Azərbaycan I Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə dünyanı növbəti dəfə heyrətləndirəcək

 

 

 

 

 

 

 

 

 

 


“Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri,
birinci xanım Mehriban Əliyeva
Oyunlara hazırlıq işlərində şəxsən iştirak edərək
dəyərli göstəriş və tövsiyələrini vermiş,
işə tam sadiqliyini nümayiş etdirmişdir.

Patrik HİKKİ,
Avropa Olimpiya Komitəsinin prezidenti


Ümummilli lider Heydər Əliyevin uzun illər apardığı düşünülmüş siyasət və bu siyasi kursun möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu gün respublikamızı, sözün həqiqi mənasında, beynəlxalq aləmdə söz sahibinə çevirir və mövqelərini daha da möhkəmləndirib. Azərbaycanın dünyanın ən nüfuzlu təşkilatlarının üzvü olması, həmin qurumların işində çox fəal rol oynaması və götürdüyü öhdəlikləri ləyaqətlə yerinə yetirməsi dövlətimizin başçısının həyata keçirdiyi uğurlu strategiyanın məntiqi nəticəsidir. Bu gün Azərbaycan bölgədə ən yüksək mövqelərə malik olan bir ölkədir və qısa müddət ərzində dünyanın ən inkişaf etmiş dövlətləri sırasına qoşulmaqdadır.

Bu inteqrasiya nəticəsində ölkəmiz ən müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir. Məlum olduğu kimi, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar 2012-ci il dekabrın 8-də qəbul olunub. Həmin gün Romada, Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında 2015-ci ildə I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilmişdir. Avropa Olimpiya Komitəsinin üzvü olan 49 Milli Olimpiya Komitəsindən 48-nin iştirakı ilə keçirilmiş gizli səsvermədə 38 ölkə lehinə, 8 ölkə əleyhinə, 2 ölkə bitərəf olmaqla, I Avropa Oyunlarının Bakıda keçirilməsi təsdiqlənmişdir.

I Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün, ümumiyyətlə, bütün Avropa Olimpiya hərəkatı üçün tarixi hadisədir. Hazırda regionun lider dövlətinə və dünya birliyində söz sahibinə çevrilən Azərbaycanın sürətli inkişafı, beynəlxalq aləmdə yüksələn reytinqi, getdikcə möhkəmlənən mövqeyi, mövcud ictimai-siyasi sabitlik ölkəmizin bu mötəbər tədbirə uğurla ev sahibliyi edəcəyinə tam əminlik yaratmışdır. Avropa Olimpiya Komitəsi tərəfindən bu qərarın qəbul edilməsi bu vaxta qədər respublikamızda nüfuzlu qurumların öz tədbirlərini keçirməsilə yanaşı, çoxsaylı idman yarışlarının, Avropa və dünya çempionatlarının yüksək səviyyədə təşkil olunması, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlər, ümumilikdə, Azərbaycanda idman sahəsində görülmüş işlər böyük rol oynamışdır. Beynəlxalq və Avropa Olimpiya komitələri bütün bunları yüksək dəyərləndirmiş və ilk Avropa Oyunlarının da yüksək səviyyədə keçiriləcəyi qənaətinə gəlmişlər.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 17 yanvar 2013-cü il tarixli sərəncamı ilə I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılmışdır. Komitəyə Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sədrlik edir. Təşkilat Komitəsinin qərarı ilə Bakı Avropa Oyunları Əməliyyat Komitəsi yaradılmışdır. Dünyanın ən qabaqcıl və təcrübəli mütəxəssisləri Azərbaycana dəvət olunmuş və BAOƏK-də yerli mütəxəssislərlə birlikdə çalışmalara başlanılmışdır.

Sərəncamda da qeyd olunduğu kimi, Avropa tarixində ilk dəfə təşkil olunan bu oyunların məhz Azərbaycana həvalə edilməsi Beynəlxalq və Avropa Olimpiya hərəkatı tərəfindən ölkəmizdə görülən bütün işlərə, o cümlədən, idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə verilən yüksək qiymətdir.

Bu mötəbər tədbirin yüksək səviyyədə keçiriləcəyinə Təşkilat Komitəsi təsis olunanada hər birimizdə böyük inam yaranmışdı. Çünki Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Heydər Əliyev Fondunun təkcə Azərbaycanda deyil, eləcə də beynəlxalq aləmdə həyata keçirdiyi layihələr dünya birliyində böyük əks-səda doğurmuşdur.

Dünyanın nəhəng dövlətləri belə möhtəşəm oyunların təşkilinə uzun illər hazırlıq vaxtı istəyirlər. Azərbaycanda isə hazırlıq işləri qısa zamanda elə sürətlə aparıldı ki, bütün dünya buna heyranlığını gizlədə bilmədi. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki hazırlıq işləri ilə tanış olduqdan sonra aprelin 26-da Avropa Oyunlarının məşəlinin alovlandırıldığı tədbirdə demişdir: “Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyeva Oyunlara hazırlıq işlərində şəxsən iştirak edərək dəyərli göstəriş və tövsiyələrini vermiş, işə tam sadiqliyini nümayiş etdirmişdir”.

I Avropa Oyunları üzrə Əməliyyat Komitəsinin (BAOƏK) baş əməliyyat təmsilçisi Cim Şerrinin fikirləri də hazırlıq işlərinin sürətlə, keyfiyyətlə və yüksək səviyyədə aparıldığını təsdiqləyir: “Yarışa hazırlıq yüksək səviyyədə gedir. Komandaları qəbul edəcək qurğuların inşası sürətlə davam edir. Hazırlığın gedişi bizi qane edir və biz hazırlığın tempindən razıyıq”.

İtaliya Milli Olimpiya Komitəsinin (İMOK) prezidenti Covanni Malaqo isə “Bakı-2015"in 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaratması baxımından önəmini vurğulamış və hazırlıq işlərini yüksək qiymətləndirmişdir: “Azərbaycan bu cür möhtəşəm tədbirə ev sahibliyi etmək öhdəliyini uğurla yerinə yetirir. Əminəm ki, bu ölkə öz qonaqpərvərliyi ilə avropalı idmansevərlərin diqqətini cəlb etməyi bacaracaq. Azərbaycanda Avropa Oyunlarına hazırlıq işlərinin sürətlə və yüksək səviyyədə aparılması bu ölkənin yarışa ciddi yanaşdığını və Avropa idman dünyasına hörmətini nümayiş etdirir”.

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə kimi qeyd edilən birinci Avropa Oyunlarının məşəlinin alovlandırıldığı mərasimdəki çıxışında belə bir tədbirin ilk dəfə Azərbaycanda keçirildiyini və Təşkilat Komitəsinin işini yüksək qiymətləndirdi: “Bu qərar bizi çox sevindirdi, Azərbaycan xalqını sevindirdi. Bu, bizim üçün həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Vaxtımız məhdud idi. Ona görə biz dərhal işə başladıq, Təşkilat Komitəsi yaradıldı. Bu müddət ərzində Təşkilat Komitəsi çox fəal və böyük uğurla işlədi. Bu gün artıq Azərbaycan və Bakı şəhəri bu Oyunların keçirilməsi üçün tam hazırdır. Təşkilat Komitəsinə bu yüksək fəaliyyətə görə minnətdarlığımı bildirmək istəyirəm”.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin gərgin fəaliyyəti nəticəsində Azərbaycanda yeni idman qurğuları inşa olundu, bir çoxunda isə yenidənqurma, bərpa işləri aparıldı. Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Veterpol Arenası, Dağ Velosipedi Parkı, Bakı Atıcılıq Mərkəzi, Bakı Kristal Zalı, Heydər      Əliyev adına İdman-Konsert Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu və digər idman obyektləri bütün dünyanın diqqət mərkəzinə düşdü. Bu idman infrastrukturunun Oyunlardan sonra da ölkəmiz üçün qalacağını düşünəndə, işlərin yalnız Azərbaycan xalqının rifahına xidmət etdiyini görməmək mümkün deyil.

“Bakı-2015” I Avropa Oyunlarının ölkəmizin dünyada daha da tanınması, həm iqtisadi, həm də mədəni cəhətdən önəmli olmasını diqqətdə saxlayan Təşkilat Komitəsi Avropanın iri paytaxt şəhərlərində Oyunların təqdimat mərasimlərini keçirmişdir. Roma, London, Paris, Afina, Ankara, Berlin və Moskvada keçirilən oyunların təqdimat mərasimlərində yerli sakinlərin, ictimai-siyasi dairələrin nümayəndələrinin, mədəniyyət və idman xadimlərinin də iştirakı böyük əhəmiyyət kəsb edir. Onlar Azərbaycanın mədəniyyəti, incəsənəti, adət-ənənələri, milli-mənəvi dəyərləri ilə yaxından tanış olmuşlar. Biz Parisdə keçirilən təqdimat mərasimində də bunun şahidi olduq.

Qonaqlar əvvəlcə Azərbaycan heykəltəraşlarının “Bakı 2015"-ə həsr olunan əsərlərindən ibarət sərgiyə baxdılar. ”Biz birlikdə" adlanan sərgidə 20-dən çox heykəltəraşın idmanın müxtəlif növlərinə aid əsərləri sərgilənmişdi. Sərgi çərçivəsində qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri, o cümlədən birinci Avropa Oyunlarına həsr olunan bukletləri təqdim edildi.

Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva mərasimdə çıxış edərək bildirdi ki, Oyunlara altı mindən çox idmançı qatılacaq və 20 idman növündə yarışlar keçiriləcək: “Şübhəsiz ki, Avropa Oyunları Avropa idman tarixində yeni səhifə açacaq və ilk Avropa Oyunları tarixdə birinci oyunlar kimi qalacaq. Yarışları hazırlamaq, qəbul etmək və keçirmək Azərbaycan üçün böyük şərəfdir, böyük məsuliyyətdir”.

Müstəqil Azərbaycanın 23 ildir ki, dünya xəritəsində öz layiqli yerini tutduğunu qeyd edən Mehriban xanım Əliyeva “Biz qədim tarix və mədəniyyətə malik olan xalqıq və əsrlər boyu arzuladığımız müstəqillik bizim ən böyük sərvətimizdir”, deyə bildirmişdir. Mehriban xanım Əliyeva müstəqillik tarixində siyasi, iqtisadi və mədəni sahələrdə ölkəmizin qazandığı uğurlar barədə də ətraflı məlumat verdi.

Tədbirdə ilk Avropa Oyunlarına hazırlıq işləri barədə məlumat verən Təşkilat Komitəsinin sədri dedi: “Hazırlığa cəmi iki il yarım vaxt ayrılmasına baxmayaraq, Avropa Oyunlarını yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindəyik. Bunun üçün bütün lazımi tədbirlər həyata keçirilir, Təşkilat Komitəsi beynəlxalq idman qurumları ilə birgə çalışır. İnşa olunan bütün idman obyektləri vaxtında tamamlanacaq və hər birində yoxlama yarışları keçiriləcək”.

Onu da qeyd edək ki, təqdimat mərasimləri böyük maraqla qarşılanmış, hər dəfə də Təşkilat Komitəsinin gördüyü işlər yüksək qiymətləndirilmişdir. Məsələn, Romada keçirilən təqdimat mərasimində İtaliyanın təhsil naziri, xanım Stefaniya Ciannini Mehriban xanım Əliyevanın yalnız idmanın deyil, digər sahələrin inkişafına da verdiyi töhfələrdən danışmışdır. O, bu tədbirin Romada keçirilməsinin Azərbaycan-İtaliya əlaqələrinin səviyyəsinin göstəricisi olduğunu bildirmişdir. Nazir ilk Avropa Oyunlarının uğurla keçirilməsinə İtaliyanın da öz töhfəsini verəcəyini söyləmiş, bu əhəmiyyətli idman tədbirinə hazırlığın sürətlə aparılmasını yüksək qiymətləndirmişdir.

Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin Direktorlar Şurasının üzvü və İrlandiya  Olimpiya Şurasının prezidenti Patrik Hikki həmin tədbirdə xüsusi vurğulamışdır ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin yarışlara böyük diqqətlə yanaşması və ciddi hazırlaşması təqdirəlayiq haldır. O demişdir ki, bu amil ilk Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında AOK tərəfindən qəbul edilmiş qərarın nə dərəcədə düzgün olduğunu göstərir.

Moskvada keçirilən təqdimat mərasimində Mehriban xanım Əliyeva ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsindən qürur hissi keçirdiyini vurğulamış və bunun ölkəmiz üçün böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırmışdır: “Əlbəttə, biz birinci Avropa Oyunlarına ev sahibliyi edəcək ölkə kimi istəyirik ki, qonaqlarımız bizim ölkəmiz - Azərbaycan haqqında daha çox məlumat əldə etsinlər. Azərbaycan müstəqil dövlət kimi gəncdir, lakin bu ölkənin qədim tarixi kökləri, zəngin mədəniyyəti var. Bildiyiniz kimi, bizim paytaxtımız Bakı şəhəri Böyük İpək Yolu üzərində, Qərb ilə Şərqin qovuşuğunda yerləşir və bir sıra mədəniyyətlərin və sivilizasiyaların ruhunu mənimsəyib. Biz çox geniş və maraqlı mədəni proqram hazırlamağa çalışmışıq və ümidvarıq ki, Azərbaycanın qonaqları bizim qədim və eyni zamanda, gənc diyarımız haqqında daha çox məlumat əldə edə biləcəklər. İndi, Oyunların başlanmasına cəmi 2 ay qaldığı bir vaxtda bizim bütün komandamız öz səylərini hazırlıq işlərinin finalı üzərində cəmləşdirib. Lakin mən artıq bu gün deyə bilərəm ki, Bakı bütün Avropanı qəbul etməyə hazırdır. Biz hamımız möhtəşəm bir bayram – sülh, dostluq və idman bayramı ərəfəsindəyik. Əminəm ki, birinci Avropa Oyunları həmrəylik, birlik, sağlam və ədalətli rəqabət ruhunda keçəcək”.

Havva MƏMMƏDOVA,
tarix elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında