Heydər Əliyev Azərbaycanın müasir hüquq sisteminin banisidir

Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı 2009-cu il martın 18-də təyin edilmiş referendum aktı da tamamilə təbii və məntiqə uyğun olub, ölkədə həyata keçirilən hərtərəfli islahatların mahiyyətindən irəli gəlirdi. Çünki, Azərbaycan bu gün sosial-iqtisadi, siyasi-hüquqi və mədəni inkişafının elə yüksək mərhələsindədir ki, əldə olunmuş fundamental nəticələr cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiyada demokratik xarakterli bir sıra əlavə və dəyişiklikləri sosial sifarişə çevirir. 2009-cu il 18 mart tarixində əhalinin böyük əksəriyyətinin dəstəklədiyi referendum aktında əksini tapmış Konstitusiyaya əlavə və dəyişikliklər mahiyyət etibarilə Azərbaycanın çağdaş inkişaf dinamikası, cəmiyyətin şüur səviyyəsi, çağdaş modernləşmə strategiyasının tələbləri ilə uzlaşır. “Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında” referendum aktı layihəsinin ümumxalq səsverməsi demokratik inkişaf istiqamətində mühüm addım olmaqla, respublikanın sivil, demokratik dəyərlərə sadiqliyini bir daha təsdiqləmişdir. Referendum aktı layihəsində nəzərdə tutulan əlavə və dəyişikliklərin mütərəqqi xarakter daşıdığı, beynəlxalq hüquq normalarına tamamilə uyğun olduğu, insan və vətəndaş hüquq və azadlıqlarının təminatına yönəldiyi qabarıq görünür. Konstitusiyanın 29 maddəsinə təklif olunan 41 əlavə və dəyişikliyin böyük qismi sırf insan hüquq və azadlıqları ilə bağlı olub, bu sahədə daha səmərəli təminat mexanizmləri formalaşdırmaq məqsədi daşıyır. Həmin dəyişikliklər aktuallığı və əhəmiyyəti ilə diqqəti cəlb edir.

İnsan və vətəndaş hüquq və azadlıqlarının daha da genişləndirilməsi, bu hüquq və azadlıqların təminatı üçün dövlətin üzərinə əlavə vəzifələrin qoyulması Konstitusiyaya edilmiş əlavə və dəyişikliklərin əsas iki səciyyəvi cəhətləridir. Bütövlükdə, Konstitusiya islahatları ölkəmizdə insan hüquqlarına dair beynəlxalq normaların da maneəsiz tətbiqinə imkan verməklə, dünya birliyində daha layiqli yer tutmağımıza imkan yaratmaqdadır. Ölkəmizdə müasir dövlət quruculuğunun həyata keçirilməsinin, bəşəri-demokratik dəyərlərə uyğun dövlətçilik təsisatları və cəmiyyət modeli formalaşdırılmasının hüquqi əsasları yarandıqdan sonar Azərbaycanın müstəqilliyi möhkəmləndirilərək əbədi və dönməz xarakter almışdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə ölkədə siyasi, iqtisadi, sosial islahatların həyata keçirilməsi, dövlətimizin beynəlxalq birliyə tamhüquqlu üzv kimi qəbul olunması üçün müvafiq hüquqi bazanın yaradılması istiqamətində mühüm addımlar atılmışdır. Belə ki, Milli Məclisin qəbul etdiyi qanunvericilik aktlarının, o cümlədən “Vətəndaşlıq haqqında”, “Sərbəst toplaşmaq azadlığı haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında”, “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında”, “Polis haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və digər qanunların əsas ruhu insan hüquqlarının müdafiəsi təminatlarının yaradılması olmuşdur. Bunlar bir tərəfdən Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun təmin edilməsi, çoxpartiyalılığa, müxtəlif siyasi cərəyanların ideyalarının azad ifadə olunmasına əsaslanan siyasi sistemin yaradılması, insan və vətəndaş hüquqlarının qorunmasına qulluq edən təsisatların formalaşması, digər tərəfdən isə, ölkəmizdə azad rəqabətə, inkişaf etmiş mülki dövriyyəyə, müasir bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın qurulması məqsədini güdən qanunvericilik tədbirlərini əhatə etmişdir.

Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistlik nəticəsində 1995-ci ildən əfv və amnistiya təsisatları bərpa edilmiş, həmin vaxtdan ölkəmizdə qəbul olunmuş amnistiya aktları və əfv fərmanları on minlərlə şəxsə tətbiq edilmişdir. Heydər Əliyev hər kəsin hüquqlarına hörmətlə yanaşılmasını, şəxsiyyətin alçaldılması, zorakılıq, işgəncə və bu kimi qeyri-qanuni üsul və vasitələrə yol verilməsi hallarının aradan qaldırılmasını hüquq-mühafizə orqanları qarşısında vacib vəzifə kimi qoymuşdur.

Danılmaz həqiqətdir ki, sülh və əmin-amanlıq olmadan insan hüquqlarına tam riayət olunması mümkün deyil. Məlumdur ki, Ermənistanın Azərbaycana qarşı iyirmi beş ildən artıq davam edən silahlı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, 1 milyondan artıq soydaşımız insan hüquqlarından mərhum edilmişdir. Belə ki, Heydər Əliyev keçirdiyi bütün beynəlxalq görüşlərində Dağlıq Qarabağ problemini və onun hüquqi-diplomatik həllinin vacibliyini ön plana çəkmişdir. Məhz onun ölkə rəhbəri olduğu dövrdə Azərbaycan dövləti ərazi bütövlüyünün, qaçqınların və məcburi köçkünlərin pozulmuş hüquqlarının tam bərpası üçün sülhsevər siyasət apararaq atəşkəsə nail olmuş, münaqişənin həlli üçün ATƏT-in Minsk qrupu çərçivəsində və digər beynəlxalq təşkilatlar xətti ilə ardıcıl və məqsədyönlü iş aparılmışdır.

Müstəqil Azərbaycanın ilk Konstitusiyasının banisi olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. Heydər Əliyevin fəal diplomatiyası nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı beynəlxalq təşkilatlarının ölkəmizə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibəti əsaslı surətdə dəyişmişdir. Heydər Əliyev siyasətinin əsasını sülh, beynəlxalq hüquq normaları, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığına hörmət və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri təşkil edir. Heydər Əliyevin Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və gücləndirilməsi işinə xidmət edəcəkdir.

Yuxarıda qeyd etdiyimiz kimi, bu gün Azərbaycan dövlətçiliyinin ən mühüm problemi ölkənin ərazi bütövlüyünün təmin olunmasıdır. Ermənistan Respublikasının təcavüzü nəticəsində işğal altına düşmüş ərazilərimizin azad edilməsi, viran qoyulmuş kənd, rayon və şəhərlərimizin bərpa olunması, sayı bir milyona çatan və uzun müddətdən bəri məşəqqətli köçkün həyatı sürən soydaşlarımızın doğma yurd-yuvalarına qayıtması Azərbaycan dövlətinin qarşısında çox məsul bir vəzifə, ən vacib məqsəd kimi durur. Müstəqil dövlətçiliyimizin banisi, müasir Azərbaycanın memarı, böyük öndərimiz Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən möhtərəm Prezident İlham Əliyev xalqımıza hədsiz məhrumiyyətlər, müstəqil dövlətimizə böyük itkilər gətirmiş təcavüzə son qoyulması üçün çoxşaxəli və səmərəli hüquqi-diplomatik addımlar atır. Bütün bunların nəticəsidir ki, indi dünya birliyi Azərbaycanın haqlı olduğunu, Ermənistanın işğalçı və təcavüzkar siyasət yeritdiyini getdikcə daha yaxşı anlayır. Təsadüfi deyil ki, bir çox mötəbər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələrdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı birmənalı şəkildə dəfələrlə təsdiqlənmiş, onun təcavüzkarlıqdan əl çəkməsi tələb olunmuşdur.

Dövlət başçısı cənab İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə proseslərini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırır. Prezidentin bu barədə irəli sürdüyü fikirlər təkcə Azərbaycanın yox, ümumilikdə demokratiya yoluna yenicə qədəm qoymuş bütün müstəqil ölkələrin gələcək inkişafının təməl prinsipi kimi tətbiq edilə bilər. “Ölkədə həm siyasi, həm də iqtisadi sahədə islahatlar cəsarətlə aparılır. Mən tam əminəm ki, siyasi və iqtisadi islahatlar, iqtisadi yüksəliş və demokratikləşmə prosesləri bir-birini tamamlamalıdır və paralel şəkildə həyata keçirilməlidir. Əks təqdirdə, iqtisadi durum yaxşılaşmasa, bizim iqtisadi planlarımız həyata keçməsə, təbii ki, Azərbaycanda tam şəkildə demokratik cəmiyyətin qurulmasından söhbət gedə bilməz” - deyən Prezident İlham Əliyev haqlı olaraq bəyan edir ki, hər hansı ölkənin inkişafı heç də təbii sərvətlərin zənginliyi ilə deyil, demokratikləşmə proseslərindən, qanunun aliliyinin qorunmasından, vətəndaş cəmiyyəti təsisatlarının inkişafından asılıdır.

Azərbaycan Prezidenti İlham Əliyev son illərdə cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən milli qanunvericiliyin təkmilləşdirilməsi prosesini diqqət mərkəzində saxlamışdır. Məhkəmə, ədliyyə, polis və prokurorluq orqanlarının daha səmərəli fəaliyyətinə, habelə insan hüquqlarının etibarlı təminatına yönəlmiş yeni qanun və qərarlar qəbul edilmişdir. Yuxarıda da qeyd etdiyimiz kimi, xüsusilə, 2009-cu il martın 18-də Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə əlaqədar keçirilmiş referendum xalqın suveren hüququnu və azad siyasi iradəsini ifadə etməsinə maksimum imkan yaratmaqla demokratikləşmə prosesində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. 18 mart referendumunun ciddi şəkildə dəstəklənməsi və pozitiv nəticələrlə yekunlaşması isə, ilk növbədə, cəmiyyətin Heydər Əliyev ideallarına sədaqətinin, eləcə də ulu öndərin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi strateji inkişaf kursunu layiqincə davam etdirən cənab İlham Əliyevə sarsılmaz inamının bariz təcəssümüdür.

Beləliklə, sadalanan məqamlar bir daha onu sübut edir ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında insan hüquq və azadlıqlarına, qanunların aliliyinə hörmət prinsiplərinə prioritet istiqamət kimi müstəsna dəyər verən müstəqil Azərbaycanın hüquqi, dünyəvi və demokratik dövlət imicinin formalaşmasında, onun möhkəm təməllərinin qoyulmasında ümummilli liderimizin xidmətləri əvəzsizdir və daim tarixdə qalacaqdır.

Siyavuş NOVRUZOV,
Milli Məclisin Komissiya sədri,
YAP İdarə Heyətinin üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında