Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağda keçirilmiş “parlament seçkiləri”ni qəbul etmir

İyirmi dörd ildən artıqdır ki, Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycan ərazisinin 20 faizində ermənilərin törətdikləri ağlasığmaz vəhşiliklərə, yaşayış məntəqələrinin, tarixi-mədəni abidələrin məhv edilməsinə və dinc əhalinin ev-eşiklərindən didərgin salınmasına dünya birliyi hələ də göz yumur. Söz yöx ki, nüfuzlu beynəlxalq qurumlar işğalçı Ermənistan ordusunun Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etmələri barədə qətnamələr qəbul ediblər. Təəssüf ki, həmin sənədlərin qəbulundan iyirmi iki ildən artıq vaxt keçsə də, hələ  heç bir təsirli tədbir görülməyib. Beynəlxalq aləmin bu ədalətsizliyə laqeyd münasibəti Ermənistan dövlətini daha da həyasızlaşdırmış və Serj Sarkisyanın rəhbərlik etdiyi quldur rejim öz təcavüzkarlığını yenə də davam etdirir.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda bu günlərdə “parlament seşkiləri” keçirilməsi Ermənistanın  işğal altında saxladığı ərazilərimizdə növbəti siyasi təxribatıdır.  Dağlıq Qarabağdakı erməni işğalçı rejiminin “parlament seçkisi” adı altında təşkil etdiyi bu oyunbazlıq  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin gedişinə bilərəkdən vurulan növbəti zərbədir. Ermənistan bu  qanunsuz parlament seçkisi ilə həm də dünya ictimaiyyətini çaşdırmaq siyasəti yürüdür.  Qondarma seçkilər işğalçı dövlətin beynəlxalq hüquqa növbəti hörmətsizliyi, dünya birliyinin isə ikili standartlardan əl çəkməməsinin bariz nümunəsidir.

Beynəlxalq birliyə də bəllidir ki, bu “seçkilər” Azərbaycan Respublikasının Konstitusiyasını, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqdır.  Dağlıq Qarabağda tarixən yaşamış azərbaycanlıların seçki hüquqlarının beynəlxalq ictimiyyətin gözü qarşısında açıq şəkildə pozulması, Azərbaycan xalqının, o cümlədən, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı əhalisinin haqlı  etirazına səbəb olmuşdur. Çünki Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində legitim seçkilərin keçirilməsi  yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, ata-baba torpaqlarından didərgin salınmış azərbaycanlıların öz doğma yurdlarına qayıtmasından, həmçinin bölgənin azərbaycanlı və erməni icmaları arasında dinc yaşayışın təmin olunmasından sonra mümkündür.

 Bu gün Azərbaycanın ərazi bütövlüyü dünya birliyi tərəfindən  də tanınır. Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində, eləcə də Təhlükəsizlik Şurası sədrinin qəbul etdiyi 7 bəyanatda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. Avropa Şurası, Avropa Parlamenti, İslam Konfransı Təşkilatı və digər nüfuzlu qurumların qətnamələrində də Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktı öz əksini tapıb.  BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin zəbt etdikləri Azərbaycan ərazilərindən dərhal çıxması tələb olunsa da, dünyada mövcud olan ikili standartlar, şüurlu şəkildə müsəlmanlara qarşı irqi və dini  ayrı-seçkilik, habelə  islamofobiya bu ədalətsizliyin aradan qaldırılmasına imkan vermir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun 23 ildən artıq fəaliyyətsizliyi də problemin aradan qaldırılmasına mane olan amillərdəndir.

Artıq beynəlxalq aləmə də  bəllidir ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki tanınmamış separatçı rejim azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında Ermənistan tərəfindən təşkil olunmuş cinayətkar qurumdur. Özünü müstəqil respublika kimi tanıtmaq istəyən bu cinayətkar qurumun “müstəqilliyi” dünyanın heç bir dövləti, beynəlxalq təşkilatları, hətta Ermənistanın özü tərəfindən də bu vaxta qədər tanınmayıb. Bütün bunlara baxmayaraq, təcavüzkar Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların qərarlarına əhəmiyyət verməyərək artıq neçənci dəfədir ki, Azərbaycanın işğal altındakı ərazilərində qondarma “seçkilər” təşkil edir. Rəsmi Yerevan öz qanunsuz hərəkətləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarına, beynəlxalq birliyin regionda sülh və əməkdaşlıq mühiti yaratmaq təşəbbüslərinə köklü zərbə vurur.

Beynəlxalq təşkilatlar və dünya dövlətləri Ermənistanın öz işğalçılıq siyasətini ört-basdır etmək məqsədi ilə Dağlıq Qarabağda əvvəllər də keçirdiyi bu cür qondarma “seckilər”i heç vaxt tanımayıb. Bu günlərdə keçirilən qondarma seçkilər də beynəlxalq birlik tərəfindən tanınmamışdır. Artıq bir sıra dövlətlər  və beynəlxalq təşkilatlar bu  seçkiyə etiraz  əlaməti olaraq bəyanat da veriblər. İlk olaraq belə bəyanat Avropa İttifaqı tərəfindən yayılıb. Təşkilat bəyanatda “parlament seçkiləri”nin konstitusional və hüquqi əsasını tanımadığını bildirib. Sənəddə bildirilir ki, Avropa İttifaqı qətiyyətlə ATƏT-in Minsk qrupunu və onun həmsədrlərinin status-kvonun dəyişməsi və hərtərəfli sülh danışıqları istiqamətində səylərini dəstəkləyir.

ABŞ işğal edilmiş Azərbaycan ərazisində – tanınmamış “Dağlıq Qarabağ Respublikası”nda “parlament seçkiləri”nin keçirilməsinə hələ bir neçə gün qalmış bu “seçkinin”  nəticələrini qəbul etməyəcəyini bəyan etmişdi.  ABŞ Dövlət Departamentinin nümayəndəsi Ceff Rathke demişdir ki, onun ölkəsi Dağlıq Qarabağı müstəqil, suveren ölkə kimi tanımır və bununla əlaqədar olaraq mayın 3-də keçiriləcək “seçkilərin” nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir göstərən nəticələr kimi qəbul etməyəcək".

Dövlət Departamentinin nümayəndəsi bildirib ki, bu “seçkilər” Dağlıq Qarabağın qəti statusu məsələsini, yaxud münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün cari danışıqların nəticələrini heç bir halda irəlicədən müəyyən etmir.

Türkiyə, İspaniya, Misir, Latviya, Fələstin və digər dövlətlər də separatçı rejimin Azərbaycanın işğal olunan ərazilərində keçirilən “parlament seçkiləri”nin nəticələrini tanımadıqlarını bəyan ediblər. Həmin bəyanatlarda Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam dəstəkləndiyi öz əksini tapıb. Qeyd olunur ki, bu ərazinin ayrılması güc tətbiqetmənin nəticəsidir. Bu da  beynəlxalq hüquqa ziddir və Azərbaycan tərəfindən tanınmamışdır.

ATƏT-in Minsk Qrupunun həmsədləri də Azərbaycanın işğal altındaki Dağlıq Qarabağ bölgəsində  keçirilmiş “parlament seçkilərini” tanımadığını bəyan ediblər. Həmin təşkilatın qəbul etdiyi bəyanatda bildirilir: “Həmsədr dövlətlərdən və dünyanın heç bir dövləti Dağlıq Qarabağı suveren və müstəqil ölkə kimi tanımır. Bu isə o deməkdir ki, biz bu “seçkilərin” nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsiretmə baxımından qəbul etmirik. Vurğulayırıq ki, bu “seçkilər” Dağlıq Qarabağın yekun statusuna və Dağlıq Qarabağ münaqişəsinin davamlı və sülh yolu ilə həllinə istiqamətlənmiş danışıqlar prosesinin nəticələrinə heç bir təsir göstərə bilməz”.

Göründüyü kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrdə problemin yalnız beynəlxalq hüququn prinsipləri əsasında aradan qaldırılmasının vacibliyi göstərilir. Bu isə o deməkdir ki, Azərbaycanın ərazi bütövlüyü dünya birliyi tətəfindən qəbul edilir.

Azərbaycan  xalqı əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət nəticəsində  Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində ədalətli həllini tapacaq, doğma yurdlarından didərgin salınan soydaşlarımız öz torpaqlarına qayıdacaqlar.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
Janaury, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Hava haqqında