Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqil enerji sisteminin yaradıcısıdır

Azərbaycanın müasir, hüquqi və dünyəvi dövlət kimi formalaşmasında, vətəndaş cəmiyyətinin yaradılmasında, elmin, təhsilin, mədəniyyətin tərəqqisində,iqtisadiyyatımızın inkişafında, beynəlxalq əlaqələrin, Avropa və dünya ölkələri ilə münasibətlərin qurulmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri vardır.

Azərbaycanın dünya miqyasında neft-qaz  ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə əməkdaşlığı, neft sənayesinin müasir tələblərə uyğun infrastrukturunun yaranması ümummilli liderimizin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyinin məntiqi nəticəsidir. 

1969-cu ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişindən sonra respublikanın sosial-iqtisadi həyatının mühüm sahələrindən biri olan energetika sektorunun sürətli inkişafını təmin etmək məqsədi ilə təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, bir çox irimiqyaslı layihələr reallaşdırılmışdır.

Azərbaycanın müstəqil enerji sisteminin formalaşması, bu kontekstdə enerji təhlükəsizliyinin daha etibarlı vəziyyətə gəlməsi bilavasitə xalqımızın böyük oğlu Heydər Əliyevin adı ilə bağlıdır. Bunun real isbatı üçün təkcə bir faktı qeyd etmək kifayətdir ki, məhz ümummilli liderin şəxsi təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 30 il ərzində Azərbaycanın energetika sistemində 3500 meqavata yaxın generasiya gücləri, 70 min kilometrə yaxın elektrik ötürücü xətlər istifadəyə verilmiş, enerji sisteminin real imkanları iki dəfədən çox artmışdır.

Burada bir fakta da nəzər salmaq istərdim. Ötən əsrin 70-80-ci illərində  dinamik inkişafda olan Azərbaycan iqtisadiyyatının durmadan artan tələbatı ölkəmizi qonşu respublikalardan 2,9-3,5 milyard kilovat-saat elektrik enerjisi idxal etmək məcburiyyətində qoyurdu. Bu çatışmazlığı aradan qaldırmaq üçün tez bir zamanda Şəmkir SES və “Azərbaycan” DRES-in inşasına başlamaq qərara alındı. Bununla da Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyuldu. 

“Azərbaycan” DRES-in birinci enerji blokunun işə salınması ölkəmizdə əlamətdar hadisəyə çevrildi. Ümummilli liderimizin bu münasibətlə 1981-ci il oktyabrın 20-də Mingəçevir şəhərinə gəlişi, stansiyanın vəziyyəti ilə tanış olaraq energetiklərə və inşaatçılara öz dəyərli tövsiyələrini verməsi həmin tarixi təqvimi Azərbaycan energetiklərinin peşə bayramı günü kimi müəyyənləşdirmişdir. Yeri gəlmişkən, ulu öndərin dəstəyi ilə respublikamızda reallaşan nəhəng iqtisadi layihələr sırasında xüsusi yeri olan “Azərbaycan” DRES Cənubi Qafqazda ən iri elektrik stansiyasıdır.

Dahi rəhbər  Heydər Əliyevin ən böyük xidmətlərindən biri də respublikamızın enerji təhlükəsizliyi məsələsinin həllinə hələ ölkəyə birinci rəhbərliyi dövründə nail olmasıdır. Bu nailiyyət Azərbaycanın dövlət müstəqilliyinin elan edildiyi çətin və mürəkkəb siyasi şəraitdə respublikamızı regionda xüsusi maraqları olan xarici dövlətlərin enerji təhdidlərindən qorumuşdur. Məhz bunun nəticəsidir ki, ötən əsrin 90-cı illərinin sonlarında elektrik enerjisi istehsalı 23,4 milyard kilovat-saata çatdırılmış, istehlak isə 21,7 milyard kilovat-saata yaxın olmuş, 1,7 milyard kilovat-saat elektrik enerjisi ixrac edilmişdir. Adambaşına düşən elektrik enerjisi isə 3300 kilovat-saatdan artıq olmuşdur.

SSRİ-nin süqutu elektrik energetikası sisteminə də təsirsiz ötüşməmişdir. Yaranmış siyasi və iqtisadi böhran nəticəsində elektrik enerjisi istehsalında böyuk problemlər yaranmışdır. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində tikilmiş “Azərbaycan” İES olmasaydı, respublikanın, o cümlədən paytaxt Bakının enerji təchizatında ciddi problemlər yaşana bilərdi.

Faktlar göstərir ki,  Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə elektrik enerjisi sisteminin inkişafını prioritet məsələlər sırasında aid edərək sözügedən istiqamətdə böyük işlər görmüşdür. Bu mənada təsadüfi deyil ki, elektrik enerjisi sisteminin əsas inkişaf mərhələsi öz başlanğıcını Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdən götürür.  Məhz həmin vaxtdan başlayaraq, respublikada bu sistemin sürətli inkişafını təmin etmək məqsədilə bir sıra irimiqyaslı layihələrin reallaşdırılmasına start verilmişdir. Həmin layihələr öz növbəsində Azərbaycanın elektrik enerjisinə olan tələbatının yerli imkanlar hesabına ödənilməsinə gətirib çıxarmışdır. Bir-birinin ardınca yeni elektrik stansiyalarının, yüksək gərginlikli elektrik verilişi xətlərinin və yarımstansiyaların inşa edilib istifadəyə verilməsi Azərbaycanın sənaye potensialının artırılmasında mühüm addım olmuşdur.

Ümummilli liderimizin titanik fəaliyyəti sayəsində 1969-cu ildə Azərbaycan elektrik enerjisi idxal edirdisə, 1982-ci ildə artıq ölkəmiz elektrik enerjisi ixrac edən respublikaya çevrilmişdir. Həmin illərdə Azərbaycanın bütün yaşayış məntəqələrinə, o cümlədən hər bir evə elektrik xətti çəkilmişdir. O dövrdə elektrik stansiyalarının inşası ilə yanaşı, elektrik şəbəkələri də sistematik inkişaf etdirilmiş və respublikamızın dayanıqlı enerji sistemi yaradılmışdır.

Ulu öndərin ölkəyə rəhbərliyinin  birinci dönəmində görülən bu işlər sonralar dövlət suverenliyini əldə edən Azərbaycanın müstəqil enerji sisteminin yaranmasında bazis rolunu oynamışdır. Digər sahələrdə olduğu kimi, enerji sisteminin müstəqillik illərində yenidən qurulmasının müəllifi kimi yenə ulu öndər çıxış etmiş, bu sahənin böhrandan çıxarılması, onun maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi üçün məqsədyönlü, genişmiqyaslı tədbirlər həyata keçirmişdir. Məhz ümummilli liderimizin sayəsində  tikintisi hələ 1984-cü ildən yarımçıq qalmış Şəmkir SES-in davamı olan Yenikənd su hövzəsinin və su elektrik stansiyasının inşası 2000-ci ilin dekabr ayında başa çatdırılmışdır. 

Yuxarıda qeyd edilənlərlə yanaşı, reallaşdırılan  konkret tədbirlər hesabına ölkəmizin İran, Gürcüstan və Naxçıvan Muxtar Respublikası tərəfdən Türkiyə ilə enerji sistemləri sferasında da  sıx əlaqəsi qurulmuşdur. “Energetika haqqında”, “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Elektrik və istilik stansiyaları haqqında” qanunların qəbulu ilə Heydər Əliyev  eyni zamanda,  Azərbaycanın elektrik enerjisi sistemində qanunvericilik bazasının formalaşdırılaraq, bu sahəyə dair hüquqi əsasların təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirmişdir.

Ulu öndərin müstəqil enerji sisteminin formalaşması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilmiş və zamanın tələblərinə uyğunlaşdırılaraq ölkənin iqtisadi qüdrətinin artması fonunda özünün yeni yüksəliş mərhələsinə qədəm qoymuşdur. Bu sahədə görülən işlər ona gətirib çıxarmışdır ki, Azərbaycan elektrik enerjisi idxalına tamamilə son qoymuş, əlavə enerji istehsalı ölkəmizin bu məhsulun da ixracatçısına çevrilməsinə imkan yaratmışdır. Hazırda Azərbaycan elektrik enerjisinin hasilatı və ixracı sahəsində potensialını  davamlı şəkildə genişləndirməkdədir.

Bütün bunlar isə cənab İlham Əliyevin rəhbərliyi altında sözügedən sahədə həyata keçirilən siyasətin nə dərəcədə mükəmməl bir əsasa söykəndiyini, kifayət qədər böyük bir perspektivə hesablandığını əyani şəkildə nümayiş etdirir. Bu kontekstdə enerji sisteminin inkişafı sferasında Azərbaycan Prezidenti İlham Əliyevin atdığı mühüm addımlardan biri 2005-ci il fevralın 14-də “Azərbaycan Respublikasında yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) Dövlət Proqramı”nın təsdiqi barədə sərəncam olmuşdur.

Ölkənin yanacaq-enerji kompleksində qazanılmış uğurların daha da möhkəmləndirilməsinə, iqtisadiyyatın və əhalinin enerji resurslarına olan tələbatının daha dolğun ödənilməsini reallaşdırmağa yönələn adıçəkilən proqram qəbul edildiyi müddətdən etibarən qarşıdakı on illik dövrdə bu kompleksə daxil olan sahələrin inkişaf istiqamətlərini müəyyənləşdirir və onların həyata keçirilməsi üçün konkret tədbirlərin icrasını nəzərdə tutur.

Dövlət başçısının göstərişlərinə əsasən, ötən illərdə Azərbaycan İES-in III və IV enerji blokunun yenidən qurulmasının başa çatdırılması nəticəsində 200 MVt əlavə güc yaradılmışdır. Bundan başqa, 2011-ci il ərzində Azərbaycan İES-də görülən işlər stansiyanın gücünü 2000 MVt-dən 2600 MVt-yə yüksəltməyə imkan vermişdir.  Stansiyanın səmərəliliyinin artması isə ildə 500 min ton yanacağa qənaət edilməsi deməkdir.

Ölkə rəhbərinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən tədbirlər nəticəsində daha əvvəl mövcud stansiyalar modernləşdirilmiş, onlar dünya standartlarına cavab verən müasir qurğu və avadanlıqlarla təchiz edilmişdir. Nəticədə stansiyaların faydalı iş əmsalı artmış, 1 kVt-saat elektrik enerjisinin istehsalına sərf edilən şərti yanacağın miqdarı əhəmiyyətli dərəcədə azalmışdır. Qarşıdakı dövrdə də ölkədə elektrik enerjisinin hasilatının yüksələn xətt üzrə inkişaf edəcəyi də şübhə doğurmur.

Elektrik enerjisi sistemində daha bir mühüm məsələ odur ki, bu gün ölkəmizdə generasiya gücləri bütün respublikanı əhatə edir. Bu isə hər bir bölgədə güclü energetika potensialının yaranmasına, sosial-iqtisadi rifahın yaxşılaşmasına öz töhfəsini verməkdədir. Generasiya sahəsində görülən işlər nəticəsində Azərbaycan nəinki öz enerji tələbatını tam təmin etmiş, hətta güclü ixrac potensialı da yaratmışdır. Əldə olunmuş ixrac potensialını reallaşdırmaq üçün Azərbaycan-Gürcüstan-Türkiyə enerji dəhlizi layihəsinin icrası Azərbaycana yeni imkanlar verir.

Beləliklə, ölkənin elektroenergetika sisteminin dayanıqlığının təmin edilməsi məqsədilə nəzərdə tutulmuş tədbirlərin, ötürücü və paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması işlərinin uğurla yerinə yetirilməsi əhalinin və sənayenin elektrik enerjisi ilə fasiləsiz təminatına, bu sahədə ixrac potensilalının genişlənməsinə böyük imkan yaratmışdır.

Yeri gəlmişkən, son illər paytaxt və ətraf ərazilərin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin bir qisminə də nəzər salmaq istərdim. Əvvəla onu qeyd edim ki, sözügedən sahədə reallaşdırılan uğurlu dövlət siyasəti nəticəsində paytaxtın dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchizatı təmin olunmuş, şəbəkədə itkilər minimuma endirilmiş, ötürücü güclər artırılmış, qəza açılmaları aradan qaldırılmışdır.

“Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”,  Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair qəbul edilmiş Dövlət Proqramları və eləcə də iqtisadiyyatın inkişafı ilə bağlı qəbul edilmiş digər proqramlar enerji sisteminin yenidən qurulması ilə bağlı həyata keçirilən tədbirlərin uğurla davam etdirilməsində çox mühüm stimul olmuşdur. Məhz həmin proqramların yerinə yetirilməsi bütün ölkədə olduğu kimi, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi infrastrukturunun inkişafına daha da təkan vermiş, xüsusən yol təsərrüfatının və nəqliyyatın işinin yaxşılaşdırılmasına, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidmətlərinin yüksəlməsinə müsbət təsir göstərmişdir.

Qeyd olunan proqramların icrası nəticəsində  paytaxt və ətraf qəsəbələrin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, abunəçilərə yüksək səviyyəli xidmət göstərilməsi, elektrik şəbəkəsinin dünya standartlarına uyğun yenidən qurulması istiqamətində genişmiqyaslı yenidənqurma işləri həyata keçirilmişdir. Görülən tədbirlər sayəsində paytaxtda dairəvi təchizat sistemi yaradılmış və bu sistemin tətbiq olunması paylayıcı və ötürücü şəbəkələrin dayanıqlığını artırmışdır. Bununla əlaqədar mövcud investisiya proqramında bu sistemə daxil olan 110 kV-luq yarımstansiyaların tikintisi prioritet yer tutur.

Sonda bir məqamı da qeyd etməyi zəruri bilirəm. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli Sərəncamına əsasən “Bakıelektrikşəbəkə”ASC-nin bazasında “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır.

“Azərişıq” ASC Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirəcək, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirəcək.

Ölkədə gedən iqtisadi inkişafa uyğun olaraq ölkə başçısının imzaladığı sözügedən sərəncamdan irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi məqsədilə artıq “Azərişıq”da yenidənqurma işləri, yeni texnologiyaların şəbəkəyə tətbiqi, yüksək peşə hazırlığına malik kadrların hazırlanması işlərinə başlanılmış, bu işləri həyata keçirmək üçün qısa vaxt ərzində tədbirlər planı hazırlanmış, texniki təchizat bazası yaradılmışdır.  Artıq ölkəmizin bütün rayon mərkəzlərində, qəsəbə və kəndlərində  yararsız, istismar müddəti başa çatmış komplekt transformator məntəqələrinin (KTM) yenilənməsi-müasir tipli avadanlıqlarla təchiz edilməsi prosesinə başlanılmışdır. Yeni güc mərkəzləri həm görünüş baxımından əvvəlkindən fərqlənir, həm də böyük texniki  üstünlüklərə malik olmaqla  yeni, müasir KTM-lərdir.

Bu işlərlə yanaşı, uzun illər istismar olunan ağac dayaqlar  yeni dəmir boru dayaqlarla əvəzlənir. Açıq tipli, uzun müddət istismarda olduğu üçün yararsız vəziyyətə düşmüş, heç bir standarta uyğun gəlməyən alüminium naqillər özünüdaşıyan (ÖİN) izolyasiyalı kabellərlə dəyişdirilir. Bu tədbirlər abonentlərin elektrik enerjisinə olan tələbatını yaxşılaşdırmaqla bərabər, normadan artıq texnoloji itkilərin azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə aparılmasına müsbət təsir göstərəcək. Ölkə ərazisində yeni KTM-lər quraşdırılmazdan əvvəl həmin ərazilərdə abonentlərin sayı tam dəqiqləşdirilir, perspektiv inkişaf istiqamətləri öyrənilir və gələcək tələbata uyğun güc mərkəzləri seçilir. Həmin güc mərkəzlərinin qidalandırılması da  yeni texnologiyalara əsaslanır. Yeni güc mərkəzlərini qidalandırmaq üçün  hava elektrik verilişi xətlərinin yenilənməsi, aralıq məsafənin qısaldılması sahəsində də lazımi tədbirlər görülür. Hazırda rayonlarda 35 kilovoltluq yarımstansiyaların quraşdırılması işləri gedir.

Ümumiyyətlə, bu gün  bütün qüvvəmizi  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamından irəli gələn vəzifələrin icrasına səfərbər etmişik. ASC-nin gələcək fəaliyyəti ilə bağlı hazırlanan 4 bənddən ibarət İnkişaf Proqramının uğurla reallaşdırılması diqqət mərkəzində saxlanılır. Qeyd edim ki, İnkişaf Proqramının birinci - reabilitasiya mərhələsində mövcud imkanları səfərbər edib enerji təchizatındakı problemləri aradan qaldırmaq nəzərdə tutulur. Bununla əlaqədar müvafiq tədbirlər həyata keçiriləndən sonra enerji təchizatı zamanı baş verən açılmaları iki dəfəyədək azaltmaq mümkün olacaq.

İnkişaf Proqramının ikinci bəndinə əsasən mövcud şəbəkə planlı şəkildə tamamilə yenidən qurulacaqdır ki, bununla bağlı Prezidentin  xüsusi göstərişi vardır. Sözügedən  mərhələdə görüləcək böyük həcmli işlərin reallaşdırılması, başqa sözlə, mövcud şəbəkənin planlı şəkildə tamamilə yenidən qurulması istiqamətində hazırda çox ciddi tədbirlər görülür.

İnkişaf Proqramının üçüncü bəndi 2025-ci ilədək olan bir dövrü əhatə edir. Bu müddətdə dairəvi, ikişüalı və  dayanıqlı sxemin hazırlanması qarşıda mühüm vəzifə kimi durur.

Nəhayət, İnkişaf Proqramının sonuncu bəndində “Azərişıq” ASC-nin iş fəaliyyətində və idarə olunmasında ən müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi öz əksini tapmışdır ki, həmin işlərin bu il başa çatdırılması nəzərdə tutulur.

Əminliklə deyə bilərəm ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarını rəhbər tutaraq “Azərişıq”ASC tərəfindən  İnkişaf Proqramında nəzərdə tutulan tədbirlər vaxtında və uğurla yerinə yetiriləcək, mövcud problemlərin qısa müddətdə aradan qaldırılmasına, elektrik təchizatında daha müasir metodların tətbiqinə, istehlakçıların etibarlı, səmərəli və təhlükəsiz elektrik enerjisi ilə təchiz edilməsinə nail olacağıq.

Səhmdar Cəmiyyətin kollektivi  həmişə olduğu kimi, bundan sonra da dövlətimizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, xalqımızın rifahının daha da yüksəldilməsi naminə ümummilli liderimiz Heydər Əliyevin ideyalarının gerçəkləşməsi üçün var gücü ilə çalışacaq, ulu öndərimizin layiqli davamçısı, möhtərəm İlham Əliyevin ətrafında daha da sıx birləşərək qarşıya qoyulmuş mühüm vəzifələrin yerinə yetirilməsinə nail olacağıq.

Baba RZAYEV,
“Azərişıq” Açıq Səhmdar
Cəmiyyətinin sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında