Vətənə və xalqa sədaqətlə xidmət nümunəsi

Bu gün müstəqil dövlət kimi dünyada nüfuz və söz sahibi olan Azərbaycanın çox zəngin və şərəfli tarixi var. Bu tarix öz yaddaşında xalqın taleyinin müəyyənləşdirilməsində aparıcı rol oynamış nadir şəxsiyyətləri əbədi yaşadır. Yalnız Azərbaycanın deyil, bəşəriyyətin taleyinə həlledici təsir göstərən dünya şöhrətli siyasətçilər və dövlət xadimləri arasında ulu öndərimiz Heydər Əliyev həyatı və bənzərsiz fəaliyyəti Vətəninə və xalqına xidmətin misilsiz nümunəsidir. Müasir Azərbaycanın dövlətçilik tarixində öz izini qoymuş Heydər Əliyevin siyasi irsi bugünkü və gələcək nəsillər üçün məktəb və örnəkdir. Zaman-zaman tarixin sərt sınaqlarından çıxan Azərbaycan XX əsrin ikinci yarısında məhz bəşəri ideyaların daşıyıcısı olan ulu öndər Heydər Əliyevin dərindən düşünülmüş siyasi idarəçiliyi və polad iradəsi sayəsində tarix sahəsində duruş gətirib və bugunki sürətli inkişaf səviyyəsinə yüksəlib.

Heydər Əliyevin xalqın tələbi ilə  hakimiyyətə qayıdışı ərəfəsində ölkəmiz dövlət müstəqilliyini yenidən itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Məhz bu dahi şəxsiyyətin xalqımızın iradəsi ilə hakimiyyətə böyük qayıdışı Azərbaycanı bürümüş böhrandan, parçalanmaqdan, müstəqilliyini itirməkdən xilas etdi. 1993-cü ilin iyun hadisələrinə qiymət verməyi bacaran hər bir insan dərindən dərk edir ki, ulu öndər o dövrdə qardaş qırğının, vətəndaş müharibəsinin qarşısının almağa həyatını təhlükəyə atmaqla nail oldu. Bu, Heydər Əliyev ömrünün yeni bir qəhrəmanlıq səhifəsi idi. Vətənini və xalqını sonsuz məhəbbətlə sevən, adına, sədaqətinə sadiq olan, qətiyyəti, inamı, müdrikliyi ilə milyonları öz ətrafında birləşdirməyi bacaran, hadisələri düzgün qiymətləndirib reallıqlardan lazımi nəticə çıxaran Heydər Əliyev kimi vətənpərvər insan, siyasətçi bu tarixi yarada və yaza bilərdi. Heydər Əliyev fəaliyyətinin 1993-2003-cü illəri də bir ömrün qızıl salnaməsidir. Azərbaycanı daim müstəqil, azad, demokratik ölkə kimi görmək istəyən dahi şəxsiyyətin öz məqsədlərini uğurla həyata keçirdiyi illərin unudulmaz səhifələridir.

Ulu öndərimiz məhz böyük işlər görmək, xalqını irəliyə aparmaq üçün yaranmışdı. Onun liderlik bacarığı, potensialı çalışdığı bütün işlərdə, tutduğu bütün vəzifələrdə özünü bariz şəkildə göstərmişdi. Ulu öndərimiz Azərbaycana rəhbərliyinin hər iki mərhələsində qarşıya qoyduğu ali məqsədlərə doğru irəliləyərkən təkcə daxili inamına, yüksək intellektinə və parlaq zəkasına deyil, həm də ictimai etimada əsaslanmış, ən böyük dəstəyi xalqdan almışdır. Heydər Əliyev dühasının böyüklüyü həm də onun daim xalq qarşısında yüksək mənəvi və siyasi məsuliyyət hissi daşıması, ictimai inamı doğrultmaq üçün böyük səylə, ümumxalq mənafeyindən çıxış etmiş, hakimiyyətdə olduğu hər iki mərhələdə eyni əzmlə, həvəslə çalışmış, qarşıya qoyduğu hədəflərə yetişmək üçün bütün gücünü səfərbər etmişdir. Məhz bu keyfiyyətləri sayəsində Heydər Əliyev millətə, xalqa rəhbərlik etmək haqqını təmin etmişdir. Şəxsiyyət və lider kimi miqyasının böyüklüyü ona hələ sağlığında ümummilli liderlik zirvəsini fəth etmək imkanı vermişdir. Ulu öndərimiz deyirdi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.

 Müstəqil Azərbaycan dövlətinin keçirdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərdəki həqiqəti dəfələrlə təsdiqləyib. Azərbaycan dövlətçiliyi çevriliş cəhdi ilə silkələnəndə Heydər Əliyev xalqa müraciət etdi, onu Azərbaycanın müstəqilliyinin müdafiəsinə çağırdı. Həmin müraciətdən dərhal sonra on minlərlə insan gecəyarısı Prezident Sarayının qarşısına toplaşdı.

Heydər ƏliyevAzərbaycanın güclü dövlətçilik xəttini, onun siyasi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli intibah və inkişafının təməl sütunu olan ideyanın - azərbaycançılıq məfkurəsinin banisi oldu. Çünki o, vətənpərvər olmaqla bərabər, eyni zamanda böyük azərbaycanlı idi. O, Azərbaycanın türk dünyasında özünəlayiq yerini tutmasında, türk dövlət və toplumları arasında inteqrasiyanın güclənməsində böyük xidmətlər göstərib. Heydər Əliyevin azərbaycançılığı milli ideya olaraq irəli sürməsi onun tarixi xidmətdir. Çünki məhz bu ideologiya Azərbaycan dövlətinə qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin qarşısında güclü ideoloji sipər oldu. Bu ideologiya Heydər Əliyevin böyük vətəndaşlıq hünərinin göstəricisidir və dünya azərbaycanlılarının öz tarixi vətənləri - Azərbaycan ətrafında birləşməsinə müstəsna töhfədir. “Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.  Ulu öndərin dünya azərbaycanlılarının qurultayında söylədiyi bu tarixi sözlər, onun müdrik siyasəti kimi, zamanın sınağından uğurla çıxmaqdadır.

Heydər Əliyev təhsili milli tərəqqimizin həqiqi, güclü amilinə çevirmək üçün geniş islahatlar proqramının işlənib hazırlanması və həyata keçirilməsi vəzifəsini irəli sürdü. Təhsil sahəsində islahatlar aparılmasının dövlət təminatı gücləndirildi. Bu məqsədlə ulu öndərimizin təşəbbüsü ilə  1998-ci ilin martında “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat proqramı” hazırlandı.

Sənəd  hərtərəfli müzakirələrdən sonra təkmilləşdirilərək 1999-cu ilin iyununda dövlət başçımız tərəfindən imzalandı və qüvvəyə mindi. İslahatı Proqramının hazırlanması və uğurla reallaşması təhsil sahəsində Heydər Əliyev siyasətinin parlaq nümunəsidir. Sonrakı illərdə bu proqrama uyğun olaraq, müstəqil Azərbaycanın təhsil sisteminin normativ-hüquqi bazasının yaradılması, təhsilin məzmununun yeniləşdirilməsi və təkmilləşdirilməsi, təhsilin idarə olunmasının dekorativləşdirilməsi, təhsil sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində çox böyük işlər görülüb. Məhz bunun nəticəsidir ki, biz bu sahədə təhsili inkişaf etmiş ölkələrin səviyyəsinə yüksəlməsi ilə bağlı uğurlarımızla , təhsil sahəsində beynəlxalq proqram və layihələrdə iştirakımızla haqlı olaraq fəxr edirik. Bütün bunlar, şübhəsiz ki, ulu öndərimizin siyasi kursunun uğurla davam etdirilməsi, möhtərəm Prezidentimiz İlham Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısı, səmərəli fəaliyyət üçün yaratdığı əlverişli şərait və imkanlar sayəsində mümkün olub. Prezidentin təhsil sahəsində diqqəti ardıcıl və müntəzəm xarakter daşıyır.

Müstəqillik dövründə Azərbaycanda  digər sahələrdə olduğu kimi, təhsil sektorunda da çox böyük işlər görülüb. Bu dövrdə 2 mindən çox orta məktəb binası və əlavə tədris korpusu tikilib və yenidən qurulub. Aparılan genişmiqyaslı işlər, təhsil infrastrukturunun yeniləşdirilməsi sahəsində əhəmiyyətli nailiyyətlərin əldə edilməsi və müasir tələblərə uyğun şəraitin yaradılması məzmun islahatları üçün də əlverişli zəmin yaradıb. Son illər təhsil tarixində ilk olaraq 16 inkişafyönümlü dövlət proqramı təsdiq olunub və uğurla həyata keçirilməkdədir. Təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə real vəziyyətin təhlili əsasında hazırlanıb təsdiq edilmiş bu proqramların reallaşdırılması nəticəsində əhəmiyyətli nailiyyətlər əldə olunub.

İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, insan potensialının formalaşdırılması sahəsində əsas ağırlıq məhz ali təhsil sisteminin üzərinə düşür. Ali təhsil əhalinin həyat səviyyəsinin yüksəldilməsinin mühüm amillərindən biri olmaqla, ölkənin sosial-iqtisadi inkişafının sürətlənməsinə hərtərəfli təsir göstərir. Müstəqil Azərbaycanda bütün idarəetmə səviyyələrində, o cümlədən dövlət idarəçiliyi sahəsində müasir idarəetmə təfəkkürünə malik ixtisaslı mütəxəssislərin yetişdirilməsi mühüm aktuallıq kəsb edir. Avratlantik məkana inteqrasiya kursu seçməklə dinamik inkişaf yoluna qədəm qoymuş Azərbaycanda ali təhsilin müasirləşdirilməsi və problemlərinin mərhələli həlli, inkişaf etmiş dövlətlərin bu sahədəki zəngin təcrübəsindən bəhrələnir. Ötən illərdə bu məqsədlə imzalanmış çoxsaylı fərman və sərəncamlar, dövlət proqramları Azərbaycanda ali təhsil sisteminin təkmilləşdirilməsinə və müasirləşdirilməsinə xidmət etmişdir. Azərbaycanda ali təhsil sistemində həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri də dünya təhsil sisteminə inteqrasiyasının təmin edilməsidir.

Heydər Əliyevin bütün sahələrdə yeritdiyi ardıcıl siyasət xalqın təfəkküründə “Heydər Əliyev məktəbi” məfhumunun yaranmasına səbəb oldu. Bu böyük məktəbin ən real və uğurlu davamçısı olmaq hüququnu isə bütün siyasi rəqiblərindən güclü siyasi təcrübəyə, geniş dünyagörüşünə, idarəçilik bacarığına, möhkəm iradəyə malik olan cənab İlham Əliyev qazanmışdır. Heydər Əliyev siyasi məktəbinin ən layiqli davamçısı, Azərbaycanın və regionumuzun yeni parlaq lideri Prezident İlham Əliyev öz dərin intellekti, uzaqgörənliyi, daxildə və xaricdə baş verən ictimai-siyasi prosesləri düzgün qiymətləndirmək bacarığı, milli-mənəvi dəyərlərə bağlılığı, humanizm prinsiplərinə sadiqliyi, vətənpərvərliyi və ən əsası verdiyi bütün vədləri yerinə yetirməsi ilə xalqının sonsuz etimadını qazanmışdır.

Müstəqillik dövründə əldə etdiyimiz möhtəşəm nailiyyətlər əminliklə deməyə əsas verir ki, ulu öndərimizin müəyyənləşdirdiyi və mərhələ-mərhələ zərgər dəqiqliyi ilə həyata keçirdiyi müdrik siyasi kurs bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dünyanın tələblərinə uyğun yeni keyfiyyət və məzmunda uğurla davam və inkişaf etdirilir. Azərbaycan hərtərəfli və sürətli tərəqqi yolunda inamla irəliləyir, növbəti zəfərlərə imza atır. Xalqımız bu uğur və nailiyyətləri bizə qoyub gedən, bəşər tarixində müstəsna yeri olan və milyonlarla insanın sevimlisinə çevrilən Heydər Əliyev kimi böyük oğlu ilə həmişə fəxr edəcək və hədsiz qürur hissi keçirəcəkdir.

Gülşən ORUCOVA,
Bakının Səbail rayonundakı
T.İsmayılov adına 6 saylı
“İntellekt” məktəb-liseyinin direktoru,
Əməkdar müəllim


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında