Azərbaycan Respublikasının xarici siyasətinin əsas prinsipləri və prioritetləri

İkiqütblü sistemin sonunun çatması dünya siyasi arenasında böyük dəyişikliklərə səbəb olmaqla tamam fərqli siyasi reallıqların meydana gəlməsini şərtləndirmişdir. Əsas başlıca və nəzərəçarpan siyasi reallıq ondan ibarət idi ki, SSRİ-nin dağılması ilə beynəlxalq münasibətlər sisteminə yeni müstəqil iştirakçılar qoşulmuşlar. Postsovet məkanında meydana gəlmiş müstəqil dövlətlər sırf öz milli maraqlarından çıxış edərək xarici siyasi strategiyalarını müəyyənləşdirmişlər. Bu da müasir beynəlxalq münasibətlər sistemində keyfiyyətcə və kəmiyyətcə tamam yeni qarşılıqlı münasibətlərin formalaşmasını şərtləndirmişdir. SSRİ-nin süqutundan sonra beynəlxalq aləmə tam müstəqil bir aktor kimi inteqrasiya etməyə başlayan gənc dövlətlərdən biri də Azərbaycan Respublikası idi.

1991-ci ilin oktyabr ayında öz müstəqilliyini bəyan edən Azərbaycan Respublikası üçün beynəlxalq aləmə uğurlu inteqrasiya həyati vacib əhəmiyyət kəsb edirdi. Ölkənin olduqca əlverişli geosiyasi bir məkanda, həm də dünyanın supergüclərinin barışmaz maraqlarının kəsişdiyi regionda yerləşməsi milli dövlətçilik prinsiplərinə, müstəqilliyin və suverenliyin qorunmasına xidmət edəcək dayanıqlı xarici siyasi strategiyanın hazırlanmasını və tətbiq edilməsini tələb edirdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən, düşünülmüş və yeni siyasi reallıqları ən xırda elementlərinə kimi nəzərə alan xarici siyasət strategiyası gənc Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində layiqli yerini tutmasını şərtləndirmişdir.

Azərbaycan Respublikasının xarici siyasətinin başlıca prinsipləri mövcuddur. Bu prinsiplər bir qayda olaraq daxili-siyasi reallıqların təsiri altında müəyyənləşir. Biz artıq əsaslandırmışdıq ki, xarici siyasət daxili siyasətin beynəlxalq münasibətlər sistemində davamıdır. Yəni ölkənin daxili həyatında cərəyan edən siyasi proseslərlə və həyata keçirilməli olan vəzifələrlə əlaqəli olan siyasi kurs dövlətin beynəlxalq arenada mövqeyinin və xarici siyasətinin prinsiplərini, istiqamətlərini müəyyənləşdirir. Bu mənada, xarici siyasəti dövlətin daxili inkişafının əsas vəzifələrindən irəli gələn, ölkənin milli mənafeləri ilə xarici aləmin maraqları arasında sivil birgəyaşayış qaydaları və normaları əsasında uyğunlaşdırılmış, uzlaşdırılmış münasibətlər sistemi yaratmağa xidmət edən məqsədyönlü fəaliyyət növü kimi nəzərdən keçirmək lazımdır.

Azərbaycan Respublikasının xarici siyasətinin başlıca prinsipləri 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiyasında və ümummilli lider Heydər Əliyevin çıxışlarında öz əksini tapmışdır. Ölkə Konstitusiyasının 10-cu maddəsində Azərbaycanın xarici siyasətinin başlıca prinsipi önə çəkilərək qeyd olunur ki, Azərbaycan başqa dövlətlərlə və xarici aləmlə əlaqələrini beynəlxalq hüquq normaları və ölkənin maraqlarını nəzərdə tutan prinsiplər əsasında qurur. Ölkənin ali qanununa uyğun olaraq, Azərbaycan Respublikası konkret sahələr üzrə xarici siyasətini reallaşdırarkən konkret prinsiplərə əsaslanır. Bu Azərbaycan Respublikasının xarici siyasi kursunun özünəməxsusluqlarını səciyyələndirən əlamətlərdəndir. Belə ki, siyasi, iqtisadi, mədəni və digər sahələrin xarakterinə uyğun olaraq konkret prinsiplər rəhbər tutulur. Məsələn, Azərbaycan Respublikasının siyasi müstəvidə xarici siyasətinin mahiyyəti beynəlxalq hüquq normaları və prinsipləri ilə tənzimlənən sivil dövlətlərarası münasibətlərə hörmət bəsləməkdən, beynəlxalq, regional və dövlətlərarası münaqişələri sülh və danışıqlar yolu ilə həll etməkdən, bütün dövlətlərin suveren hüquqlarına, dövlət sərhədlərinə və ərazi bütövlüklərinə hörmətlə yanaşmaqdan ibarətdir. Uyğun olaraq iqtisadi sahədə də xarici siyasətin əsas mahiyyətini qarşılıqlı-faydalı əməkdaşlıq etmək, iqtisadi maraqların uzlaşdırılması, uyğunlaşdırılması, qarşılıqlı təminat mexanizminin yaradılması və onun qorunması təşkil edir.

Mədəni sahədə Azərbaycan Respublikasının xarici siyasətinin mahiyyəti dövlətlərarası əlaqələrə və ünsiyyətlərə mane olan hər cür məhdudiyyətləri aradan qaldırmaqdan, mənəvi sərvətlərin maneəsiz, azad və demokratik mübadiləsindən, digər xalqların mədəni-mənəvi irsinə hörmətlə yanaşmaqdan və s. ibarətdir. Azərbaycan Respublikasının xarici siyasətinin səciyyəvi xüsusiyyətləri vardır. Xarici siyasətimizin səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan beynəlxalq münasibətlər sisteminin aktorları arasındakı münasibətlərin inkişaf istiqamətlərinə və dinamikliyinə uyğun olaraq, praqmatik və tarazlı xarici siyasəti həyata keçirir, qonşu dövlətlərlə hərtərəfli sıx əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə böyük önəm verir.

Region dövlətləri ilə yanaşı, beynəlxalq münasibətlər sisteminin mövcud vəziyyətinə ciddi təsiretmə imkanlarına malik olan qüdrətli dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin yaradılmasına, xarici siyasəti həyata keçirərkən onların regionda maraqlarının nəzərə alınmasına və bu maraqlarla Azərbaycan dövlətinin milli maraqlarının uzlaşdırılmasına da diqqət yetirilir. Azərbaycan Respublikası əsasən məhz bu prinsiplərə əsaslanaraq öz xarici siyasi strategiyasını müəyyənləşdirmişdir və uğurla həyata keçirməkdədir. Müstəqilliyinin ilk illərində, yəni ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər olan vaxtdan fərqli olaraq, sonrakı mərhələdə həyata keçirilən xarici siyasət prinsipləri dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, Azərbaycan Respublikası öz inkişafını plüralist demokratiya prinsiplərinə söykənən, hüquqi dövlət quruculuğu yoluna istiqamətləndirmişdir. Buna uyğun olaraq ölkənin xarici siyasəti də beynəlxalq təcrübənin bütün mütərəqqi prinsiplərinə əsaslanır və müasir, sivil beynəlxalq normaları özündə əks etdirir.

Beləliklə, Azərbaycan Respublikası müasir beynəlxalq təhlükəsizlik sisteminin dayağı olan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət kursunu reallaşdırmaqdadır. Deməli, müəyyənləşdirdiyi xarici siyasi kursa uyğun olaraq dünya dövlətlərinin ərazi bütövlüyünə, müstəqilliyinə, suverenliyinə hörmətlə yanaşmaq və onların daxili işlərinə müdaxilə etməmək Azərbaycanın beynəlxalq aləmlə münasibətlərində və qarşılıqlı əlaqələrində əsas prinsiplərdir. Azərbaycan beynəlxalq münasibətlər sisteminin bütün aktorları ilə münasibətdə onların hərbi və iqtisadi potensialından, ərazisinin miqyasından asılı olmayaraq, dünya dövlətlərinin suveren bərabərliyi prinsipinə əsaslanan tam müstəqil xarici siyasət həyata keçirir.

Azərbaycan dövlətinin xarici siyasətinin digər başlıca prinsiplərindən biri kimi, həmçinin, bu siyasətin həyata keçirilməsi zamanı şəffaflığın təmin edilməsini, beynəlxalq münasibətlər sistemindəki real vəziyyəti təhlil edərək əvvəlcədən müəyyənləşdirilmiş addımların atılmasını göstərmək olar. İstər regionda, istərsə də kənarda yerləşən bütün dövlətlərlə dostluq və qarşılıqlı səmərəli ikitərəfli və çoxtərəfli əlaqələrin qurulması və inkişaf etdirilməsi, regionda və ümumilikdə beynəlxalq arenada dinc-yanaşı mövcud olmanı daim təbliğetmə də həmçinin Azərbaycan dövlətinin xarici siyasətinin vacib prinsiplərindəndir. Azərbaycan dövlətinin xarici siyasətinin yuxarıda qeyd etdiyimiz prinsiplərini ulu öndər Heydər Əliyev daha dəqiq ifadə etmişdir. Belə ki, Heydər Əliyev ölkənin xarici siyasətini səciyyələndirərək qeyd etmişdir: “Bizim xarici siyasətimiz sülhsevər siyasətdir, biz hər hansı bir dövlətin suverenliyinə, ərazi bütövlüyünə toxunmaq məqsədi güdmürük. Lakin eyni zamanda respublikamızın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun xarici siyasət vasitəsilə təmin etməyə çalışacağıq”.

Həqiqətən də, Azərbaycanın xarici siyasi strategiyasının banisi olan ümummilli lider Heydər Əliyev ölkənin xarici siyasi kursunu müəyyənləşdirərkən qeyd etdiyi prinsipləri rəhbər tutmuşdur.

Mühüm prinsiplərdən biri də ondan ibarətdir ki, Azərbaycan Respublikası regional qarşılıqlı əməkdaşlığı regionda sülhün və sabitliyin qorunub saxlanılması üçün mühüm amil hesab edir. Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə çıxış edərək torpaqlarımızın 20%-ə qədərini işğal altında saxlayan Ermənistan istisna olmaqla bütün region dövlətləri ilə qarşılıqlı faydalı dostluq münasibətləri qurmuşdur. Ümummilli lider Heydər Əliyev vaxtında böyük müdrikliklə müəyyənləşdirmişdir ki, region dövlətləri ilə qarşılıqlı əlaqələrin qurulması olduqca vacibdir. Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu prinsiplərə sadiqlik nümayiş etdirir və hesab edir ki, regional səviyyədə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilərək ən yüksək səviyyəyə qaldırılması regionda həllini gözləyən problemlərin birgə səylərlə, təminatlı şəkildə aradan qaldırılması üçün etibarlı zəmin yaradır.

Azərbaycan Respublikasının xarici siyasət strategiyası müəyyənləşdirilərkən rəhbər tutulan prinsiplərdən biri də Azərbaycan dövlətinin strateji maraqlarının regionda ciddi maraqları olan və regiona real təsiretmə imkanları olan beynəlxalq güc mərkəzlərinin maraqları ilə uzlaşdırmaqdan ibarət idi. Qeyd etmək lazımdır ki, müasir dünyanın real güc mərkəzlərinin, regional və beynəlxalq münasibətlərin hazırkı reallıqlarının nəzəri təhlili özünün xarici siyasətinin istiqamətini müəyyənləşdirən, beynəlxalq arenaya uğurlu inteqrasiya etmək istəyən istənilən dövlət üçün çox əhəmiyyətlidir. Belə ki, müstəqillik yolu ilə addımlayan hər bir dövlətin beynəlxalq münasibətlər sistemində gələcək yeri və rolu bu amillərdən, daha dəqiq ifadə etmiş olsaq, iqtisadi-siyasi və təhlükəsizlik meyillərini hansı beynəlxalq güc mərkəzinə yönəltməsindən, hansı mərkəzlə əməkdaşlıq, tərəfdaşlıq, dostluq və nəhayət, strateji müttəfiqlik əlaqələrini yaratmasından əhəmiyyətli dərəcədə asılıdır.

Məhz bu prinsipdən çıxış edərək Azərbaycanın xarici siyasət strategiyası işlənib hazırlanarkən müxtəlif güc mərkəzlərinin regional və beynəlxalq maraqlar sistemi geniş təhlil edilərək dərindən öyrənilmiş, bu maraqların Azərbaycanın milli maraqları ilə uzlaşdırılması istiqamətində ciddi addımlar atılmışdır. Ölkənin xarici siyasətinin konturları müəyyənləşdirilən zaman bu prinsipə əməl olunması Azərbaycanın beynəlxalq imicinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərmişdir. Hər şeydən əvvəl,  beynəlxalq ictimaiyyətin, xüsusilə də regionda təsir imkanları geniş olan güc mərkəzlərinin Azərbaycan Respublikasına münasibəti kökündən dəyişmişdir. Belə ki, vaxtilə ölkəmizə münasibətdə beynəlxalq ictimaiyyətin aparıcı qüvvələri gözləmə mövqeyi nümayiş etdirirdilərsə, sonradan region hadisələrinə fəal müdaxilə və Azərbaycanın ədalətli tələblərini müdafiə mövqeyinə keçirmək üçün ardıcıl diplomatik gedişlər edilmişdir. Bir sözlə, Azərbaycanın yeni xarici siyasət kursu respublikamızın strateji mənafeyinə uyğun olaraq, dünyanın aparıcı dövlətlərini Azərbaycanın müstəqil və qüdrətli dövlət olacağı zamanı gözləmədən, onun müstəqil və inkişaf etmiş ölkələr sırasında layiqli yer tutmasına hər cür şərait yaratmasına xidmət edən faydalı əməkdaşlıq yoluna sövq etdi. Heydər Əliyevin siyasi xətti qısa bir vaxtda nəinki Azərbaycanı bu ölkələrin əsas maraq dairəsinin fəal obyektinə çevirmiş, həm də respublikamız üçün həyati əhəmiyyət kəsb edən müstəqil dövlətçilik mənafelərini onların iqtisadi və siyasi maraqları ilə hərtərəfli uzlaşdıra bilmişdir. Bir sözlə, bəhs edilən dövrdə bu dövlətlərin maraqlarının Azərbaycan adlanan təbii-coğrafi və hüquqi-siyasi məkanda maddiləşməsi üçün hərtərəfli daxili və beynəlxalq şərait yaradılmışdır.

İstənilən hər hansı bir dövlətlə əlaqələr və münasibətlər strategiyasının işlənib hazırlanması və reallaşdırılması da məhz bu prinsiplərə əsaslanır. Xarici siyasi strategiyanın bu prinsiplər əsasında işlənib hazırlanması və bu prinsiplərin dəqiqliklə gözlənilməsi Azərbaycanın milli maraqlarının qorunmasına və səmərəli təmin olunmasına etibarlı zəmin yaradırdı. Regionda cərəyan edən sonrakı proseslər və yaranmış siyasi reallıqlar bir daha sübut etdi ki, dünyanın güc mərkəzlərinin regionda maraqlarının nəzərə alınması və onların regiona təsir imkanlarının dəqiqliklə hesablanması prinsiplərinə əsaslanan xarici siyasi kurs olduqca uğurlu olmuşdur.

Müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin söykəndiyi ana prinsiplərdən biri də balanslaşdırma siyasətidir. Azərbaycan Respublikasının geosiyasi mövqeyi və mövcud beynəlxalq vəziyyəti məhz balanslaşdırılmış xarici siyasətin həyata keçirilməsini tələb edir. Çünki artıq qeyd etdiyimiz kimi, dünyada mövcud olan güc mərkəzlərindən ancaq birinə meyilli xarici siyasətin yeridilməsi dövlətin mövcudluğu üçün böyük təhlükə yaradır və ölkənin beynəlxalq münasibətlər sistemində layiqli yer tutması imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.

Bu baxımdan Azərbaycan xarici siyasətində balanslaşdırılmış siyasətin yeridiləməsi prinsipinə böyük həssaslıqla yanaşır. Belə ki, bu gün Azərbaycan fərq qoymadan regionda maraqları olan hər bir beynəlxalq güc mərkəzi ilə bərabərhüquqlu qarışılıqlı-faydalı əlaqələr qurmuşdur. Eyni zamanda, bütün nüfuzlu brynəlxalq və regional təşkilatlara üzv olmaq, onlarla yaxından əlaqələr qurmaq və onların işində yaxından iştirak etmək də məhz bu prinsipdən irəli gəlir. Ümummilli lider Heydər Əliyev bu prinsipin daha önəmli olmasını hakimiyyətinin ilk günündən müəyyənləşdirmişdir. Bu baxımdan ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin müstəqilliyinin ən yüksək səviyyədə dayanıqlı olmasını təmin etmək, ardıcıl, düşünülmüş taktiki addımlar atmaqla ölkəni Rusiyanın təsir dairəsindən çıxarmaq, Şərqlə Qərb arasındakı münasibətlər sistemində Azərbaycanın özünəməxsus, layiqli yer tutmasını şərtləndirmək naminə regionun digər dövlətlərinin milli maraqlarına toxunmamaq şərti ilə balanslaşdırılmış xarici siyasi kursu reallaşdırmışdır.

Bütün yuxarıda qeyd etdiklərimiz Azərbaycan Respublikasının öz xarici siyasətini həyata keçirərkən istinad etdiyi başlıca prinsiplərdir.

Azərbaycanın xarici siyasətinin prinsipləri haqqında apardığımız təhlilləri ümumiləşdirərək konkret şəkildə bu prinsipləri bir daha nəzərdən keçirmək olar. Beləliklə, Azərbaycan Respublikasının müxtəlif səviyyəli beynəlxalq münasibətlər sahəsində əlaqələr qurarkən və inkişaf etdirərkən rəhbər tutduğu prinsipləri konkret olaraq aşağıdakı kimi qruplaşdırmaq olar:

Birincisi, hər bir dövlətin suveren hüquqlarına, ərazi bütövlüyünə hörmətlə yanaşmaq, beynəlxalq hüquq normaları və prinsiplərinə uyğun olaraq dövlətlərin ərazi bütövlüyünün pozulmasına, sərhədlərinin zorla dəyişdirilməsinə və dövlət müstəqilliyinin təhlükə altına alınmasına yol verməmək, mübahisəli məsələləri dinc yolla həll etmək. Bundan başqa, digər dövlətlərin daxili işlərinə müdaxildən çəkinmək və xarici dövlətlərin onun daxili işlərinə qarışmasına yol verməmək, hər bir ölkənin müəyyənləşdirdiyi və üstünlük verdiyi inkişaf modelinə hörmətlə yanaşmaq, beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəlikləri dəqiq yerinə yetirmək və bu qəbildən olan prinsiplərdəndir;

İkincisi, müxtəlif spektrli əlaqələrdə bərabərhüquqlu, qarşılıqlı-faydalı əməkdaşlıq, ortaq maraq və mənafeləri qorumaq, qarşılıqlı təhlükəsizliyə can atmaq, ikitərəfli əlaqələrdə beynəlxalq hüquq normalarını və sivilizasiyalı birgəyaşayış qaydalarını, başqa dövlətlərin, regional və beynəlxalq birliklərin mənafelərini nəzərə almaqdan ibarətdir;

Üçüncüsü, xalqların və millətlərin öz müqəddəratlarını təyin etməsinə hörmətlə yanaşmaqdır. Lakin bu separatizmlə, terrorçuluqla, dövlətlərin və xalqların təhlükəsizliyinə, maddi və mənəvi həyatına ziyan verə biləcək digər neqativ hallarla müşayiət olunduğu halda ona qarşı mübarizə aparmaqdır;

Dördüncüsü, müasir dövrün qlobal problemlərinin aradan qaldırılmasında dünya ictimaiyyəti ilə birgə fəaliyyətdə səylərini əsirgəməmək və bu istiqamətdə beynəlxalq əməkdaşlığı inkişaf etdirməkdir və s.

Azərbaycan dövlətinin xarici siyasəti yuxarıda qeyd etdiyimiz prinsiplərə söykənməklə özünün konkret prioritetlərinə malikdir. Beləliklə, Azərbaycan Respublikasının xarici siyasətinin prioritetləri sırasında əsaslarını qruplaşdıraraq təhlil edək. Hesab edirik ki, demokratik inkişaf yolu ilə inamla addımlayan müstəqil Azərbaycan dövləti mövcud olan problemlərin böyük əksəriyyətinin öhdəsindən uğurla gəlmişdir və bu gün bizdən asılı olmayan səbəblər üzündən həllini tapmayan başlıca problem ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ilə bağlıdır. Yəni Azərbaycan dövlətinin xarici siyasətinin birinci prioriteti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dinc vasitələrlə həll edərək ölkənin ərazi bütövlüyü və suverenliyinin tezliklə bərpa edilməsinə nail olmaqdan ibarətdir. Daha dəqiq ifadə etmiş olsaq, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması istiqamətində ardıcıl, təsirli addımların atılması Azərbaycan dövlətinin xarici siyasətinin əsas prioritetlərindəndir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi istiqamətində Azərbaycan xarici siyasətinin bütün imkanlarını səfərbər etmişdir. Aparılan gərgin və məqsədyönlü işlər sayəsində bu gün Azərbaycanın haqlı tələbləri bütün dünya ölkələri, beynəlxalq və regional təşkilatlar tərəfindən dəstəklənir.

Azərbaycan dövlətinin xarici siyasətinin digər prioriteti milli təhlükəsizliyi, siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş təhlükələrin aradan qaldırılmasından, beynəlxalq təhlükəsiz sistemə uğurlu inteqrasiya etməklə, beynəlxalq və regional təhlükəsizliyin təmin olunmasına öz töhfələrini verməkdən ibarətdir. Fikirlərimizə bir az da aydınlıq gətirərək daha geniş formada Azərbaycan dövlətinin xarici siyasətinin bu istiqamətdə prioriteti kimi beynəlxalq sülh və təhlükəsizliyi qorumağı və bu məqsədlə sülhün təmin edilməsi işində yaranan təhlükənin qarşısını almaq və onu ləğv etməyi, təcavüz aktlarını yatırtmaq üçün səmərəli kollektiv tədbirlər həyata keçirməklə ədalət və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq sülh vasitələrilə beynəlxalq münaqişələrin və sülhün pozulmasına gətirib çıxara bilən halların dinamikliklə aradan qaldırılmasını göstərmək olar.

Xarici siyasətinin bu prioritetinə uyğun olaraq Azərbaycan dövləti mövcud təhlükəsizlik mühitində ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyə qarşı mümkün təhdidlərin nəzarət altında saxlanılmasına və aradan qaldırılmasına çalışır. Bu baxımdan, hazırlanmış xarici siyasi strategiya həmçinin bu istiqamətdə fəaliyyətin həyata keçirilməsinə hesablanmışdır. Beynəlxalq təşkilatların müvafiq strukturlarına inteqrasiya və onlarla sıx əlaqələrin qurulması istər-istəməz bu strukturların təhlükəsizlik sistemlərinə də inteqrasiyanı şərtləndirir. Beynəlxalq təhlükəsizlik sisteminə inteqrasiya Azərbaycan dövləti üçün strateji əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan Respublikası beynəlxalq, xüsusilə də Avratlantik strukturlarla strateji tərəfdaşlığı bütövlükdə beynəlxalq təhlükəsizliyə, iqtisadi inkişafa və demokratiyaya dəstək verəcək mühüm bir vasitə kimi görür. Azərbaycan Respublikası Avropa və Avratlantik məkanında qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılmasında NATO ilə birgə işləyir və təhlükəsizliyin bölünməzliyi prinsipinə zidd coğrafi və siyasi ayrı-seçkilik olmadan Avropada və yerləşdiyi regionda vahid təhlükəsizlik sisteminin qurulması yükünü bölüşmək əzmindədir.

Azərbaycan dövlətinin xarici siyasətinin ən başlıca prioritetlərini qruplaşdıraraq təhlil etdik. Yuxarıda qeyd etdiklərimizdən başqa, ölkənin xarici siyasətinin digər prioritetlərini də göstərmək olar. Məsələn, bunlardan regionda qanunsuz silah və digər daşımaların qarşısının alınması; təhlükəsizliyin və sabitliyin gücləndirilməsi; Xəzər dənizi hövzəsinin demilitarizasiyası; nüvə silahlarının yayılmasının qarşısının alınmasına dair mövcud olan qlobal rejimlərə sadiqlik və Cənubi Qafqazda nüvə silahlarından azad zonanın yaradılması; iştirakçısı olduğu Avrasiya nəqliyyat dəhlizini inkişaf etdirmək və s. istiqamətlərdə geniş fəaliyyət proqramın həyata keçirilməsini qeyd etmək olar.

Azərbaycan dövləti istər regional, istərsə də beynəlxalq münasibətlər sistemində fəaliyyəti zamanı xarici siyasətinin müəyyənləşdirdiyi hər bir prioritetinə istisnasız olaraq böyük həssaslıqla yanaşır.

Hikmət BABAOĞLU,
“Yeni Azərbaycan” qəzetinin
baş redaktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında