Mübahisələr beynəlxalq hüquq normaları əsasında deyil, böyük dövlətlərin istəklərinin gerçəkləşdirilməsi istiqamətində həll olunmağa başladı. Beləliklə də, problemlərin həllində beynəlxalq hüquqa riayət olunmamasından əziyyət çəkən subyektlərin sayı kəskin surətdə artmağa başladı.
Yaranmış şəraitdə kiçik dövlətlərin öz təhlükəsizliklərini təmin etmək niyyətləri biganə yanaşma ilə üzləşərək böyük dövlətlərin, transmilli güclərin qlobal maraqları müstəvisində girova çevrilirdi.
Heydər Əliyev yaxşı bilirdi ki, dünyanın aparıcı dövlətləri və güc mərkəzləri ilə əməkdaşlıq prosesində risk hədləri mütləq nəzərə alınmalı, ehtiyat manevr imkanları və sferası saxlanmalıdır. Azərbaycanın xarici siyasət kursunun çoxvektorluluğu intuitiv mülahizələrə deyil, beynəlxalq siyasi proseslərin getdikcə daha mürəkkəb xarakter almasını şərtləndirən amillərin dərin məntiqi təhlilinə əsaslanırdı.
Beynəlxalq proseslərdə müşahidə edilən ən ciddi dəyişikliklərdən biri bu idi ki, proseslər heç də həmişə beynəlxalq hüquqa və demokratik amillərə söykənmir, güclü, dünya resurslarının böyük hissəsinə nəzarət edən nüfuzlu dövlətlərin diktəsi altında inkişaf edirdi. İqtisadi komponent hər bir dövlətin təhlükəsizliyinin mühüm tərkib hissəsi olsa da, beynəlxalq və nüfuzlu regional təşkilatların əksəriyyəti beynəlxalq proseslərdə hər zaman böyük dövlətlərin və onların koalisiyasının maraqlarını müdafiə edirdi. Odur ki, Azərbaycan belə təşkilatların ölkə daxilində fəaliyyətini daim diqqət mərkəzində saxlayır.
Azərbaycan Avropa məkanına inteqrasiya prosesinə milli maraqlar prizmasından yanaşır və bu inteqrasiyanın siyasi, iqtisadi dividendlərini dəqiq hesablamağa çalışır. Avropa mühüm istiqamət olsa da, unutmaq olmaz ki, dünyada cərəyan edən qlobal proseslər fonunda Qərb, əsasən, tələbatçı rolunda çıxış edir, özünün maraqlarının təmin olunmasına yönəlmiş layihə və proqramları reallaşdırır.
Qlobal güclər belə bir reallığı nəzərə almaq məcburiyyətindədirlər ki, Azərbaycan zəngin təbii sərvətləri, geosiyasi mövqeyi, intellektual potensialı baxımından qloballaşma prosesinin təkanverici qüvvəsi kimi çıxış edir. Qloballaşmanın təsiri altında bir sıra dövlətlərin beynəlxalq proseslərdə rolunun zəiflədiyi halda, Azərbaycan ciddi aktora çevrilir. Avropanın enerji təhlükəsizliyinin təminatında Qərb Azərbaycana böyük ümidlər bəsləyir. Bağlanmış müqavilələr, həyata keçirilən iri layihələr onu deməyə əsas verir ki, Azərbaycan yeni minilliyin ilk əsrində beynəlxalq təhlükəsizlik sisteminin önəmli məkanına çevrilir. Ölkənin enerji resurslarının hasilatı və ixracı onun qüdrətini artırır, milli maraqların müdafiəsinə yönəlmiş xarici siyasət həyata keçirməyə, çağdaş çağırış və təhdidlərə adekvat reaksiya sərgiləməyə imkan verir.
Elmi əsaslara söykənən fundamental qərarlar, dəqiq müəyyənləşdirilmiş prioritetlər, xalqın mənafeyinə uyğun sosial-iqtisadi siyasət, çevik idarəçilik mexanizmi, diplomatiya sahəsində balanslaşdırma prinsipinə əməl olunması Azərbaycan dövlətçiliyini səciyyələndirən əsas xüsusiyyətlər olaraq inkişaf prosesində yüksək dinamizmi təmin edir.
Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq məqsədilə BMT, ATƏT, Avropa Şurası, MDB, GUAM, İKT, QİƏT, İƏT kimi nüfuzlu qurumlarla bərabər, Avropa İttifaqı, NATO, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu və digər təşkilatlarla səmərəli əlaqələr genişləndirilir.
İnsan hüquq və azadlıqlarının təmin və müdafiə olunması demokratiya yolunda inamla irəliləyən Azərbaycan Respublikasının milli inkişaf strategiyasının prioritet istiqamətlərindəndir. Müasir dünya insan hüquqlarını ali dəyər kimi qəbul edir. BMT-nin 1945-ci il oktyabrın 24-də qüvvəyə minmiş Nizamnaməsi fundamental beynəlxalq müqavilə olaraq, dünya hüquq sistemində insan hüquqlarına hörmət və ona riayət olunması prinsipini təsbit edərək dövlətlərin üzərinə mühüm vəzifələr qoymuşdur. Bu sənəd insan hüquqları üzrə beynəlxalq əməkdaşlığın təməlində durur. İnsan hüquqları haqqında Beynəlxalq Bill aşağıdakı beynəlxalq müqavilələri əhatə edir:
- İnsan Hüquqları haqqında Ümumi Bəyannamə;
- İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt;
- Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt;
- Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakta aid qeyri-məcburi Protokol.
Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası insan hüquq və azadlıqlarını hüquqi dövlətin tələblərinə müvafiq surətdə təsbit etməklə yanaşı, bütün dövlət orqanları qarşısında onların müdafiəsini bir vəzifə kimi qarşıya qoyur. Konstitusiyada təsbit olunmuş şəxsi hüquq və azadlıqlar insanı onun şəxsi azadlığı sferasına hər hansı müdaxilədən, o cümlədən dövlətin müdaxiləsindən müdafiə etmək iqtidarındadır. Azərbaycanda insanın konstitusion statusunu müəyyən edən prinsiplər mühüm beynəlxalq sənədlərlə təsbit olunmuş müddəaları bütünlüklə özündə ehtiva edir. Dünyada insan üçün azadlıqdan, dövlət üçün müstəqillikdən yüksək dəyər yoxdur. Bu gün qürurla deyə bilərik ki, biz müstəqil Azərbaycan dövlətinin azad vətəndaşlarıyıq.
Ölkə plüralist demokratiya prinsiplərinə söykənən hüquqi dövlət quruculuğu istiqamətində inamla irəliləyir. Bu inkişaf beynəlxalq təcrübənin bütün mütərəqqi prinsiplərinə əsaslanır və müasir, sivil normalara dayaqlanır.
İnsan hüquqları probleminə ictimai mənafe və dəyərlərin üstünlüyü müstəvisindən ədalətli və humanist yanaşma Azərbaycan dövlətinin prinsipial mövqeyidir. Dəyişən maraqların, sabit mənəvi dəyərlərin və imperativlərin uzlaşdırılması bəşəriyyətin hüquqi və sosial inkişafının əsas tələbi, insan hüquqları nəzəriyyəsi və təcrübəsinin mühüm komponentidir. Ulu öndər Heydər Əliyev qeyd edirdi ki, insan hüquqlarının nəzərə alınmaması demokratiya konsepsiyasını zəiflədir, insan hüquqlarına əsaslanan liberal demokratiya modeli demokratik fikir və təcrübəni zənginləşdirir. Beynəlxalq təcrübə prizmasından baxılarsa, Azərbaycanda fərdin hüquq və azadlıqları vətəndaş (şəxsi), siyasi, iqtisadi, sosial və mədəni hüquqlar kimi təsnif edilə bilər.
Vətəndaşların siyasi hüquq və azadlıqlarının sosial məzmununu dövlət hakimiyyəti tərəfindən tanınan və hüquq normaları ilə təsbit olunan siyasi azadlıqlar təşkil edir. Demokratik cəmiyyətdə monosentrik baxışlara və ideyalara yer yoxdur. Plüralizm, ideya və rəylərin rəqabəti dövlət və cəmiyyətin mükəmməl inkişafının əsasıdır. Siyasi diskussiya, rəqabət ideyaların və layihələrin, iki dixotomiyanın - sağ optimal və sol radikal dixotomiyanın mübarizəsini nəzərdə tutur. Sosial konstruksiyaya məhz bu mübarizə yaradıcı və dəyişdirici təsir göstərir. Cəmiyyətin və dövlətin inkişafına, iqtisadiyyatın modernləşdirilməsinə, sosiomədəni transformasiyaya yönəlmiş kreativ mühit məhz bu sferada formalaşır.
Çağdaş Azərbaycan keçmişi təhlil edərək müsbət təcrübəni təşviq etmək, vətəndaş konsensusunun ictimai-siyasi tərəqqi üçün təminat verdiyi hüquqi dövlət və demokratik cəmiyyət qurmaq mərhələsindədir. Ölkədə zəngin mənəvi, mədəni və sosial məzmunla dolğun dəyərlər sistemi mövcuddur. Radikal siyasi və dini təşkilatların ideyaları Azərbaycanda kütləvi şüurun tələblərinə nəinki cavab vermir, hətta ölkənin tutduğu sivil inkişaf xətti ilə bir araya sığmır. Odur ki, həm dindarlar icması daxilində, həm də ondan kənarda dövlətlə dini strukturlar arasında birgə sosial fəaliyyət sahəsini genişləndirmək üçün əlverişli imkanlar vardır.
Modernistlər tərəfindən irəli sürülən dünyəvi xətt, yeniləşmə meyilləri dövlətçilik maraqlarımızla səsləşir, lakin eyni zamanda, milli-mənəvi, əxlaqi və islami komponentlərin də inkişafa güclü təsirini nəzərdən qaçırmaq olmaz. Bu məsələdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mövqeyi dəqiq və birmənalıdır: “Azərbaycanda dini dözümlülük var. Bu, çox böyük nailiyyətdir, sərvətdir. Həmişə belə olmuşdur. Milli dini dözümlülük, tolerantlıq Azərbaycan xalqına xas olan xüsusiyyətdir. Azərbaycanın tarixində qısa bir müddət bu sahədə gərginlik müşahidə olunmuşdur. Ancaq Azərbaycan xalqının tələbi ilə hörmətli Prezident Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu sahədə keçmişdə buraxılan səhvlər aradan qaldırıldı... Azərbaycanda dövlət və din arasında mehriban münasibətlər, işgüzar əlaqələr mövcud olmuşdur. Bizim hamımızın borcudur ki, bu istiqamətdə işimizi davam etdirək”.
Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti olaraq inkişaf etdirilməsinin köklərini milli-mənəvi dəyərlərimizdə, dövlətçilik ənənələrimizdə, azərbaycançılıq məfkurəsində axtarmaq lazımdır. Ölkəmiz multikulturalizm və tolerantlığın təmin edildiyi model dövlət olmaqla yanaşı, bu dəyərlərlə bağlı beynəlxalq diskussiyaların keçirildiyi önəmli mərkəzə çevrilmişdir.
Müasir beynəlxalq münasibətlər çərçivəsində cəmiyyətlərin gələcək inkişaf konturlarının müəyyən olunması, elmi, texnoloji nailiyyətlərin müqayisəli təhlili və müzakirəsi baxımından “Bakı prosesi” beynəlxalq platforma kimi böyük əhəmiyyət kəsb edir.
Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini - Mədəniyyət Mərkəzinin açılış mərasimində Prezident İlham Əliyev qeyd etmişdir ki, bu mərkəzin açılması Azərbaycanda dinlərarası münasibətlərin əyani göstəricisidir. Bu fakt respublikamızın tarixən tolerant, çoxkonfessiyalı məkan olduğunu sübut etməklə yanaşı, ölkədə dini baxışların inkişaf etdirilməsi, əməkdaşlıq mühitinin genişləndirilməsi üçün dövlət dəstəyinin gücləndirilməsinin real ifadəsidir.
Multikulturalizm və tolerantlıq dəyərlər sistemi olaraq tarixin, müxtəlif dinlərin, xalqların və etnosların mədəni irsinin, adət-ənənələrinin, milli ruhunun qorunmasının yeni inkişaf müstəvisinə yönəlməsinin məntiqi nəticəsidir.
Qətiyyətlə demək olar ki, müasir geosiyasi dönəmdə avrasiyaçılıq, qərbçilik, slavyançılıq, türkçülük və digər axınların kəsişdiyi məkanda yerləşən Azərbaycandakı multikulturalizm və tolerantlıq mühiti ölkə sosiumunun vətəndaş cəmiyyətinin formalaşmasına hazırlığının daha bir təkzibolunmaz sübutudur.
Yeni minillikdə Azərbaycan dövlətçiliyinin inkişaf fəlsəfəsi əsasən üç determinantın - milli ideyanın formalaşması, şəxsiyyətin rolunun etirafı və millətin məqsədyönlü fəaliyyətinin dəstəklənməsi faktorlarının zəruriliyi aspektində nəzərdən keçirilməlidir. Bu amillər gələcəyin mənzərəsini müəyyənləşdirir, milli ideya məkanında ehkam və dəyərlərin konvergensiyasını tələb edir. Müasir cəmiyyət və yeni idarəçilər, siyasətçilər nəsli iqtisadiyyatın liberallaşdırılmasına yönəlmiş siyasi xətti davam etdirməyə, klassik ənənə və təməl prinsipləri qorumağa, vesternizasiyanın tələb və vəzifələrini ölkənin imkan və resursları ilə uzlaşdırmağa ciddi səy göstərməlidir.
Azərbaycançılıq milli dövlətçilik ideyası olaraq onlarca millət və etnosun bir ölkədə birgəyaşayış təcrübəsi, etnopsixoloji yaxınlıq, oxşar mental xarakter, ümumi tarixlə şərtlənən mühüm funksional elementlərlə zəngindir. Bu ideologiya inzibati-ərazi baxımından unitar, siyasi quruluş və dövlət idarəçiliyinə görə hüquqi, demokratik dövlət kimi formalaşan Azərbaycanın bütövlüyünün qorunmasına, inkişafına, modernləşməsinə xidmət edir.
Azərbaycançılıq milli həyatın intibahının, etnosların, dini konfessiyaların dinc yanaşı yaşamasının, qarşılıqlı əməkdaşlığının, zənginləşməsinin mükəmməl nəzəri əsası və etibarlı firavan gələcək uğrunda birgə mübarizənin ümumi tarixi təcrübəsinin dolğun ifadəsidir. Azərbaycançılıq ideologiyası ideya - nəzəri baxımdan və siyasi spektrinə görə neokonservatizmlə səsləşir. Buna görə də bir sıra analitiklər azərbaycançılıq konsepsiyasını neokonservatizmin milli variantı kimi qəbul edirlər. Məlumdur ki, konservatizm ideyaları yeni ideoloji cərəyan kimi təzahür edən neokonservatizm tərəfindən daha da inkişaf etdirilmişdir. Neokonservatizm reallığa rasional yanaşmanı mənəvi-əxlaqi prinsiplərlə uzlaşdıraraq siyasi cəhətdən sabit dövlətlə sosial məsuliyyətli fərdlər arasında qarşılıqlı əlaqələrin aydın formulunu vermişdir.
Tariximizin son yarıməsrinin təhlili göstərir ki, ümummilli lider Heydər Əliyev siyasi xarizması, dərin zəkası, geniş dünyagörüşü, parlaq idarəçilik istedadı sayəsində xalqın taleyi ilə bağlı qərarların qəbulunda hər zaman böyük qətiyyətlə hərəkət etmişdir. Onun bütün qərarları, təşəbbüsləri, həyata keçirdiyi proqram və layihələr aydın məntiqə, səlis düşüncəyə, fəlsəfi təfəkkürə, elmi-texnoloji yeniliklərə əsaslanırdı. Heydər Əliyev ölkənin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatına böyük dəyişikliklər, yeniliklər, inkişaf gətirmiş, dövlətçiliyin və milli dəyərlərin qarantı olmuşdur. O, sözün əsl mənasında, fenomen bir insan idi. Onun 30 ildən artıq siyasi hakimiyyət dövrü tariximizin ən parlaq səhifəsidir. Azərbaycanı yeni inkişaf mərhələsinə qaldırmaqla bu böyük şəxsiyyət özü də təcrübəsinə, dövlətçilik təfəkkürünə dünyanın ehtiyac duyduğu görkəmli siyasətçiyə, dövlət xadiminə çevrildi. NATO-nun sabiq baş katibi, Avropa İttifaqının ali təmsilçisi Xavyer Solana Heydər Əliyevin fəaliyyətinə və şəxsiyyətinə böyük dəyər vermişdir: “Bizim günlərdə hadisələr çox sürətlə cərəyan edir, qloballaşır, təhlükəsizlik məsələləri, xüsusi olaraq gündəlikdə durur. Bu baxımdan prezident Heydər Əliyev kimi təcrübəli siyasətçi ilə fikir mübadiləsindən çox şey əldə etmək mümkündür. Prezident Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində Asiya və Avropa arasında əlaqələr, əməkdaşlıq körpüsü qurulur”.
ABŞ prezidentinin sabiq müşaviri, görkəmli siyasi xadim, politologiyanın patriarxı Zbiqnev Bjezinski ulu öndərin zəngin siyasi təcrübəsindən bəhrələndiyini səmimiyyətlə etiraf edir: “Azərbaycan çox mühüm ölkədir, Siz görkəmli lidersiniz. Amerikada bunu getdikcə daha dərindən başa düşürlər. Elə buna görə də Azərbaycan - Amerika münasibətlərinin yalnız ikitərəfli deyil, həm də böyük regional, strateji əhəmiyyəti var. Sizinlə söhbətlərimdən çox bəhrələnmişəm. Çünki ABŞ üçün mühüm olan ölkələr haqqında Sizin geniş məlumatınız var”.
Həqiqətdir ki, milli dövlətlərin formalaşması dövründən başlayaraq, bir tərəfdən dövlətin idarə olunmasında xalqın iştirakı məsələsi, digər tərəfdən dövlətin başında duran şəxslərin, siyasi liderlərin ölkənin və xalqların taleyində oynadıqları pozitiv və ya neqativ rol siyasi polemikaların mərkəzində olmuşdur. Bu sahədə optimallığın şərti, təbii ki, demokratik dəyərlərlə idarəçilik sisteminin bir-birini qarşılıqlı surətdə tamamlamasıdır.
2003-cü ildə İlham Əliyev Azərbaycan dövlətinin sükanı arxasına təkcə ümummilli liderin varisi, davamçısı kimi deyil, həm də yeni zamanın lideri kimi gəldi. Ötən 12 ilin təhlili göstərir ki, yeni siyasi lider ulu öndərin strateji ideyalarını həyata keçirməklə yanaşı, həm də zamanın diktəsi ilə yeni ideyalar irəli sürür, innovativ iqtisadiyyatın çoxkomponentli konsepsiyası üzərində düşünür, cəmiyyətin intellektual və təbii resurslarını səfərbər edir. Onun düşüncəsində Vətən təəssübkeşliyi, türkçülük, Şərqin mənəvi - əxlaqi dəyərləri, Qərb və Avropa modellərinə münasib intellekt fəaliyyət üçün möhkəm özüldür.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Prezident İlham Əliyevin sərəncamı ölkənin yeni inkişaf mərhələsinə qədəm qoyması ilə bağlı idi: “Biz gələcəyə baxmalıyıq, gələcəyi düşünməliyik: 20-50 ildən sonra Azərbaycan hansı yollarla inkişaf edəcəkdir?! Biz gələcəyimizi aydın görməliyik. Bu gün dünya dəyişir. Qloballaşma, inteqrasiya prosesləri gedir. Gələcəyini qurmayan ölkə heç bir uğur qazana bilməz. Bizim böyük maddi resurslarımız ola bilər. Lakin bilikli və bacarıqlı insanlar, ən yüksək standartlara cavab verən gələcək nəsil olmasa, biz uzunmüddətli uğur qazana bilmərik”.
Prezident İlham Əliyev ulu öndərin yaratdığı əsaslara söykənərək Azərbaycanın iqtisadi tərəqqisini fenomenal bir gerçəkliyə çevirdi. İqtisadi sahədə keçid dövrünü başa vurduğumuzdan yeni iqtisadi münasibətlərə keçid prosesi də tamamlanmışdır. Bu, cəmiyyətdə yeni iqtisadi bazisin və yeni ictimai paradiqmanın formalaşması deməkdir və yeni ictimai münasibətlər kompleksinin həmin bazisə uyğunlaşdırılmasını tələb edir.
Milli intellektual potensial zəminində Azərbaycan elə bir inkişaf səviyyəsinə çatmışdır ki, indi tranzit ölkə statusu, Şərq ilə Qərb arasında körpü funksiyası onu qane etmir. Prezident İlham Əliyev qətiyyətlə bəyan edir ki, biz indi öz ölkəmizin timsalında Qərb və Şərq sivilizasiyasının sintezindən yaranan, yeni dövrün ruhunu təcəssüm etdirən zəngin və optimal cəmiyyət quruculuğunun yeni modeli kimi çıxış edirik.
Yeni modelin əsas seqmentləri iqtisadiyyatın diversifikasiyasını, sənayenin milli prioritetlərinin inkişafını, idxalı əvəzləyən sənaye siyasətini, daxili bazarın qorunmasını, emal sənayesi və aqrar sektorun proporsional yüksəlişini, regionların ixtisaslaşmasını, milli gəlirin davamlı olaraq artırılmasını özündə ehtiva edən strateji hədəflərdən ibarətdir.
Azərbaycan modelinin mühüm xüsusiyyətlərindən biri milli iqtisadi sistemin dünya təsərrüfat sisteminə inteqrasiyasının özünəməxsusluğu ilə şərtlənir. Ölkə iqtisadiyyatı yüksək açıqlıq səviyyəsi ilə seçilsə də, sistem arzuolunmaz kənar təsirlərdən çevik və güclü qorunma mexanizminə malikdir. Beynəlxalq maliyyə böhranı zamanı biz bunun şahidləri olduq.
İlham Əliyev prezident kimi ölkəyə rəhbərlik etdiyi 12 ildə bir daha sübut etdi ki, Azərbaycanı həm daxildə, həm də beynəlxalq aləmdə yalnız o, ən yüksək səviyyədə təmsil edə bilərdi. O, maddi sərvətlərin artımına nail olmaqla yanaşı, onu mənəvi - mədəni sərvətə çevirməyin uğurlu praktikasını yaratdı. İlham Əliyev dünyanın müasir düşüncə texnologiyasına yaxşı bələddir və qlobal proseslərlə bağlı formalaşmış baxışlarla bəzən heç də razılaşmır. Amerika təhlilçilərinin fikrincə, hazırda Avropa qitəsində təhlükəsizliyə təhdidlər əsasən iki istiqamətdən - Şərq və Cənub “böhran qövslərindən”, “sabitsizlik zonalarından” doğur. Şərq qövsü Almaniya və Rusiya arasındakı məkanı, Şərqi Avropadan Türkiyəyə, Qafqaza və Kiçik Asiyaya qədərki ərazini, Cənub qövsü Şimali Afrikanı, Aralıq dənizini, Yaxın Şərqi, Cənub-Qərbi Asiyanı əhatə edir.
Azərbaycan Prezidenti böhran qövsündə kollektiv müdafiənin, demokratiyanın və təhlükəsizliyin bərqərar olması üçün “baş strategiya” hazırlanmasına dair təkliflə çıxış edən Amerika təhlilçilərindən fərqli mövqe sərgiləyir.
Prezident İlham Əliyev 2015-ci il yanvarın 22-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Regionların transformasiyası: Avrasiya” mövzusunda sessiyada siyasi liderləri passiv, müşahidəçi rolundan uzaqlaşmağa, beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağa səslədi: “Keçmiş sovet məkanındakı və ümumiyyətlə, dünyadakı bütün münaqişələrə eyni prizmadan baxılmalıdır, eyni yanaşma, eləcə də eyni beynəlxalq hüquq normaları tətbiq edilməlidir. Əgər hər hansı münaqişə həll olunmursa və ya dondurulursa, onda digər münaqişələrə fürsət yaranır. Burada ötən dəfə olduğum vaxtdan görürük ki, bir çox şeylər dəyişib. Biz hətta təsəvvür edə bilmədiyimiz yeni təhlükələri görürük və onlar artıq regional deyil, qlobal hədələrdir. Sabitliyin pozulması, ola bilsin, yerli və ya regional görünən problemlərin vaxtında həll edilməməsi nəticəsində Avropada baş verən dəhşətli hücumların şahidi olduq. Əlbəttə ki, bizim münaqişə, yəni Azərbaycan ilə Ermənistan arasında olan münaqişə regional xarakter daşıyır, lakin həm coğrafiya, həm də metodologiya baxımından daha böyük təsirə malikdir. Əgər siz bu münaqişəni beynəlxalq hüquq əsasında həll etməsəniz, bu kimi halları dünyanın digər yerlərində də görməyə hazır olun... Beynəlxalq hüquq normaları bəzi ölkələrin maraqlarına uyğun olaraq interpretasiya edilməli deyil. Onlar yazıldığı kimi interpretasiya edilməlidir”.
Ötən əsrin sonundan dünyada gedən proseslər elə bir istiqamət almışdır ki, indi paradiqmalar dəyişdiyindən ənənəvi normativlər beynəlxalq münasibətlərin tənzimlənməsi üçün yetərli görünmür. Bəşəriyyət yeni dövrün siyasi liderlərindən yeni ideyalar, yeni idarəetmə sistemləri, milli və qlobalın qarşılıqlı münasibətlər sisteminin yeni formulunu gözləyir. Zehniyyətdə intellektual potensialın artması və rasionallaşma xalqları sürətlə yaxınlaşdırır. Dayanıqlı tərəfdaşlıq bu prosesdə iqtisadi, mədəni-mənəvi amillərin uzlaşdırılmasını tələb edir. Mənbəyi daxildən qaynaqlanmayan, bəşəriyyəti narahat edən proseslərin transformasiyası xalqları və ölkələri qayğılandırır.
Təqdirəlayiq haldır ki, Azərbaycanda xalqın istək və arzuları, potensial imkanları yeni dövrün ruhunun, milli maraqlarımızın parlaq ifadəçisi olan Prezident İlham Əliyevin siyasi iradəsi, fəaliyyət proqramı və ölkəmizi lider dövlətlər sırasına çıxarmaq əzmi ilə səsləşir.
Həsən HƏSƏNOV,
“Xalq qəzeti”nin baş redaktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.