Heydər Əliyev ideyaları ilə Azərbaycanın işıqlı gələcəyi naminə

Azərbaycanın tarixində Heydər Əliyev qədər dərin iz buraxan, ölkəmizin taleyində həlledici rol oynayan ikinci belə şəxsiyyətə təsadüf edilmir. Bütün ömrünü doğma Vətəninin xoşbəxtliyinə həsr edən, Azərbaycana sonsuz məhəbbət bəsləyən dahi öndərə xalqımızın sevgisi sonsuzdur və yalnız onu özünün ümummilli lideri kimi qəbul edir.

Azərbaycanın müasir tarixinin böyük bir qərinəsi bilavasitə Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Müstəqilliyimizin qorunub saxlanması və möhkəmlənməsində, azərbaycançılıq ideyasının, milli həmrəyliyin, Azərbaycanın inkişaf modelinin formalaşmasında, ölkəmizin dünyaya inteqrasiyasında onun xidmətləri misilsizdir.

Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, Azərbaycan dəmir yolu da texniki tərəqqi və hərtərəfli inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu sahə ümummilli liderin qayğı və diqqəti sayəsində əsasən keçən əsrin 70-80-ci illərində özünün inkişaf mərhələsini yaşamışdır. Azərbaycan dəmir yolu infrastrukturuna daxil olan mühüm obyektlərin böyük əksəriyyəti məhz həmin dövrdə yaradılmışdır.

Ulu öndərin diqqət və qayğısının nəticəsi olaraq dəmir yolunda baş verən yenilikləri sadalamaqla qurtarmaz. Təkcə onu demək kifayətdir ki, dahi şəxsiyyətin ölkəyə rəhbərliyi dövründə dəmir yolunda 14300 yeni texniki metod tətbiq edilmiş və bu, dəmir yolunun bütün sahələrini əhatə etmişdir. Dahi şəxsiyyətin  respublikaya ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə, istərsə də keçmiş SSRİ hökumətində yüksək vəzifə tutduğu 1983-1987-ci illərdə Azərbaycan dəmir yolu müasir texniki maşın-mexanizmlərlə və avadanlıqlarla təchiz olunmuşdur. 1980-ci ildə ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Şirvan çeşidləmə stansiyasının tikintisi aparılmış və uzunluğu 160 kilometr olan Yevlax-Balakən dəmir yolu xəttinin inşasına başlanılmışdır. Xəttin çəkilişi zamanı burada yeni stansiyalar, yaşayış evləri, uşaq bağçaları, məktəblər tikilmişdir. Həmin yol 1985-ci ildə istifadəyə verildikdən sonra respublikamızda yükdaşımaların həcmi 80-90 milyon tona çatmışdır.

Həmin illərdə yüzlərlə ən yaxşı dəmiryolçu orden və medallarla təltif edilmişdir ki, bu da ümummilli lider tərəfindən dəmir yoluna və dəmiryolçulara göstərilən böyük qayğı və diqqətin təzahürü idi. Bundan başqa, digər sahələrdə olduğu kimi, dəmir yolunda da rəhbər vəzifələrdə çalışan şəxslərin böyük əksəriyyəti məhz böyük siyasi xadim Heydər Əliyevin təşəbbüsü ilə 1970-1987-ci illərdə xaricdə təhsil almış mütəxəssislərdir.

XX əsrin 90-cı illərinin əvvəllərində Sovetlər İttifaqı dağıldıqdan sonra iqtisadiyyatın digər sahələri kimi, dəmir yolu da tənəzzülə uğradı. Lakin ulu öndərin xalqın istək və təkidilə yenidən ölkə rəhbərliyinə qayıdışı ölkənin polad şəbəkəsində canlanma yaratdı, sözügedən sistem  dirçəliş dövrünə qədəm qoydu. Dəmir yolunun idarəetmə strukturları dəyişdirildi, xidmət və şöbələrin bazasında müstəqil fəaliyyət göstərən istehsalat birlikləri, müəssisə və təşkilatlar yaradıldı. Sürətli iqtisadi islahatlar aparıldı. Dəmir yolunun idarəetmə strukturları dəyişdirilərək xidmət və şöbələrin bazasında müstəqil  idarə edilən  istehsalat birlikləri, müəssisə və təşkilatlar yaradıldı.

Sonrakı illər ərzində də ölkə nəqliyyat sisteminin əsas sahələrindən biri olan dəmir yolunun inkişafı üçün Azərbaycan  Prezidenti cənab İlham Əliyev  tərəfindən mühüm qərarlar qəbul olunmuş, sərəncamlar imzalanmışdır. Bununla da dəmir yolunun tarixində yeni bir dönəm başlamışdır. Möhtərəm dövlət başçımızın  6 iyul 2010-cu ildə imzaladığı “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam bu sahənin inkişafını daha da sürətləndirmişdir. Adıçəkilən proqramın reallaşdırılması ilə Azərbaycanın tranzit potensialının artırılması, dəmir yolu nəqliyyatında xidmətlərin səviyyəsinin yüksəldilməsi, sərnişin və yük daşımalarında nəqliyyat xərclərinin azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli fəaliyyətinin təmin edilməsi ilə bağlı uğurlu nəticələr əldə olunmuşdur.

Xatırladım ki, hazırda vaqon və lokomotiv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, Bakı - Böyük Kəsik istiqamətində sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələrin icrası istiqamətində mühüm addımlar atılır.

Bu gün Azərbaycanın dəmir yolları məhz ölkə iqtisadiyyatının inkişaf tempinə uyğun olaraq genişlənir və ən nəhayət, XX əsrin sonlarında müəyyən edilmiş düzgün siyasi kursun nəticəsində respublikamızın polad magistralı Avropanı Asiya ilə birləşdirən körpüyə çevrilir. Ölkəmiz Bakı-Tbilisi-Qars və Şimal-Cənub beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində fəal iştirak edir.

Azərbaycan Avropa və Asiya ölkələri ilə yeni ticari-iqtisadi münasibətlər yaradaraq, əsası 1993-cü ildə qoyulan TRASEKA Proqramında uğurla fəaliyyət göstərir. Bu sahə Böyük İpək Yolunun Bakıdan Böyük-Kəsik stansiyasına qədər məsafəni və daha sonra üçüncü dövlətlərə çıxışı əhatə edir.

Burada bir məqamı da qeyd etmək istərdim. Azərbaycan son illər ərzində bir çox beynəlxalq və regional tədbirlərin arenasına çevrilib. Paytaxtımız bu yaxınlarda birinci Avropa Oyunları kimi mötəbər bir tədbirə ev sahibliyi edəcək. Sözügedən sahədə Azərbaycanın bütün müvafiq qurumlarının üzərinə məsuliyyət düşür.

Dəmir yolunda sərnişindaşımada keyfiyyətin yüksəldilməsi də bu baxımdan xüsusi önəm daşıyır. Turistlərin dəmir yolu biletini daha asan əldə etmələri üçün elektron bilet satışı xidmətlərinin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır.  Elə buna görə də dəmir yolu nəqliyyatında xidmət səviyyəsinin yaxşılaşdırılması, sərnişinlərə göstərilən xidmətlərin ən müasir standartlara cavab verməsi üçün bütün istiqamətlərə hərəkət edən sərnişin qatarlarına bilet satışı elektronlaşdırılaraq “onlayn” vasitəsilə təmin edilib. Respublika ərazisində bilet satışı kassalarda tam kompyuterləşdirilib, sərnişinlərin rahat və maneəsiz bilet əldə etmələri üçün bütün lazımi tədbirlər görülüb. “Qaynar xətt” şəbəkəsi yaradılıb, elektron ünvanlar müəyyən edilib. Eyni zamanda, sərnişin təsərrüfatına aid bütün məlumatlar saytda yerləşdirilib. Bundan başqa, Bakı sərnişin stansiyasının kassalarında post terminal aparatları da quraşdırılıb. Digər bilet kassalarında da post terminal aparatlarının quraşdırılması istiqamətində işlər aparılır. Bakı sərnişin stansiyasında və digər bilet satışı aparan kassalarda respublika daxili bilet satışının hər iki istiqamətə (gediş və gəliş), 2 nömrəli bilet kassasında isə Rusiya və Ukrayna dövlətlərinin ərazisində hərəkət edən sərnişin qatarlarına və geriyə bilet satışının təşkili təmin olunub.

Yeri gəlmişkən, bir məqamı da xüsusilə nəzərə çatdırmaq istərdim. Bu da yarışlarla bağlı ölkəmizə çoxsaylı qonaqların gələcəyinin nəzərə alınaraq  dəmir yolu stansiyalarında məlumatların xarici dillərdə oxunması ilə bağlıdır. Qeyd edim ki,  artıq Bakı və Sumqayıt sərnişin stansiyalarında, eyni zamanda, Gəncə vağzalında səsli məlumatların yayılması üçün hazırlıq işləri başa çatdırılıb. Birinci Avropa Oyunlarının keçiriləcəyi müddətdə həmin məlumatların Azərbaycan, rus və ingilis dillərində səsləndirilməsi reallaşdırılacaq. 

Azərbaycana gələn qonaqların dəmir yolunun xidmətlərindən də istifadə edəcəyi, ölkəmizin səfalı guşələrinə səfərlər təşkil olunacağı nəzərdə tutulur. Bununla əlaqədar  qatarlarda xidmətin daha da yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirilir.  Belə ki, beynəlxalq sərnişin qatarlarında çalışan heyətlər, təlimatçılar və digər əlaqədar işçilər sərhəd-keçid məntəqələrində prosedur qaydaları ilə bağlı mütəmadi olaraq təlimatlandırılırlar. Birinci Avropa Oyunlarının keçiriləcəyi dövrdə onlar gücləndirilmiş iş rejimində çalışacaq və bu işlərə ingilis dilini bilən əməkdaşlar da cəlb olunacaqlar.

Hazırda Azərbaycanın dəmiryolu sistemində bir canlanma nəzərə çarpır. Bu, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti rəhbərliyində edilən dəyişikliklə bağlıdır. Cənab Cavid Qurbanovun səhmdar cəmiyyətə sədr təyin edilməsi ilə “Azərbaycan Dəmir Yolları”nda həyata keçirilən islahatlar daha da sürətlənmiş, qarşıda duran vəzifələrin uğurlu icrası üçün qüvvələr səfərbər edilmişdir. Bir sözlə, dəmiryolu sistemində yeni dönəm başlamışdır. Bu, tranzit daşımaların mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasına, “Azərbaycan Dəmir Yolları” QSC-nin investisiya layihələrində aktiv iştirakına, dəmir yolu infrastrukturunun, texniki vasitələrin müasirləşdirilməsinə, şübhəsiz ki, öz müsbət təsirini göstərəcəkdir.

Burada bir yeniliyi də xatırlatmağı zəruri sayıram. Bu gün Bakı-Sumqayıt dəmir yolu xəttində yenidənqurma tədbirləri sürətlə həyata keçirilir. İşlər başa çatdıqdan sonra sözügedən istiqamətdə insanların gediş-gəlişi asanlaşacaq. Artıq Sumqayıt dəmir yolu vağzalının yeni eskizi də hazırdır.

Sonda  əminliklə qeyd etmək istərdim ki, dəmiryolçular əldə olunan uğurları  bundan sonra da artıracaq, dövlətin və hökumətin irəli sürdüyü vəzifələrin uğurla yerinə yetirilməsi üçün bütün imkanlardan səmərəli istifadə edəcək,  göstərilən etimadı əməli işlərlə doğruldacaqlar. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası nəticəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları arasında özünün layiqli yerini tutacaq.

Xeyrulla HÜMBƏTOV,
Yeni Azərbaycan Partiyası
“Azərbaycan Dəmir Yolları”
Qapalı Səhmdar Cəmiyyəti
ərazi ilk partiya təşkilatının sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında