Çətin sınaqlardan keçərək dünya arenasında mətin addımlarla irəliləyən Azərbaycan daha bir tarixi uğuru qeyd etməyə hazırlaşır. Beynəlxalq əhəmiyyətə malik çoxsaylı forum və tədbirlərə ev sahibliyi etmiş Bakıda I Avropa Oyunları keçiriləcək. Təkcə iştirakçı ölkələrin deyil, bütün dünyanın diqqəti yenə Azərbaycana yönələcək.
“Sabitlik adası”
XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini əldə edən Azərbaycan çətinliklərlə qarşılaşdı. Ermənistanın hərbi təcavüzü, daxili çəkişmələr və siyasi hakimiyyətin səriştəsizliyi ölkəmizi təhlükəli bir durumla üz-üzə qoymuşdu. Yaranan böhran son həddə çatanda xalqımız çıxış yolunu müdrik siyasi xadim, dünya siyasətinin görkəmli nümayəndələrindən biri olan Heydər Əliyevi hakimiyyətə gətirməkdə gördü. Ölkənin hər yerindən səslənən israrlı tələblərdən sonra Azərbaycana rəhbərlik etməyə qayıdan ümummilli lider dövlətimizi təhlükələrdən qoruya bildi. Ulu öndərin müdrik qərarları və qətiyyətli addımları Azərbaycanın gələcək uğurlu inkişafının əsasını qoydu.
2003-cü ildən başlayaraq, ölkəmiz yeni bir mərhələyə qədəm qoydu. Cənab İlham Əliyev Prezident seçildikdən sonra Azərbaycan ümummilli liderin müəyyənləşdirdiyi siyasi kursu əzmlə davam etdirdi. Qısa müddətdə bütün sahələrdə sürətli inkişafa nail olundu. İqtisadi və siyasi sahədə məntiqli islahatlar tezliklə öz müsbət bəhrəsini verdi.
Siyasi cəhətdən qətiyyətli, iqtisadiyyatı qüdrətli və hərbi sahədə güclü olan ölkəmiz əvvəlcə regionda özünü sübut etməyə başlamışdısa, bu gün Azərbaycan bütün dünyada söz sahibinə çevrilib. Son illər iqtisadi böhran, siyasi münaqişələr dünyanı cənginə alsa da, ölkəmiz özünün müəyyənləşdirdiyi yolla irəli addımlamaqdadır. Dövlət başçısı İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan bu gün bütün dünyada bir “sabitlik adası”dır. Məhz buna görə də dünya əhəmiyyətli, transmilli layihələrin əksəriyyəti Azərbaycanın iştirakı ilə həyata keçirilir. Bu da ölkəmizin beynəlxalq münasibətlərdəki mövqeyini daha da artırır, diplomatik sahədəki uğurlarının davamlı olmasını təmin edir. Son illər Azərbaycanın BMT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlarda qazandığı uğurlar müstəqil dövlətimizin mövqelərini daha da artırır. Bütün sahələrdə böyük uğurlara imza atan ölkəmiz dünya dövlətləri arasında etibarlı tərəfdaşa çevrilir.
Bakı yenə birincidir
Sürətlə inkişaf edən paytaxtımız Bakı son illər həm siyasi, həm də digər mövzularda keçirilən beynəlxalq tədbirlərin mərkəzinə çevrilib. Burada yüksək səviyyədə təşkil olunan belə tədbirlərdə dünya ictimaiyyətinə, beynəlxalq aləmə önəmli mesajlar verilib.
Gələn ay isə Bakı tarixi bir missiyanı həyata keçirəcək. Azərbaycan paytaxtı qitədə ilk dəfə reallaşan I Avropa Oyunlarına ev sahibliyi edəcək. Avropanın 50-dən çox ölkəsindən gələn 6 minə yaxın idmançı 20 növ üzrə yarışacaq. Bu mötəbər tədbir keçirilən günlərdə Bakımız həm də sülh, idman və həmrəylik paytaxtına çevriləcək.
I Avropa Oyunlarının məhz ölkəmizdə keçirilməsi barədə tarixi qərar Avropa Olimpiya Komitəsinin 2012-ci il dekabrın 8-də İtaliyanın paytaxtı Romada baş tutan 41-ci Baş Assableyasında verilib. Baş Assambleyada 48 səsdən 38-i məhz Azərbaycanın namizədliyini dəstəkləyib. Bu faktın özü də ölkəmizin son illər beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.
Qəlbində Azərbaycana sevgi olan hər kəs inanır ki, I Avropa Oyunları yüksək səviyyədə keçiriləcək. Qısa müddət ərzində görülən işlər, həyata keçirilən tədbirlər bizdə bu inamı daha da möhkəmləndirir. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sədrlik etdiyi I Avropa Oyunları Təşkilat Komitəsinin həyata keçirdiyi işləri xüsusi qeyd etmək yerinə düşər. Bu mötəbər yarışın uğurla keçirilməsi üçün görülən işlər, yeni inşa olunan stadionlar, bərpa edilən idman qurğuları, beynəlxalq standartlara cavab verən infrastruktur göz önündədir.
“Azərbaycan” deyiləndə ayağa dur ki...
İlk dəfə təşkil olunacaq Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzunun göstəricisidir. Qitənin 50 ölkəsinin qatılacağı bu mötəbər tədbiri təkcə idman yarışı kimi xarakterizə etmək doğru deyil. I Avropa Oyunlarının həm də böyük bir siyasi çəkisi var.
Bu mühüm əhəmiyyətli tədbir baş tutan günlərdə I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi, idmançılara, qonaqlara, yarışı izləməyə gələn əcnəbi turistlərə şəraitin yaradılması ölkəmizi bütün dünyada daha geniş şəkildə təbliğ etmək üçün gözəl fürsətdir. Müxtəlif ölkələrə yayılacaq canlı yayımlar Azərbaycan həqiqətlərini dünyaya çatdıracaq. Azərbaycanın təkcə Avropa deyil, bütün dünya üçün bir nümunə olduğu bir daha sərgilənəcək.
Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, bu tədbir bir Avropa bayramına çevriləcək: “Biz Avropa Oyunlarını Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindəyik. Azərbaycan burada yenə də liderlik keyfiyyətlərini göstərir. Çünki Avropa Oyunlarının standartları, əslində, Bakıda qoyulacaq. Çünki heç vaxt bu günə qədər belə oyunlar keçirilməmişdir. Bu oyunlar müxtəlif səviyyədə keçirilə bilərdi. Ancaq biz istəyirik ki, bu möhtəşəm idman bayramı möhtəşəm dostluq bayramına çevrilsin. Buna böyük ehtiyac vardır. Avropa Oyunlarının keçirilməsi sadəcə olaraq bir idman tədbiri deyil. Hesab edirəm ki, bu tədbirdə iştirak edəcək idmançılar, qonaqlar Azərbaycanla, əlbəttə ki, tanış olacaqlar və Azərbaycanın uğurlu inkişaf modelini görəcəklər”.
I Avropa Oyunlarının başlanmasına çox az vaxt qalır. Azərbaycan beynəlxalq aləmdə qazanılacaq daha bir uğurun astanasındadır. Bu mühüm tədbirdə ölkəmizin əldə edəcəyi möhtəşəm nailiyyətlər dünyaya səs salacaq.
Turqay ASLANOV,
“Odlar Yurdu” Universitetinin magistri,
II dərəcəli ədliyyə qulluqçusu
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.