Ulu öndərin adı milli tariximizə böyük xilaskar və qurucu kimi daxil olmuşdur

“Heydər Əliyev Azərbaycanı israrla və demokratik yollarla
müstəqil olaraq məqsədinə çatdırmaq üçün canını sipər edib,
qeyrət göstərən oğuldur”

Türkiyənin sabiq Prezidenti
Süleyman Dəmirəl


Hər bir xalqın tarixdəki yeri və rolu mürəkkəb siyasi şəraitlərdə məsuliyyəti üzərinə götürərək mütərəqqi ideyaları, qeyri-adi idarəçilik keyfiyyətləri ilə dövlətçilik ənənələri formalaşdırmış dahi şəxsiyyətlərin fövqəladə missiyası ilə şərtlənir. Bu günün özündə də dünyanın bir çox nüfuzlu dövlətləri məhz fenomen liderlərinin müəyyənləşdirdiyi yolla irəliləyir. Tanrının bizə bəxş etdiyi belə şəxsiyyətlərdən biri də müstəqil Azərbaycanımızın xilaskarı və qurucusu, xatirəsini daim əziz tutduğumuz ümummilli lider Heydər Əlirza oğlu Əliyevdir.

1969-cu ildən başlayaraq, 30 ildən artıq bir dövrü əhatə edən Azərbaycanın ən yeni tarixi, xalqımızın həmin dövrdəki taleyi, ölkə həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlər Heydər Əliyevin adı, onun müdrik dövlətçilik siyasəti ilə bağlıdır.

1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdi. Lakin tarixi təcrübə göstərir ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. 1992-93-cü illərin məlum hadisələri nəticəsində xarici təcavüzə məruz qalmış ölkə həm də vətəndaş qarşıdurmasına sürükləndi. Müstəqilliyimizin yenidən itirilməsi təhlükəsi yarandı. Belə bir vaxtda Azərbaycanın gözü bir çox dahilərin nəsibi olmuş təqib və biganəlikdən doğulub- böyüdüyü Naxçıvana sığınmış ümummmilli lider Heydər Əliyevə dikildi.  Xalq öz qüdrətli oğlunu müstəqilliyimizi xilas etməyə dəvət etdi.

Ulu öndər  Heydər Əliyevin 1993-cü ilin iyununda Bakıya qayıdışı Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı, sabaha, gələcəyə ümidini artırdı. Xalqının xilası naminə hər cür çətinliklərə sinə gərən, sui-qəsd və terror cəhdləri ilə üzləşən böyük rəhbər siyasi müdrikliyi, polad iradəsi və qətiyyətli hərəkətləri, xalqının dəstəyi nəticəsində Azərbaycanı və onun müstəqilliyini məhvolma təhlükəsindən xilas etdi.

Hakimiyyətə qayıdandan sonra qısa müddətdə bütün cəmiyyəti vahid ideya ətrafında birləşdirən və milli birliyi təmin edən Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirən xalqımız həmin günü öz xilaskarının şərəfinə Milli Qurtuluş Günü kimi tarixə yazdı. Müstəqil Azərbaycan dövlətçiliyinin əsasını qoymuş ümummilli liderimiz Heydər Əliyev öz dühası ilə qarşıdakı bir çox onilliklər üçün dövlətimizin hərtərəfli inkişafı və milli təhlükəsizliyinin istiqamətlərini müəyyən etdi. Məhz ulu öndərin uzaqgörən diplomatiyası, uğurlu daxili və xarici siyasəti sayəsində həyatın bütün sahələrini bürümüş tənəzzülün qarşısının alınması, ölkənin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi və iqtisadiyyatın bazar prinsipləri əsasında yenidən qurulması mümkün oldu.

O dövrdə həlli vacib olan məsələlərdən biri də Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin gedişinə təsir göstərə biləcək qəti addımların atılması idi. Bunsuz ölkənin ərazi bütövlüyünü qorumaq, daxili ictimai sabitliyə nail olmaq mümkün deyildi. 1994-cü ilin mayında Dağlıq Qarabağ cəbhəsində atəşin dayandırılması barədə razılığa gəlindi və münaqişənin sülh yolu ilə həll olunması önə çəkildi. Ölkə iqtisadiyyatında köklü dəyişikliyə gətirib çıxaran və müstəqil dövlətimizə beynəlxalq nüfuz qazandıran yeni neft strategiyasının həyata keçirilməsi məhz atəşkəsdən sonra başlanıldı.

1994-cü ilin sentbyarında dünyanın iri neft şirkətləri ilə “Əsrin müqaviləsi” adlandırılan ilk neft sazişi imzalandı. Belə bir vaxtda Azərbaycan dövləti müstəqil respublikamızı yenidən anarxiya girdabına sürükləmək istəyən daxili və xarici qüvvələrin ciddi müqaviməti ilə üzləşdi. Ulu öndər Heydər Əliyevin qətiyyəti və xalqın öz liderini dəstəklənməsi nəticəsində 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinə silahlı cəhdlərin qarşısı alındı. Bununla da hakimiyyəti zor və silah gücünə ələ keçirmək ənənəsinə birdəfəlik son qoyuldu.

Sabitliyin bərqərar olmasından sonra müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması və ilk parlament seçkilərinin keçirilməsi ilə Azərbaycanın müasir tarixinin yeni bir mərhələsi başlandı. Heydər Əliyev dövlət quruculuğu strategiyasının ana xəttini təşkil edən cəmiyyətin demokratikləşməsi prosesi ictimai-siyasi mühitin saflaşdırılmasında və ölkədə sosial-iqtisadi inkişaf tendensiyasında özünü ciddi şəkildə büruzə verməyə başladı.

Azərbaycanın sərbəst iqtisadiyyat yolunu tutduğunu dünyaya bəyan edən Heydər Əliyev iqtisadi müstəqilliyin vacibliyini önə çəkdi. Ulu öndərin iqtisadi inkişaf konsepsiyasında milli iqtisadiyyatımızı bazar prinsipləri əsasında qurmaq, özəl sektorun fəaliyyətini genişləndirmək və dövlət mülkiyyətinin özəlləşdirmək, aqrar islahatlara, azad sahibkarlığa, vətəndaş təşəbbüskarlığına geniş imkanlar yaratmaq, inkişaf etmiş ölkələrin qabaqcıl iş təcrübəsindən yararlanmaq və dünya iqtisadiyyatına inteqrasiya olunmaq mühüm yer tuturdu. Ümummilli lider iqtisadi islahatları həyata keçirərkən daxili potensialı nəzərə almaqla, islahatların sistemli və kompleks şəkildə aparılmasını, əhalinin həyat səviyyəsi nəzərə alınmaqla sosial yönümlü bazar iqtisadiyyatın prinsiplərinə əsaslanmasını zəruri sayırdı.

Heydər Əliyevin iqtisadi inkişaf konsepsiyasında azad sahibkarlığın, özəl bölmənin inkişafı üçün zəruri şəraitin təmin edilməsi mühüm yer tuturdu. Bu başlıca prinsiplər Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi naminə Heydər Əliyevin imzaladığı fərman və sərəncamlarda öz təsdiqini tapmışdır. Ulu öndərin 2000-ci ilin aprel və may aylarında yerli və xarici iş adamları ilə görüşməsi, bundan sonra sahibkarlığın inkişafı ilə bağlı mühüm qərarlar qəbul etməsi bunun təsdiqi idi. Dahi rəhbər xarici investorları Azərbaycanla əməkdaşlığa cəlb etmək üçün ölkədə hər cür şərait yaradılmasını, onların fəaliyyətinin tənzimlənməsi üçün hüquqi bazanın yaradılmasını daim diqqət mərkəzində saxlayırdı.

Bu gün müstəqilliyimizin dayanıqlı, dövlətçiliyimizin daimi olacağına hər birimizin böyük əminliyi vardır və bu inam üçün, ilk növbədə, ulu öndərə borcluyuq. Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu və banisidir. Bu gün müstəqil siyasət yürüdən, dünya arenasında öz siyasi və iqtisadi çəkisinə görə önəmli rol oynayan Azərbaycan dövləti ümummilli liderimizin şah əsəri, xalqımıza yadigarıdır.

Ulu öndərimiz haqqında beynəlxalq miqyasda tanınmış nüfuzlu şəxsiyyətlər çox dəyərli fikirlər söyləyiblər. Heydər Əliyevi siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, şəksiz lider adlandıran ABŞ-ın görkəmli siyasi xadimi Zbiqnev Bjezinski müsahibələrində bildirib ki, o, hələ 80-ci illərdə Ağ evdə çalışdığı vaxt Heydər Əliyevi SSRİ-nin aparıcı rəhbərlərindən biri kimi tanıyır və Sov. İKP MK-nın Baş katibi vəzifəsinə ən layiqli namizəd kimi görürdü.

Təsadüfi deyil ki, müasirləri, dünyanın aparıcı dövlətlərinin başçıları və görkəmli ictimai-siyasi xadimlər Heydər Əliyevi zəmanəmizin canlı əfsanəsi adlandırıb, onu lider kimi qəbul edib ehtiram göstəriblər.

1987-1994-cü illərdə əvvəlcə Sovet İttifaqının, sonralar isə Rusiya Federasiyasının Türkiyədəki səfiri olmuş Albert Çernışevin mətbuatda ulu öndərimiz barədə dərc olunmuş fikirləri də çox maraqlıdır: “Liderlər var ki, siyasi fəaliyyət, dövlət idarəetməsi sahəsində uzun illər çalışıb püxtələşdikdən sonra tanınırlar. Ancaq adamlar da var ki, bu, onlarda fitrətən mövcuddur, genlərində kodlaşdırılıb, bir sözlə, İlahi vergisidir... Heydər Əliyev məhz ikincilərdəndir. Digər vacib məqam səlahiyyət məsələsidir. Heydər Əliyev tək Azərbaycan səviyyəsində deyil, bütöv bir region, MDB məkanı, hətta Qərb miqyasında sözünün keçəri, urvatı olan lider idi. O, tək Bakı, Azərbaycan, Qafqaz regionunda deyil, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacarırdı”.

Azərbaycan  xalqının  ləyaqətli övladı Heydər Əliyevin adı və fəaliyyəti bütöv bir tarixin qızıl salnaməsidir. Bu salnamənin hər bir səhifəsi ulu öndərimizin qüdrətli əlləri ilə yazılıb. Azərbaycan xalqı xoşbəxtdir ki, tarixinin ən çətin və mürəkkəb anlarında taleyi məhz Heydər Əliyev kimi dünya miqyaslı nəhəng şəxsiyyətə həvalə olunmuşdu. Artıq bir müddətdir ki, ulu öndər çismən aramızda yoxdur. Lakin onun zəngin irsi, qoyduğu yol daim yaşayacaqdır.

Ümummilli lider Heydər Əliyevin ömrünün mühüm səhifələrindən biri isə 2003-cü ilin oktyabrında prezident seçkiləri ərəfəsində yazılmışdır. Ulu öndər o zaman demişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri sizin köməyinizlə İlham Əliyev başa çatdıracaqdır. Mən ona özüm qədər inanır və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Artıq 12 ildir ki, ulu öndərin gələcək istəklərini, yarımçıq qalmış niyyətlərini onun ən layiqli davamçısı Prezident İlham Əliyev uğurla yerinə yetirməkdədir. Müstəqil Azərbaycan onun rəhbərliyi altında gələcəyə doğru inamla irəliləyir, bu yolda möhtəşəm nailiyyətlərə imza atır.  Bu gün Azərbaycan dünya miqyasında səciyyələndirilərkən, ilk növbədə, sabitlik, sıçrayışlı inkişaf və demokratikləşmə ön plana çəkilir. Ölkəmiz sabit iqtisadiyyata və mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında getdikcə vacib rol oynayan bir dövlət kimi xarakterizə olunur. Cənubi Qafqazın lideri statusunu daşıyan ölkəmiz artıq mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyən edən aparıcı rola malikdir və təsadüfi deyil ki, bölgəyə iqtisadi, siyasi maraq göstərən dünya dövlətləri, beynəlxalq təşkilatlar, ilk növbədə, Azərbaycanın mövqeyini nəzərə alır, onunla hesablaşırlar.

Bütün bunlar bir daha ölkədə həyata keçirilən daxili və xarici siyasətin uğurlu olduğunu, onun praqmatizm üzərində qurulduğunu, milli maraqların müdafiəsinə yönəldiyini əyani surətdə təsdiqləyir. Bu illər ərzində Prezident İlham Əliyev Azərbaycanın dünya arenasında nüfuzunu daha da yüksəklərə qaldırıb, xalqın əsl liderinə çevrilib, onun sonsuz məhəbbət və etimadını qazanıb. Ölkə rəhbəri İlham Əliyevin rəhbərliyi ilə xalqımız çox böyük nailiyyətlər əldə edib, öz inkişafının keyfiyyətcə daha yüksək mərhələsinə qədəm qoyub.

Məhərrəm MƏMMƏDOV,
fəxri dəmiryolçu,
iqtisadçı-ekspert


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında