Müharibə, əmək veterenlarına hər bir gənc hörmət və ehtiramla yanaşmalıdır.
Hər bir gənc, gənc nəslimiz veteranlarımızın qəhrəmanlıq nümunələrindən,
əmək fədakarlığından özü üçün nümunə götürməlidir. O qəhrəmanlıq nümunələri
bugünkü nəslimiz, gələcək nəsillər üçün örnək, məktəb, təcrübə mənbəyi olmalıdır.
Heydər ƏLİYEV,
Ümummilli lider
Bu il may ayının 9-da 1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyi təntənə ilə qeyd olunacaqdır. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xüsusi sərəncam imzalamış və həmin əlamətdar hadisəni yüksək səviyyədə keçirmək üçün geniş, hərtərəfli tədbirlər planını təsdiq etmişdir.
İkinci dünya müharibəsi adı ilə bəşər tarixinə düşən bu savaş özünün ən qanlı, ən dağıdıcı xüsusiyyətləri ilə əvvəlkilərdən daha dəhşətli olub. Faşist Almaniyası tərəfindən 1939-cu ildə Finlandiyanın işğalı ilə başlanmış müharibəyə dünyanın 60-dan çox ölkəsi cəlb olunub. Onların əksəriyyətinin orduları cəbhələrdə üz-üzə dayanmasalsar, döyüşlərdə iştirak etməsələr də, bu və ya digər formada itkilərə məruz qalıblar. 1941-ci ilin 22 iyununda faşist Almaniyasının Sovet İttifaqına hücum etməsi nəticəsində döyüş xətti Şimal Büzlu okeanından Qara dənizədək uzanan alman-sovet savaşı ilə İkinci dünya müharibəsi həlledici mərhələyə qədəm qoydu.
Həmin dövrdə cahangirlik iddiasına düşən alman reyxinin başçısı Adolf Hitler dünyaya meydan oxuyurdu. Avropa ölkələrini çox qısa bir vaxt ərzində əsarət altına salan alman faşist qəsbkarlarının ildırımsürətli “Barbaros” planı ilk dəfə məhz Şərq cəbhəsində böyük məğlubiyyətə uğradı. Qeyd-şərtsiz, danışıqsız təslim sənədini imzalamağa məcbur olan faşist Almaniyası bu müharibə ilə dünya xəritəsində əsaslı dəyişikliklərə səbəb oldu.
Dünya faşizm təhlükəsindən xilas oldu. Bu, 50 milyondan çox itki vermiş bəşəriyyətin ən böyük qələbəsi idi. Həmin tarixi qələbədən 70 il keçsə də, təəssüflər olsun ki, bəzi ölkələr, o cümlədən Ermənistan Respublikası faşizim ideologiyasına sadiqlik nümunəsi göstərərək, öz işğalçılıq siyasətindən əl çəkmir.
Hər evində, hər ailəsində qanlı müharibənin mənhus izləri qalmış Azərbaycan xalqı da İkinci dünya müharibəsinə 600 mindən çox sakinini göndərmişdi. Onların 300 mindən çoxu döyüş meydanlarından qayıtmadı, qəhrəmancasına həlak oldu, itkin düşdü. Azərbaycanın oğul və qızları alman faşizimi ilə ölüm-dirim savaşında öz beynəlmiləl borcunu yerinə yetirəndə də, Qarabağ uğrunda gedən milli mücadilədə də mərdlik və qəhrəmanlıq nümunəsi göstərmişlər. Azadlıqsevər xalqların nümayəndələri ilə çiyin-çiyinə döyüşən minlərlə igidlərimiz ümumbəşəri ideallar uğrunda canlarını qurban vermişdir. Ikinci dünya müharibəsində göstərdikləri igidlik və şücaətlərə görə 130 nəfərdən çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Faşizm üzərində qələbə digər bir sıra xalqlar kimi, Azərbaycan xalqının da qanı və külli miqdarda maddi sərvətlərinin itirilməsi, böyük məhrumiyyətlər hesabına əldə edilmişdir. İkinci dünya müharibəsində həlak olan 57 milyon insandan 27 milyonu Sovet vətəndaşları olmuşdur ki, onlardan da 300 mindən çoxu azərbaycanlılar idi.
1939-cu il sentyabrın 1-də başlanan İkinci dünya müharibəsi iki imperialist ittifaq arasında aparılsa da, Sovet İttifaqına ciddi təhlükə yarandı. İlk gündən alman qoşunlarının SSRİ sərhədlərinə yaxınlaşması ölkənin qərb istiqamətində mövqeyini möhkəmlətməyi tələb etdi. Xüsusilə 1920-ci ildə Polşanın işğal etdiyi Qərbi Belorusiya və Qərbi Ukrayna torpaqlarını yenidən öz tərkibinə qatdı. Bununla da qərb sərhədləri bir qədər möhkəmləndirildi.
Adolf Hitler 1940-cı ilin iyulunda SSRİ-yə qarşı müharibənin qaçılmaz olması barədə demişdi: “Rusiya gərək məhv edilsin! Müddəti - 1941-ci ilin yazı!” Bundan sonra “Barbarossa” adlanan yeni planda müəyyən düzəlişlər aparıldı. Hitler 17 iyun 1941-ci ildə SSRİ-yə qarşı iyunun 22-də müharibəyə başlamaq əmrini verdi. Bununla da sovet xalqları İkinci dünya müharibəsinə qatıldı. SSRİ-nin müharibəyə cəlb olunması ilə İkinci dünya müharibəsinin gedişində yeni mərhələ başlandı. Müharibə sovet xalqları tərəfindən xilaskar, ədalətli, Vətən müharibəsinə çevrildi. Müharibə ümumxalq xarakteri daşıyırdı. Sovet İttifaqının bütün xalqları, o cümlədən Azərbaycan xalqı da Vətən uğrunda müharibəyə qatıldı.
Faşist Almaniyasının Şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. Rozenberqin rəhbərliyi altında fəaliyyət göstərən Şərq İşləri üzrə Nazirliyin nəzdində olan strukturlardan biri Qafqaz Komissarlığı adlanırdı. Hələ 1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahı tərəfindən təsis edilmiş planda Qafqazın, ələlxüsus Bakının işğalı mərkəzi yer tuturdu.
Qafqazın işğalı üçün tərtib edilmiş planın (Edelveyus planının) həyata keçirilməsi faşistlərin “A” qrupu ordusuna həvalə edilmişdi. Həmin planda Qafqaz beş işğal rayonuna bölünmüş və onlardan biri Azərbaycan əlahiddə rayonu idi. Plana görə, Bakı 1941-ci il sentyabrın axırına qədər işğal olunmalıydı. Faşistlər Bakını işğal edib, onun neftini alman şirkətlərinin sərəncamına verməli idilər. Onlar, eyni zamanda, Azərbaycandakı iri sənaye müəssisələrinə rəhbərlər də nəzərdə tutmuşdular.
Hitler hələ 1941-ci il iyulun 16-da hökumət üzvlərinin yığıncağında bildirmişdi ki, Bakı alındıqdan sonra o, hərbi məntəqəyə çevriləcəkdir. Reyx fürer hələ bundan xeyli əvvəl, “Mənim mübarizəm” adlı kitabında yazmışdı ki, “Müsəlman monqoloidlər dağıdıcı qüvvədir. Buna görə onlar ali irqin qulları olmalıdırlar”.
Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də müharibənin əvvəlindən axırınadək onda fəal iştirak etdi. Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edildi. Müharibənin ilk günlərində Azərbaycanda 4 mindən çox oğlan və qız faşizmə qarşı vuruşmaq üçün könüllü surətdə cəbhəyə getməkdən ötrü hərbi komissarlıqlara müraciət etmişdi. Avqust ayına qədər təxminən 23 min nəfər xalq qoşunu dəstələrinə yazıldı.
1941-ci ilin sonunda xalq qoşunu dəstələrində artıq 87 min nəfər döyüşçü vardı ki, onların da 30 mindən çoxu qadın idi. Ümumiyyətlə, 1941-1945-ci illər ərzində Azərbaycanda Sovet Ordusu sıralarına 640 min nəfərədək adam səfərbər olunaraq cəbhəyə göndərilmişdi.
Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər od, alov püskürən cəbhələrdə, o cümlədən Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belorusiya, Pribaltika respublikaları uğrunda döyüşlərdə cəsarətlə vuruşmuş, faşist ordu hissələrinə mətanətlə müqavimət göstərmiş, düşmənin hərbi texnikasını və canlı qüvvəsini məhv etmiş, işğal olunan yaşayış məntəqələrinin azad edilməsində, Berlinin süqutunda fəal iştirak etmiş, bir çoxu bu savaşda həlak olaraq əbədiyyətə qovuşmuşdur.
Azərbaycan əsgərləri 1941-ci ilin payızında Leninqrad şəhərinin müdafiəsi uğrunda döyüşlərdə ön cəbhədə dayanmış, bütün ölkə vətəndaşları ilə çiyin-çiyinə faşist ordusuna cəsarətlə müqavimət göstərmiş, şəhər əhalisinin təhlükəsizliyini fədakarlıqla qorumuşlar. Onlardan biri – Hüseynbala Əliyev Leninqradı düşmənin hava hücumundan qoruyarkən 17 ölümcül yara alsa da, təyyarəsini yerə endirə bilmişdi. Göstərdiyi igidliyə və şücaətə görə ölümündən sonra o, yüksək mükafata Lenin ordeninə layiq görülmüşdü. Moskva, Stalinqrad uğrunda döyüşlərdə də azərbaycanlılar düşmənin çoxsaylı canlı qüvvəsi və güclü texnikası ilə üz-üzə dayanmış, faşist ordusuna qarşı irimiqyaslı, dağıdıcı hərbi əməliyyatlar keçirmişdilər.
Moskva uğrunda döyüşlərin ən ağır günlərindən biri olan 8 dekabr 1941-ci ildə paytaxtın şimalında yerləşən Novqorod vilayətinin Pustinka kəndi yaxınlığında gedən vuruşda İsrafil Məmmədov komandir olduğu dəstənin 20 nəfər döyüşçüsü ilə 400 nəfərdən çox düşmən qüvvəsinin aramsız hücumlarını dəf edərək mövqelərini daha da möhkəmləndirmişdir. İsrafil təkbaşına 70-dən çox faşisti məhv etdiyinə görə ona dekabrın 11-də Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdi. İsrafil Məmmədov bu yüksək ada layiq görülən ilk azərbaycanlı idi.
1941-ci ilin noyabrında Moskvanın müdafiəsinə göndərilən Bakı zenit artilleriyası alayı düşmənin 40-a qədər təyyarəsinin yarıdan çoxunu məhv etmiş, qalanlarını isə geriyə dönməyə müvəffəq olmuşdur. Paytaxt uğrunda döyüşlərdə 1000 nəfərdən çox Azərbaycan vətəndaşı iştirak etmiş və onların hamısı yüksək mükafatlara layiq görülmüşdür.
Stalinqrad uğrunda gedən döyüşlərdə isə Baloğlan Abbasovun snayperçilər dəstəsi, Həzi Aslanovun tankçılar alayı xüsusi fəallıq göstərmiş və düşmənə ağır zərbələr endirmişdilər. Buna görə hər iki azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı fəxri adını almışdır. Bundan əlavə, Həzi Aslanov 508 yaşayış məntəqəsinin azad edilməsində xüsusi xidmətlərinə görə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.
Azərbaycanlı əsgər və zabitlər 1942-ci ildə Şimali Qafqazın, 1943-cü ildə Ukraynanın azad edilməsi uğrunda gedən döyüşlərdə igidliklə vuruşmuş, nasist cəlladlarının məhv edilməsində sovet silahlı qüvvələrinə yaxından kömək göstərmişdilər. Şimali Qafqaz uğrunda döyüşdə Qafur Məmmədov və İdris Süleymanov göstərdikləri igidliyə görə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşlər. Ukraynanın azad edilməsində böyük xidmətlərinə görə Məlik Məhərrəmova, Mikayıl Ələkbərova və Fariz Səfərova da Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdi.
Telman ƏLİYEV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.