Ümummilli lider Heydər Əliyevin dünyaya göz açdığı 10 May gününü hər il xalqımız milli təqviminin unudulmaz günü olaraq, ümumxalq bayramı kimi qeyd edir. Builki təntənələr Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyət olan ulu öndərə milyonlarla insanın qəlbindəki sonsuz sevginin və qədirbilənlik duyğusunun parlaq ifadəsinə çevrildi.
Müasir Azərbaycan tarixinin önəmli bir mərhələsi— ötən əsrin 60-cı illərinin sonundan başlanan və XXI əsrə keçən bütöv bir qərinəsi ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Bu dövr ərzində ulu öndərimizin respublikamızın sosial-iqtisadi həyatında oynadığı rolu, Vətənimizin milli mənafeləri baxımından gördüyü işləri təhlil edən ən nüfuzlu politoloqlar, siyasi xadimlər, tələbkar ekspertlər belə bir nəticəyə gəliblər ki, Heydər Əliyev çoxcəhətli fəaliyyəti ilə Azərbaycan tarixinin ən böyük şəxsiyyəti, dünya miqyaslı siyasi xadim və dövlət başçısıdır.
Müstəqil dövlətçiliyimizin güclənməsi və qüdrətlənməsi, sosial-iqtisadi inkişafın sürətlənməsi, əhalinin rifahının yüksəlməsi, demokratikləşmə prosesinin dərinləşməsi ilə səciyyələnən bu dövrün bütün uğur və nailiyyətləri möhkəm özülə əsaslanır. Bu mötəbər təməli möhtəşəm dövlətçilik fəaliyyəti ilə xalqımızın taleyini müəyyənləşdirən ulu öndər yaratmışdır. Uğurlarımızın əsasında məhz ümummilli lider Heydər Əliyevin işləyib hazırladığı və mərhələ-mərhələ həyata keçirdiyi müdrik siyasi kurs, strateji proqramlar, konsepsiyalar və islahatlar dayanır.
Alternativi olmayan bu siyasi kurs Azərbaycanın çox qısa zaman kəsiyində böhrandan qurtularaq dinamik inkişaf yoluna çıxmasını təmin edib. Cəmiyyətin həyatında elə bir sahə, istiqamət yoxdur ki, orada ulu öndərin qüdrətli zəka və əməllərinin izi qalmasın. Müasir Azərbaycan məhz bu dahi şəxsiyyətin sayəsində qurulub və indiki yüksək inkişaf səviyyəsinə çatıb. Onun ölkəmizə rəhbərlik etdiyi dövr müasir tariximizə qızıl hərflərlə yazılıb.
Ulu öndər Heydər Əliyev özünün dövlət idarəçiliyi proqramında ölkəmizin mədəni və mənəvi intibahı məsələlərini daim iqtisadi uğurlarla paralel gerçəkləşdirmişdir. Onun müstəqil Azərbaycanın Prezidenti kimi respublikaya ikinci dəfə rəhbərliyinin 10 ili, bir tərəfdən, nəhəng abadlıq-quruculuq, iqtisadiyyatımızın sürətli inkişafı, digər tərəfdən, mədəniyyətimizin, elmimizin, təhsilimizin intibahı dövrü oldu.
Azərbaycan çox zəngin təbii sərvətlərə malikdir, strateji coğrafi-iqtisadi məkanda yerləşir. Lakin uzun illər xalqımız bu əlverişli imkanlardan yararlana bilməmişdi. Öz milli sərvətlərinin əsl sahibi deyildi. Məhz Heydər Əliyevin müdrikliyi, yeritdiyi düzgün siyasət nəticəsində bu böyük potensial xalqımızın mənafelərinə yönəldildi. Ulu öndərin bəşəri miqyaslı xidmətləri sırasında milli neft strategiyasının işlənib hazırlanması və tətbiqi olduqca mühüm yer tutur. Zaman-zaman artan neft gəlirləri, sərmayə axını ölkənin iqtisadi mənzərəsini dəyişdi və Azərbaycanı regionun qüdrətli dövlətinə çevirdi.
1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan özünü dünyaya təqdim edib. Heydər Əliyevin iradəsi ilə Xəzər dənizi beynəlxalq əməkdaşlıq məkanı kimi tanınıb. Bu müqavilə ölkəmizin geosiyasi mövqelərini möhkəmləndirməklə yanaşı, iqtisadiyyatımızın, xüsusən də qeyri-neft sektorunun sürətli inkişafına, mədəni intibaha və əhalinin sosial rifahının yaxşılaşdırılmasına güclü təkan verib.
Bu dövrdə neft-qaz sektoruna on milyardlarla dollar həcmində sərmayə sərf olunub. “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli Strategiya” qəbul edilib. Təbii qaz ehtiyatları 1,2 trilyon kubmetrdən çox olan “Şahdəniz” qaz yatağının istismara verilməsi ilə Azərbaycan nəinki özünün daxili tələbatını ödəmək imkanı qazanıb, üstəlik, böyük həcmdə qaz ixracatçısına çevrilib.
Həqiqətən, “Əsrin müqaviləsi” Azərbayacanın iqtisadi inkişafının təməl daşına çevrilərək gələcək uğurların, dünya miqyaslı layihələrin əsas lokomotivinə çevrilib. Bu müqavilənin imzalanmasından 20 il sonra Bakıda XXI əsrin layihəsi – “Cənub” qaz dəhlizi həyata vəsiqə aldı. Prezident İlham Əliyev bu məsələyə böyük önəm verərək deyib: “Əsrin kontraktı”nın imzalanması və onun uğurla icra edilməsi, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin tikintisi tarixi nailiyyətlərdir. Bu kontrakt bizə imkan verir ki, iqtisadi və maliyyə imkanlarımızı artıraq. Mən hesab etdim ki, XXI əsrin layihəsi də “Cənub” qaz dəhlizidir. Bu, böyük və tarixi hadisədir”.
Bu gün Azərbaycan neftlə yanaşı, həm də qaz ixrac edən ölkə kimi tanınır. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin tam gücü ilə işləməsi və yeni layihələrin gündəmə gəlməsi Azərbaycanın mövqelərini daha da gücləndirib. Prezident İlham Əliyev “Şahdəniz” yatağının əhəmiyyətindən danışarkən bildirib ki, o vaxt Azərbaycanın qaz potensialı haqqında dünyada heç bir məlumat yox idi. Sovet dövründə mütəxəssislərimiz, əlbəttə, bilirdilər ki, bizim zəngin qaz ehtiyatlarımız vardır. Amma heç vaxt Azərbaycan xarici investorlar tərəfindən qaz ölkəsi kimi maraq doğurmurdu. Ancaq “Şahdəniz” qaz yatağının kəşfindən sonra bu sahəyə diqqət artırıldı. Beləliklə, düzgün strategiyanın icra edilməsi, Bakı-Tbilisi-Ceyhan neft kəmərlərinin tikilməsi nəticəsində biz artıq pəncərədən başlayaraq dünyaya böyük qapı açdıq. Azərbaycanı beynəlxalq enerji ailəsinə daxil etdirə bildik. Həm siyasi, həm iqtisadi baxımdan böyük uğurlar əldə edə bilmişik.
Bazar iqtisadiyyatı yolunda sürətlə və inamla irəliləyən müstəqil Azərbaycanın əldə etdiyi nailiyyətlər onun regionda lider, dünya miqyasında seçilən mövqeyə çıxmasını təmin etmişdir. Müasir Azərbaycan modern və dinamik tərəqqi parametrlərinə görə bəşəri miqyasda nümunəvi bir ölkəyə çevrilmişdir. Bu milli inkişaf modelinin əsasında Heydər Əliyevin müəyyən etdiyi sosialyönümlü bazar iqtisadiyyatı strategiyası durur. Buna görədir ki, Azərbaycanın dövlət müstəqilliyinə qovuşduğu və yeni intibah yoluna çıxdığı dövr ümummili liderin adı ilə bağlıdır.
Müstəqilliyin bərpasından sonra ölkə iqtisadiyyatının mühüm tərkib hissəsi olan maliyyə sistemində, bank sektorunda da köklü dəyişikliklər həyata keçirildi və yeni iqtisadi münasibətlər formalaşdırıldı. Ölkədə maliyyə, pul-kredit, vergi, qiymət, gömrük sahələrində geniş islahatlar həyata keçirildi. İdarəetmə, nəzarət və tənzimləmə funksiyaları beynəlxalq standartlara uyğun təkmilləşdirildi. Maliyyə və bank intizamının gücləndirilməsi, manatın məzənnəsinin tənzimlənməsi kimi tədbirlərin həyata keçirilməsi iqtisadiyyatın müxtəlif sahələrində struktur islahatlarının aparılması ilə müşayiət olundu ki, bu da ümumi iqtisadi duruma müsbət təsir göstərdi.
Zamanın sınağından çıxmış Heydər Əliyevin milli inkişaf strategiyasına uyğun olaraq, son illər Azərbaycan Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi inkişaf xəttinin müasir dövrün tələbləri nəzərə almaqla təkmilləşdirilməsi nəticəsində makroiqtisadi sabitlik daha da möhkəmlənmişdir. Ölkə başçısının rəhbərliyi altında həyata keçirilən və ilk növbədə, sosialyönümlü problemlərin kompleks həllinə geniş imkanlar açan səmərəli islahatlar iqtisadi inkişafın sürətləndirilməsinə xidmət etməklə yanaşı, dünya miqyasında respublikamızın mövqelərini daha da möhkəmləndirir. Bu inkişafın əsas səciyyəvi xüsusiyyətlərindən biri onun çoxcəhətli xarakterə malik olması, özəl sektorun inkişafına dair qəbul olunmuş dövlət proqramları çərçivəsində sahibkarlığın tənzimlənməsi sahəsində mühüm tədbirlərin həyata keçirilməsi, sahibkarlara dövlət dəstəyinin genişlənməsidir.
Son on iki ildə əldə etdiyimiz möhtəşəm nailiyyətlər əminliklə deməyə əsas verir ki, ulu öndərimizin müəyyənləşdirdiyi və mərhələ-mərhələ zərgər dəqiqliyi ilə həyata keçirdiyi müdrik siyasi kurs bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dünyanın tələblərinə uyğun yeni keyfiyyət və məzmunda uğurla davam və inkişaf etdirilir. Azərbaycan hərtərəfli və sürətli tərəqqi yolunda inamla irəliləyir, növbəti zəfərlərə imza atır.
Bu gün ulu öndər Heydər Əliyev cismən aramızda olmasa da, təsəllimiz odur ki, onun ideyaları yaşayır və bu siyasi kursa Azərbaycanda alternativ yoxdur. Xalqımız bəşər tarixində müstəsna yeri olan və milyonlarla insanın sevimlisinə çevrilmiş Heydər Əliyev kimi böyük oğlu ilə həmişə fəxr edəcək və haqlı qürur hissi keçirəcəkdir.
Yusif NƏSİBOV,
iqtisadçı- sahibkar
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.