Ulu öndərin təhsil siyasəti uğurla davam etdirilir

Azərbaycan bu gün dinamik və hərtərəfli inkişaf edir. Ölkəmizdə köklü sosial-iqtisadi islahatlar, dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Bütün bunlar ümummili lider Heydər Əliyevin müstəqil dövlətimizin möhkəmləndirilməsi və inkşafı üçün işləyib hazırladığı strategiyadan, onun uğurla davam etdirilməsindən qaynaqlanır. Məhz bunun sayəsində Azərbaycan son illərdə dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasına daxil olmuşdur.

Bu gün Azərbaycan dünya miqyasında səciyyələndirilərkən, ilk növbədə, sabitlik, inkişaf və demokratikləşmə ön plana çəkilir. Cənubi Qafqazın lideri statusunu inamla daşıyan ölkəmiz regionda hadisələrin inkişaf istiqamətini müəyyənləşdirən aparıcı rola malikdir və təsadüfi deyildir ki, bölgəyə iqtisadi, siyasi maraq göstərən dünya dövlətləri, beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini nəzərə alır, onunla hesablaşırlar. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə qətiyyətlə həyata keçirilən daxili və xarici siyasətin uğurlu olduğunu, onun praqmatizm üzərində qurulduğunu, milli maraqların müdafiəsinə yönəldiyini əyani surətdə təsdiqləyir.

Azərbaycanın ulu öndəri Heydər Əliyev tərəfindən müəyyən edilmiş gələcək inkişaf istiqamətlərini səciyyələndirən Prezident İlham Əliyev demişdir: “Güclü iqtisadiyyat, güclü sosial siyasət, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, qanunun aliliyinin bərqərar olunması, demokratiyanın inkişafı, siyasi islahatların aparılması və dərinləşməsi - bütün bunlar Azərbaycanı hərtərəfli inkişaf etdirmək üçün vacib amillərdir. Onların hamısı Azərbaycanda vardır və bütün istiqamətlərdə  islahatlar aparılır. Bizim əməlimizlə sözümüz arasında heç bir fərq yoxdur. Biz müstəqil siyasət aparırıq, öz gücümüzə arxalanırıq, öz hesabımıza yaşayırıq”.  

 Son on bir ildə  Azərbaycanın davamlı olaraq sürətli inkişafı, 1 milyon 300 min yeni iş yerinin açılması, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunun önəmli şəkildə tərəqqisi, milli sahibkarlığın formalaşması və inkişafı, diaspor və lobbiçilik fəaliyyətinin genişləndirilməsi, Azərbaycanın milli mənafeyinə cavab verən balanslaşdırılmış xarici siyasətin yürüdülməsi, Qərbə inteqrasiya prosesinin sürətləndirilməsi vahid siyasi platformaya söykənən, çoxşaxəli və genişmiqyaslı qlobal strateji xəttin prioritet istiqamətləridir.  Dövlət başçısı İlham Əliyevin on iki illik prezidentliyi dövründə əldə olunan möhtəşəm nailiyyətlərin canlı şahidləri kimi qəti əminliklə deyə bilərik ki, müstəqil Azərbaycan dövləti bu illər ərzində on illərə bərabər inkişaf yolu keçmişdir.  Dövlətimizin başçısının yürütdüyü uğurlu daxili və xarici siyasət bir-birini tamamlayaraq Azərbaycanın milli maraqlarının maksimum dərəcədə təmin olunmasına yönəlmişdir. Ölkə daxilində gedən proseslər, Azərbaycanın dünya  ölkələri ilə ikitərəfli və çoxformatlı əlaqələrinin daim genişlənməsi indiyədək aparılmış və bu gün də dönmədən davam etdirilən siyasi kursun düzgünlüyünü bir daha təsdiqləyir.

Müasir dövrdə qabaqcıl  dövlətlərin təcrübəsi təsdiqləyir ki, yalnız təhsil sistemi yüksək səviyyədə olan ölkələr hərtərəfli tərəqqiyə nail olurlar. Bu dövrün əsas xüsusiyyətlərindən biri ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına göstərdiyi müstəsna diqqət və  qayğısının davamı olaraq  sahəyə ayrılan xərclərin ildən-ilə artırılmasıdır. Bu təhsilin dövlət siyasətinin əsas prioritetlərindən biri olması ilə bağlıdır. Son illər təhsil tarixində ilk dəfə olaraq 16 inkişafyönümlü dövlət proqramı təsdiq olunmuşdur və uğurla həyata keçirilməkdədir.

Təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə real vəziyyətin təhlili əsasında hazırlanıb təsdiq edilmiş bu proqramların reallaşdırılması nəticəsində tədris müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi, infrastrukturun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, yeni dərslik siyasətinin reallaşdırılması, təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlərin tətbiqi, əmək bazarının tələbatına uyğun kadr hazırlığı və təminatının yaxşılaşdırılması, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili, deinstitutlaşdırma və digər istiqamətlərdə əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur.   Təhsilin informasiyalaşdırılması sahəsində də əhəmiyyətli nailiyyətlər əldə edilmişdir. Ölkənin ümumtəhsil məktəbləri İKT ilə təmin edilmiş, hər 20 şagirdə bir kompüter nisbəti təmin olunmuşdur. Xatırladaq ki, 2004-cü ildə hər 1063 şagirdə bir kompüter düşürdü. Həmin ildən bəri ümumtəhsil məktəblərinin İKT ilə təminatı yüksək səviyyədədir. Təhsil tariximizdə ilk dəfə olaraq fənlər üzrə elektron tədris resursları hazırlanaraq məktəblərə verilmişdir.

Təhsilin keyfiyyətinin ən qabaqcıl ölkələrin səviyyəsinə yüksəlməsi ilə bağlı uğurlarımızla, təhsil sahəsində beynəlxalq proqram və layihələrdə iştirakımızla haqlı olaraq fəxr edirik. Bütün bunlar, şübhəsiz ki, ulu öndərimizin siyasi kursunun uğurla davam etdirilməsi, Prezident İlham Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısı, müstəqillik illərində səmərəli fəaliyyət üçün yaradılmış əlverişli şərait və imkanlar sayəsində mümkün olmuşdur.

Ölkəmizdə dövlətin təhsil sahəsinə diqqəti ardıcıl və müntəzəm xarakter daşıyır. “Təhsil haqqında” Qanunun qəbul edilməsi, təhsil sistemində islahatların daha sürətlə davam etdirilməsi,  ən mütərəqqi texnologiyaların tətbiqi, müəllimlərin əmək haqlarının müntəzəm olaraq artırılması, onların pedaqoji biliyinin yüksəlməsi bu sahənin dünya səviyyəsinə yüksəlməsinə imkan vermişdir. Ulu öndər Heydər Əliyevin siyasi kursuna uyğun olaraq, milli təhsilimizin inkişafı məsələsi öz məzmununu daha da genişləndirərək, Azərbaycanın gələcək uğur modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gətirilmişdir. Prezident İlham Əliyevin müstəsna səyləri ilə dövlətin təhsil sahəsində siyasəti insan kapitalının möhkəmlənməsi və inkişafına xidmət edən ümummilli hərəkata çevrilmişdir.

Dövlət başçısı xüsusi olaraq vurğulayır ki, respublikamızda “qara qızıl”ı insan kapitalına çevirməyin vaxtı gəlib çatmışdır. Bu çağırışın əsasında Azərbaycanda güclü intellektual bazanın, müasir biliklərə əsaslanan yeni tipli iqtisadi sistemin formalaşdırılması, elmtutumlu istehsal sahələrinin inkişafı yolu ilə milli iqtisadiyyatın neft amilindən asılılığının azaldılması məqsədi dayanır. Prezident İlham Əliyev bütün bunları nəzərdə tutaraq demişdir: “Bizim gənc nəslimiz bilikli, dünyada gedən proseslərə bələd olmalıdır, izləməlidir. Dünyada uğur qazanmış, inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o inkişafın, tərəqqinin əsas səbəbləri təbii ehtiyatlar deyildir. Məhz bilik, məhz savad, yeni texnologiyalar – bütün bunlar ölkəyə uğur, rifah gətirir, inkişaf, müasirlik gətirir”.

Göründüyü kimi, Azərbaycan dövləti ümummilli lider Heydər Əliyevin ideyalarını ardıcıl gerçəkləşdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələrə doğru inamla irəliləyir. Bu möhtəşəm uğurların təməlində  isə əsasını ulu öndərin qoyduğu sarsılmaz “iqtidar – xalq” yekdilliyi dayanır. Təsadüfi deyil ki, 2013-cü ilin prezident seçkilərində xalqımız növbəti dəfə dövlət başçısı İlham Əliyevə yekdilliklə səs verməklə bir daha Heydər Əliyev siyasətini tam dəstəklədiklərini,  onun siyasi varisinə inam və etibarını ifadə etmişdir.  Bundan sonra da ölkənin Heydər Əliyev yolu ilə uğurlu inkişafını təmin edəcəyini bildirən dövlət başçısı İlham Əliyev demişdir: “Bizim siyasətimiz Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Azərbaycan xalqının maraqlarının qorunması, Azərbaycan dövlətinin  möhkəmləndirilməsi, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi mənim üçün və bilirəm ki, hər bir Azərbaycan vətəndaşı üçün ən başlıca vəzifədir, ən başlıca məqsəddir”.

Sədaqət ƏZİMOVA,
Bakının Səbail rayonundakı
239 saylı orta məktəbin direktoru,
Əməkdar müəllim


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında