Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının ikinci iş gününün birinci yarısı bütövlükdə sivil dünyanı ciddi narahat edən bir problemə həsr edilmişdi.
İspaniyalı deputat Pedro Aqramonun AŞPA-nın hüquqi məsələlər və insan hüquqları üzrə komitəsinin xətti ilə hazırladığı məruzə "Ekstremizm əleyhinə mübarizə: nailiyyətlər, çatışmazlıqlar, uğursuzluqlar" adlanırdı və həmin məsələ ilə bağlı müzakirələrdə çıxış etmək üçün 43 deputat qeydiyyata alınmışdı.
Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da bu məruzə ətrafında müzakirələr zamanı çıxış edərək Ermənistanı ifşa edən ciddi faktlar ortaya qoymuşdur. Deputatımız Ermənistan hakimiyyətinin yalnız torpaqlarını işğal etdiyi Azərbaycan deyil, terrorizmi dövlət siyasətinə çevirmiş bir ölkə olaraq bütövlükdə Avropa və dünya üçün təhlükə mənbəyi olduğunu vurğulamışdır.
Bildirmişdir ki, ekstremizm, onun törətdiyi fəsadlar daha geniş miqyasları əhatə etmək təhlükəsi barədə nəzəri cəhətdən hər kəs danışa, etiraz səsini ucalda bilər. Çünki dünyanın onlarla ölkəsindən həmin dəhşətli bəlanın qanlı izləri barədə vaxtaşırı həyəcanlı xəbərlər alırıq, mətbuat bu barədə qorxunc təfərrüatları bizə dərhal çatdırır. Lakin bir var ekstremizm, onun ayrılmaz yol yoldaşı olan terrorizmlə əlaqədar səndən məsafəcə uzaqdakı ölkələrdə baş verənləri izləyərək təəssüflənəsən, bir də var bunlar sənin lap yaxınlığında, gözünün qarşısında, içərisində yaşadığın mühitdə baş versin. Əlbəttə, bu halda ekstremizmin nə qədər dəhşətli bir bəla olduğunu, verdiyi metastazların cəmiyyəti necə sarsıtdığını daha dərindən anlayırsan.
R.Hüseynov demişdir ki, ekstremizmin, terrorizmin acılarını öz bioqrafiyası ilə yaşamış yüz minlərlə Azərbaycan vətəndaşı kimi, mən də bu siyasət sunamisinin hansı dağıdıcı gücə malik olmasına uzaqdan-uzağa eşitməklə, oxumaqla deyil, canlı şahid olaraq bələdəm.
1980-ci illərin sonlarında Dağlıq Qarabağda erməni ekstremistlərinin başladığı separatçı hərəkətlərin qarşısı bütün imkanlar olmasına baxmayaraq vaxtında alınmadığından, bu cərəyan getdikcə nəzarətdən çıxaraq nəhəng miqyaslar aldı, tədricən bir sıra böyük dövlətlərin də bu və ya digər dərəcədə daim müdaxilə etdiyi uzun və üzücü müharibəyə çevrildi. Ermənistanın ekstremizmin, irqçi düşüncənin bəhrəsi olan cəhdləri Azərbaycanın 1 milyona yaxın insanını qaçqına və məcburi köçkünə çevirdi, minlərlə insan həyatını itirdi. Ermənistan ərazisində tarixən yığcam şəkildə yaşamış 300 mindən artıq azərbaycanlı zorla öz doğma yurd-yuvasından çıxarıldı, bu ölkədəki milli azlıqlar - ruslar, yəhudilər, almanlar, yunanlar, kürdlər və digər xalqların nümayəndələri də qovuldular. Ermənistan monoetnik bir dövlətə çevrildi.
Erməni xalqı da ekstremizmi, terrorizmi dövlət siyasəti səviyyəsinə qaldıran hakimiyyətin girovuna çevrildi. Nəticə göz qabağındadır. Ermənistan çıxılmaz siyasi, iqtisadi, mənəvi tənəzzül içərisindədir və bu böhran gündən-günə dərinləşərək xalqı xaosa, səfalətə, uçuruma doğru sürükləyir.
Ən pisi odur ki, irqçilik, şovinizm, islamafobiya, türkafobiya təbliğatı Ermənistanda bu gün də elektron və yazılı media vasitəsilə intensiv şəkildə aparılr. Daha acınacaqlısı isə odur ki, belə fikirlər dərsliklərdə, elmi və bədii ədəbiyyatda da əks olunaraq gənc nəsillərin beyinlərini zəhərləyir.
Azərbaycanlı deputat Ermənistanın dövlət səviyyəsində dəstəklədiyi ekstremizmin və terrorizmin qanlı səhifələri barədə danışmışdır. Bildirmişdir ki, Bakı metrosunda törədilən və qurbanlarının sayına görə misli-bərabəri olmayan partlayış bu cinayətlərdən yalnız biridir. Bu kədərli siyahı isə kifayət qədər uzundur.
Ekstremizmin, terrorizmin bəzən milliyyətinin, rənginin müəyyənləşdirilməsinə cəhd edilir. Bu, yanlış yanaşmadır. Dünyanın bir sıra ölkələrində, elə Fransanın özündə "Asala", "Haydut", "Vartan cəngavərləri" və digər erməni terrorçu təşkilatlarının törətdikləri qətlləri, dağıntıları, təbii ki, bu terrorçuların mənsub olduqları xalqın adı ilə bağlamaq doğru olmaz.
Rafael Hüseynov çıxışının sonunda demişdir ki, bu rəzalətlərin milli mənsubiyyəti yoxdur və onun hədəfi insandır. Ona görə də ekstremizmin bütün təzahürlərinə, terrorizmə qarşı mübarizədə insanlıq naminə hamımız birlikdə olmalıyıq.
Azərbaycanlı deputatın nitqi maraqla qarşılanmış və elə həmin gün ingilis və fransız dillərində nəşr edilərək yayılmışdır.{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.