Azərbaycanlı deputat Avropa Şurasına yeni sənəd təqdim etmişdir

 

{nl}

Ölkəmizin Avropa Şurasının bərabərhüquqlu üzvü kimi fəaliyyətinin 10 ili başa çatmaqdadır.
Ötən illər ərzində Avropanın bu mötəbər qurumunda Azərbaycan nümayəndə heyəti 100-ə yaxın ciddi, əhəmiyyətli sənəd hazırlamışdır. Bu istiqamətdə deputat Rafael Hüseynovun fəallığı xüsusi qeyd edilməlidir. R.Hüseynovun hazırladığı həm ümumavropa səciyyəli, həm də Azərbaycanın ümdə milli maraqlarını ifadə edən sənədlərin sayı 70-dən çoxdur.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının ilk iş günündə R.Hüseynov hazırladığı daha bir sənədə zəruri imzaları toplayaraq katibliyə təqdim etmişdir. Artıq sənəd ingilis və fransız dillərində nəşr edilərək yayılmışdır.
Yazılı bəyannamə olaraq tərtib edilmiş bu sənəd "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin sürətləndirilməsi zərurəti" adlanır.
Sənədi şərh edən Rafael Hüseynov bildirmişdir: "Azərbaycanın gündən-günə daha əyani şəkildə görünən iqtisadi gücü, mükəmməl hərbi doktrinası, ildən-ilə artan büdcəsi və ölkəmizin müdafiə qüdrətini yüksəltmək üçün həcmi böyüyən büdcəmizə müvafiq olaraq bu sahəyə ayrılan vəsaitlərin çoxalması Ermənistanda təşviş, qorxu yaratmaqdadır. Onlar bir tərəfdən sülh danışıqlarında destruktiv mövqe tutur, digər tərəfdən qabaqdangəlmişlik edərək demaqoqcasına Azərbaycanı müharibəyə hazırlaşmaqda ittiham edirlər.
Bu sənədi də avropalı deputatların diqqətinə çatdırmaqla ermənilərin riyakarlığını növbəti dəfə ifşa etməyə çalışdıq və səsimizə səs verənlər, Avropanın müxtəlif ölkələrinin ən nüfuzlu deputatlarından bizimlə həmrəylik nümayiş etdirənlər az olmadı. Əsas səbəb də odur ki, biz AŞPA-da çalışdığımız illərdə ermənilərin maskasını yırtmağa, onların əsl simasını avropalı siyasətçilərə olduğu kimi təqdim etməyə nail olmuşuq".
Parlament Assambleyasının nizamnaməsinə uyğun olaraq yazılı bəyannamələr təkcə nəşr edilərək yayılmır, həm də Rəyasət Heyəti tərəfindən plenar iclasda elan edilir, digər deputatlar da sənədi imzalamağa dəvət olunurlar. Əgər sessiya ərzində imzası ilə sənədə tərəfdar çıxan başqa deputatlar olursa, bu halda yazılı bəyannamə həmin imzalar da əlavə edilməklə yenidən kütləvi tirajla nəşr edilir. Bu isə sənədlə tanış olanların sayının ikiqat artması, başqa sözlə, təcavüzkar Ermənistanın daha artıq ifşa edilməsi deməkdir.
Rafael Hüseynovun hazırladığı sənəddə deyilir ki, ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsinə, 1 milyona yaxın vətəndaşının qaçqın və məcburi köçkünə çevrilməsinə, minlərlə itki verməsinə baxmayaraq Azərbaycan münaqişənin hərbi vasitələrə əl atmadan həll edilməsinə ardıcıl olaraq səy göstərir.
AŞPA-nın 2005-ci il 25 yanvar tarixli 1416 saylı qətnaməsi də Dağlıq Qarabağ və onun ətrafındakı daha 7 Azərbaycan rayonunun Ermənistan tərəfindən zəbt olunması, azərbaycanlılara qarşı etnik təmizlənmə aparılması, Dağlıq Qarabağda separatçı rejimin mövcudluğunu göstərməklə yanaşı, münaqişənin diplomatik vasitələrlə, sülh yolu ilə həllini vacib sayır.
ABŞ, Fransa və Rusiya Federasiyası prezidentləri Böyük səkkizlərin 2009-cu ildə İtaliyada, 2010-cu ildə Kanadadakı görüşlərində birgə bəyanat verərək hərtərəfli sülh sazişi layihəsinin hazırlanması ehtiyacını ifadə etmişlər. Bu fonda ATƏT-in Minsk qrupunun problemin tezliklə həllini nəzərdə tutan yeniləşmiş Madrid prinsipləri ilə əlaqədar təkliflərinə Ermənistanın cavab verməməsi və 2010-cu ilin yayından etibarən atəşkəs rejimini bütün təmas xətti boyunca mütəmadi şəkildə pozması narahatlıq doğurur.
Ermənistan sülh sazişi əvəzinə diqqəti 1994-cü ildə münaqişənin kardinal şəkildə həllini sürətləndirmək məqsədi ilə müvəqqəti vasitə kimi qəbul edilmiş atəşkəs rejiminin təkmilləşdirilməsi məsələsinə yönəldir. "Nə sülh, nə müharibə" variantı, nəticəsiz danışıqlar əbədi davam edə bilməz. Bu, müharibə təhlükəsi vəd etməklə Cənubi Qafqazda, bütövlükdə Avropada sülh və sabitliyin gələcəyi üçün ciddi təhlükələr yaradır.
Assambleya üzv dövlətlər arasında münasibətlərin bu səviyyəsinin arzuolunmazlığını bir daha bəyan edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin diplomatik vasitələrlə, sülh yolu ilə həllinin reallaşması istiqamətində konkret səyləri artırmağın zəruriliyini vurğulayır.
Payız sessiyasının ikinci iş gününün başlanğıcında AŞPA sədri bu sənəd barədə deputatlara məlumat vermiş, onları mətnlə yaxından tanış olmağa, həmfikir çıxanları bəyannaməni imzalamağa çağırmışdır.

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Strasburq

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında