Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti çoxəsrlik dövlətçilik tariximizdə mühüm yer tutur. Bütün həyatını Azərbaycan xalqının və dövlətçiliyimizin taleyi ilə bağlayan, yüksək insani keyfiyyətlərə, dövləti idarə etmək bacarığına malik olan Heydər Əliyev bənzərsiz və müqayisə edilməz şəxsiyyət idi.
Ulu öndər xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz rol oynayıb. Dahi rəhbərin hakimiyyətdə olduğu dövrdə qazandığımız bütün nailiyyətlərin fövqündə məhz Heydər Əliyev fenomeni, qüdrəti, dühası və siyasi kursu dayanıb. Tariximizin ən çətin və keşməkeşli dönəmlərində Azərbaycan dövlətçiliyinin və xalqımızın nicatı, qurtuluşu və xoşbəxt gələcəyi naminə böyük siyasət meydanına atılan ulu öndərimiz Heydər Əliyevin adı və ideyaları əbədi yaşayacaqdır.
XX əsrin 70-ci illərindən etibarən Azərbaycanın siyasi həyatı və bütünlükdə cəmiyyətimiz Heydər Əliyevin titanik səyləri sayəsində yeni impuls, yeni inkişaf parametrləri kəsb edərək özünün intibah mərhələsinə qədəm qoymuşdur. O zamandan başlayaraq böyük tarixi mərhələdə Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyi, inkişafımızın təməl daşı olaraq qalmaqdadır. 2003-cü və 2008-ci illərdə ölkədə keçirilən prezident seçkilərinin nəticələri, ulu öndərin siyasi varisi cənab İlham Əliyevin inamlı qələbəsi, son səkkiz ildə həyata keçirilən siyasətin xalq tərəfindən qətiyyətlə dəstəklənməsi onu göstərir ki, tariximizin Heydər Əliyev mərhələsi davam edir və bundan sonra da hələ uzun müddət davam edəcəkdir. Tam qətiyyətlə demək olar ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr tariximizin mühüm, ən intensiv inkişaf mərhələsini təşkil edir. Bu mənada həmin dövrü tariximizin nəinki sürətli və hərtərəfli yüksəliş illəri, həm də yeni tarixi adlandırmaq olar. Məhz bu zaman kəsiyində Azərbaycan malik olduğu böyük intellektual və mənəvi potensialı, təbii resursları - bir sözlə, milli gücü cəmləyib ölkənin tərəqqisinin qüdrətli amilinə çevirmək imkanı qazanmış və bununla da öz tarixinin keyfiyyətcə yeni bir dövrünə qədəm qoymuşdur.
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyev bu gün cismən aramızda olmasa da, ulu öndərimizin ideyaları həmişə yaşayır və yaşayacaqdır. Təsadüfi deyil ki, ulu öndərimizin, görkəmli dövlət xadiminin Fəxri xiyabandakı məzarı xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilmişdir. Demək olar ki, bütün ilboyu insanlar buraya gəlir, xalqımızı, Azərbaycanı dünyaya tanıtmış, özü də dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi tanınmış ümumimilli liderin xatirəsinə ehtiramlarını ifadə edirlər.
Xarizma, yüksək nüfuz, təşkilatçılıq bacarığı müdriklik, yüksək intellektuallıq, milli-mənəvi dəyərlərin daim uca tutulması, novatorluq, qətiyyətlilik, prinsipiallıq və bu qəbildən olan digər kefiyyətlər həm də ümummilli liderimizin ölkəmizin inkişafında oynadığı rolu müəyyən edən əsas cəhətlər kimi çıxış edib. Fəaliyyəti ilə tarix yaradan bu dahi şəxsiyyət beynəlxalq siyasətdə də heyranlıqla qarşılanıb, daim böyük hörmət və ehtiramla anılıb. Bu mənada Azərbaycan xalqı özünü xoşbəxt saya bilər ki, kifayət qədər mürəkkəb və ziddiyyətlərlə dolu dövrdə Heydər Əliyev kimi xarizmatik lider ölkəmizə rəhbərlik etmişdir. Məhz bu dahi insanın yorulmaz fəaliyyəti, gərgin zəhməti sayəsində Azərbaycanın qazandığı nailiyyətlər ölkəmiz və xalqımız üçün etdikləri əsrlər keçsə də tarixi dəyərini itirməyəcəkdir. Heydər Əliyev siyasi-mənəvi irsi təkcə xalqımızın deyil, eyni zamanda, bəşəriyyətin zəngin xəzinəsinə çevrilmişdir.
XX əsrin ortalarında - 1969-cu ilin 14 iyulunda ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin ən qabarıq siyasi təzahürü sovet imperiyasının sərt ideoloji şəraitində azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlişinin, xalqın tarixi kökünə qayıdışı kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsi ilə bağlı olmuşdur. Ulu öndər respublikamızın üzləşdiyi problemləri ilk gündən düzgün müəyyənləşdirməklə onların həlli üçün lazımi iradə, qətiyyət və prinsipiallıq göstərmiş, o dövrün çatışmazlıqlarını açıq deməkdən çəkinməmişdir. Bu baxımdan Heydər Əliyevin Azərbaycan KP MK-nın 5 avqust 1969-cu il tarixli plenumdakı dərin məzmunlu, eyni zamanda, tənqidi ruhlu çıxışı sovet Azərbaycanını problemlər məngənəsindən dinamik inkişaf yoluna çıxaran pozitiv prosesin başlanğıcı kimi ehtiramla xatırlanır. Tarixi bir hadisə kimi yaddaşlara yazılan həmin plenumdan sonra respublikada nizam-intizamın bərpa edilməsi, iqtisadiyyatın dirçəldilməsi, təbii ehtiyatlardan, iqtisadi, təhsil, elm və mədəniyyət potensialından yüksək səviyyədə istifadə edilməsi, bütün bu sərvətlərdən xalqın bəhrələnməsi üçün əlverişli şərait yaradılmasına start verildi.
Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi ilə çağdaş tariximizin yeni mərhələsinin, Azərbaycanı müstəqil dövlət qurmağa doğru aparan böyük yolun başlanğıcı qoyuldu. Ulu öndərimiz milli ruhun dirçəlməsinə, Azərbaycan təhsilinin və mədəniyyətinin inkişafına nail olmaqla yanaşı, həm də ziyalıların, xalqın müxtəlif təbəqələrinin diqqətini tarixi və mədəni qaynaqlara yönəltdi. 70-80-ci illər Azərbaycan elmi və təhsili, ədəbiyyatı, musiqisi, memarlığı, incəsənəti və mədəniyyətinin, sözün əsl mənasında intibah dövrü idi.
Ümumiyyətlə, 1969-1982-ci illərdə Azərbaycanda humanitar və ictimai elm sahələrində böyük irəliləyişlər əldə edilmiş, dilimizin, tariximizin, folklorumuzun tədqiqi sahəsində uğurlu nəticələr qazanılmışdır. Sovet rejiminin qanunlarına baxmayaraq, respublikada böyük iqtisadi, elmi və ədəbi-mədəni potensialın yaradılması da məhz bu uzaqgörən siyasətin nəticəsidir. Tarixi zərurətin diktəsi, xalqın təkidli istəyi ilə 1993-cü ilin iyununda taleyüklü bir zamanda müstəqil Azərbaycanın rəhbərliyinə qayıdan, məsuliyyətli bir missiyanı çiyinlərinə götürməkdən çəkinməyən ulu öndər qısa zamanda dövlətçiliyin xilasına, ictimai-siyasi sabitliyin, qanunçuluğun, hüquq qaydalarının bərpasına, iqtisadi tənəzzülün qarşısının alınmasına nail olmaqla yanaşı, həmdə milli-mənəvi əxlaqi dəyərlərin deqredasiyası təhlükəsinin qarşısını almışdır. Bakıya qayıtdıqdan sonra ilk görüş yerlərindən biri kimi məhz Elmlər Akademiyasını seçən ümummilli lider humanitar və ictimai elmlərin yeni dövrün tələblərinə uyğunlaşdırılması, azərbaycançılıq ideologiyası, milli-mənəvi dəyərlərin qorunması ilə bağlı amillər qarşısında yeni tələblər müəyyənləşdirmişdir.
Azərbaycanın yeni tarixinin mühüm reallıqlarından biri də xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan sabitliyin ölkədə siyasi, iqtisadi, təhsil, səhiyyə və digər sahələrində dinamik inkişafında mühüm rol oynamasıdır. Qısa müddətdə sosial-iqtisadi sahədə möhtəşəm uğurların qazanılması, Azərbaycanın beynəlxalq arenada mövqelərinin güclənməsi və bu qəbildən olan digər amillər xalqla hakimiyyətin birliyini daha da möhkəmləndirib. Bu gün müstəqil siyasət yürüdən, dünya arenasında öz siyasi və iqtisadi çəkisinə görə önəmli rol oynayan Azərbaycan dövləti ümummilli liderimizin şah əsəri, xalqımıza yadigardır.
Xalqımız hər il öz dövlət müstəqilliyinin bərpasını möhtəşəm uğurlar fonunda təntənə ilə qeyd edir. Bu nailiyyətlər içərisində milli təhsilimizin sürətli inkişafı xüsusi vurğulanmalıdır. Ötən illər ərzində digər sahələrdə olduğu kimi, təhsil sektorunda böyük işlər görülüb. Minlərlə orta məktəb binası və əlavə tədris korpusu tikilib, bütün ali təhsil müəssisələrinin binaları əsaslı təmir olunub və yenidən qurulub. Ümumtəhsil məktəblərinin I-X sinifləri üçün müasir tələblərə cavab verən milli dərsliklər yaradılıb və pulsuz olaraq Azərbaycan şagirdlərinə çatdırılıb. Latın qrafikalı əlifbaya keçilməsi ilə əlaqədar qısa zamanda bütün məktəblər və kitabxanalar yeni əlifba ilə çap olunmuş dərslik və əlavə vəsaitlərlə təmin edilib. İnformasiya -kommunikasiya texnologiyalarının təhsilə tətbiqi böyük vüsət alıb.
Heydər Əliyevin ideyaları, təməlini qoyduğu nəhəng quruculuq işləri ondan sonra ulu öndərin layiqli davamçısı, yeni təfəkkürlü siyasətçi, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla həyata keçirilir.
Bu mənada Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-2015-ci illər çağdaş təhsilimizin tarixində vüsətli inkişaf, bütün sahələrdə islahatların daha da dərinləşməsi, ölkənin, o cümlədən də təhsilin elmi əsaslara söykənən dövlət proqramları vasitəsilə idarə olunması dövrü kimi xarakterizə olunur.
Prezident İlham Əliyev hər bir ölkənin, dövlətin bugününün və gələcəyinin onun intellektual potensialından asılı olduğunu önə çəkərək deyib: “İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salaraq görürük ki, o ölkələr inkişaf edir ki, orada elmi-texniki tərəqqi sürətlə inkişaf edir, orada təhsilə, elmə, intellektual məhsulların yaradılmasına böyük investisiyalar qoyulur. Azərbaycan bu yolu seçibdir. Biz gələcəyə çox böyük ümidlərlə baxırıq. Çünki bilirik ki, Azərbaycanın gələcəyi bugünkündən də gözəl olacaqdır”.
Son illər təhsil tarixində ilk dəfə olaraq 16 inkişafyönümlü dövlət proqramı təsdiq olunub və uğurla həyata keçirilməkdədir. Bu proqramların reallaşdırılması nəticəsində tədris müəssisələrinin fəaliyyətinin yüksək standartlar səviyyəsinə yüksəlməsi, infrastrukturun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, yeni dərslik siyasətinin reallaşdırılması üzrə yeni model və mexanizmlərin tətbiqi, əmək bazarının tələbatına uyğun kadr hazırlığı və təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi və təhsil sisteminin informasiyalaşdırılması, məktəbəqədər, texniki-peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili və digər istiqamətlərdə əhəmiyyətli nailiyyətlər əldə olunub. Prezidentin təhsil sahəsinə diqqəti ardıcıl və müntəzəm xarakter daşıyır. “Təhsil haqqında” Qanunun qəbul edilməsi, təhsil sistemində islahatların daha sürətlə davam etdirilməsi, ən mütərəqqi texnologiyaların tətbiqi, müəllimlərin əmək haqlarının müntəzəm olaraq artırılması, onların pedaqoji biliyinin yüksəlməsi bu sahənin dünya səviyyəsinə yüksəlməsinə imkan verib.
Ulu öndər bütün mənalı həyatını xalqına həsr etmişdi, Azərbaycan üçün yaşamışdı, öz ideyaları, amalları, idarəçilik və diplomatik təcrübəsi ilə mükəmməl bir elmi-siyasi məktəb yaratmışdı. Bu gün Azərbaycanın milli ideologiyasını, iqtisadi-siyasi gerçəkliyini, mədəni həyatını özündə əks etdirən və möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasi kurs da bu məktəbdən qidalanır, gücünü, qüvvətini Heydər Əliyevin amallarından alır. Odur ki, məhz bu siyasi kurs müstəqil Azərbaycanı xoşbəxt gələcəyə inamla aparmağa qadirdir.
Nadir AĞAYEV,
Abşeron Rayon Təhsil
Şöbəsinin müdiri, Əməkdar müəllim
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.