TARİX YAZAN ŞƏXSİYYƏT

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsini yad edərkən bu  böyük siyasi xadimin, müdrik şəxsiyyətin portret cizgilərini göz önünə gətirmək, onu öz səviyyəsində təhlil etmək və nəticə çıxarmaq hər bir azərbaycanlı ziyalının, alimin, sənət adamının, siyasətçinin ümdə arzularından biridir. Heydər Əliyev siyasətinə,ideologiyasına,şəxsiyyətinə dərin sədaqət və əzmkarlıq ifadə olunmuş siyasi məktəbin məhz Naxçıvanla birbaşa bağlı olduğunu nəzərə alsaq, bu yazıda diqqəti əsasən şəxsiyyət və torpaq məfhumlarının bir-birinə bağlılığına yönəldəcəyik.

Ulu öndərin Naxçıvana qayıdışı o dövrdə xilaskarlıq missiyasının tam vəhdətlə həyata keçirilməsinə, xalqın inam hissinin bərpa edilməsinə, milli özünüdərkin və özünüifadəetmənin canlanmasına, Vətənin bölünməzliyi və müdafiəsinə, inkişaf və tərəqqiyə nail olunmasına, bir sözlə, dünyada yeni, müstəqil Azərbaycan möcüzəsinin yaranmasına zəmin yaratmış oldu. Naxçıvandan başlanan milli dövlətçilik hərəkatının bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsi, milli dövlətçiliyin yaradılması, bərpası istiqamətində qətiyyətli və inamlı addımların atılması, bu yolda nəticənin əldə edilməsi və onun mökəmləndirilməsi böyük Heydər Əliyevin nə qədər uzaqgörənliklə yaşamasının və müdirikliyinin göstəricisi idi.

Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatında onun müqəddəratının həll edildiyi bir dövrdə naxçıvanlıların müdrik düşüncə ilə bütöv Azərbaycan divarının sökülməməsi, dağılmamamsı üçün bir araya gəlməsi və xilaskar rəhbər seçiminin gerçəkləşməsi naminə ayağa qalxması milli tariximizin qürur, iftixar səhifələrində özünə yer tutmuşdur. İnsanların bu haqlı və təkidli tələbi, çağrışı heç bir vəzifə istəyində olmayan, yenicə rahat həyata başlamaq, uzun illərin siyasi fəaliyyətindən sonra Naxçıvanın təmiz havasında dincəlmək arzusunda olan Heydər Əlirza oğlunu biganə qoya bilmir, onu bir vətəndaş olaraq bu çağrışlara cavab verməyə səsləyirdi. Ümummilli lider isə bu iki mənəvi seçimin qarşısında hələ ki, israr edirdi. 1991-ci il sentyabr ayının 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında həyata keçirilən xalq istəyinin nəticəsi – böyük Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədr seçilməsi onu yenə də düşünməkdən vaz keçməyə, ağır missiyanı çiyinlərinə götürməyə sövq etməkdə idi. Heydər Əliyev isə hakimiyyətə qayıtmaq istəyinin olmadığını dəfələrlə təkrar edirdi: “Azərbaycana hakimiyyətə qayıtmaq üçün gəlməmişəm. Mən ancaq Azərbaycanın bu ağır dövründə, çətin vaxtında xalqıma kömək etmək, xidmət etmək üçün gəlmişəm. Mənə bir neçə dəfə Moskvada, elə burada da sual verilmişdi ki, bəs, siz öz köməyinizi nədə görürsünüz? Cavab vermişdim ki, Azərbaycan xalqının hər bir tapşırığını yerinə yetirməyə hazıram. Mənim razılığım olmadan, mən bunu qətiyyətlə deyirəm və bunu hamı bilməlidir, məni Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədr seçdilər. Sədr seçiləndən sonra da mən sessiyaya sədrlik etməkdən imtina etdim. İclası axıra qədər sədrin müavini aparırdı... Çox böyük əziyyət, mənəvi əziyyət içərisindəydim ki, mənim razılığım olmadan məni sədr seçdilər.”

Düşmənin ağır hücumları ilə üz-üzə dayanan,növbəti tarixi sınaqdan məharətlə üzüağ çıxan, daxili münasibətlərin yersiz kəsişmə nöqtəsi kimi qələmə verilmək istəyən, lakin buna boyun əyməyərək qorunub möhkəmləndirililən, xilas edilən Naxçıvan Muxtar Respublikası ümummilli liderimiz Heydər Əliyevin müstəqil Azərbaycana bəxş etdiyi ilk, əvəzedilməz ərmağanı hesab oluna bilər. 1921-ci il Qars müqaviləsinin təzədən dünyanın gözü qarşısında yenilənməsi və Naxçıvanın əbədi toxunulmazlığının və sülhünün təmin edilməsi gələcək iqtisadi, siyasi, diplomatik, hərbi münasibətlərin vaxtında təməlinin qoyulması muxtar respublikanın aydın gələcəyindən xəbər verməyə bilməzdi. Odur ki, XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının gələcək həyatının bütün sahələr üzrə sarsılmaz təməli məhz Heydər Əliyev tərəfindən qoyulmuş və möhkəmləndirilmişdir. Bütün bunlarla yanaşı, hazırlanmış zəmin üzərində yeni, müasir Naxçıvan inşa etmək, onu dünyanın bəzəyi adına layiq səviyyəyə yüksəltmək məramı gələcək fəaliyyət istiqaməti olaraq qalmaqda idi. Az keçəcək ki, bu çətin, məsuliyyətli vəzifə böyük Heydər Əliyevin Azərbaycan xalqına təqdim etdiyi ictimai-siyasi xadim Vasif Talıbovun çiyinlərinə düşəcək və ulu öndərin idarəetmə sahəsində kadr seçmək istedadının bir daha yenidən şahidi olacağıq.

Azərbaycan xalqının təkidli tələbi ilə 1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra köklü dəyişikliklər əldə edilmiş, müstəqil Azərbaycanın dünya birliyinin tam hüquqlu üzvü kimi bütün sahələrdə fəaliyyəti bərpa olunmuş, bir sözlə, milli dövlət anlayışının bütün təzahürləri dinamik vüsət almış oldu.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişafın yeni tələbləri Naxçıvan Muxtar Respublikasında yüksək səviyyədə təmin olunmaqdadır. Bütün bunlar Prezident İlham Əliyevin “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir”fikrinə söykənərək həyata keçirilir. Naxçıvan Muxtar Respublikasında icra edilən dövlət proqramlarının və təşəbbüskarlıqla həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi olaraq qeyd edək ki, təkcə 1995-2013-cü illlərin müqayisəli diaqram-göstəriciləri ümumi daxili məhsulda 43 milyon 721,7 min manatdan 2,34 milyard manata, sənaye məhsulunun ümumi həcmində 91 milyon 33,4 min manatdan 863 milyon manata, hər nəfərə düşən sənaye məhsulunun həcmində 27,3 manatdan 2000,6 manata,əsas kapitala yönəlik investisiyalarda 100 milyon manatdan 1 milyard manata, tikilərək istifadəyə verilmiş yaşayış evlərində 25 min kvadratmetrdən 350 min kvadratmetrə, cəmi əkin sahəsində 35000 hektardan 60127 hektara, qaramalın sayında 74 min başdan 106,2 min başa, davarların sayında 425,4 min başdan 635,5 min başa, kənd təsərrüfatının ümumi məhsulunda 38572,2 min manatdan 337127,2 min manata, informasiya və rabitə xidmətlərinin həcmində 420,3 min manatdan 45051,9 min manata, salınmış və yenidən qurulmuş avtomobil yollarında 3526 kilometrə, xarici ticarət dövriyyəsinin dinamikasında 500000 ABŞ dollarına, əhalinin gəlirlərində 31538,9 min manatdan 1737057,9 min manata, orta aylıq əmək haqqında 15,9 manatdan 376,6 manata(2015-ci ildə isə 392 manata) yüksəlmişdir. Bütün bu iqtisadi göstəricilərlə yanaşı,Naxçıvan Muxtar Respublikasının elmi-mədəni, ictimai-siyasi həyatında da köklü yeniliklər, islahatlar həyata keçirilmiş və keçirilməkdədir. Bir sözlə həyatın bütün sahələrində Azərbaycan vətədaşına rahat həyat, səmərəli yaşamaq həvəsi bəxş edən Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, ulu öndər Heydər Əliyevin siyasi kursu Naxçıvan Muxtar Respublikasında yüksək səviyyədə icra edilməkdədir. Əgər 1993-cü ildə Azərbaycan xalqı müstəqilliyimizin hərc-mərclikdən, xaosdan necə xilas ediləcəyi haqqında düşünürdüsə, bu gün böyük Heydər Əliyevin inşa etdiyi müstəqil Azərbaycan xalqımızın daha rahat yaşayışla təmin olunmasına, pozulmuş ərazi bütövlüyümüzün tezliklə bərpa edilməsinə, hərbi qüdrətimizin daha da artırlımasına,vətəndaş cəmiyyətinin formalaşmasına, beynəlxalq münasibətlərdə Azərbaycan modelinin layiqli yerinin qorunmasına xidmət edir.

2015-ci il Ilk Avropa Oyunlarının Bakı şəhərində,ölkəmizdə keçirilməsi və bu sahədə Azərbaycan dövlətinin qətiyyətli addımları, dünyanın ən müasir infrastruktur layihələrinin məhz ölkəmizdə inşa edilməyi dediklərimizi sübut edən faktorlardan yalnız biri ola bilər.İlk Avropa Oyunlarının məşəlinin Bakı şəhərindən sonra Naxçıvanda alovlandırılması simvolik olaraq bütün uğurların bu torpaqdan başladığını,1993-cü ildən indiyədək yaşadığımız tarixi bir daha xatırlamaq,yada salmaq baxımından böyük əhəmiyyət daşıdığını ortaya qoymuşdur.

Bütün bunlar bir daha onu göstərir ki, ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu, onun layiqli davamçısı Prezident İlham Əliyevin ləyaqətlə davam və inkişaf etdirdiyi Azərbaycan hələ bundan sonra daha böyük zirvələr fəth edəcək, xalqımızın rifahı uğrunda, dövlətimizin əbədi var olması yolunda əlçatmaz naliyyətlərə imza atacaqdır.

BƏXTİYAR ƏSGƏROV,
Naxçıvan Muxtar Respublikasının
Bakı şəhərində daimi nümayəndəliyinin rəhbəri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında