Azərbaycan Respublikasında bütün sferalarda həyata keçirilən irimiqyaslı layihələr sayəsində nail olunmuş stabilliyi və davamlılığı ilə xarakterizə edilən dinamik inkişaf nəticəsində respublikanın beynəlxalq nüfuzu artmış, ölkənin qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi çıxış etməsinə möhkəm zəmin yaranmışdır. Ölkənin ekoloji strategiyası, ətraf mühitin qorunması sahəsində fəaliyyətin koordinasiyasının gücləndirilməsi yolu ilə milli, beynəlxalq və regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi indiki və gələcək nəsillərin maraqlarını təmin edən ölkənin iqtisadi və insan resurslarının istifadəsində davamlılığın təminatına yönəlmişdir.
Ulu öndər, müasir Azərbaycanın qurucusu Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən, ölkənin inkişafına və modernləşdirilməsinə hədəflənmiş səmərəli dövlətçilik siyasəti nəticəsində bir sıra sahələrlə yanaşı ekoloji durumun yaxşılaşdırılması istiqamətində ciddi uğurlar qazanılmışdır.
Minilliklərin sınağından çıxmış təcrübə göstərir ki, yüksək dövlətçilik və idarəçilik təfəkkürünə malik lideri olmayan xalqlar nəinki müstəqil dövlət yarada bilməmiş, hətta dünyadan tamamilə silinmək təhlükəsi ilə də üzləşmişlər. Azərbaycanın müstəqil dövlətçilik tarixinin təhlili əyani şəkildə göstərir ki, dövlət qurmaq kimi çətin, mürəkkəb və şərəfli bir missiyanın öhdəsindən geniş və qlobal dünyagörüşlü ümummilli lider Heydər Əliyev gələ bilərdi.
Heydər Əliyevin dövlət rəhbəri və lider kimi tarixi fəaliyyəti nəsillər üçün böyük bir məktəbdir. Onun dərin yaddaşı, iti məntiqi, gərgin siyasi vəziyyətlərdən daim yalnız ona məxsus olan şəkildə uğurla çıxmaq bacarığı, mürəkkəb siyasi situasiyalarda qəti qərar vermək qabiliyyəti, uzaqgörənliyi, intellektual gücü, sabaha analitik baxışı, sərt və qayğıkeş rəhbərlik xüsusiyyəti, cəmiyyətin siyasi, iqtisadi və mənəvi tarazlığını saxlamaq səriştəsi hələ uzun müddət öyrəniləcək və bu barədə çox tədqiqatlar aparılacaqdır.
Ulu öndər Azərbaycanda rəhbər olduğu müddətdə bütün sahələrdə olduğu kimi ekoloji problemlərin həlli məsələlərini də daim diqqət mərkəzində saxlayıb. Dahi rəhbər ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, eləcə də təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə xüsusi qayğı ilə yanaşıb. Onun hakimiyyəti illərində ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində ekoloji siyasət yeni vüsət alıb və formalaşmağa başlayıb.
İlk dəfə 1969-1982-ci illərdə respublikamızda həyata keçirilən təbiəti mühafizə tədbirlərinin təşəbbüskarı Heydər Əliyev olmuşdur. Məhz onun təşəbbüsü ilə keçən əsrin 70-ci illərində həyata keçirilən yaşıllaşdırma tədbirləri nəticəsində Abşeron yarımadası yaşıl libasa bürünməyə başlamışdır. 1970-ci ilə qədər Bakı şəhərində 3 min hektara qədər yaşıllıq sahəsi mövcud idisə, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi həmin illərdə yaşıllıqların sahəsi 17 min hektara çatdırılımışdı. Bu dövrdə ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə olunmasına dair 8 qanun qəbul olunmuş, hökumət səviyyəsində 30-dan artıq qərar təsdiq edilmişdir.
Azərbaycan müstəqillik qazandıqdan sonra xalqın təkidli tələbi ilə hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq ulu öndərimiz ekoloji məsələləri bir daha ön plana çəkmiş, bu sahədə olan mövcud problemlərə xüsusi diqqət ayırmışdır. Bu dövrdə bir sıra yeni - meşə, torpaq, su haqqında və s. qanunlar qəbul edilmiş, ətraf mühitin idarə olunmasının təkmilləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır.
Bu gün də ümummilli liderimiz Heydər Əliyevin tövsiyələri rəhbər tutularaq müstəqil Azərbaycan Respublikasının zəngin təbiətini, təbii sərvətlərini qorumaq və bərpa etmək üçün vaxtilə başlanılmış işlər davam etdirilir, bu istiqamətdə yeni-yeni layihələr həyata keçirilir, ekoloji problemlərin həllinə cəmiyyətin, yerli və beynəlxalq təşkilatların diqqəti cəlb olunmaqla dövlətin müəyyənləşdirdiyi ekoloji siyasət reallaşdırılır.
Ölkə iqtisadiyyatının sürətli inkişafı, xalqın rifahının yüksəldilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə məsələləri həmişə dövlət rəhbərliyinin diqqət mərkəzində olmuşdur.
Azərbaycan hələ 2003-cü ildə davamlı inkişaf üzrə Milli Proqram qəbul etmişdir. Minilliyin İnkişaf Məqsədlərindən biri olan Ətraf mühitin davamlılığını təmin etmək üzrə fəaliyyət planına əsasən davamlı inkişaf prinsipləri prioritet kimi qəbul edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi proqram sənədlərində bu hədəflərin reallaşması üçün zəruri vəzifələr müəyyənləşdirilmişdir.
Bu proqramların əsas məqsədi ölkə iqtisadiyyatının, xüsusilə, qeyri-neft sektorunun dinamik inkişafına, əhalinin iqtisadi və sosial tələbatlarının daha dolğun təmin olunmasına, regionların inkişafına, ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsinə, ətraf mühitin mühafizəsinə yönəldilmiş dövlət əhəmiyyətli investisiya layihələrinin sistemli və səmərəli şəkildə həyata keçirilməsini təmin etməkdən ibarətdir.
Son illər Azərbaycanda ətraf mühitlə bağlı qəbul olunmuş dövlət proqramlarının icrasına diqqətin artırılması, mövcud ekoloji problemlərin daha səmərəli həll edilməsi məqsədilə müvafiq sərəncamların imzalanması bu sahənin ölkədə prioritet olduğunu göstərir.
Yüksək iqtisadi inkişafla bərabər balanslaşdırılmış ekoloji siyasətin həyata keçirilməsi məqsədi ilə ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması üçün iqtisadi və insan potensialının müasir üsullarla idarə edilməsi, indiki və gələcək nəsillərin rifahının yaxşılaşdırılmasını təmin edən, stimullaşdıran iqtisadi modellərin, texnologiyaların istifadəsi, insanın həyat fəaliyyətini təmin edə biləcək ekosistemlərin, xüsusilə biomüxtəlifliyin qorunub saxlanılması qarşıya qoyulmuş vəzifələrdəndir.
Bu istiqamətdə qısamüddətli və uzunmüddətli iqtisadi, ekoloji və sosial nəticələr və ehtimal edilən fəsadlar nəzərə alınmaqla qərarların qəbul edilməsi və bu prosesdə alternativ variantların nəzərə alınması, ətraf mühit sahəsində qərarlar hazırlanarkən bütün maraqlı tərəflərin cəlb edilməsi, ətraf mühitin hər hansı komponentinin bərpa olunmayan dərəcədə pozulmasına səbəb ola biləcək fəaliyyətin qarşısının alınması, aztullantılı texnologiyaların tətbiq edilməsi, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi, əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsi prinsipləri tətbiq edilir.
İqtisadiyyatın sürətli inkişafının nəticəsi olaraq artan gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi ekoloji layihələrin həyata keçirilməsi imkanlarını xeyli genişləndirmişdir. Buna görə də bir çox ölkələr maliyyə böhranına məruz qaldıqları bir dövrdə, ölkədə infrastruktur layihələrinin icrası davam etdirilmiş, ekoloji problemlərin həlli istiqamətində görülən tədbirlər prioritet olmuşdur. Ölkə rəhbərliyi tərəfindən ətraf mühitin mühafizəsi sahəsində formalaşdırılan yeni ekoloji siyasət insanların sağlam ətraf mühitdə yaşamaq hüququnun tam təmin olunmasına zəmin yaratmışdır.
Ölkəmizdə son illər ərzində aparılmış məqsədyönlü dövlət siyasəti, beynəlxalq təcrübədən istifadə və həyata keçirilmiş ardıcıl tədbirlər nəticəsində ətraf mühitin mühafizəsi və təbiətdən davamlı istifadə edilməsi sahəsində bir sıra nailiyyətlər əldə edilmişdir.
Bu istiqamətdə bioloji müxtəlifliyin qorunub saxlanılması əsas vəzifələrindən biri olmuşdur. Həyata keçirilmiş tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 2003-cü ildən etibarən təxminən 2 dəfə artırılaraq ölkə ərazisinin 10,3 faizinə çatdırılmışdır. Hazırda ölkədə ümumi sahəsi 893 min hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən, 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Qızılağac Dənizkənarı Milli Parkının və “Zaqatala-Balakən Biosfer Rezervatının” formalaşdırılması istiqamətində iş gedir və bu prosesin yekunlaşması ilə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi ölkə ərazisinin təxminən 13 faizini təşkil edəcəkdir.
Bu gün əsas diqqət xüsusi mühafizə olunan təbiət ərazilərinin beynəlxalq standartlara uyğun infrastrukturunun yaradılmasına yönəldilmişdir. Qısa zaman ərzində Qafqazda ən böyük Şahdağ Milli Parkının nümunəvi infrastrukturu qurulmuş, Şirvan və Hirkan Milli Parklarında ekoturizm şəhərcikləri yaradılmışdır. Vəhşi təbiətin mühafizəsi istiqamətində aparılan işlər davam etdirilir və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində 150 başadək ceyran öz tarixi areallarına köçürülmüşdür. Alim və mütəxəssislərin iştirakı ilə ölkə ərazisində nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan bitki və heyvan növləri haqqında toplanmış məlumatlar əsasında Azərbaycanın Qırmızı Kitabının iki cilddən ibarət 2-ci nəşri çap olunmuşdur.
Su hövzələrində bioloji resursların artırılması istiqamətində son 10 ildə 5 milyard ədədə yaxın balıq, o cümlədən nərə cinsli və qızıl balıq körpələri yetişdirilərək su hövzələrinə buraxılmışdır. Müasir Xıllı Nərə Balıqartırma zavodunda süni yetişdirilmiş 5000-dən artıq müxtəlif yaş qrupuna mənsub nərə cinsli balıqlardan ibarət təmir-törədici fond yaradılmışdır. Artıq burada Azərbaycanda ilk dəfə olaraq süni yetişdirilmiş ana balığı öldürmədən cərrahi əməliyyat vasitəsilə alınmış kürüdən balıq körpələri yetişdirilmişdir. Bununla da dənizdəki ana balıq qıtlığından asılılıq getdikcə azalır.
Meşəsalma və meşəbərpa tədbirlərinin ilbəil intensivləşdirilməsi hesabına son on ildə meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon hektarı keçmiş və ölkə ərazisinin 11,4 faizindən 11,8 faizinədək artmışdır. Son 10 il ərzində 103 min hektar sahədə meşəbərpa işləri aparılmış və yeni meşələr salınmış, 100 milyon ədəd ağac əkilmişdir.
Yaşıllıqların artırılması sahəsində son 10 il ərzində meşə fonduna daxil olmayan ərazilərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər təşkilatlar tərəfindən 20,5 milyon ədəd müxtəlif növ ağac və kol əkilmişdir. Son bir neçə il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən arid sahələr və aşağı keyfiyyətli torpaqlarla səciyyələnən ərazilərin, o cümlədən Bakı və Abşeron yarımadasının yaşıllaşdırılması ilə bağlı müasir metodlara əsaslanan iri yaşıllaşdırma layihələri həyata keçirilmiş, 3600 hektardan artıq ərazidə 4,5 milyona yaxın ağac əkilmiş, müasir damcılı suvarma sistemləri ilə təmin olunmuşdur. Bu layihələr çərçivəsində müxtəlif bölgələrdə 2100 hektar sahədə 1200 mindən artıq əsasən xaricdən gətirilmiş daha məhsuldar və davamlı zeytun tingləri əkilmişdir. Belə ki, Azərbaycanda tarixən yaradılmış zeytun bağlarından hal-hazırda 900 hektara qədəri qorunub saxlanılmış və son zamanlar əkilmiş zeytun ağaclarının hesabına onların sahəsi 3 dəfədən çox artmışdır.
Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən, qısa zamanda geniş əraziləri əhatə edən və effektiv nəticələr verən “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması proqramı” üzrə 2007-ci ildə qurulmuş ilk modul tipli sutəmizləyici qurğular artıq 8 ildir ki, istismar olunur. Qeyd etmək lazımdır ki, qazanılmış təcrübə nəzərə alınaraq, yerli şəraitə tam uyğunlaşdırılmış texnoloji sxem əsasında su təmizləyici qurğuların ölkədə istehsalı təşkil edilmiş və 2014-cü ildə 50 kənddə məhz Azərbaycanda istehsal olunmuş modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır. Hazırda 90 minə yaxın əhalisi olan 48 yaşayış məntəqəsində sutəmizləyici qurğuların quraşdırılması işləri aparılır. Bununla da regionlarda 320 yaşayış məntəqəsinin modul tipli sutəmizləyici qurğuların quraşdırılması hesabına keyfiyyətli içməli su ilə təmin edilmiş əhalisinin sayı 527 min nəfəri keçmişdir.
Gələcəkdə yarana biləcək su qıtlığı probleminin effektiv həlli üçün yeni yanaşma və texnologiyaların tətbiqi məqsədilə infrastruktur imkanları 20 min kubmetr olan, ilkin mərhələdə pilot olaraq sutkada 1000 kubmetr gücündə avadanlıq quraşdırılmış dəniz suyunun duzsuzlaşdırılması zavodu və müasir tinglikdən ibarət kompleks inşa edilmişdir. İldə 1 milyon ədəd ağac və kol (o cümlədən dekorativ) yetişdirməyə imkan verən bağlı qrunt şəraitində örtülü kök sistemli tinglikdə avtomatik idarə olunan suvarma və gübrələmə sistemi yaradılmış, mikroiqlim nəzarətini həyata keçirmək məqsədilə temperatur, rütubət, küləyin sürəti və istiqaməti, günəş radiasiyası, yağıntı miqdarını ölçmək üçün meteoroloji stansiya quraşdırılmışdır. Faktiki olaraq bu zavod Xəzər sahilində ən müasir və iri duzsuzlaşdırma müəssisəsidir. Bu gün zavodda istehsal olunan su ətraf ərazidə salınmış yaşıllıqların suvarılmasında istifadə edilir.
Son illər respublikada mərkəzləşmiş kanalizasiya sistemlərinin yenidən qurulması, mövcud çirkab su təmizləyici qurğuların modernləşdirilməsi və yenilərinin inşası üzrə iri miqyaslı layihələr həyata keçirilir. Eyni zamanda, Xəzər dənizinin kiçik lokal mənbələrdən çirklənməsinin qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Abşeron yarımadasının mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmayan Mərdəkan, Buzovna, Bilgəh, Nardaran, Pirşağı, Novxanı və Sumqayıtın 90 kilometrə yaxın sahilboyu ərazilərində ümumilikdə gündə 6400 kubmetr çirkab su təmizləmə gücünə malik modul tipli təmizləyici qurğulardan ibarət 17 stansiya istismara verilərək “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi” yaradılmışdır.
Hidrometeoroloji müşahidə sistemi modernləşdirilmiş, təhlükəli hidrometeoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi məqsədilə Kür çayının mənsəbində səviyyə tərəddüdünü və Kiş çayında sel axınlarını, o cümlədən Şahdağın Kaboş zirvəsində və Ləzə məntəqəsində yüksək dağlıq ərazilərin hava şəraitini real vaxt rejimində izləməyə imkan verən avadanlıqlar quraşdırılmışdır. Qafqazda ən yüksək dağlıq “Kompleks hidrometeoroloji və ekoloji tədqiqat elm Mərkəzi” yaradılmış, Bazardüzü - Şahdağ - Tufandağ ekosistemlərinin tədqiqi məqsədilə mərkəzdə 3 avtomat meteoroloji stansiya qurulmuş, bütün kompleks alternativ enerji ilə təmin olunmuşdur. Müşahidə sisteminin avtomatlaşdırılması və modernləşdirilməsi işləri davam etdirilir. Artıq Azərbaycanda istehsal olunan avtomat meteostansiyaların quraşdırılması hesabına onların sayı 29-a çatdırılmış və onların hamısı günəş panelləri hesabına alternativ enerji ilə təchiz olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasi kurs nəticəsində təmin edilmiş yüksək iqtisadi inkişafı xammal bazası ilə təchiz etmək üçün yer təkinin geoloji öyrənilməsi işlərində ciddi nəticələr əldə olunmuş, dağ-qazma və buruq-qazma avadanlıqları bazasının yeniləşdirilməsi, yeni texnika və texnologiyaların tətbiqi sayəsində geoloji-kəşfiyyat işlərinin iqtisadi səmərəliliyinin artırılmasına nail olunmuşdur. Azərbaycanın Faydalı Qazıntı Ehtiyatlarının Dövlət və Sahə balansında 900-ə yaxın yataq qeydə alınmışdır ki, onlardan 253 yataq, o cümlədən 18 filiz, 55 qeyri-filiz, 179 inşaat materialları yataqları və 1 yeraltı şirin su yatağı məhz Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandıqdan sonra qeydiyyata alınmışdır. Hazırda yeni kəşf olunmuş yataqlar hesabına inşaat materiallarına və qeyri-filiz xammalına olan tələbat tam ödənilir. Son illərdə kəşf olunmuş yataqlar hesabına ölkənin qızıl ehtiyatları 2 dəfədən çox artmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən beynəlxalq təşkilatlarla, donor ölkələrlə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verilir. Belə ki, BMT-nin İnkişaf, Ətraf Mühit, Sənayenin İnkişafı proqramları, Qlobal Ekoloji Fond, Avropa İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Ümumdünya Vəhşi Təbiət Fondu və s. təşkilatlarla əməkdaşlıq davam etdirilir. Bununla bərabər müvafiq sazişlər əsasında inkişaf etmiş ölkələrlə ikitərəfli əlaqələr qurulur. Ətraf mühit sahəsində beynəlxalq müqavilələrə qoşulma prosesinə də böyük diqqət yetirilir. Azərbaycan Respublikası bu günə kimi 20-dən artıq ekoloji konvensiyaya qoşulmuş, müvafiq protokollar imzalamış, bir sıra mühüm beynəlxalq tədbirlərin təşkilatçılığını həyata keçirmişdir.
Son illərdə Azərbaycanda qanunvericiliyin təkmilləşdirilməsi və mövcud normativ hüquqi aktların ölkənin qoşulduğu beynəlxalq müqavilələrin müddəalarına, həmçinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması istiqamətində əməli addımlar atılmışdır. Ətraf mühitə dair qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində bir sıra yeni qanunlar qəbul edilmiş, mövcud qanunlara əlavə və dəyişikliklər edilmişdir. Qanunvericilik əsasən atmosfer havası, su ehtiyatları, məişət və istehsalat tullantıları, su bioresursları, biomüxtəlifliyin qorunması sahələrini əhatə etmişdir. Yeni qanunların qəbul edilməsi, mövcud qanunlara əlavə və dəyişikliklərin edilməsi ilə bərabər, həmçinin onların icrasının təmin edilməsi məqsədilə müvafiq normativ aktlar, qaydalar hazırlanıb təsdiq olunmuşdur.
İqtisadiyyatın sürətli inkişafı ətraf mühitin modern və çevik idarə olunmasını zəruri etmişdir. Bu baxımdan idarəetmə prosesində elektron hökumətin tətbiqi və xidmətlərin elektron qaydada həyata keçirilməsi ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmışdır.
Hazırda ölkədə iqtisadi inkişafla əlaqədar iri həcmli infrastruktur layihələri həyata keçirilir ki, bu da öz növbəsində ətraf mühitə təsirin qiymətləndirilməsi prosesinin tətbiqini zəruri edir. Buna görə Ekologiya və Təbii Səırvətlər Nazirliyi tərəfindən xidmətlərin elektron qaydada göstərilməsi qurumlararası razılaşdırma prosesinin operativliyi və şəffaflığı baxımımdan mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq ölkədə ətraf mühitin vəziyyəti, institusional dəyişikliklər, son illər ərzində həyata keçirilmiş tədbirlər və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində əldə olunmuş nailiyyətlər analiz edilmişdir. Eyni zamanda, Azərbaycanda mövcud ekoloji problemlər, onların yaranma səbəbləri və həlli yolları araşdırılmış, ətraf mühitin bütün sahələri üzrə kompleks şəkildə təhlil aparılmış və uzunmüddətli proqnoz göstəricilər müəyyənləşdirilərək “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərdən səmərəli istifadəyə dair 2015-2020-ci illər üçün Tədbirlər Planı”nın layihəsi işlənib hazırlanaraq hökumətə təqdim edilmişdir. Dövlət Proqramının hazırlanması zamanı beynəlxalq təcrübədən istifadə edilmiş, davamlı inkişafın əsasını təşkil edən “yaşıl iqtisadiyyat” konsepsiyasının müddəaları əsas götürülmüş, qısa və uzunmüddətli strategiyalar ümumi iqtisadi inkişaf göstəriciləri ilə uzlaşdırılmaqla gözlənilən risklər nəzərə alınmışdır.
Keçmişdən miras qalmış ekoloji problemlərin aradan qaldırılması və səmərəli idarəetmə sisteminin yaradılması Azərbaycan Respublikasının başqa sahələrdə olduğu kimi ətraf mühit sahəsində də beynəlxalq miqyasda nüfuzunun artmasına gətirib çıxarmışdır. Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər beynəlxalq ictimaiyyətin diqqətini çəlb etmişdir. Nüfuzlu tədqiqat mərkəzləri olan ABŞ-ın Yel və Kolumbiya universitetləri tərəfindən 2012-ci ildə açıqlanmış Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksi sənədində ətraf mühit sahəsində son 10 ildə baş vermiş müsbət dəyişikliklərin tempinə görə Azərbaycan 132 ölkə arasında 2-ci yeri tutmuşdur.
Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişaf sahəsində müəyyən olunmuş düzgün siyasət indiyə qədər ölkəmizə yalnız uğur gətirmişdir. Bu sahədə düşünülmüş siyasətin uğurla həyata keçirilməsi ölkədə ekoloji durumun sağlamlaşdırılması və təbii sərvətlərdən səmərəli istifadə edilməsi istiqamətində böyük uğurlar əldə olunacaqdır.
Hüseynqulu BAĞIROV,
Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər naziri,
YAP Siyasi Şurasının üzvü
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.