Dövlətçiliyimizin möhkəmləndirilməsində
qanunun aliliyi əsasdır
“Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli-demokratik dövlətin, hüquqi cəmiyyətin yaradılması hərtərəfli, geniş planlı iş aparılmasını və respublikanın bütün ictimai-siyasi, sosial-iqtisadi potensialından maksimum istifadə olunmasını tələb edir. Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət olur”. Yazıya müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 1992-ci ilin oktyabrında xalqın böyük əksəriyyətinin istəyini özündə birləşdirən 91 nəfər ziyalının müraciətinə “Yeni, müstəqil Azərbaycan uğrunda” cavabında səsləndirdiyi bu fikirlərlə başlamağımız təbii ki, səbəbsiz deyil. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsinin ilk növbədə ölkədə qanunların toxunulmazlığından, qanunun aliliyindən asılı olduğunu diqqətə çatdırırdı.
Bu gerçəklik müstəqilliyimizin ilk illərində yaşanan durumun təhlilini zərurətə çevirir. Həmin illərdə ölkəyə idarəçilikdən bixəbər, şəxsi ambisiyalarını dövlətin maraqlarından üstün tutan şəxslərin rəhbərlik etməsi dövləti uçurum qarşısında qoymuşdur. Daim azad, müstəqil olmaq arzusu ilə yaşayan, bu yolda böyük fədakarlıq və əzmkarlıq göstərən Azərbaycan xalqı istəyinə nail olsa da, bu sevinci yaşamaq imkanında deyildi. Ölkədə ictimai-siyasi durumun gərginliyi, özbaşınalığın, xaos və anarxiyanın baş alıb getməsi, iqtisadi böhran, silahlı qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı şəxslərin maraqlarının müdafiəçisinə çevrilməsi xalqın sabaha olan ümidini itirmişdir. Azərbaycan ziyalılarının dahi şəxsiyyət Heydər Əliyevə müraciətində həmin dövrün xarakteristikası tam əksini tapmışdır. Ümummilli lider Heydər Əliyev müraciətə cavabında bu əsas məqamı da diqqətə çatdırmışdır ki, Azərbaycan onilliklərlə, yüzilliklərlə onun ərazisində yaşayan bütün insanların vətəni olmuşdur. Yaranmış vahid, bütöv Azərbaycanın demokratik prinsiplər əsasında qorunub saxlanılması və inkişaf etdirilməsi müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi üçün mühüm vəzifə və əsas şərtdir.
Zamanın hadisələrə dəyər vermək baxımından ən böyük yaddaş olduğunu nəzərə alsaq, arxada qalan illərin ölkəmizin tarixində hansı uğurlarla yadda qaldığını şərh etməyə böyük zərurət duyulur. Müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin 21 noyabr 2001-ci ildə yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının II qurultayında səsləndirdiyi fikirləri xatırlatmaq istərdik. Qurultayın Azərbaycanın müstəqilliyinin 10-cu ildönümünə təsadüf etdiyini önə çəkən ümummilli lider Heydər Əliyev sovetlər birliyi dağılanda 10 yaşı olan bir gəncin həmin ildə (2001-ci il) 20 yaşda olduğunu qeyd edərək, onun keçmiş dövr haqqında heç bir məlumatı olmadığını diqqətə çatdırmışdır. Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqillik yolunun nə qədər ağır dövrdən keçməsinin gənc nəslə düzgün çatdırılmasının vacibliyini bəyan edirdi.
Son on bir ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin çıxışlarında da bu məsələ hər zaman öndə dayanır: “Müstəqilliklə bağlı olan mövzulara daha da geniş yer verilməlidir. Müstəqilliyin üstünlükləri nədən ibarətdir. Düzdür, bu mövzularla bağlı vaxtaşırı yazılara, materiallara rast gəlmək olar. Amma mən hesab etmirəm ki, bu, kifayətdir. Çünki bu mövzu daim gündəlikdə olmalıdır. Müstəqilliyin üstünlükləri, müstəqilliyin əlamətləri və gələcək həyatımızla bağlı fikirlər, mülahizələr, fikir mübadiləsi çox vacibdir. Çünki bir daha demək istəyirəm ki, bizim nəslimizin ən böyük xoşbəxtliyi ondan ibarətdir ki, biz müstəqil dövlətdə yaşayırıq. Bizdən əvvəlki nəsillər də bu arzularla yaşamışlar. Ancaq bu arzulara çata bilməmişlər. Bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik və müstəqilliyi hər şeydən üstün tutmalıyıq. Müstəqillik, dediyim kimi, sadəcə olaraq dövlət atributları deyildir. Müstəqillik müstəqil həyatdır, müstəqil siyasətdir, dövlətin və milli maraqların qorunmasıdır.”
Müstəqilliyin hər bir ölkənin inkişafında, beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmlənməsində əhəmiyyətli rolundan bəhs edərkən, təbii ki, daha vacib, önəmli olan bir mühüm məqamı xüsusi vurğulamalıyıq ki, dövlət qurmaq, müstəqil yaşamaq bəşər tarixində heç də bütün xalqlara nəsib olmur. Hər bir dövlətin uğurları konkret amillə - güclü, ölkəsinin gələcəyini düşünən liderin varlığı ilə daha sıx bağlıdır. Əbəs yerə müstəqil Azərbaycanın hər bir uğuru ulu öndər Heydər Əliyevin adı ilə bağlanmır. Dahi şəxsiyyət Heydər Əliyevin “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” fikirləri Azərbaycanın keçdiyi inkişaf yolunun bələdçisi olmaqla yanaşı, ulu öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinə işıq salır.
1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan cəmiyyətində 1990-cı illərin əvvəllərinin xaos və özbaşınalığını arxada qoyaraq yeni inkişaf ideologiyası ilə ifadə olunan dəyərlər sisteminin formalaşmasını şərtləndirdi. Azərbaycan müasir, dünyəvi, beynəlxalq birliyə inteqrasiya edən, demokratik əsaslara sadiq olan ölkə kimi inkişaf etməyə başladı. İctimai-siyasi sabitlik ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəni təmin etdi. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə əməkdaşlığın, dünya iqtisadi sisteminə inteqrasiyanın əsası qoyuldu. Ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə verdiyi önəm bugünkü uğurlarımıza geniş yol açdı.
Neft gəlirlərindən səmərəli istifadənin təmin edilməsi məqsədilə 1999-cu ildə Dövlət Neft Fondunun yaradılması da bu günümüz və gələcəyimiz üçün hesablanmış addımlar sırasındadır. Hazırda aktivlərinin həcmi 37 milyard dollardan artıq olan Dövlət Neft Fondunun maliyyələşdirdiyi sosial-iqtisadi layihələr ölkənin hərtərəfli inkişafını daha da sürətləndirir. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının rolunu hər zaman önə çəkən möhtərəm Prezidentimiz İlham Əliyev bildirir ki, əgər 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi imkanlarının, beynəlxalq münasibətlər sistemində yeri və rolunun hansı səviyyədə olduğunu təsəvvür etmək çətin deyildi. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu neft-qaz layihələri Azərbaycanın nüfuzunu və siyasi çəkisini artırır, dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələrinin davamlı olmasını təmin edir.
Ötən il “Əsrin müqaviləsi”nin 20 illiyində “Cənub” qaz dəhlizinin təməlinin qoyulması çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün başlanğıc kimi dəyərləndirildi. Cari ilin mühüm hadisələrindən olan Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə dövlət başçısı İlham Əliyev çıxışında bir daha diqqəti bu reallığa yönəltmişdir: “Enerji resurslarının şaxələndirilməsi hazırda beynəlxalq təşkilatların əsas arenasında müzakirə olunan məsələdir. Azərbaycan şaxələndirmədə öz rolunu oynayır. Şaxələndirmə haqqında danışanda biz yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsini nəzərdə tuturuq. Marşrutların da şaxələndirilməsi mütləqdir, lakin mənbə eyni olanda vəziyyət çox dəyişmir. Mənbələrin şaxələndirilməsi vacibdir. Bu halda, Xəzər dənizində çıxan qaz - Azərbaycan qazı növbəti illər ərzində Avropa istehlakçıları üçün yeganə yeni qaz mənbəyi olacaq”. Göründüyü kimi, ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət nəticəsində Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə ölkələr və xalqlar arasında əməkdaşlıq körpüsü kimi dəyərləndirilən neft-qaz layihələrinin miqyasının genişlənməsində stimulverici amil rolunu oynayır. 1994-cü ili Azərbaycanın yeni enerji strategiyasının başlanğıc ili kimi dəyərləndirən möhtərəm Prezidentimiz İlham Əliyev Cənub qaz dəhlizinin təməlinin qoyulmasını ötən 20 ildə görülən işlərin zirvəsi adlandırmışdır.
Azərbaycanın iqtisadi imkanlarının artması digər sahələrdə də uğurlu addımların atılmasını şərtləndirir, ölkənin hərtərəfli inkişafına stimul verir. 24 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın keçdiyi inkişaf yoluna qısa baxış keçirməklə bir daha tarixdə şəxsiyyətlərin, düzgün müəyyənləşdirilən siyasətin ölkənin həyatında nə kimi rol oynadığının aydın mənzərəsini yaratmış olur. Möhtərəm Prezidentimiz İlham Əliyev ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasının 15-ci ildönümündə bu məsələni xüsusi diqqətə çatdırmışdır: “Tarixdə şəxsiyyətlərin rolu danılmazdır. Ulu öndər Heydər Əliyevin fəaliyyəti buna bariz nümunədir. Bütün dövrlərdə - həm 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Azərbaycan Kommunist Partiyasının rəhbəri olduğu dövrdə, həm də müstəqil Azərbaycanın Prezidenti kimi Heydər Əliyev öz fəaliyyəti ilə doğma xalqına xidmət etmişdir. Heydər Əliyev 1969-cu ildə rəhbərliyə gələndə Azərbaycan həm iqtisadi baxımdan, həm də sosial məsələlərin həlli baxımından 15 müttəfiq respublika arasında ən geridə qalmış vəziyyətdə idi. 1982-ci ildə isə artıq Azərbaycan həm iqtisadi və sənaye artımı baxımından, həm infrastruktur layihələrin mövcudluğu baxımından və bütövlükdə, inkişaf baxımından keçmiş SSRİ-də birinci ölkə idi. Eyni zamanda, biz bunu müasir tarixdə də görürük. 1993-cü ildə Azərbaycan, demək olar ki, ən ağır vəziyyətdə olan yeni müstəqil dövlətlərdən biri idi. Bəlkə də birincisi idi. İndi Azərbaycan bu ölkələr arasında ən qabaqcıl mövqelərdədir. Bizim nailiyyətlərimiz başqa ölkələrlə müqayisə oluna bilməz. Bizim iqtisadi inkişafımız, həyata keçirdiyimiz nəhəng, transmilli layihələr onu göstərir ki, Azərbaycan çox uğurla inkişaf edən ölkədir.
Heydər Əliyev 1970-1980-ci illərin əvvəllərində Azərbaycan xalqına necə sədaqətlə xidmət etmişdisə, müstəqil dövlətin başçısı kimi də bir o qədər sədaqətlə xidmət etmişdir”.
Dahi şəxsiyyət Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət Azərbaycanın qarşısında yeni-yeni imkanlar açmaqla, hər dövrün tələblərinin uğurla həyata keçirilməsi fonunda daha da qüdrətlənməsini, güclənməsini, müasirləşməsini, dünyaya inteqrasiyasını sürətləndirir. Bu gün Azərbaycanın adının dünyanın 10 xoşbəxt, eyni zamanda islahatçı ölkəsi arasında olması düzgün təmələ əsaslanan siyasətin nəticəsidir. Son on bir ildə bu siyasətə sadiqliyini atdığı hər addımında böyük qətiyyətlə təsdiqləyən möhtərəm Prezidentimiz İlham Əliyev 2013-cü ildə keçirilən Yeni Azərbaycan Partiyasının V qurultayında bu fikri inamla bildirmişdir: “Mən çox şadam ki, son 10 il ərzində çalışmışam ki, bu böyük məsuliyyəti öz çiynimdə aparım. Çalışmışam ki, ulu öndərin siyasətinə layiq olum. Çalışmışam ki, onun siyasi xəttini sizinlə bərabər, Azərbaycan xalqının dəstəyi ilə yaşadım. Qürur hissi ilə deyə bilərəm ki, bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi kimi inkişaf edir, onun qoyduğu yolla gedir, güclənir, möhkəmlənir və çox güclü regional amilə çevrilibdir”.
Mətbuat: Gerçəkliklərin güzgüsü
Azad söz, hər bir fərdin öz düşüncələrini, fikirlərini sərbəst ifadə etmək istəyi demokratiyanın əsas tərkib hissələrindəndir. Demokratik cəmiyyət - demokratik mətbuat, azad cəmiyyət - azad mətbuat anlayışları təsadüfən yaranmayıb. Demokratik, hüquqi, dünyəvi dövlətdə yaşayırıqsa, azad, müstəqil mətbuatın inkişafı mütləqdir. Konstitusiyamızda da demokratiyanın əsas prinsiplərindən olan söz və fikir azadlığı təsbit olunub. “Ölkəmizdə siyasi plüralizmin tələblərinə dönmədən əməl edilir. Söz, fikir və əqidə azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin hərtərəfli inkişafı, onların sərbəst fəaliyyəti üçün zəruri şəraitin yaradılması Azərbaycanın dövlət rəhbəri kimi mənim qarşımda duran mühüm vəzifələrdəndir” söyləyən ümummilli lider Heydər Əliyev milli mətbuatımızın inkişafında əvəzolunmaz xidmətlər göstərərək, mövcud problemlərin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir.
Müstəqilliyimizin ilk illərində digər sahələrdə olduğu kimi, mətbuat sahəsində də böyük problemlər var idi. Həmin illərdə səriştəsiz, təcrübəsiz şəxslərin ölkəyə rəhbərliyi yazının əvvəlində də qeyd etdiyimiz kimi, özbaşınalığa, hərc-mərcliyə gətirib çıxarmışdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı uçuruma yuvarlanmaqda olan müstəqil Azərbaycanı xilas etdi. O, ölkə həyatının bütün sahələrində olduğu kimi, milli mətbuatımızda yaranmış problemləri də uğurlu və düşünülmüş siyasəti sayəsində aradan qaldırmağa başladı. Ölkənin müvafiq qanunvericilik aktlarında dəyişikliklər edildi və Azərbaycan söz və mətbuat azadlığının təmin olunması ilə əlaqədar mövcud olan beynəlxalq konvensiyalara və sazişlərə qoşuldu. Ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərman mətbuatın azad fəaliyyət göstərməsi istiqamətində mühüm addım oldu. Bu fərmanla mətbuata nəzarət edən baş idarə ləğv olundu. Həmçinin həmin sənəddə ölkəmizdə fəaliyyət göstərən aparıcı mətbu orqanların maddi-texniki imkanlarının gücləndirilməsi və s. kimi məsələlər də öz əksini tapmışdır.
Dahi şəxsiyyət Heydər Əliyevin milli mətbuatımızın inkişafına xidmət edən addımları sırasında 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanunu təsdiqləməsini xüsusi qeyd etməliyik. Bu sənədlə ölkəmizdə yeni mətbuat orqanlarının təsis olunması prosesi xeyli asanlaşdırıldı. “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı” təsdiq olundu. Vətəndaş müraciətlərinə baxılması, informasiyaların mühafizəsi, informasiya azadlığı, radio-televiziya yayımları, İTV və radio haqqında müxtəlif qərar və qanunlar qəbul etməklə KİV-lərin fəaliyyətinin genişləndirilməsi təmin edildi. Özü-özünü tənzimləyən 15 mart 2003-cü ildə Jurnalistlərin I Qurultayında jurnalistlər tərəfindən qeyri-hökumət təşkilatı olan Mətbuat Şurası yaradıldı.
Ulu öndər Heydər Əliyevin 2002-ci ildə “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi məhz onun milli mətbuatın inkişafına göstərdiyi diqqət və qayğının təsdiqi idi. Mükafatın təqdimat mərasimində ümummilli lider Heydər Əliyev bir daha bu fikri böyük inam və əminliklə ifadə etmişdir: lSizi əmin edirəm ki, mən keçmişdə olduğu kimi, bu gün də jurnalistlərin dostuyam və həmişə jurnalistlərin dostu olacağam”.
Daim qeyd etdiyimiz kimi, möhkəm təmələ əsaslanan siyasət hər zaman inkişafa, tərəqqiyə yol açır. Dahi şəxsiyyət Heydər Əliyevin hər bir sahənin inkişafına yönələn addımları, bir sözlə qurulan möhkəm bünövrə Azərbaycanın bugünkü uğurlarını şərtləndirir. Azərbaycanı möhkəm təməl üzərində tikilən binaya bənzətsək, hər an, hər dəqiqə artan mərtəbələri görərik. Yeni-yeni hədəflər müəyyənləşdikcə, onlara çatmaq üçün səylər də artır. Artıq bu gün Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimizi ortaya qoyuruq.
Dövr dəyişir, yeni-yeni tələblər gündəmə gətirilir. Mətbuat cəmiyyətin güzgüsüdür və məhz bu baxımdan bu sahədə çalışan qələm sahibləri bütün fəaliyyətləri boyu həqiqəti və obyektivliyi başlıca meyar kimi qəbul etməli və buna əməl etməlidirlər. Unutmayaq ki, ulu öndər Heydər Əliyev ölkə jurnalistlərini hər zaman obyektivliyə dəvət edir, onları bu istiqamətdə öz fəaliyyətlərini daha da genişləndirməyə çağırırdı. “Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir” söyləməklə açıq sözün, həqiqəti əks etdirən informasiyaların tərəfdarı, mətbuat azadlığının qarantı olduğunu bəyan edirdi. Bu məqsəd də daim önə çəkilirdi ki, kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuat Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir.
Möhkəm təməl davamlı inkişafa yol açır
Son on bir ildə ümummilli lider Heydər Əliyevin siyasi kursunun möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin bugünkü reallıqlarında öz əksini tapıb. İqtisadiyyatı hər bir inkişafın təməl daşı kimi dəyərləndirən ölkə Prezidenti İlham Əliyev bu istiqamətdə atdığı biri-birindən əhəmiyyətli addımları ilə Azərbaycanın beynəlxalq aləmdə iqtisadi möcüzələr ölkəsi kimi mövqeyini daha da möhkəmləndirir. Ölkəmizin 2009-cu ildən dünyanı bürüyən iqtisadi və maliyyə böhranından uzaq olması iqtisadiyyatını düzgün əsaslar üzərində qurmasından irəli gəlir. Möhtərəm İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası nəticəsində bu məqsədə yüksək səviyyədə nail olunur. Azərbaycanın hazırda Cənubi Qafqaz regionu iqtisadiyyatının 75 faizinə sahib olması uğurlu sosial-iqtisadi islahatların göstəricisidir. Bu gün böyük inam və fəxr hissi ilə qeyd edirik ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Ən əsası Azərbaycan təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınır və nüfuz qazanır.
Təbii ki, iqtisadi tərəqqi digər sahələr kimi, azad mətbuatın inkişafına da öz müsbət təsirini göstərir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən dövlət başçısı İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, KİV-lərin inkişafına Dövlət Dəstəyi Konsepsiyasının təsdiqlənməsi, sənəd əsasında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və s. kimi addımlar da deyilənlərin təsdiqidir. Atılan addımların davamlılığı bu gerçəkliyi ortaya qoyur ki, Azərbaycan dövləti mətbuat orqanlarının sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə, insan hüquqlarının qorunmasına bütün imkanların yaradılmasının tərəfdarıdır. 2005-ci ildə “Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, “Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” sərəncamların imzalanması da bu qayğının təzahürüdür.
Milli mətbuatımızın 135 illik yubileyinin respublikanın bütün bölgələrində yüksək səviyyədə qeyd olunması, jurnalistlərin fəxri adlarla mükafatlandırılması, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə imzaladığı sərəncam əsasında onlar üçün yaşayış evinin tikilməsinə ilkin olaraq Prezidentin Ehtiyat Fondundan 5 milyon manat maliyyə vəsaitinin ayrılması da qayğının davamlılığından xəbər verdi. 2013-cü ildə Milli Mətbuat Günündə jurnalistlər üçün tikilmiş həmin bina istifadəyə verildi. Mənzillərin paylanması mərasimində iştirak edən dövlət başçısı İlham Əliyev bu reallığı diqqətə çatdırdı ki, mənzil alan jurnalistlərin arasında müxtəlif mətbu orqanların nümayəndələri, müxtəlif siyasi baxışlara malik olan insanlar vardır: “Bu da təbiidir və bu təşəbbüs, burada aparılan bölgü bir daha göstərir ki, Azərbaycanda heç bir sahədə ayrı-seçkiliyə yol verilmir və yol verilməməlidir. Məhz buna görə də hesab edirəm ki, cəmiyyətdə çox sağlam mühit, sağlam ab-hava vardır. Əlbəttə ki, jurnalistlərin peşəkarlığı, onların ictimai rəydəki fəaliyyəti bu sağlam ab-havanı daha da sağlam edəcəkdir”. Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncam dünyada analoqu olmayan addım kimi dəyərləndirildi. Möhtərəm Prezidentimiz İlham Əliyevin 22 iyul 2013-cü il tarixli “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamı azad, müstəqil mətbuatın inkişafının dövlət siyasətində prioritet olduğunu təsdiqləməklə yanaşı, iqtisadi imkanların davamlı addımların atılmasında əsas olduğuna da işıq saldı.
Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyasında da qeyd edilir ki, KİV-lərin inkişafına dövlət dəstəyinin əsas məqsədi vətəndaş cəmiyyəti quruculuğu prosesində onların mühüm rolunu nəzərə almaqla fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, redaksiyalara yardım mexanizmini təkmilləşdirmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı gücləndirmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadə etməkdən ibarətdir.
Ölkəmizin sürətlə inkişaf etdiyi, demokratikləşmə prosesinin dərinləşdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə kütləvi informasiya vasitələrinin, o cümlədən milli mətbuatımızın qarşısında yeni vəzifələr durur. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı naminə həyata keçirdiyi düşünülmüş siyasət və bu kursun Prezident İlham Əliyev tərəfindən uğurlu davamı, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artması peşəkar jurnalistlərimiz üçün, sözün əsl mənasında, geniş yaradıcılıq imkanları açmaqla yanaşı, məsuliyyəti artırır, vətənpərvərlik məsələsini daha da aktuallaşdırır. “Bizim gənclərimiz vətənpərvərlik ruhunda böyüməlidir, tərbiyə almalıdır və jurnalistikanın bu sahədə böyük rolu vardır» söyləyən möhtərəm Prezidentimiz İlham Əliyev bildirir ki, dövlətə zərər vura biləcək hər hansı bir addıma yol verilməməlidir.
Dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsində və tətbiqində maraqlı olan dövlətimiz dünya informasiya məkanına uğurla inteqrasiya edir. Bütün bunlar onu deməyə əsas verir ki, tərəqqi, inkişaf dövlətimizin siyasətinin əsasını təşkil edir. Uğurlarla kifayətlənməməyi qarşıya mühüm vəzifə kimi qoyan Prezident İlham Əliyev bəyan edir ki, biz hər zaman irəliyə baxmalıyıq: lBiz müasir, açıq, demokratik dövlət qururuq. Əlbəttə ki, belə olan halda ictimai nəzarət daha da güclü olmalıdır. İctimai nəzarət azad mətbuatsız mümkün deyildir. Bizim iqtisadi islahatlarımız siyasi islahatlarla tamamlanır. Bu istiqamətdə böyük addımlar atılır. Mən dəfələrlə bunu qeyd etmişəm, bir daha demək istəyirəm və tam əminəm ki, demokratikləşmə prosesi getmədən, siyasi islahatlar aparılmadan biz uzunmüddətli, dayanıqlı iqtisadi inkişafa nail ola bilmərik. İqtisadiyyatımız artıq çoxşaxəli iqtisadiyyatdır, zəngin təbii resurslarımız vardır, Azərbaycan iqtisadi sahədə tam şəkildə özünü təmin edir. Buna baxmayaraq, əgər siyasi islahatlar lazımi səviyyədə aparılmasa, uğurlarımız qısamüddətli ola bilər. Biz isə Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını elə qurmaq istəyirik ki, onilliklər bundan sonra Azərbaycan güclənsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar və Azərbaycan dünyada yerini daha da möhkəmləndirə bilsin. Bunun üçün siyasi islahatların aparılması mütləq vacibdir və biz bunu edirik”.
Möhtərəm Prezidentimiz İlham Əliyevin iki dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi də azad, müstəqil mətbuatın inkişafına diqqət və qayğısından irəli gəlir. Cənab İlham Əliyevin ikinci dəfə “Jurnalistlərin dostu” seçilməsi münasibətilə keçirilən mərasimdə söylədiyi “Bu mükafatın verilməsi böyük məna daşıyır. Çünki ölkə Prezidentini “Jurnalistlərin dostu” adına sizin tərəfdən layiq görməyiniz, əlbəttə ki, Azərbaycanda azad mətbuatın inkişafında görülən işlərə işarə vurur. Mən bundan sonra da çalışacağam ki, Prezident kimi Azərbaycanda azad medianın inkişafı üçün dəstəyimi verim və beləliklə, ölkəmizin sürətli və uğurlu inkişafını təmin edim. Çünki müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir. Azərbaycanın qarşısında isə belə bir məqsəd qoyulub ki, Azərbaycan gələcəkdə inkişaf etmiş ölkələrin sırasına daxil edilsin. Belə olan halda Azərbaycanda media ilə bağlı məsələlər ən yüksək səviyyədə öz həllini tapmalıdır” fikirləri bir daha cəmiyyətin güzgüsü olan azad, müstəqil mətbuatın inkafının dövlətin siyasətində əsas məsələ olduğunu açıqlayır. Bu gün ölkəmizdə internet istifadəçilərinin sayının 75 faizdən çox olması da müstəqil, azad mətbuatın inkişafının göstəricilərindəndir.
Bu gün dünyada nadir Azərbaycan inkişaf modeli var
Davamlı, biri-birindən əhəmiyyətli uğurları ilə dünyanın diqqətində olan Azərbaycanın inkişaf modeli təqdir olunur, öyrənilməsinin vacibliyi bildirilir. Azərbaycanın malik olduğu imkanların, reallıqlarının təbliğində ev sahibliyi etdiyi tədbirlər də mühüm rol oynayır. Hər bir tədbirdə inkişafın Azərbaycan modelindən bəhs olunur, ölkəmizin qarşısında daha böyük imkanların açıldığı bildirilir. Möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qarşıdakı illər üçün əsas hədəflər öz əksini tapıb. Azərbaycanın yaxın zamanlarda inkişaf etmiş ölkələr sırasında olması, yüksək gəlirli ölkəyə çevrilməsi, bu günə qədər 3 dəfədən çox artan ümumi daxili məhsulun daha 2 dəfə artırılması əsas hədəflərdəndir. Bu məqsədlərə yüksək səviyyədə çatmaq üçün bütün imkanlar mövcuddur.
Yeniləşmə, müasirləşmə dövrün tələbi olmaqla yanaşı, dövlətimizin həyata keçirdiyi siyasətin əsas xəttini təşkil edir. Cəmiyyətin idarə olunmasında əsas rol oynayan, ayrı-ayrı sahələrin inkişafına xidmət edən qanunlarımıza mütəmadi olaraq əlavə və dəyişikliklərin edilməsi də bundan irəli gəlir. Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə “Kütləvi informasiya vasitələri haqqında” Qanuna əlavə və dəyişikliklərin edilməsi dövlətimizin bu sahənin inkişafına diqqət və qayğısını bir daha təsdiqləyir. Təbii ki, hər bir təkmilləşmə, yeniləşmə növbəti uğurlar üçün açardır.
Uğurlarımızın təbliğində, yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında mətbuatın üzərinə böyük məsuliyyət düşür. Sözsüz ki, yaradılan imkanlar bu missiyanı lazımi səviyyədə yerinə yetirməyə əsas verir. Obyektivlik, qərəzsizlik, vətənpərvərlik mətbuatın əsas prinsipidir. Ulu öndər Heydər Əliyev daim çıxışlarında mətbuat azadlığından sui-istifadə hallarının yolverilməz olduğunu bəyan edirdi. Hər kəs üzərinə düşən vəzifəni yerinə yetirməklə müstəqil Azərbaycanımızın daha da qüdrətlənməsinə, möhkəmlənməsinə öz töhfəsini vermiş olar.
Azərbaycanın 24 ilə yaxın müstəqillik dövründə keçdiyi yola, qazandığı uğurlara, ən əsası cəmiyyətin güzgüsü kimi qəbul edilən mətbuat sahəsində əldə olunan nəticələrə qısa nəzər salmaqla bir daha bu gerçəkliyi təsdiq etmiş oluruq ki, görülən işlər böyük səylərin, qətiyyətin nəticəsidir. Dahi şəxsiyyət Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti sayəsində müasir Azərbaycanı yaratdı. Bu gün həmin müstəqil, müasir Azərbaycan daha yüksək zirvələri fəth edir, inamla gələcəyə addımlayır.
Xalqımız tam əmindir ki, hər bir sahədə böyük uğurlara imza atan Azərbaycan dövlətinin uğurlu siyasəti nəticəsində yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də öz ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar. Üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil. Möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbirdə söylədiyi bu fikirlər qeyd etdiklərimizin ümumiləşdirilmiş ifadəsidir: lBu gün Heydər Əliyev siyasəti bütövlükdə bütün sahələrdə davam etdirilir. 2003-cü ildə Azərbaycan xalqı mənə böyük etimad göstərərək Prezident vəzifəsinə seçdiyi gündən bu günə qədər bu siyasətə sadiqəm. Mən 2003-cü ildə bu barədə sözümü demişəm. Mən bu siyasətə sadiq qalacağam və 2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir, müstəqil Azərbaycanın təntənəsidir”.
Vüqar RƏHİMZADƏ,
“İki sahil” qəzetinin baş redaktoru,
YAP Siyasi Şurasının üzvü
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.