Dünya susur... Bəşəriyyət heyrət içindədir. Bütün insanlar bir nəfər kimi düşünür. Aman Allah bu ola bilməz! İnsan oğlu bu qədər əzmkarlığa sahib ola bilməz. Bu mübarizə ruhu, bu döyüşkənlik görəsən hardandır? Bunlar necə insanlardır, bu, necə millətdir? Bu, bəlkə də Allahın bəşəriyyətə göstərdiyi bir möcüzədir. Bundan artığını gözləmək heç ağıla da gəlməz. Türklər! Türklər! Türklər!
Bəli, həqiqətən də Çanaqqala savaşında böyük Türk millətinin göstərdiyi əzmkarlıq, birlik, ölümün gözlərinin içinə dik baxa bilmək əzmi, torpaq uğrunda son damla qanını belə verməyə hazır olma duyğusu bu deyilənləri bir daha təsdiqləyir. Üstündən yüz il keçməsinə baxmayaraq insanlar Çanaqqala adını eşidəndə qəhrəman Türk millətinin əzmkarlığına heyran olur və bu şərəfli mücadilə hər bir kəsi düşündürməklə yanaşı, onlara əsl vətənpərvərlik hissi aşılayır.
Türklərin hər zaman belə amansız müharibələrə atılmasını, torpaq, əqidə, məslək uğrunda inanılmaz şücaətlərini tariximizə nəzər salanda çox aydın görürük. Dünyanın üç qitəsində hökmranlıq edən türklər tarix boyu ona qarşı gələnlərin qarşısından qaçmamış və döyüşdüyü yerlərə öz bayrağını sancmağı bacarmışdır. Türklər heç vaxt milli və dini azlıqlıqların haqlarını pozmamış, əksinə ədalət prinsiplərinin pozulduğu yerlərdə qayda-qanun yaratmağı bacarmışlar. Böyük Hun İmperatorluğundan üzü bəri türklər dünyaca məşhur cahangirlər yetişdirmiş və hərb tarixinin demək olar ki, əsasını yaratmışlar. “Ot kökü üstündə bitər” misalına sadiq qalaraq, demək olar ki, Çanaqqala savaşında bu cür qeyri-adi mübarizənin bir məntiqi əvvəli və məktəbi vardır. Çanaqqala, eyni zamanda, Türk şəhidlərinin dünya tarixinə öz qanları ilə yazdığı bir qəhrəmanlıq salnaməsidir. Bu salnamənin girişini yekunlaşdıraraq, əsl mübarizənin və döyüşlərin içərisinə girərək Çanaqqalanın mahiyyətinə baş vurmağımız həqiqətlərlə yaxından tanış olmaq üçün bir əsasdır. Beləliklə, savaşdan öncəki siyasi proseslərə nəzər salaq.
XX əsrin əvvəllərində Avropada siyasi və iqtisadi uçurum, müstəmləkəçilik meyillərinin kuliminasiya həddinə qalxması dünyada qütbləşmənin əsasını qoydu. Almaniya-Fransa, Rusiya-Avstriya arasındakı siyasi çəkişmələrin hərbi müstəviyə keçməsinə zəmin yaratdı. 28 iyulda Avstriya taxtının varisi, şahzadə Ferdinandın bir serb tərəfindən öldürülməsi müharibənin başlanması üçün əsas oldu. İlk addımı Avstriya 28 iyul 1914-cü ildə Serbiyaya hücumu ilə atdı. Almaniya, Avstriya-Macarıstan və İtaliyanın “Üçlər ittifaqı”nda, İngiltərə, Fransa və Rusiyanın isə “Antanta” ittifaqında cəmləşməsi Birinci dünya müharibəsinin başlanmasına yol açdı. Vaxtilə böyük ərazilərə sahib olan Osmanlı imperiyası artıq öz keçmiş qüdrətini itirmiş və çox çətin vəziyyətə düşmüşdü. Daxildə və xaricdə baş verən siyasi çəkişmələr dövləti çökdürür, taleyini zamanın ixtiyarına buraxırdı. Balkan yarımadasında ardıcıl məğlubiyyətlər Osmanlı dövlətini böyük torpaq itkiləri ilə üz-üzə qoymuşdu. Bu ələdüşməz fürsətdən imperialist dövlətlər öz mənafeləri üçün istifadə etmək və Osmanlının torpaqlarını öz aralarında bölüşdürüb onun varlığına son qoymaq istəyirdilər.
Beləliklə, 1914-cü il avqustun 2-də gizli şəkildə Almaniya-Osmanlı ittifaqı yarandı. İngilis donanmasından qaçan “Goeben”, “Breslau” adlı alman hərbi gəmilərinə boğazlardan keçməyə icazə verildi və boğazlar bütün yad gəmilər üçün bağlandı. Bu səbəbdən təpgi ilə üzləşən Osmanlı dövləti hər iki gəmini aldığını bəyan etməklə vəziyyətdən çıxış yolu tapdı. Beləcə “Yavuz” və “Midilli” adı ilə hər iki gəmi Osmanlı donanmasının tərkibinə daxil edildi.
Bu cür vəziyyətdə Rusiyanın Şərqi Avropada hücum təhdidlərinə cavab olaraq 1914-cü il sentyabrın 27-də admiral Souşonun komandanlığı altında “Yavuz” gəmisi Qara dənizdə ruslara aid Sevastopol və Novorossiysk limanlarını bombalayandan sonra həmin il noyabrın 1-də ruslar Qafqazda sərhədləri keçərək döyüşlərə başlayır. Bununla da Osmanlı dövlətinin müharibəyə qatılmasına real şərait yaranır.
Osmanlı dövlətinə məxsus boğazlar strateji baxımdan Avropa üçün ən əlverişli şans sayılırdı. Boğazları tutmaqla onların məqsədi Almaniya ilə Osmanlını bir-birindən təcrid etmək və təbii ki, ən böyük ali məqsədi İstanbulu ələ keçirmək, türkləri Anadoludan sıxışdırıb çıxarmaq, onların Qara dənizdə hökmranlığına birdəfəlik son qoymaq idi. Eyni zamanda, İslam məmləkətlərinə liderlik edən Osmanlını məhv etməklə müsəlman ölkələrini tamamilə müstəmləkə halına gətirmək və Şərqdə həmişəlik hökmranlıq qurmaq da planlara daxil idi. Bu iddialarla İngiltərə 1915-ci il yanvarın 28-də Osmanlı dövləti ilə döyüş qərarı verdi və bu qərara Fransa da qoşuldu.
İstanbulu ələ keçirməyin ən real qapısı olan Çanaqqala boğazının təhlükəsizliyi hələ 1914-cü ilin avqustundan nəzarətə götürülmüşdü. 1914-cü il noyabrın 3-də ingilis və fransız qüvvələri boğaza doğru yaxınlaşdılar. Tezliklə istehkamlara atəş açılmağa başladı. İngilislər Seddülbahir və Ərtoğrul qalalarını, fransızlar da Anadolu yaxtasında Qumqala və Orhaniyə qalalarını topa tutdular. Bombardman nəticəsində türklərə məxsus 11 ton barıt havaya uçdu, xeyli sayda döyüşçü şəhid oldu. İngilis donanma komandiri Kardenin əmri ilə düşmən sualtı qayıqları boğazı keçməyə cəhd göstərdilər. İngilis sualtı qayıqları dekabrın 2-də boğaza girdi və 750 metr irəlidə yerləşən “Mesudiye” zirehli gəmisinə mərmi ataraq gəmini batırdı.
1915-ci il fevralın 19-da düşmən döyüş gəmiləri amansız bombardmanla xeyli irəlilədi. Lakin qalalardan düşmən gəmilərinə açılan aramsız atəşlər nəticəsində düşmən tab gətirmədi. Bir neçə belə cəhd uğursuzluqla nəticələnəndən sonra admiral Karden vəzifəsindən götürüldü. Onun yerinə martın 17-də Robek gətirildi. Admiral Robek iddia edirdi ki, qisa müddət ərzində türk mühasirəsini uğurla yararaq İstanbulda olacaq. Belə olan təqdirdə istehkam mövqe komandanı albay Cavad Çobanlı 17 mart gecəsi boğaza mina xətti döşənməsini əmr etdi. Əmri icra edən minbaşı Nazim bəy “Nüsrət” mina gəmisi ilə o gecə boğaza mina düzdürdü və minaların sayı 11 xətt olaraq 400-ü keçdi.
Martın 18-də ingilis-fransız gəmiləri şiddətli atəşə başladılar. Mecidiyye və Hamidiyyə istehkamları ardıcıl atəşə tutuldular. Dardanes batareyaları atəşi üzərilərinə çəkərək düşmənin bütün gəmilərinin hücumuna məruz qaldı. Bu arada Mesudiyyə qalası atəşə başladı. Düşmən gəmiləri Mesudiyyəyə sarı çevriləndə Hamidiyyə onun köməyinə gəldi. Admiral Robek ilk addımın uğursuzluğunu görüb fransız gəmilərini geri çəkərək, ingilis gəmilərini irəli verdi. Lakin dəhşətli partlayışlar ingilis döyüş gəmilərinə sarsıdıcı zərbə vurdu. İngilislərə məxsus “Bouvet” və “Suffren” döyüş gəmiləri minalara dəyərək batdı və 639 nəfər hərbçi sulara qərq oldu. Deməli, “Nüsrət” mina gəmisinin bir neçə gün əvvəl düzdüyü minalar özünü doğrultmuşdu. Düşmən qüvvələrə məxsus “Agamenon”, “İnfexible”, “İrressitible” gəmilərinin də aqibəti acınacaqlı oldu. Qüvvələr nisbətinin qeyri-bərabər olmasına baxmayaraq, düşmən Osmanlı müdafiəsini heç cür yara bilmədi. Əksinə, böyük tələfat verərək geri çəkilməyə məcbur oldu.
O zaman dənizlərdə çox güclü hərbi mövqeyə malik ingilis və fransız donanması Çanaqqalanı sudan ələ keçirə bilməyəcəklərini anlayandan sonra qurudan hərbi əməliyyata başlamağı qərara aldı. Beləliklə, Çanaqqala quru döyüşlərinə başlanıldı. Mustafa Kamal Paşa Kabatəpə və Seddülbahirdən, alman sərkərdəsi Fon Sanders isə Bolayır və Anadolu yaxtasından hücum edilə biləcəyini söylədilər. Nədənsə, alman komandirinin şərhi qəbul edildi və çoxsaylı əsgərlər həmin istiqamətdə yerləşdirildi. Lakin düşmən 25 apreldə Mustafa Kamal Paşanın düşündüyü nöqtədən hücum etdi. Mustafa Kamal Qocaçiməndə, Conkbayırda döyüşdü. Ağır döyüşlər gedərkən əsgərlərin mərmilərinin bitdiyini görən Mustafa Kamal onlara süngülərini tüfənglərinə keçirməyi əmr etdi və “Mən sizə ölməyi əmr edirəm. Biz öldükdən sonra yerimizə digər qüvvələr, başqa komandanlar keçəcək!” deyə bildirdi. Bu, bəlkə də, tarixdə ən böyük sipər döyüşü idi. Şəhid olan əsgərlərin yeri həmin an doldurulurdu. Düşmən qüvvələri sürətlə Conkbayıra doğru irəliləyirdi. Lakin bıçağın sümüyə dirəndiyi açıq aydın görünürdü. Qumqala, Beşike, Bolayır, Seddülbahir, Arıburnu, Qabatəpə, Conkbayır və Anafartalarda gedən amansız döyüşlərdə hər iki tərəf çoxsaylı itki verdi.
Düşmən qüvvələrin çoxsaylı hüjumları qarşısında mətinliklə dayanan türk əsgərlərinin ara-sıra etdikləri hücum cəhdləri düşmənə ağır itkilər yaşatdı. Tezliklə – dekabrın 20 – də Anafartalar və Arıburnu cəbhəsi, 8-9 yanvarda Seddülbahir düşmənlərdən azad edildi. Beləliklə, düşmənin birləşmiş qüvvələri geri çəkilmək məcburiyyətində qalaraq döyüş məkanını tərk etdi və 1916-cı ilin baharında böyük ümidlərlə gəldiyi bu torpaqlardan həmin ilin qışında qaçmağa başladılar.
Bu gün bəzi dövlətlərin Türkiyəyə qarşı olan qısqanclıq və xəbislik niyyətlərinin əsas səbəblərindən biri Çanaqqala zəfəridir. Çünki, bu vuruşmada tarix boyu Türk-İslam dünyasına qənim kəsilmiş və öz işğalçılıq planlarını reallaşdırmağa çalışan Avropa dövlətlərinin məqsədləri alt-üst olmuş, nəticədə onlar gözləniləndən qat-qat artıq itki verildi.
Dünyanın böyük bir ərazisini ədalətlə idarə edən Osmanlı dövlətinin tənəzzülündən xaincəsinə yararlanmağa çalışan Avropa dövlətləri türkləri İstanbuldan vurub çıxarmaq, ümumilikdə Anadolu ərazisini türk etnosundan təmizləmək siyasəti güdürdülər. Lakin azlıqda və çətinlikdə qalmasına baxmayaraq türk xalqı bu vuruşmadan alnıaçıq çıxa bildi. Daha doğrusu, xeyli əraziləri əldən getmiş Osmanlının bu sonuncu ümid torpaqları uğrunda Türk xalqı ölüm -dirim mübarizəsinə qalxdı və düşmənləri geri oturtmağı bacardı. Bu savaşda Osmanlı 251,309 nəfər itki verdilər. Döyüşdə əsas canlı qüvvə və texnika ilə iştirak edən ingilislər 205 min, fransızlar isə 47 min itki verdi. Ümumilikdə, düşmən tərəf 300 minə yaxın canlı qüvvəsini itirdi və bundan əlavə, çoxlu sayda hərbi-texniki qüvvələri məhv edildi. Çanaqqala savaşı həm də gələcək Qurtuluş savaşının şərəfli başlanğıcı oldu. Dəniz və quru qoşunlarını əhatə edən və bütün çətinliklərə baxmayaraq, türk hərb tarixinin şərəfli səhifələrindən birinə çevrilən Çanaqqala savaşı Atatürk kimi bir dahini yetişdirmiş, gələcək Qurtuluş savaşında onun liderliyinə əsas zəmin olmuşdur.
Birinci dünya savaşı öncəsi aparıcı dövlətlərdən biri olan Almaniyanın “Drang Nach Osten” ( Şərqə doğru) siyasətinə, Rusiyanın cənuba və qərbə uzanan arzularına, İngiltərənin “dənizlərdə hegemon olan – dünyaya sahib olur” nəzəriyyəsinə əsaslanaraq, onu dəqiq söyləmək olar ki, bu siyasi plan və maraqların hamısının toqquşduğu düyün nöqtəsi məhz Çanaqqala boğazı və onun ətrafı idi. Hələ XIX əsrdə Fransa imperatoru, Avropanın böyük bir hissəsini nəzarəti altına alan Napoleon Bonapart “İstanbul bir açardır. İstanbula hakim olan dünyaya hökm edəcəkdir” ifadəsilə İstanbul və onun boğazlarına heyranlığını gizlətməmiş və gələcək planlarını bildirmişdir.
Beləcə araşdırdıqca aydın görürük ki, Çanaqqala boğazına olan hücumun əsas səbəbkarı İngiltərə hökuməti imiş. Hətta Çörçilli bu planın baş memarı da adlandırmaq olar. Lakin o türklərin hərbi qüdrətini yalnız riyazi hesablamalarla ölçmüş və mənəvi qüdrətini nəzərə almamışdı. İngilis və fransızların ən böyük səhvi də elə ondan ibarət idi ki, onlar bu boğazın Osmanlı dövlətinin son ümidi olduğunu nəzərə almamış və vaxtilə dünyaya hökm edən türklərin bu boğazı itirməmək üçün bütün resurslarından istifadə edəcəyinə yetərincə inanmamışdı.
Bu döyüşdə itirilən insanların sayına və sosial mənşəyinə nəzər salanda mübarizənin bir ümumxalq hərəkatı olduğuna heç bir şübhəmiz qalmır. Bu döyüşdə əhalinin bütün təbəqələri iştirak edirdilər. Çoxlu sayda ziyalı həm vuruşur, həm də əsl vətənpərvərlik təbliğatını aparırdı. Bu da, təbii ki, texniki imkanlar baxımından avropalılardan xeyli dərəcədə geridə olan türk ordusunun mənəvi qüdrətini və döyüş ruhunu nəzərəçarpacaq dərəcədə artırırdı. Türklər döyüşdə elə vuruşurdular ki, sanki keçmiş və gələcəyin mübarizəsi gedirdi. Pis silahlanmış, lakin son dərəcə döyüşkən və əzmkar olan Türklərin o dövrün ən son hərbi nailiyyətlərindən istifadə edən avropalıları geri oturtması, keçmiş dövrlərin üzbəüz mərdlik və cəsurluğunun, müasir dövrün hiyləgərlikləri üzərində parlaq qələbəsi kimi qiymətləndirmək olar. Xüsusilə Çanaqqala müharibəsində Türklərin son dərəcə alicənablığını düşmən qüvvələr belə etiraf etmişlər. Türklərin əsirlərlə amansız davranmaları haqqında şayələr bu döyüşdə heçə endirilmiş oldu. Türklər xəstə və ya yaralı olan bütün əsirlərlə maraqlanmış, hətta diş ağrıları olan bir düşmən əsgəri üçün belə həkim çağırmışdı. Görəsən, düşmən qüvvələr olan ingilislər, fransızlar, ruslar da əsirlərlə belə humanistcəsinə davranıbmı? Bax, bu məsələ artıq xeyli şübhə doğurur.
Çanaqqalada türk əsgərlərinin göstərdiyi mətinlik və cəsarət düşmən generallarını və siyasi xadimlərini belə heyrətə gətirmişdi. İngiltərənin Baş naziri Uinston Çörçill “Türklər Çanaqqalada ən müasir silahlarla silahlanmış güclər qarşısında bir qala kimi dayanmışdılar”, ingilis generalı Oqlander isə “Türk əsgərlərinin döyüşdə göstərdikləri igidliklərin nəzərə alınmaması ingilislər üçün fəlakət oldu” – demişlər. Yapon professor Hideo Mikinin fikri də diqqəti cəlb edir: “Çanaqqala savaşları, modern savaş tarixində birləşmiş quru və dəniz savaşlarının başlanğıcı və ilk örnəyidir”.
Beləliklə, bu amansız döyüşün parlaq xatirələrini oxuduqca insanın heyrətini saxlaya bilməsi mümkünsüz görünür. Həqiqətən də Çanaqqala savaşında babalarımızın göstərdiyi şücaət və igidliklər bu gün örnək olaraq anılmaqdadır və 100 il öncəyə nəzər salanda sanki nümunəvi qəhrəmanlıq portretinə tamaşa edirsən. Bu portretdə qadın nişançılardan, sağ əlini itirib, sol əli ilə vuruşandan tutmuş, 275 kiloqramdan artıq çəkisi olan mərmini inanılmaz formada topa qoyub atəş açan və düşmən gəmilərini pərən-pərən salan Seyid Çavuşa qədər hər kəs əks olunmuşdur. Fəxrlə demək olar ki, bu portretdəki simalar və şücaətlər Çanaqqala savaşını qeyd-şərtsiz olaraq böyük qəhrəmanlıq dastanına çevirmiş və bu dastan sonrakı nəsillərin və təbii ki, bizim milli ruhda, cəsurluq ruhunda tərbiyə almağımıza bir məktəb olmuş və olacaqdır. Çanaqqala savaşı tarixinin və bu tarixin özündə gizlətdiyi bir çox qaranlıq məqamların açılması, bütün türk ölkələrində kütləvi şəkildə yayımlanması vacibdir. Çünki bu, bizim tariximizdir, Türk Dünyası tarixinin şanlı səhifəsidir. Biz bu tarixi araşdırmasaq, öyrənməsək, sonralar bu qürur bəxş edən keçmişimizi satın almaq belə bizlərə müyəssər olmayacaqdır. Çünki Çanaqqala türk mübarizliyinin simvoludur. Türklər isə insanlıq mübarizəsinin simvolu olaraq qalmaqdadır.
Anar TURAN,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.