Ədalətin zəfər çalması ulu öndərin ən böyük arzusu idi

Ümummilli liderimizin bu istəyi ölkəmizdə reallığa çevrilib

Yazı qələmə  almaq, ürəyindən keçən hissləri  məqaləyə çevirmək, kiminləsə bölüşmək istəyi insanda həmişə olmur. Bunun üçün mütləq hansısa bir məqam sənə daxilən “toxunmalı”, sevindirməli, iftixar hissi yaşatmalı və ya narahat etməlidir. Bu sətirlərin qələmə alınmasına  da məhz belə bir məqam səbəb oldu.  Aprelin 28-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan paytaxtında işə başlayan  III Qlobal  Bakı Forumunun açılış mərasimində  geniş nitqlə çıxış edən dövlət başçımız İlham Əliyev dünyanın bütün qütblərini təmsil edən çoxsaylı siyasətçilərin qarşısında maraqlı və dəyərli fikirlər səsləndirdi.

Həmin fikirlərdən biri belə idi: “Ədalət – cəmiyyətdə ədalət, ailədə ədalət və ümumiyyətlə, hər yerdə ədalət istənilən cəmiyyətin normal inkişafı və sabitliyi üçün ən əsas elementlərdəndir”.  Diqqət yetirin, Azərbaycan Prezidenti cəmiyyətin normal inkişafı və sabitliyi üçün vacib olan elementin adını çəkdi, ünvanını göstərdi.

Əslində, bəşəri dəyərlərə sadiq olan siyasətçilərin hamısı, xüsusən, Şərq müdrikləri bu tezisləri kifayət qədər işlədiblər. Bəs həmin məqamda məni daxilən silkələyən hansı nüans idi? O anda sanki mənim qulağıma ulu öndərin səsi gəldi: “Dövlət iki şeydən sarsıla bilər: Günahkar cəzasız qalanda, bir də günahsıza cəza veriləndə”.  Göründüyü kimi, ulu öndər  cəmiyyətdə  ədalətin bərqərar edilməsini daim arzulamış və bu istəyin reallaşdırılması üçün   kifayət qədər iş görmüşdür. İndi nəinki ümummilli liderimizin həmin istəyi reallığa çevrilib, üstəlik, Azərbaycan dövlətinin başçısı dünyanın aparıcı siyasətçilərinin qarşısında beynəlxalq aləmi  ədalətli olmağa çağırırdı. Müstəqilliyin ilk illərində isə biz nəinki hansısa əcnəbiyə, hətta öz vətəndaşlarımıza da ədalətli olmağı tövsiyə edə bilmirdik. Çünki  bütün regionda olduğu kimi, Azərbaycanda da ədalətdən əsər-əlamət yox idi. Onu bizim yurdumuza Heydər Əliyev siyasi dühası gətirdi. Bu yazıda məhz həmin dühanın işığı, ziyası barədə bir neçə kəlmə deməyə çalışacağıq.

Əsrlərdən bəri milli dövlətçilik  arzusunda olan xalqımız XX əsrin əvvəllərində nail olduğu müstəqilliyi çox tez itirdiyinə görə  əsrin sonlarında o əvəzsiz  neməti bir daha əldə edəndə çox dərindən düşünməli, götür-qoy etməli idi ki, bu müstəqillik də əvvəlkinin taleyini yaşamasın. Çox təəssüf ki, müstəqilliyin ilk illərində dövlətimizə rəhbərlik edənlər həmin məsuliyyət hissini dərk edə bilmədiklərinə görə ölkəni  xaos və anarxiya başına götürmüşdü. Bu, bir tale yazısı idi ki, ümummilli liderimiz  Heydər Əliyev xalqın tələb və çağırışı ilə siyasi hakimiyyətə qayıtdı. Yoxsa, ikinci dövlət müstəqilliyimiz də əldən gedəcəkdi.

Heydər Əliyev siyasi hakimiyyətə qayıdandan  dərhal sonra bəyan etmişdi ki, bizim qarşımızda əsasən iki məsələ dayanır: dövlət müstəqilliyimizi əbədiləşdirmək və Azərbaycan vətəndaşı üçün xaos və anarxiyadan uzaq, firavan, ədalətin bərpa edildiyi bir cəmiyyət formalaşdırmaq. Bu məqam ulu öndərimizin insan hüquqlarına və ədalətə nə dərəcədə önəm verdiyini göstərirdi. Məhz həmin önəmin nəticəsidir ki, ümummilli liderimiz demokratik dünya ölkələrində mövcud olan ən mükəmməl təcrübələri də nəzərdən keçirdikdən sonra Azərbaycanda  möhtəşəm hüquq islahatlarına start vermişdi. Həmin islahatların ən mühüm tərkib hissələrindən olan məhkəmə hakimiyyəti sahəsində   nəinki respublikamızda, həm də bütün postsovet məkanında misli olmayan yeniliklərə imza atdıq.

Azərbaycan xalqının  Heydər Əliyev şəxsiyyətinə  olan inamı və  ehtiramı sarsılmaz vəhdət yaradaraq, bütövlükdə milli dövlətçiliyimizi  məhv olmaq, ölkəni parçalanmaq, qardaş qırğını təhlükəsindən hifz edə bildi.

Hər bir siyasi liderin gücü və qüdrəti onun elan etdiyi məqsəd və vəzifələrin, ideoloji prinsiplərin cəlbediciliyi ilə deyil, ilk növbədə, qarşıya qoyduğu vəzifələri real həyatda tətbiq imkanları ilə ölçülür. Ulu öndər Heydər Əliyev də təcrübəli dövlət xadimi kimi, Azərbaycan xalqının milli mentaliteti və dünyagörüşü ilə uzlaşan, reallığa adekvat olan milli inkişaf strategiyası seçmiş, iqtisadi modernləşməyə və siyasi liberallaşmaya xidmət edən çoxşaxəli islahatlar həyata keçirmişdir. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan xalqının demokratik-hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi də çağdaş tariximizin nəhəng siyasətçisi – ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin idarəçiliyinin ikinci mərhələsində də qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı olması onun zəngin mənəviyyatından qaynaqlanmışdır.

Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasının gənc və siyasi nüfuz baxımından zəif olan bir dövlət üçün  əhəmiyyətini  yaxşı bilən ulu öndər bu yöndə düşünülmüş addımlar atmaq istəyirdi. Çünki  əcnəbi şirkətlər sovet dönəmindən qalmış qanunlarla idarə edilən Azərbaycana sərmayə gətirmək istəmir, gətirdikləri sərmayənin sabahından narahat olduqlarını bildirirdilər. Ona görə də Heydər Əliyev sırf müstəqil Azərbaycanın qanunlarını, hüquq sistemini yaratmaq üçün şəxsən özünün rəhbərliyi ilə  çox möhtəşəm bir siyasi-hüquqi fəaliyyətə start vermişdi.

1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini tapmış, zamanın tələblərilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradılmışdır. Konstitusiyanın keçid müddəalarında Azərbaycan dövlətinin demokratik cəmiyyətə inteqrasiyası ilə əlaqədar olaraq, bir sıra demokratik, hüquqi islahatların həyata keçirilməsi yönündə mühüm addımlar atılmışdır.

Avropa ölkələrində hamılıqla qəbul edilmiş standart və normalara uyğunluq baxımından Azərbaycan Respublikasında Cinayət, Cinayət - Prosessual, Mülki və Mülki - Prosessual məcəllələrinin, habelə məhkəmə-hüquq sistemi ilə bağlı yeni qanunların hazırlanmasının əsası qoyulmuşdur.

Heydər Əliyevin 21 fevral 1996-cı il tarixli fərmanı ilə yaradılmış Hüquq İslahat Komissiyası bu və digər qanunların təkmil, beynəlxalq təcrübə əsasında, demokratik ideallara uyğun formada hazırlanmasını təmin etmişdir. Bilavasitə öz ixtisasımla bağlı olan məqamlara toxunaraq qeyd etmək istəyirəm ki, Heydər Əliyevin  “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətinin təmin edilməsi haqqında” və “Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə” fərmanları insan hüquq və azadlıqlarının təminatına xidmət sahəsində, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində yeni səhifə açmışdır.

Azərbaycan Konstitusiyasında məhkəmə hakimiyyəti ilə bağlı geniş əksini tapmış prinsiplər beynəlxalq standartlara tam cavab verməklə yanaşı, respublikamızda tamamilə azad, şəffaf və müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına hüquqi zəmin yaratmışdır. Əsas Qanunda təsbit olunmuş məsələlər bir daha təsdiqləyir ki, respublikada məhkəmə hakimiyyəti insan və vətəndaş hüquq və azadlıqlarını müdafiə edən, hüquq qaydasını cinayət və digər hüquqpozmalardan müdafiə edən, dövlət orqanlarının fəaliyyətinin hüquqi çərçivədən kənara çıxmamasına nəzarət edən müstəqil dövlət hakimiyyəti qoludur.

İnsan Hüquqlarına dair Ümumi Bəyannamənin  8-11-ci maddələrində, habelə BMT-nin 1985-ci il 29 noyabr tarixli qətnaməsi ilə bəyənilmiş “Məhkəmə orqanlarının müstəqilliyinin əsas prinsipləri”ndə və başqa beynəlxalq sənədlərdə təsbit olunmuş normaları hüquqi baxımdan özündə əks etdirən “Məhkəmələr və hakimlər haqqında” Qanunda hakim vəzifəsinə seçkilərin test üsulu ilə, tamamilə açıq, şəffaf, obyektiv və ədalətli prosedur əsasında keçirilməsi  təsdiq olunmuşdur. Məhkəmə - Hüquq Şurası qanuna uyğun olaraq, hakimliyə namizədlərin şəffaf prosedur əsasında, beynəlxalq tələblərə uyğun seçilməsi məqsədilə ilk dəfə 2000-ci ildə test üsulu ilə imtahan və müsabiqənin keçirilməsini təmin etmişdir. Bu məqsədlə bir sıra zəruri tədbirlər görülmüş, müstəqil və demokratik məhkəmə hakimiyyətinin formalaşması sahəsində zəngin ənənələri olan dövlətlərin qabaqcıl təcrübəsi öyrənilmiş, Azərbaycan Respublikasında hakimliyə namizədlərin seçilməsi qaydaları təsdiq edilmişdir.

Ulu öndər qeyd edirdi ki, zaman sürətlə dəyişdiyinə görə  dövlət və cəmiyyətlərin tələbatı da dəyişir. Odur ki, istənilən qanunun zamanın tələblərinə uyğun şəkildə təkmilləşdirilməsi və ya ona əlavələrin edilməsi tamamıilə təbiidir. Odur ki,  2002-ci il avqustun 24-də keçirilən ümumxalq səsverməsində (referendumda) Azərbaycan Respublikası Konstitusiyasına edilmiş mütərəqqi ruhlu dəyişikliklərin mühüm bir qismi də məhkəmə hakimiyyətinin həyata keçirilməsi ilə bağlı olmuşdur. Belə ki, Konstitusiyanın Apellyasiya Məhkəməsinin səlahiyyətlərini, hakimlərin seçilməsi qaydasını müəyyən edən maddəsi yeni redaksiyada verilmiş, prokurorluğun məhkəmə prosesində iştirakı əsasən cinayət məhkəmə icraatı ilə məhdudlaşdırılmış, Ali Məhkəmənin ümumi və ixtisaslaşdırılmış məhkəmələrin işinə nəzarət funksiyası ləğv edilərək, onun yalnız kassasiya instansiyası olması təsbit edilmişdir.

Bundan başqa, həmin referendumla təsbit edilmiş digər yeniliklə bütün məhkəmələrə, vətəndaşlara və Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinə (Ombudsmana) Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququ verilmişdir. Dəyişikliyin məzmununa görə, hər kəs, onun hüquq və azadlıqlarını pozan qanunvericilk və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada pozulmuş insan hüquq və azadlıqlarını bərpa etmək məqsədi ilə Konstitusiya Məhkəməsinə şikayət verə bilər. Bu şikayətlər məhkəmə qərarlarından verilən apellyasiya və kassasiya şikayətlərindən fərqli olaraq, konkret işlər üzrə qərarların ləğv edilməsi və ya dəyişdirilməsi məqsədi ilə deyil, yalnız insan hüquq və azadlıqlarını pozan aktların Konstitusiyaya və qanunlara zidd hesab olunması məqsədi ilə verilir.Bu fikirləri sadəcə hüquq islahatının hansısa müddəası kimi dəyərləndirmək məsələnin yarısıdır. Çünki həmin dəyişikliklər, xüsusən istənilən insana Konstitusiya Məhkəməsinə müraciət etmək şansının  verilməsi   əsas insan hüquq və azadlıqlarının müdafiəsinə yüksək təminatın miqyasını göstərir.

Şərq aləmində ilk dəfə olaraq Azərbaycanda ölüm cəzasının ləğvi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu faktın özü ümummilli liderin nə qədər humanist bir insan olduğunu, onun yaratdığı dövlətin isə dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəlilədiyini bir daha sübut edir. Heydər Əliyev bu barədə demişdir: “Bütün  bunlar Azərbaycan xalqının çoxəsrlik ənənələrindən irəli gəlir, ən yüksək dəyər olan insan həyatının qorunmasına təminat verir, cəmiyyətimizi insaniləşdirir, insan ləyaqətinə hörmət və ehtiramı, bütünlükdə ölkəmizdə demokratiyanın inkişafını nümayiş etdirir, xalqımızda nikbin gələcəyə inam yaradır. Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm. Ölüm cəzasının ləğvini məhz bu siyasətin məntiqi nəticəsi kimi qiymətləndirirəm”.

Cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, məhkəmə-hüquq islahatları sahəsində də ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev bu sahədə tarixi və milli dövlətçilik baxımından xüsusi əhəmiyyətə malik addımlar atır. Son illərdə Azərbaycan Prezidenti  tərəfindən yüksək əzmlə, yeni dövrün gerçəkliklərinə uyğun  olaraq  məhkəmələrin fəaliyyətinin müasirləşdirilməsi və təkmilləşdirilməsi məsələləri ön plana çəkilmişdir. Ədalət mühakiməsini həyata keçirən məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının təminatında bu müstəqil hakimiyyət institutunun rolunun artırılmasına xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, hazırda respublikada ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara uyğun həyata keçirilir.

Təsadüfi deyil ki, cənab İlham Əliyevin Prezident seçilməsindən az müddət sonra — 2003-cü il  dekabrın 23-də imzaladığı “Konstitusiya Məhkəməsi haqqında Qanuna əlavə və dəyişikliklər haqqında”  Qanuna görə, vətəndaşların pozulmuş hüquq və azadlıqlarının bərpası ilə bağlı birbaşa Konstitusiya Məhkəməsinə müraciət etməsi hüququnun həyata keçirilməsi mexanizmi müəyyən edilmişdir. Onların arasında insanların mühüm hüquqlarından olan mənzil toxunulmazlığı, yaxın qohumlara qarşı ifadə verməməyə görə məsuliyyətə cəlb edilməmə, məhkumun xüsusi mülkiyyətdə olan əmlakının hamısının məcburi qaydada əvəzsiz olaraq müsadirə edilə bilməməsi haqqında olan qərarlar mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını ölkəmiz üçün həyati əhəmiyyətli məsələ adlandıran Heydər Əliyevin bütün  tezisləri Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Məsələn, məhkəmələrin işinin təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması baxımından 2004-cü ilin dekabrında “Məhkəmə-Hüquq Şurası haqqında” yeni Qanunun qəbulu, habelə “Məhkəmələr və hakimlər haqqında” Qanuna dəyişikliklərin edilməsi xüsusi vurğulanmalıdır. Beynəlxalq norma və prinsiplərə uyğun olan həmin qanunlara əsasən, Məhkəmə - Hüquq Şurasının tərkibi əsasən hakimlərdən, habelə Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisin, Respublika Prokurorluğunun, Vəkillər Kollegiyasının nümayəndələrindən və digər şəxslərdən formalaşdırılmışdır.

Məlum olduğu kimi, möhtərəm Prezidentimiz  İlham Əliyev ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi, müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsi məqsədilə “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında 13 fevral 2014-cü il tarixli sərəncam imzalamışdır. Həmin sənəddə qeyd olunduğu kimi, müasir texnologiyaların məhkəmələrin fəaliyyətində tətbiqi məhkəməyə müraciət imkanlarının genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təminatına xidmət edəcəkdir.

Onu da qeyd etmək istəyirəm ki, bu müasirləşmə və yeniləşmə tədbirləri respublikamızın bütün bölgələrini, o cümlədən Naxçıvan Muxtar Respublikasını da əhatə edir. Naxçıvan Muxtar Respublikasının rayonlarında və Naxçıvan şəhərində bütün inzibati məhkəmə binaları yenidən əsaslı surətdə təmir edilmiş, ən müasir avadanlıqlarla təchiz olunmuşdur.

Bir sözlə, ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin bütün sahələri kimi, hüquq islahatları da kifayət qədər uğurlu nəticələr vermişdir. Ən başlıcası, o, ölkəmizdə ədalətin bərqərar edilməsini arzulayırdı. Şükürlər olsun ki, cənab Prezidentin, Ədliyyə Nazirliyinin və ölkənin hakimlər şəbəkəsinin birgə səyi nəticəsində ulu öndərin həmin arzusu günün reallığıdır. 

Ulu öndərin anadan olmasının 92-ci ildönümü münasibətiylə qələmə aldığımız bu sətirləri ədliyyə naziri Fikrət Məmmədovun ümumilli lider haqqında dediyi bir fikirlə yekunlaşdırmaq istəyirəm:  “Heydər Əliyevin hüquqi dövlət quruculuğunda zəngin irsinə nəzər salarkən Uinston Çörçilin sözlərini xatırlatmaq olar: “Dövlət xadiminin siyasətçidən fərqi ondadır ki, siyasətçi növbəti seçkiləri, dövlət xadimi isə gələcək nəsli düşünür”. Bu sözlər sanki Azərbaycanın sabahını, xalqımızın rifahını daim düşünən ümummilli liderimiz Heydər Əliyev haqqında deyilmişdi”.

İslam ƏLİYEV,
Ali Məhkəmənin hakimi

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında