Şuşaya və işğal olunmuş digər rayonlarımıza qayıdacağımız gün uzaqda deyil

Azərbaycan özünün  dövlət  müstəqilliyini bərpa etdikdən sonra düşmənlərimiz və bədxahlarımız bizə 1920-ci il ağrılarını yenidən yaşatmaq istəyirdilər. Çalışırdılar ki, milli dövlətçiliyimiz əldən getsin, ölkəmiz parçalansın, Azərbaycanın  daha bir neçə rayonu ermənilər tərəfindən işğal edilsin.

 Birinci Dünya müharibəsindən sonra yaranan qarışıqlıqlardan istifadə edərək torpaqlarımızın böyük bir hissəsini ermənilərə bağışlayan əcnəbi siyasətçilərin nəvə-nəticələri indi də həmin variantı təkrarlamağa çalışırdılar. Daha doğrusu, bu istiqamətdə kifayət qədər iş görülmüşdü və əgər ulu öndər Heydər Əliyev xalqın çağırışlarını müsbət cavablandırmasaydı, yəni,  ölkədə  böyük siyasətə qayıtmasaydı, təbii  ki, itkilərimiz əsrin əvvəlkindən heç də az olmayacaqdı. Hər halda, itkilərimiz oldu və onlardan biri də 23 il üzünə həsrət qaldığımız laçın qayalı, qartallar yuvası olan Şuşa idi. Ümummilli liderimiz  Heydər Əliyev Şuşanın  Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”.

Bu gün Şuşa şəhərinin işğalından 23 il ötür. Yəni yaxın dövrün hadisələri olduğuna görə, həmin dəhşətlər hələ də hamının yadındadır. 1992-ci il mayın 8-də Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilən, 289 kvadrat-kilometr ərazisi olan Şuşada həmin dövrdə 25 min nəfərədək əhali yaşayırdı. Mayın 8-nə keçən gecə erməni silahlı birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirmişdilər. Şəhərin intensiv artilleriya zərbələrinə tutulması səhər saat 6-dək davam etmiş, bundan sonra düşmənin 1000-ə yaxın əsgəri üç tərəfdən Şuşaya hücuma keçmişdi. Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılmışdır.

Həmin dəhşətli tarixdə  çox şey itirmişik. Təbii ki, ən tez itirdiyimiz   həmin günlərdə ölkəyə rəhbərlik edən insanlara olan inamımız idi. Şəhərin  işğalı nəticəsində  isə 480 günahsız vətəndaş qətlə yetirilmiş, 600 nəfər yaralanmış, 22 min insan öz yurdundan didərgin düşmüşdür. Müvafiq qurumların məlumatlarına əsasən qeyd edilir ki, əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilmişdir. Bu siyahıya Xan və Qaxal mağaraları, Şuşa qalası da daxil olmaqla, bütövlükdə 279 dini, tarixi və mədəni abidə aiddir.

Ermənilər Azərbaycana məxsus olan bir çox abidəni məhv etmiş və ya son on ildə erməniləşdirmişlər. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıtmışlar.

Əslində, bu işğalın təməli hələ  ötən əsrin səksəninci illərinin  ikinci yarısından— ulu öndər Heydər Əliyevin Moskvada tutduğu yüksək vəzifələrdən kənarlaşdırılmasından sonra qoyulmuşdu. Həmin tarixdən sonra Dağlıq Qarabağın işğalı planı hissə-hissə həyata keçirilməyə başlanmış və  Şuşa xəyanətin qurbanı olaraq 1992-ci il may ayının 8-də ermənilər tərəfindən işğal edilmişdir.  Sovet hakimiyyəti dövründə Dağlıq Qarabağ məsələsi bir neçə dəfə qaldırılsa da, ermənilər və onların himayədarları məqsədlərinə nail ola bilməmişdilər. Odur ki, onlar müəyyən tarixi məqam gözləməyə məcbur olmuş, XX əsrin 80-ci illərinin sonlarında SSRİ hökuməti, xüsusilə onun başında duranların Azərbaycan torpaqlarına açıq-aşkar təcavüz edən ermənilərə himayədarlıq etməsi üzündən hadisələr getdikcə daha da mürəkkəbləşmiş, Ermənistan Respublikası Azərbaycan ərazilərinə hərbi təcavüzə başlamışdır.

Bu təcavüzə xırda terrorla başlayan ermənilər 1989-cu il avqustun 13-də Şuşaya gələn su kəmərini partlatmış, ayın 17-də Əsgəranda Şuşa-Ağdam marşrutu üzrə işləyən avtobusa hücum etmiş, avqustun 28-də isə Şuşadan Bakıya, Ağdama və respublikanın digər rayonlarına gedən 9 avtobus və 1 yük maşını karvanı ermənilər tərəfindən atəşə tutulmuşdur. Həmin il oktyabrın axırı, noyabrın əvvəllərində isə Şuşa yaxınlığında Ağa körpüsünün ermənilər tərəfindən partladılması nəticəsində Şuşanın ətraf rayonlarla əlaqəsi kəsilmiş və şəhər blokada vəziyyətinə düşmüşdür.

Sonra bu terror, təxribat və xəyanət hadisələri intensivləşmiş, 1992-ci il mart ayının sonu, aprelin əvvəllərindən başlayaraq  Şuşa yaxınlığında ermənilərin zirehli texnikası, saysız-hesabsız canlı qüvvəsi toplanmışdı. May ayının 7-dən 8-nə keçən gecə Şuşa dörd tərəfdən “Qrad”, “Kristal” tipli raketlər, top, tank, PDM, ZDM, pulemyot və avtomatlarla güclü atəşə tutulmuş və bu, səhərə qədər davam etmişdi. Şəhər ayın 8-i axşama qədər müdafiə olunsa da, tank və zirehli maşınların köməyi ilə ermənilər əvvəl Şuşanı, sonra isə Kosalar və Şırlan kəndlərini ələ keçirdilər.

 Bütün sənədlərdə və mənbələrdə göstərildiyi kimi,  ən müasir texnika ilə başlanan hücumlar nəticəsində son tunc və ilk dəmir dövrü abidələri sayılan Şuşa və Şuşakənd daş qutu qəbirləri, Daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə aid Şuşa qalasının divarları, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansaray, Molla Pənah Vaqifin mədrəsəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacıquluların malikanəsi, ikimərtəbəli karvansaray, Mehmandarovların malikanə kompleksi, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri, Xan Şuşinskinin evi, Realni məktəbin binası, Qız məktəbi, Şirin su hamamı, Meydan bulağı, İsa bulağı və sair tarixi mədəniyyət nümunələri erməni işğalçıları tərəfindən talan edilmiş və ya dağıdılmışdır.

Ancaq dünya xali deyil. Tarixdə heç bir qəsbkar, işğalçı, zalım öz “qələbəsini” sonadək qoruyub saxlaya bilməmişdir. Ermənilərin də bu baxımdan elə bir şansı yoxdur. Əslində, onlar heç zaman Azərbaycanın hansısa ərazisini işğal etmək iqtidarında olmamışlar. Sadəcə, güclü himayədarlarının dəstəyi nəticəsində həmişə qonşu torpaqlarından faydalanmışlar. İndi isə başqa zamandır. İndi azərbaycanlıların güclü dövləti də var, qətiyyətli  lideri də, qüdrətli ordusu da.  Odur ki, düşmən tapdağında olan bütün torpaqlarımız kimi, Şuşanın da işğaldan azad ediləcəyi gün uzaqda deyil. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, bizim dövlət bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil. İnşallah!

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında