Heydər Əliyev Azərbaycanın inkişaf konsepsiyasının müəllifidir

Azərbaycanın şanlı tarixinin otuz ildən artıq bir dövrü xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Yaxın keçmişimizə—Azərbaycanın sovetlər birliyinin tərkibində olduğu XX əsrin ortalarına nəzər salarkən Heydər Əliyevin xalqımızın, respublikamızın taleyüklü məsələlərinin həlli üçün göstərdiyi misilsiz xidmətlər göz önünə gəlir. Məlum olduğu kimi, XX əsrin ortalarında Azərbaycan keçmiş SSRİ-nin ən geridə qalan aqrar respublikalarından biri idi. Sənaye cəhətdən zəif inkişaf etmiş Azərbaycanda məhsuldar qüvvələrin yerləşdirilməsi, respublikanın potensialından səmərəli istifadə olunması və digər sahələrdə çox ciddi problemlər hökm sürürdü. Azərbaycanın zəngin yeraltı sərvəti sayılan neft isə yalnız mərkəzi hakimiyyətin sərəncamında idi.

 Həmin dövrdə Azərbaycanda xalq təsərrüfatının bütün sahələrində müşahidə olunan böhran və tənəzzül mərkəzi hakimiyyəti də qane etmirdi. Nəhayət, 1969-cu ilin yayında SSRİ rəhbərliyi Azərbaycanın taleyini həmin ana qədər çalışdığı bütün rəhbər vəzifələrdə özünü ən yaxşı tərəfdən göstərməyi bacarmış Heydər Əliyevə etibar etməyi qərara aldı. Vətəninə, xalqına hədsiz məhəbbəti olan bu təcrübəli siyasət adamı Azərbaycan Kommunist Partiyasının  Mərkəzi Komitəsinə rəhbərlik etməyə başladığı ilk günlərdən etibarən  respublikada uğurlu kadr siyasəti apardı, istehsalatda ciddi əmək intizamını bərpa etdi. Ümummilli liderin rəhbərliyi ilə Azərbaycanın uzunmüddətli inkişaf konsepsiyası işlənib hazırlandı. Kadrların düzgün seçilib yerləşdirilməsi, xalq təsərrüfatının bütün sahələrinin kompleks şəkildə inkişafına nail olunması sayəsində  həyata keçirilən tədbirlər müsbət nəticələr verməyə başladı. Beləliklə, Heydər Əliyev Azərbaycanı geridə qalmış və yalnız xammal mənbəyi sayılan aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevirməyə müvəffəq oldu. Adı heç yerdə çəkilməyən Azərbaycanı qısa müddətdə sovet respublikaları arasında ön sıralara çıxarmağa, ən sürətlə inkişaf edən bir respublikaya çevirməyi bacaran ümummilli lider mərkəzi hökumətdən İttifaq əhəmiyyətli bir sıra iri sənaye obyektlərinin Bakıda, eləcə də digər şəhərlərimizdə tikintisinə icazə aldı.  Ulu öndərin gərgin əməyi nəticəsində 1969-1982-ci illərdə Azərbaycanda iqtisadi inkişafın təməli qoyuldu, xalq təsərrüfatının bütün sahələrinin ahəngdar işi təmin olundu. Bu, Heydər Əliyevin bacarıqlı rəhbər, peşəkar siyasətçi olmaqla yanaşı, həm də respublikanın xalq təsərrüfatına dərindən bələd olmasının əyani təcəssümü idi.  Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatlar sayəsində Azərbaycan aqrar respublikasından sənaye-aqrar respublikasına çevrildi. Azərbaycanda aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində  bir neçə il ərzində yeni yaşayış massivləri, binalar, məktəblər, sənaye müəssisələri tikildi, yollar salındı. Respublikamızda savadlı kadrların yetişdirilməsi, gənclərin elmin və təhsilin əsaslarına yiyələnmələri üçün Heydər Əliyevin gərgin səyi nəticəsində on minlərlə azərbaycanlının keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almaları təmin edildi.  Bütövlükdə isə ulu öndərin 14 illik fəaliyyəti ərzində Azərbaycanda həyatın bütün sahələrində yüksək  inkişaf, tərəqqi baş verdi. İqtisadiyyatın, elm və incəsənətin, səhiyyə sahələrinin sürətli inkişafı, xalqın həyat səviyyəsinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər  Azərbaycanı keçmiş müttəfiq respublikalar sırasında öncül yerlərə çıxarmışdır. Həmin illərdə respublikanın milli gəliri 2,5 dəfə, sənaye istehsalının həcmi 2,7 dəfə, kənd təsərrüfatı məhsullarının ümumi həcmi isə 2,7 dəfə artmışdır. İqtisadiyyatın inkişafına əsaslı vəsait qoyuluşunun həcmi ötən 50 ilin səviyyəsini xeyli ötmüşdür.  Yeri gəlmişkən, ötən əsrin 70-80-ci illərində Azərbaycanın iqtisadi sahədə qazandığı nailiyyətlər siyasi müstəqillik yolunda mühüm təməli hesab oluna bilər. Təsadüfi deyil ki, ulu öndər çox-çox sonralar o illəri xatırlayarkən demişdir: “1970-ci illərdə görülən işlər, yaradılan bu böyük iqtisadiyyat, sənaye potensialı və neft sənayesi sahəsində görülən işlər, yaranmış potensial Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsasıdır. Bu gün bəyan etmək istəyirəm ki, o illərdə bu işləri görərkən mən məhz Azərbaycanın gələcəyini, bugünkü müstəqilliyini düşünürdüm. O işləri görərkən mən əmin idim ki, onlar Azərbaycanın sərbəst, müstəqil yaşaması üçün əsas yaradır”.

Ötən yüzilliyin sonlarına yaxın Azərbaycanın ikinci dəfə dövlət müstəqilliyi qazanması respublikamızın milli-ideoloji əsaslarını, suveren dövlətçilik institutlarını yaratmaq və onu həyata keçirmək zərurətini yaradırdı.  Bununla belə, müstəqilliyin ilk illərində səriştəsiz, naşı adamların respublikamıza rəhbərlik etdikləri bir şəraitdə bütün bunları həyata keçirmək mümkün deyildi. Yalnız ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra dövlət müstəqilliyinin qorunub saxlanılmasına, müstəqil dövlət quruluşu və  dövlət atributlarının yaradılmasına, ölkənin ərazi bütövlüyünün, tam suverenliyinin təmin edilməsinə, vətəndaşların rifahının yaxşılaşdırılmasına nail olundu.  Ulu öndərin hakimiyyətə gəlişi ilə öz həqiqi dövlət müstəqilliyinə qovuşmuş Azərbaycanın inkişaf strategiyası müəyyən edildi. Bu strateji konsepsiya ölkəmizin potensial imkanları, milli mənafeləri, qlobal iqtisadi meyillər, geosiyasi reallıqlar və bu qəbildən olan digər vacib amillər nəzərə alınmaqla hazırlandı.

Heydər Əliyev, ilk növbədə, çoxmülkiyyətli bazar iqtisadiyyatının başlıca tələblərinin təmin olunması istiqamətində siyasi iradə nümayiş etdirdi, iqtisadi transformasiyanın qanunauyğunluqlarını nəzərə alaraq əsaslı islahatlara start verdi. Ulu öndər Azərbaycanın milli inkişaf doktrinasını hazırlamaqla respublikamızın uzunömürlü tərəqqisi üçün möhkəm baza yaratdı. Müstəqil Azərbaycanın yüksək inkişaf mərhələsinə çıxmasında, milli-iqtisadi təhlükəsizliyinin möhkəmlənməsində və zəngin iqtisadiyyata malik olmasında neft amilinin müstəsna rolunu nəzərə alan Heydər Əliyev ölkəmizin karbohidrogen ehtiyatlarının işlənilməsi və nəqli məqsədilə mükəmməl neft strategiyası işləyib hazırladı.  1994-cü il sentyabr ayının 20-də Bakıda dünyanın transmilli neft şirkətləri ilə  “Əsrin müqaviləsi” imzalandı. Bununla da, Azərbaycanda yeni neft erasının təməli qoyuldu. Yeri gəlmişkən, ulu öndərin atdığı qətiyyətli addım respublikanın bütün iqtisadiyyatının inkişafına təkan verdi. “Əsrin müqaviləsi” ölkənin neft-qaz sənayesinin dirçəldilməsi və Azərbaycanın gələcək rifahının başlanğıcı olmaqla respublikanın enerji sektorunun inkişafına, iqtisadiyyatın qeyri-neft sahəsinin fəal artımına gətirib çıxardı. Həm də bu saziş dünyanın aparıcı dövlət və şirkətlərini bir daha əmin etdi ki, Azərbaycan müstəqil və etibarlı tərəfdaşdır. “Əsrin müqaviləsi” bütün dünya dövlətlərinin Azərbaycana inamını artırdı və bir qədər sonra dünyanın ən böyük və tanınmış neft şirkətlərinin ölkəmizə axınına şərait yarandı. Bununla da, Azərbaycan öz qapılarını xarici sərmayələr üçün  açdı. Müqavilənin imzalanması Azərbaycan iqtisadiyyatının digər sahələrinə də xarici sərmayələrin qoyuluşunda həlledici rol oynadı. “Əsrin müqaviləsi”nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlandı.  İlkin neft layihəsi çərçivəsində “Çıraq-1" özülü Qərb standartlarına uyğun olaraq bərpa olundu. 1997-ci ilin noyabr ayında ”Çıraq" yatağından ilkin neftin hasilatına başlanıldı. 1998-ci ildə “Əsrin müqaviləsi” çərçivəsində hasil edilən ilk neftin Bakı-Novorossiysk kəməri ilə ixracına start verildi, bir il sonra isə Bakı-Supsa kəməri istifadəyə verildi. 1999-cu ilin dekabrında Azərbaycanın mənfəət nefti ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı.

 Heydər Əliyev neft strategiyasının əsas istiqamətlərindən biri kimi Azərbaycan neftinin dünya bazarlarına alternativ marşrutlarla nəqlini vacib hesab edirdi. Məhz ulu öndərin əzmkarlığı və qətiyyəti sayəsində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsi həyata vəsiqə aldı. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı və iyulun 4-də neftlə yüklənmiş ilk tanker buradan yola salındı. İyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Bu nəhəng enerji dəhlizi dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin, dünya xalqları ilə Azərbaycan xalqının əlaqələrinin yenidən qurulmasına təkan verdi, ölkəmizin xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə səbəb oldu.

Liberal bazar iqtisadiyyatının bütün komponentlərini həyata keçirməyi islahatların başlıca hədəflərinə çevirən Azərbaycan hökuməti ölkədə bir sıra zəruri islahatlar, çevik pul-kredit siyasəti həyata keçirməyə başladı. Bütün bunlarla yanaşı, ölkədə siyasi sabitlik bərqərar edildi, 1994-cü ildən başlayan bərpa və dinamik inkişaf dövrünün tələblərinə uyğun qətiyyətli addımlar atdı. Bazar iqtisadiyyatının əsas tələblərindən biri kimi ölkədə torpaq islahatı həyata keçirildi, dövlət mülkiyyətinin özəlləşdirilməsinə başlanıldı. Bununla da, Azərbaycan bazar iqtisadiyyatına keçidi iqtisadi strategiyanın başlıca hədəfinə çevirdi. Ümummilli lider Heydər Əliyevin onillik prezidentliyi dövründə Azərbaycanda köklü dəyişikliklərə nail olundu, daxili və xarici siyasətin bir çox istiqamətlərində əhəmiyyətli uğurlar qazanıldı. Beləliklə də, Azərbaycan dövləti uzunmüddətli yaşamaq qabiliyyətini, cəmiyyət isə tarixi prosesin növbəti mərhələsində iştirak etməyə hazır olduğunu nümayiş etdirdi.

Ulu öndərin rəhbərliyi ilə Azərbaycan 1993-cü ildən sonrakı on il ərzində böyük və şərəfli yol keçdi. 1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi yaddaşlarda və tarixdə qaldı. Bu illər ərzində dövlətçiliyin əsasları qoyuldu. Azərbaycan dünya birliyinə özünü təqdim etdi. Ölkəmizin beynəlxalq əlaqələri xeyli genişləndi. Dünya xəritəsində Azərbaycan özünə layiq yer tutdu. Nəhəng sosial və iqtisadi islahatlar uğurla aparıldı. Azərbaycan bir neçə beynəlxalq təşkilata üzv oldu. Ölkəmizə böyük həcmdə investisiyalar cəlb edildi.

Azərbaycanın Heydər Əliyev tərəfindən təməli qoyulan dövlət müstəqilliyinin möhkəmlənməsinə xidmət edən siyasi və iqtisadi inkişaf konsepsiyası ondan sonrakı illərdə ulu öndərin ən layiqli davamçısı cənab İlham Əliyev tərəfindən yeni geosiyasi şəraitdə, dünya iqtisadiyyatında baş verən kataklizmlər nəzərə alınmaqla yeni ideyalarla zənginləşdirilmiş və böyük bacarıqla tətbiq edilmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, Prezident İlham Əliyev ulu öndərin müdrik ideyalarını rəhbər tutaraq ölkəyə rəhbərlik etdiyi ötən 12 ilə yaxın dövr ərzində Azərbaycan iqtisadiyyatını üç dəfə artıra bilmiş, ölkəmizi dayanıqlı və sabit inkişaf edən, öz  çoxşaxəli iqtisadiyyatını yaratmış, vaxtilə xarici investisiyalardan asılı olduğu halda, xaricdə investisiya qoymaq imkanı olan bir dövlətə çevirmişdir. Bir sözlə, Azərbaycanda ən müasir texnologiyaları tətbiq etməklə ölkənin gələcək inkişafını sürətləndirən çox böyük potensial yaradılmışdır. Hazırda ölkəmiz həmin potensial əsasında yüksək sürətlə inkişaf edir, öz gələcək taleyini müəyyənləşdirir.  Azərbaycan belə bir möhkəm zəmin əsasında bu gün də inkişaf edir. Daim Vətənimizin, xalqımızın gələcəyini düşünən ümummilli liderin əvəzsiz xidmətlərindən biri də onun zamanı qabaqlayan parlaq siyasi zəkası və böyük uzaqgörənliyi sayəsində Azərbaycanı uğurla idarə edən xarizmatik lider yetişdirməsi oldu. Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 12 ilə yaxın bir dövr ərzində ictimai-siyasi həyatın bütün sahələrində böyük uğurlar əldə olunmuş, xalq və dövlət üçün taleyüklü layihələr həyata keçirilmişdir. Azərbaycanın iqtisadi və hərbi potensialı güclənmiş və əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Odur ki, Azərbaycan iqtisadi inkişaf sürətinə görə son illərdə dünyanın lider dövlətləri sırasında addımlayır.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbuledilən reallıqdır. Bu reallığı təsdiq edən bir çox amilləri sadalamaq mümkündür. Bu sırada Prezident İlham Əliyevin iştirak etdiyi, o cümlədən, Bakıda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər gənc Azərbaycan dövlətinin dünyada artan nüfuzunu təsdiq edən mühüm amillərdir. Azərbaycan artıq müxtəlif xarakterli—siyasi, idman, səhiyyə, iqtisadi və sair tədbirlərin keçirildiyi məkana çevrilib. Ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə mərkəzlərdən biri olmasını bütün dünya qəbul edir. Bütün bunlar ölkəmizin artan nüfuzundan xəbər verir.

Göründüyü kimi, keçdiyimiz qısa tarixi dövr sübut edir ki, Heydər Əliyev ideyalarının reallaşdırılması üçün göstərilən səylər öz bəhrəsini verir. Vaxtilə ulu öndərin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət müstəqilliyimizin möhkəmləndirilməsinə, dövlətimizin və xalqımızın tərəqqisinə xidmət edir.

Vüqar SƏRDAROV


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında