Prezident İlham Əliyev: Əgər Dağlıq Qarabağ münaqişəsi həll olunsaydı, biz bu gün digər münaqişələri görməzdik

Düşünürəm, bu nadir fürsətdir ki, burada bu dərəcədə yüksək səviyyəli qonaqların
sayəsində bizi gələcəkdə hansı işlərin, hansı çağırışların gözlədiyini və bu gün dünyanın bütün yerlərində
mövcud olan gərginliyin azaldılması üçün hansı tədbirlərin görülməli olduğunu müzakirə edək.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının  Prezidenti


Rəsmi Bakı daha bir möhtəşəm tədbirə imza atdı. Diaspora İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən III Qlobal Bakı Forumu dünyanı düşündürən məsələlərin müzakirə edildiyi bəşəri əhəmiyyətli bir tədbir kimi yadda qalacaq. İki gün ərzində Bakıda dünyanı ciddi narahat edən məsələlər – etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiya, təhsil, ekologiya və digər sahələrdə mövcud çağırışlar geniş müzakirə edildi. Bəşəriyyəti narahat edən bu problemlərin aradan qaldırılması istiqamətində qarşıda duran mühüm vəzifələrlə bağlı səmərəli fikir mübadiləsi aparıldı.

Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu forum artıq daimi xarakter alır və hər il keçiriləcək. Bakı şəhəri böyük siyasi proseslərin müzakirəsi platformasına çevriləcək. Forumun beynəlxalq əməkdaşlığın əsas təhlükəsizlik məsələlərinin həlli sahəsində qarşıya qoyduğu məqsədlər böyük əhəmiyyətə malikdir.

Qeyd edək ki, III Qlobal Bakı Forumunda bir sıra ölkələrin prezidentləri, baş nazirləri, xarici işlər nazirləri, həmçinin  sabiq dövlət və hökumət başçıları, siyasi xadimlər, elm adamları və ekspertlər - ümumilikdə, 75 ölkədən 350-yə yaxın nümayəndə iştirak edib. Onların arasında 6 ölkənin hazırkı prezidenti, 41 keçmiş prezident, 24 sabiq baş nazir, bir neçə ölkənin isə indiki və sabiq xarici işlər nazirləri olub.  Bakı Forumunda iştirak edən nüfuzlu dövlət və hökumət başçılarının, siyasətçilərin və tanınmış ictimai xadimlərin çıxışlarında da bu tədbirin böyük əhəmiyət kəsb etdiyi dönə-dönə vurğulanmışdır. Onu da qeyd etmək lazımdır ki, bu liderlərin müasir dünyanın nizamı barədə baxışları onların zəngin bilikləri və təcrübələrinə əsaslanır. 

  Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqanın səsləndirdiyi fikir də bunun təsdiqləyir: “Dövlətin öz vətəndaşları üçün nə işlər görə bilməsinə prioritet verərək bu gün dünyanın üzləşdiyi problemləri müzakirə etmək məqsədilə təcrübəli mütəfəkkirlərin, mütəxəssislərin, beynəlxalq təşkilatların nümayəndələrinin, bir çox sahələrdə fəaliyyət göstərən peşəkarların və xüsusilə sabiq dövlət və hökumət başçılarının, indi hakimiyyətdə olan dövlət və hökumət başçılarının bir araya toplanması üçün Bakının ideal məkana çevrilməsi bizi daha çox məmnun edən faktdır”.

Prezident İlham Əliyevin III Qlobal Bakı Forumunda çıxışı böyük maraqla qarşılanmışdır. Dövlətimizin başçısı ölkəmizin son illərdə qazandığı nailiyyətlər barədə geniş məlumat vermişdir. Respublikamızın rəhbəri həmçinin tədbir iştirakçılarının diqqətinə çatdırmışdır ki, Azərbaycan əsrlər boyu  sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Bizim coğrafi yerləşməmiz və xalqımızın tarixi irsi Azərbaycanda xüsusi ab-hava yaratmışdır. Prezident Azərbaycanın Avropa və Asiya arasında təbii coğrafi körpü olduğunu vurğulayaraq, ölkəmizin hazırda Avropa ilə müsəlman dünyası arasında mədəni və siyasi körpü rolunu oynadığını və cəmiyyətdə multikulturalizm ənənələrinin dərin köklərə malik olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, siyasi quruluşundan asılı olmayaraq, Azərbaycanda müxtəlif millətlərin, dinlərin və etnik azlıqların nümayəndələri hər zaman sülh və ləyaqət şəraitində yaşamışlar. Müstəqillik qazandıqdan sonra Azərbaycan bu səbəbdən dünya multikulturalizm mərkəzlərindən birinə çevrilmişdir. Ölkə başçısı bundan sonra da böyük əhəmiyyətə malik beynəlxalq forumların rəsmi Bakıda keçiriləcəyini diqqətə çatdıraraq demişdir ki, gələn ay biz III Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edəcəyik.

Dövlət başçısı çıxışında dünyada beynəlxalq hüquq normalarının kobud surətdə pozulduğunu və bunun da beynəlxalq münasibətlər sisteminə xələl gətirdiyini forum iştirakçılarının diqqətinə çatdırmışdır. Respublikamızın rəhbəri bəyan etmişdir ki, dünyanın ən aparıcı beynəlxalq qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv seçiləndə biz aydın şəkildə bildirdik ki, ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik. Təəssüf ki, beynəlxalq hüquq artıq heç də bütün dövlətlər tərəfindən hörmət olunan məfhum deyil: “Bir daha təəssüf edirəm ki, artıq bu, reallıqdır. Belə bir təsəvvür yaranır ki, beynəlxalq hüquq yalnız kifayət qədər güclü olmayan ölkələrə mütləq şamil edilir və onlar digər vasitələrlə məqsədlərinə nail ola bilmirlər. Biz bunu aydın görürük ki, ara-sıra dünyanın aparıcı dövlətləri beynəlxalq hüquq normalarını kobud şəkildə pozur və bu da müharibədən sonrakı beynəlxalq münasibətlər sisteminin bütün konstruksiyasına xələl gətirir”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində üzləşdiyimiz çətinliklərdən danışan  Prezident İlham Əliyev problemin həlli ilə bağlı Azərbaycanın qəti mövqeyini də  açıqlamışdır: “Bildiyiniz kimi, Azərbaycanın tarixi və beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalı uzun illərdir ki, davam edir. Baxmayaraq, BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir ki, onlar Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Dağlıq Qarabağ Azərbaycanın tarixi, ayrılmaz parçasıdır və dünyanın heç bir ölkəsi Dağlıq Qarabağ Respublikası" adlanan bu qanunsuz qurumu müstəqil olaraq tanımamışdır".

Respublikamızın rəhbəri xalqımızın  işğaldan çox əziyyət çəkdiyini xüsusi vurğulayaraq, ərazimizin 20 faizdən artıq hissəsinin hələ də işğal altında olduğunu və bir milyondan artıq azərbaycanlının öz torpağında qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü bildirmişdir: “Biz etnik təmizləmədən əziyyət çəkmişik, bizə qarşı Xocalı soyqırımı törədilib və bu soyqırımı artıq dünyanın 10 ölkəsi tərəfindən tanınıb və həmin proses davam edir”.

“Ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir” – deyən ölkə başçısı bunun  BMT Nizamnaməsində əks olunduğunu, Helsinki Yekun Aktında da beynəlxalq hüququn fundamental prinsipi kimi təsbit edildiyini qeyd etmişdir ki, burada heç bir ziddiyyət olmamalıdır və aydın başa düşülməlidir ki, müqəddəratın müəyyən edilməsi hüququ dövlətlərin ərazi bütövlüyünü pozmamalıdır və istənilən dövlətin ərazi bütövlüyü ölkənin hökuməti və xalqının razılığı olmadan dəyişdirilə bilməz. Azərbaycanın ərazi bütövlüyü digər dövlətlərin ərazi bütövlüyü qədər dəyərlidir. Təəssüflər ki, dünyanın müxtəlif yerlərində aqressiv separatçılıq parçalanma siyasətini həyata keçirməyə çalışır. Ərazi bütövlüyünün pozulması münaqişələrin yaranmasına səbəb olur.

Münaqişənin nizamlanmasında Azərbaycanın mövqeyini açıqlayan Prezident İlham Əliyev  Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, sülh yolu ilə həll edməsinin vacibliyini bildirmiş və ölkəmizin buna sadiqliyini bəyan edir. Forum iştirakçılarına birdaha bəlli oldu ki, nüfuzlu beynəlxalq təsisatlar – Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı buna bənzər qətnamələr qəbul etmişdir. Həmin qətnamələrdə birmənalı olaraq bildirilir ki, münaqişə beynəlxalq hüququn prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Azərbaycan tərəfinin bu münaqişənin nizamlanmasında beynəlxalq hüququn norma və prinsiplərinə üstünlük verdiyini deyən dövlətimizin başçısı bu fikri bir daha forum iştirakçılarının diqqətinə çatdırmışdır: “Bizim bir milyondan artıq qaçqın və məcburi köçkünümüz var. Biz Xocalı soyqırımına məruz qalmışıq. Azərbaycan heç kimin torpağını işğal etməyib. Əfsuslar olsun ki, dünyada aqressiv separatçılıq davam edir. Əgər Dağlıq Qarabağ münaqişəsi həll olunsaydı, biz bu gün digər münaqişələri görməzdik. Azərbaycan bu münaqişələrin beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarıdır”.

 Azərbaycan Prezidentinin bu fikirləri böyük rəğbətlə qarşılanmışdır. Elə bu baxımdan Dağlıq Qarabağ münaqişəsinin və oxşar problemlərin həll edilməsi, çıxış yolları prioritet təşkil etmişdir.

Türkiyənin sabiq Prezidenti Abdullah Gülün forumda səsləndirdiyi  fikirlər də bunu təsdiqləyir: “Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır, bir milyon qaçqın var. Uzun illərdir davam edən danışıqlarda hələ də bir nəticə hasil olmayıb. Belə davam edərsə, sülhü bərqərar etmək, əməkdaşlıq etmək, xüsusilə Cənubi Qafqaz regionunda təhlükəsizliyi təmin etmək mümkün deyil”.

Ukraynanın sabiq Prezidenti Leonid Kuçma isə Ukrayna münaqişəsilə bağlı bunları demişdir: “Biz təxminən sizinlə eyni vəziyyətdəyik. Hamımız yaxşı bilirik münaqişələrin həlli kimdən asılıdır, kürəyimizin arxasında böyük qonşumuz dayanmasaydı, biz çoxdan öz problemimizi həll etmişdik. Mən buna əminəm. Çox təəssüf ki, postsovet ölkələri ərazisində münaqişələr azalmır, əksinə artır. Səbəb də hamımıza bəllidir”.

Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi etməklə dünyada  iqtisadi qüdrətinin getdikcə artdığını, sülhün, əmin-amanlığın, qonşularla sıx əməkdaşlığın tərəfdarı olduğunu bir daha təsdiqlədi.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında