Azərbaycan həqiqətləri yeni geosiyasi reallıqlar kontekstində

Müasir beynəlxalq münasibətlər sistemində qabarıq nəzərə çarpan yeni reallıqlar qarşılıqlı asılılığı gücləndirir və qlobal dəyişikliklər vektorunun qeyri-müəyyənliyi bütün dövlət və qeyri-dövlət təşkilatlarının beynəlxalq arenada əməkdaşlığının daha effektiv əlaqələndirilməsini şərtləndirir. Yeni aktorların arenaya daxil olması siyasi reallığa təsirsiz qalmır. Beləliklə də, dünya təsərrüfatı, siyasi-iqtisadi münasibətlər davamlı olaraq forma və konturlarını dəyişir, milli sərhədlər çərçivəsindən kənara çıxır, beynəlxalq siyasət vətəndaşların və bütövlükdə dövlətlərin həyatına getdikcə daha dərindən nüfuz edir. Bu, hər şeydən əvvəl, ölkələrin və xalqların qarşılıqlı asılılığının güclənməsi, iqtisadi, elmi-texniki, siyasi əməkdaşlığın genişlənməsi, ümumdünya informasiya sistemlərinin inkişafı ilə əlaqədardır.

Müasir dünyada siyasətin makro, mikro və meqasəviyyələrinin qarşılıqlı təsiri güclüdür. Makrosəviyyə sərhədlərə və suverenliyə malik sosial sistem kimi dövlətin daxilindəki siyasi münasibətləri, mikrosəviyyə siyasi həyatın iştirakçıları olan ayrı-ayrı təşkilatların - partiyaların, həmkarlar ittifaqlarının, dövlət idarələrinin daxilindəki münasibətləri, meqasəviyyə isə dövlətlər və beynəlxalq siyasətin digər subyektləri arasındakı münasibətləri özündə ehtiva edir. Makro və mikrosəviyyə birlikdə daxili siyasət adlandırılır.

Dövlətin milli sərhədindən kənara çıxan siyasət bir sıra kateqoriyalarla səciyyələnir: xarici siyasət, beynəlxalq siyasət, dövlətlərarası siyasət, milli (supermilli) siyasət, multimilli siyasət, transmilli siyasət, transhökumət siyasəti. Bəzən elmi nəşrlərdə belə bu məfhumlar arasında fərq qoyulmur, sinonimlər kimi işlədilir. Lakin unutmaq olmaz ki, bu məfhumlar özünəməxsus məzmuna malikdir.

Beynəlxalq siyasət ayrı-ayrı ölkələrin siyasi sistemlərini təmsil edən aktorlar tərəfindən formalaşdırılan və həyata keçirilən münasibətləri və məqsədyönlü fəaliyyəti əhatə edir. Bütün beynəlxalq təşkilatların (məsələn, BMT) və dövlətüstü birliklərin (məsələn, Avropa İttifaqının) fəaliyyəti də bu kateqoriyaya daxildir.

Dövlətlərarası siyasət kateqoriyası dövlətlər, onların orqanları, xidmətləri, təmsilçiləri (prezident, hökumət, parlament, xarici işlər nazirliyi və s.), həmçinin dünya birliyini təmsil edən təşkilatlar arasında münasibətləri ehtiva edir.

Milli (supermilli) siyasət siyasi leksikonda nisbətən yeni olduğundan o qədər də geniş yayılmamışdır. Bu kateqoriya ayrı-ayrı dövlətlərin öz suveren hüquqlarının bir qismini birliyin bütün üzvləri üçün məcburi qərarlar qəbul edən milliüstü orqanlara verməsi nəticəsində yaranan siyasət sferasını bildirir. Supermilli siyasət milli təşkilatlar tərəfindən həyata keçirilir və öz dövlətçiliyini saxlamaqla bir çox məsələlər üzrə milli-siyasi orqanlara - Avropa Parlamentinə, Avropa İttifaqı hökumətinə tabe olan üzv ölkələrdə siyasi inteqrasiyanın nəticəsi kimi təzahür edir.

Multimilli siyasət bir sıra dövlətlərin siyasi subyektlər birliyinin, məsələn, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, Afrika Birliyi Təşkilatının beynəlxalq münasibətlərə təsir edən birgə fəaliyyətidir. Multimilli siyasətin subyekti milliüstü orqanlar yox, öz ümumi maraqlarını razılaşdırılmış formada həyata keçirən milli dövlətlərdir.

Transmilli siyasət qeyri-dövlət aktorların və subyektlərin - partiyaların, həmkarlar ittifaqlarının, beynəlxalq qeyri-hökumət təşkilatlarının, transmilli korporasiyaların (“Sosialist internasionalı”, “Humanist internasional”, “Qrinpis”, beynəlxalq kilsə təşkilatları və s.) beynəlxalq fəaliyyət sferasıdır. Onlar təkcə öz iqtisadi məqsədlərini həyata keçirməyə deyil, həm də dövlətin siyasətinə təsir göstərməyə çalışırlar.

Xarici siyasət dövlətlərin digər ölkələrə münasibətdə fəaliyyətini və bəzən də fəaliyyətsizliyini (beynəlxalq sanksiyalara qoşulmaması və digər bu kimi hallar nəzərdə tutulur) xarakterizə edir.

Beynəlxalq siyasət dövlətlərarası əlaqələrin mürəkkəb sistemi kimi əsrlər boyu formalaşma dövrü keçmiş, nəzəri cəhətdən əsaslandırılmış, təkmilləşdirilmişdir. Qədim yunan tarixçisi Fukididin, Qədim Roma siyasətçisi, filosofu Mark Tulli Siseronun, orta əsrlərin məşhur teoloqu, Dominikan monarxı Foma Akvinskinin ideyaları sonrakı dövrdə beynəlxalq siyasət və hüquq nəzəriyyəsinin əsasını təşkil etdi. İtalyan mütəfəkkiri, siyasi xadimi Nikkolo Makiavelli “Hökmdar” traktatında səmərəli siyasət haqqında nəzəri fikir və müddəalarını açıqlayır, siyasi liderlərə dəyərli məsləhətlər verir. O, siyasəti keçmişi izah edən, bu günə rəhbərlik edən, gələcəyi proqnozlaşdıran “təcrübə elmi” adlandırır.

Müasir beynəlxalq siyasət nəzəriyyəsi dövlətlərin və xalqların real maraqları ilə sıx əlaqədə inkişaf edir, beynəlxalq münasibətlərin düzgün dərk olunmasına, məqsəd və vəzifələri özündə əks etdirən qərar və strategiyaların işlənib-hazırlanmasına kömək edir. Dövlətin təhlükəsizliyinin təmin olunması, həmçinin onunla bağlı olan müharibə və sülh, beynəlxalq münaqişə və əməkdaşlıq məsələləri bütün dövrlərdə aktual olmuşdur.  

Müstəqilliyinin ilk illərində (1991 - 1993) Azərbaycanın dövlət siyasəti deklorativ xarakter daşıdığından, dünya ölkələri ilə əlaqələrimiz, demək olar ki, qeyri-müəyyən idi. Milli maraqlarla bəzən ziddiyyət təşkil edən xarici siyasət, alovlanmaqda olan vətəndaş müharibəsi, qarşıdurma, idarəçilik anarxiyası 1993-cü ilin ortalarında siyasi hakimiyyətin iflası ilə nəticələndi. Regionda böyük dövlətlərin barışmaz maraqlarının toqquşması, ölkənin milli təhlükəsizliyini təhdid edən erməni təcavüzü, tarixi torpaqlarımızdan soydaşlarımızın ermənilər tərəfindən deportasiyası, etnik təmizləmə, daxili iqtisadi, hərbi-siyasi böhran vəziyyəti daha da ağırlaşdırırdı.

Xəzər regionunun zəngin karbohidrogen ehtiyatları, əlverişli coğrafi mövqeyi geosiyasi qarşıdurma və mübarizə meydanının Şərqi Avropadan Xəzərə doğru irəliləməsinə səbəb oldu. Azərbaycan bu mübarizənin əsas hədəfi idi. ABŞ, Qərbi Avropa dövlətləri, NATO, İran və Rusiya regionda dominant mövqe uğrunda iddialarını sərgiləyərək mübarizə aparırdılar. Bu mübarizənin səbəblərini və məramını ABŞ-ın xarici siyasətinin əsas fiqurlarından biri, görkəmli politoloq və strateq Zbiqnev Bjezinski belə ifadə etmişdir: “Azərbaycan məhdud ərazi miqyasına və əhalisinin sayca kiçik olmasına baxmayaraq, öz geniş enerji sərvətləri ilə geosiyasi planda həlledici əhəmiyyət kəsb edir. Bu, Xəzər dənizinin və Orta Asiyanın sərvətlərini özündə toplayan qabın tıxacına bənzəyir”.

Göründüyü kimi, regionun Rusiya və ABŞ arasında mübarizə meydanına çevrilməsi heç də səbəbsiz deyil. Rusiya tarixən Cənubi Qafqaza nəzarəti xarici siyasətinin prioriteti hesab etmişdir. Odur ki, Xəzər hövzəsində hasil olunacaq neftin dünya bazarına nəqli marşrutu müəyyənləşdirilərkən Rusiya dirəniş göstərir, boru kəmərlərinin öz ərazisindən keçməsi üçün təzyiq edir, regiona nəzarəti bütünlüklə ələ almağa çalışırdı. Rusiyanın militarist qüvvələri 1991-ci ilin sonunda SSRİ-nin süqutundan sonra keçmiş müttəfiq respublikalara siyasi nəzarəti itirsələr də, hərbi-strateji mövqeləri nəyin bahasına olursa-olsun, saxlamağa çalışırdılar.

RF Müdafiə Nazirliyi nəzdindəki Müdafiə Tədqiqatları İnstitutunda işlənib-hazırlanmış “Rusiya Federasiyasının Milli Təhlükəsizliyi üçün yaranan əsas xarici təhlükələrə qarşı müqavimət strategiyasının konseptual əsasları” adlı sənəddə Rusiyanın maraqları bütünlüklə nəzərə alınmadan “Xəzər neft müqavilələri”nin reallaşmasına imkan verilməməsi mühüm vəzifə kimi təsbit olunmuşdu. Həmin sənəddə deyilirdi:

- Xəzərin Azərbaycana məxsus hissəsini hüquqi cəhətdən rəsmən tanımamaq;

- Bir sıra tədbirlərin həyata keçirilməsinə, Xəzərin keçmiş sovet hissəsində status müəyyənləşdirilənədək xarici neft şirkətlərinin orada fəaliyyət göstərmələrinə imkan verməmək, lazım gələrsə, güc tətbiq etmək;

- Azərbaycanın ərazisi ilə Türkiyə arasında birbaşa əlaqə yaranmasına imkan verməmək.

Rusiyanın siyasi və hərbi elitası Xəzər hövzəsinin təbii sərvətləri üzərində transmilli nəzarət uğrunda mübarizə aparan ABŞ-ın və Qərbin neft şirkətlərinin regiondakı fəaliyyətindən ciddi narahat olurdu. Rusiyalı politoloq, Moskva Dövlət Universitetinin sosiologiya fakültəsinin beynəlxalq münasibətlərin sosiologiyası kafedrasının müdiri, professor Aleksandr Duqin hesab edirdi ki, Xəzər regionuna nəzarət qlobal qarşıdurmanın strateji məsələsidir. Bu mənada ötən əsrin 90-cı illərində Rusiyanın Moskva - Tehran alyansını yaratmaq cəhdlərinin pərdəarxası məqamları regionda öz geostrateji maraqlarını təmin etmək niyyətindən qaynaqlanırdı. ABŞ və Qərb dövlətləri də yaxşı başa düşürdülər ki, regionun açarı Azərbaycandadır, burada möhkəmlənməklə Yaxın və Orta Şərqə nəzarəti ələ almaq mümkündür. Rusiya isə ABŞ-ın və NATO-nun Şərqlə bağlı məqsədlərinin qarşısına sədd çəkmək üçün planlar qururdu. Bu mübarizə və qarşıdurma Azərbaycan üçün təsirsiz və təhlükəsiz ola bilməzdi.

1994-cü ilin martında Türkiyə hökuməti boğazlardan gəmilərin keçməsi üçün yeni qrafik tərtib edərək onun Beynəlxalq Dəniz Təşkilatında qəbul edilməsinə nail oldu. Bununla da Rusiyanın Qazaxıstan və Orta Asiyadan Novorossiyskə yeni neft, qaz kəmərləri çəkmək niyyəti alt-üst oldu. Hamıya aydın idi ki, bölgədə yeni enerji xəritəsinin yaradılması və o xəritəyə düzəlişlər edilməsi artıq Azərbaycandan asılıdır. Z.Bjezinski həmin məqamı belə dəyərləndirmişdir: “Rusiyanın nəzarəti altında olmayan ərazilərdən keçən neft kəməri vasitəsilə Qərb bazarına yol tapan müstəqil Azərbaycan həm də Orta Asiyanın zəngin enerji resurslarının keçəcəyi böyük magistral yolun mərkəzində durur”.

Azərbaycan həm də Qərbin və Rusiyanın siyasi layihələrinin rəqabət mərkəzində yerləşirdi. Belə bir şəraitdə ölkədə idarəçilik sükanı arxasında dayanan ümummilli lider Heydər Əliyev yaxşı bilirdi ki, vəziyyətdən yalnız bir çıxış yolu vardır: Azərbaycan Avropaya inteqrasiya edərək öz maraqlarına və mövqeyinə uyğun olaraq beynəlxalq münasibətlərin tamhüquqlu subyektinə çevrilməlidir. Dünyadakı siyasi reallıqları və cərəyan edən prosesləri dərindən təhlil edən Heydər Əliyev böyük uzaqgörənliklə qərara aldı ki, hər şeydən əvvəl, regionda maraqları olan bütün dövlətlər və transmilli güc mərkəzləri ilə yaxşı əlaqələr yaradılmalıdır. Belə bir siyasi kursun seçilməsi ölkənin müstəqilliyinin möhkəmləndirilməsi, dövlətin nüfuzunun artması, erməni təcavüzünün dayandırılması, iqtisadi, hərbi-siyasi böhranın aradan qaldırılması üçün əlverişli zəmin hazırlanması məqsədlərini reallaşdırmağa istiqamətlənmişdi.

Bu dövrdən etibarən Azərbaycanın siyasi həyatında populist, bəzən də ziddiyyətli və zərərli bəyanatlar, aqressiv və yersiz iddialar səsləndirən qaragüruhçu ünsürlərin qarşısı alındı, milli və dövlətçilik maraqlarını beynəlxalq münasibətlərin inkişaf tendensiyası ilə uzlaşdırmağa imkan verən xarici siyasət yeridilməyə başlandı. Dövlətlərarası münasibətlərin etnik amillər üzərində qurulmasından imtina ayrı-ayrı xarici dövlətlərin ölkə daxilində müxtəlif qeyri-qanuni silahlı qruplaşmaları dəstəkləyərək, daxildə böhran yaratmaq cəhdlərinin qarşısının alınmasına ciddi təsir göstərdi.

Heydər Əliyevin xarici siyasət xəttində hər bir dövlətlə, beynəlxalq təşkilatla əlaqələr qurulmasına fərdi yanaşma nəzərdə tutulurdu. Ulu öndər 1993-cü il oktyabrın 10-da keçirilmiş andiçmə mərasimindəki nitqində qarşıda duran vəzifələri belə açıqlamışdır: “Azərbaycanın müstəqilliyi respublika qarşısında, onun vətəndaşları qarşısında çox böyük və mürəkkəb vəzifələr qoymuşdur. Dövlət müstəqilliyini möhkəmləndirmək, müstəqil dövlət quruluşu yaratmaq və inkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, ölkəmizi müharibə şəraitindən çıxarmaq, respublikanın vətəndaşlarının rifahını yaxşılaşdırmaq, onların yaşaması üçün lazımi şərait yaratmaq - bu vəzifələr mənim prezident fəaliyyətimdə əsas istiqamətlər olacaqdır...

Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir". 

Müstəqilliyin ilk illərində ölkədə ictimai-siyasi və iqtisadi durumun böhranlı vəziyyəti Azərbaycanla iqtisadi əlaqələr qurulmasında maraqlı ölkələrin tərəddüdünə səbəb olurdu. Azərbaycanın mühüm regional və qlobal aktora çevrilməsi üçün təxirəsalınmaz tədbirlər görülməli idi. 1994-cü il mayın 12-də ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən atəşkəs sazişi imzalandı. Ölkə daxilində yaradılmış sabitlik təbii resurslardan səmərəli istifadəyə geniş yol açdı.

Yeni cəmiyyət quruculuğunun ən fundamental məsələlərindən biri düzgün inkişaf modelinin seçilməsi, ölkənin siyasi-iqtisadi eksperimentlər meydanına çevrilməsinə yol verilməməsi idi. Utopik ssenarilərdən yan keçərək real konsepsiya əsasında yeni oriyentirlər - strateji demokratikləşmə və modernləşmə kursu müəyyənləşdirmək lazım idi.

1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin birgə kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü üzrə tarixi saziş imzalandı. Ulu öndər “Əsrin müqaviləsi”nin  imzalanmasının siyasi, iqtisadi əhəmiyyətini yüksək dəyərləndirərək demişdir: “Biz bu müqaviləni imzalamaqla dünyaya bir daha nümayiş etdiririk ki, müstəqil Azərbaycan Respublikası demokratik və hüquqi dövlətdir. Azərbaycanda demokratik prinsiplərin inkişaf etməsi üçün geniş meydan açılmışdır... Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər sahələrdə çalışan şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq, müstəqil Azərbaycan Respublikasının iqtisadiyyatında və ictimai-siyasi həyatında hökm sürən sabitliyi dünyaya bir daha nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla müqavilədə iştirak edən şirkətlərin mənsub olduqları ölkələrlə - Amerika Birləşmiş Ştatları, Rusiya, İngiltərə, Türkiyə, Norveç kimi dövlətlərlə dostluq əlaqələrinin, iqtisadi əməkdaşlığın və ümumiyyətlə, bütün sahələrdə əlaqələrin möhkəmlənəcəyinə ümid bəsləyirik”.

Ulu öndərin həyata keçirdiyi sistemli tədbirlərin fonunda dövlət çevrilişi cəhdlərinin iştirakçısı və təhrikçisi olan daxili və xarici dağıdıcı qüvvələr sabitliyin təmin olunmasına yönəlik planların qarşısını almağa çalışır, ölkəni yenidən xaos və anarxiya girdabına sürükləmək istəyirdilər. Lakin kardinal səciyyə daşıyan reformativ tədbirlər, xalq və hakimiyyət birliyi bölücü, destruktiv qüvvələrin neytrallaşdırılması üçün əlverişli zəmin yaratdı. Ölkədaxili proseslərə xaotik və anarxik oriyentasiya verməyə çalışanlar ciddi zərbə alaraq məğlub oldular.

Heydər Əliyevin tarixi missiyası təkcə ölkəni təhdid edən təhlükələrin aradan qaldırılmasından ibarət deyildi. Ulu öndər Azərbaycanda yeni siyasi, iqtisadi situasiya yaradılmasını, genişmiqyaslı, sistemli islahatlar həyata keçirilməsini, müstəqilliyimizə əbədi, dönməz xarakter verilməsini, ölkənin suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasını özünün xilaskarlıq missiyasının başlıca qayəsi hesab edirdi. O, yaxşı bilirdi ki, fərdi maraqlar yükünü ehtiva etməyən ideyalar sistemi uğur qazana bilməz, kütlələrin, bütövlükdə cəmiyyətin ümummilli vəzifələrin həlli istiqamətində səfərbər edilməsi ideyanın şüurlara hakim olması, praktiki fəaliyyətə transformasiyası şəraitində mümkündür. Güclü dövlət, güclü iqtisadiyyat və yüksək peşəkarlığa malik kadrlar inkişafın və hərtərəfli tərəqqinin mühüm şərtidir.

Bütün reallıqları nəzərə alan Heydər Əliyev ölkənin yeni dövrdə demokratik inkişaf modelini işləyib hazırlayır, mütərəqqi dəyişikliklərin cəmiyyətin ictimai şüuruna hakim kəsilməsinə xüsusi önəm verirdi.  

Heydər Əliyev ölkənin uzunmüddətli inkişaf strategiyası və iqtisadi islahatlar konsepsiyasının xarakterini müəyyənləşdirərək deyirdi: “Siyasətdə və iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan azadlığı, insan haqlarının qorunması və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri bərqərar olmalıdır”.

Milli iqtisadi inkişaf strategiyası elmi əsaslara söykənir və milli strateji maraqlara xidmət edir, demokratik dəyərləri, sosialyönümlü konseptual müddəaları, iqtisadi modeli ehtiva edir. Böyük potensiala malik bu strategiyanın düşünülmüş taktiki gedişlər və düzgün iqtisadi siyasətlə tamamlanması, xüsusilə müstəqilliyin ilk illərində xarici investisiyaların axını, beynəlxalq maliyyə təsisatları ilə faydalı əməkdaşlıq, neft strategiyasına uyğun olaraq nəhəng xarici şirkətlərlə bağlanmış müqavilələr inkişafın aparıcı lokomotivinə çevrildi.

Heydər Əliyev Azərbaycanın beynəlxalq inteqrasiya prosesində iştirakı baxımından transmilli daşımalara, nəqliyyat - kommunikasiya dəhlizlərinin yaradılması layihələrinə xüsusi önəm verirdi. Bu səbəbdən də Şərq - Qərb və Şimal - Cənub nəqliyyat dəhlizləri layihələrini qətiyyətlə dəstəkləyir, beynəlxalq görüş və tədbirlərdə fəal iştirak edirdi. SSRİ-nin dağılmasından sonra Şərq - Qərb nəqliyyat - kommunikasiya və enerji dəhlizlərinin yaradılması layihəsi və marşrutların müəyyənləşdirilməsi məsələsi son dərəcə aktuallaşmışdı. TRASEKA adlanan layihə çərçivəsində Asiyanı Avropa ilə birləşdirən yeni nəqliyyat - kommunikasiya sisteminin yaradılması həm də Moskvanın Avrasiya məkanında monopoliyasına son qoymağa yönəldiyindən Rusiya ciddi müqavimət göstərir, Qərbin dünya siyasətində dominant rolunun güclənməsinə ciddi təkan verəcək layihənin gerçəkləşməsinə əngəl olmağa çalışırdı.

TASİS proqramı çərçivəsində reallaşdırılan bu böyük layihənin uğurla başa çatdırılmasına Azərbaycanın geosiyasi mövqeyi, dəhlizin əsas məntəqələrindən biri kimi çıxış etməsi, ulu öndər Heydər Əliyevin prinsipial xarici siyasəti mühüm töhfə verdi. 1998-ci ilin sentyabrında Bakıda 32 ölkənin və 13 beynəlxalq təşkilatın nümayəndələri TRASEKA layihəsinin texniki və iqtisadi əsaslandırılmasını əks etdirən “Avropa - Qafqaz - Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üzrə beynəlxalq nəqliyyat haqqında çoxtərəfli Əsas Saziş”i imzaladılar.

Moskva yeni layihənin qeyri-rentabelli olması haqqında təsəvvür formalaşdırmaq məqsədilə ortaya alternativ layihələr qoymağa başladı. 2000-ci ilin sentyabrında Sankt-Peterburqda “Şərqi Avropanı Yaxın Şərq və Cənubi Asiya ilə birləşdirəcək “Şimal - Cənub” nəqliyyat dəhlizinin yaradılmasına dair sənəd imzalandı. Azərbaycan özünün iqtisadi mənfəətini və siyasi dividendləri əsas götürərək bu sənədə qoşuldu. Belə ki, həmin dəhliz Hindistandan gələn yüklərin İranın Bəndər Abbas limanına, oradan isə dəmir yolu vasitəsilə Azərbaycan ərazisindən keçməklə Rusiyaya və digər ölkələrə çatdırılmasını nəzərdə tutur.

Genetik və funksional baxımdan Qərbə bağlı olan transmilli şirkətlər, transmilli banklar kimi subyektlərin beynəlxalq proseslərə təsirinin artması dövlətlərarası və qeyri-hökumət təşkilatlarını da yeni qüvvə ilə hərəkətə sövq etdi. Nəticədə iqtisadi tənzimləməni, hərbi - siyasi əlaqələndirməni, hətta siyasi idarəetməni həyata keçirməyə çalışan qlobal təşkilati - siyasi infrastrukturlar formalaşmağa başladı. Bu gün NATO, Avropa Şurası, ATƏT və digər təşkilatlar beynəlxalq münasibətlərin, yeni dünya nizamının formalaşmasının istiqamətverici qüvvəsinə çevrilmişlər.

Sosializm düşərgəsinin dağılmasından sonra beynəlxalq sistem forma və məzmununa görə sürətlə dəyişdi. Birqütblü dünyada maraqlar uğrunda mübarizə kəskinləşdi.

(ardı var)

Həsən HƏSƏNOV,
“Xalq qəzeti”nin baş redaktoru

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında