq çox əhəmiyyətlidir. Bakı bu məsələlərin müzakirəsində çox mühüm bir məkandır”.

III Mədəniyyətlərarası  Dialoq Forumu  başa  çatsa  da  onun   istiqamət  verdiyi  strateji  hədəflər   dövlətlərin  və millətlərin  dostluğua, yaxınlaşmasına  güclü təkan  verəcəyi şübhəsizdir.

İlqar MAHMUDOV,
Bakı Humanitar  Kollecinin direktoru,
hüquq elmləri üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında