Şuşanın tarixi abidələri yerlə – yeksan edilib

Artıq 23 ildir ki,  Şuşa düşmən tapdağı altındadır.  Bu şəhər Azərbaycanın milli-mənəvi dəyərlərinin  beşiyi hesab olunurdu. Ulu öndər  Heydər Əliyev Şuşanı “abidələr şəhəri” adlandırmışdı. Buradakı abidələr  şəhərin gözəlliyinə   xüsusi  yaraşıq verirdi. Təsadüfi deyil ki, 1977-ci ildən  Şuşa tarixi-memarlıq qoruğuna çevrilmişdi.

Çox təəssüf ki, bütün dünyanın, beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atmışlar. Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdır, milli arxitekturasını silib, istədikləri kimi yenidən qurmağa cəhd edirlər.   Nadir tikililər, qədim abidələr, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar dağıdılmış, zəngin muzey və kitabxanaları talan edilmiş, bir vaxtlar təkrarolunmaz təbiətinə görə “Qafqazın cənnəti” adlandırılan yerlər xarabazara çevrilmişdir.

Məlumat üçün bildirək ki, işğal olunmazdan əvvəl Şuşada 300 tarixi abidə, 550 qədim yaşayış binası, 870 metr uzunluğunda bərpa olunmuş qala divarları vardı. Tarixi abidələrdən 23-ü respublika və dünya miqyaslı abidələrə aid idi. Bu abidələrin çoxu XVIII-XIX əsirlərə aiddir. Şuşada hər bir ev, küçə, möhtəşəm qala divarları, məscidlər, minarələr, əzəmətli qəsrlərin qalıqları keçmişimizdən xəbər verirdi.

Xalça və Tətbiqi Sənət Muzeyinin Şuşadakı filialı, Üzeyir bəy Hacıbəylinin Şuşadakı ev muzeyinin eksponatları çıxarılıb, amma həmin muzeylərin fondu da tam xilas edilməyib. Şuşa şəhərində Natəvanın, Bülbülün, Əbdürrəhim bəy Haqverdiyevin və başqalarının ev muzeyləri, şəkil qalereyası, Şuşa diyarşünaslıq muzeyi tamamilə dağıdılıb. Şuşa şəhərinin Tarixi Muzeyinin 5 minədək eksponatı, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialının, Dövlət Qarabağ Tarix Muzeyinin 1000-dək əşyası, görkəmli bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin eksponatları talan edilib.

Ermənilər Üzeyir bəy Hacıbəyovun və Bülbülün, habelə şair Xurşudbanu Natəvanın heykəllərini Şuşa şəhərindən Ermənistan ərazisinə aparıblar. Bu abidələr bütün əxlaq normalarına, beynəlxalq humanitar prinsiplərə, sivilizasiyaya zidd olaraq vəhşicəsinə güllələnmiş və ağır texnika vasitəsilə zədələnmişdi. Sonradan həmin abidələri çox çətinliklə Bakıya gətirmək mümkün olub.

Şuşa tarixi memarlıq qoruğu mühafizə olunurdu. İşğalçı vandallar Yuxarı və Aşağı Gövhərağa məscidlərini  artıq iyrənc məqsədlərlə  istifadə edirlər.  Köçərli, Mərdinli, cümə məscidlərininin də  aqibəti  elə Gövhərağa məscidləri  kimidir. Daşnaklar Qarabağ xanının vəziri, böyük  şair M.P.Vaqifin türbəsini  də məhv etmişlər, daşınması mümkün olan  maddi-mədəniyyət abidələrini isə Ermənistana  aparmışlar.

Mütəxəssislərin  və ekspertlərin  fikrinə, Azərbaycan xalqının məhv edilmiş qədim, əvəzolunmaz mədəni sərvətləri olan bu abidələrin qiymətini təyin etmək praktiki olaraq mümkün deyildir. Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan, Azərbaycan Respublikasının ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir problemdir.

Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının  özbaşınalığı tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Arxeoloji  irsin  mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına, “Ümumdünya mədəni və təbii  irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasına ziddir.

Bu  gün  Şuşanın tarixi və mədəni abidələrinə qarşı edilən amansız təcavüzə  qarşı   dünyanın   nüfuzlu  beynəlxalq  təşkilatları belə  biganə  qalmaqdadır.  İnanırıq ki, Prezident İlham Əliyevin  apardığı  uğurlu   siyasət  bütövlükdə  Dağlıq Qarabağın  və işğal olunmuş ətraf rayonların   qaytarılmasını  təmin edəcək  və   o zaman   Şuşanın  bu möhtəşəm  abidələri   bərpa olunub yenidən Azərbaycan xalqının  mənəvi sərvətinə çevriləcəkdir.

Rəsul İSMAYILOV,
Şuşa Humanitar
Kollecinin direktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında