Dünya siyasətçiləri III Qlobal Bakı Forumunu yüksək dəyərləndirirlər

Aprelin 28-də Azərbaycan paytaxtında  öz işinə başlayan və iki gün davam edən III Qlobal Bakı Forumunun tribunasından çox fikirlər, mülahizələr və arqumentlər səsləndirildi. Ancaq bu beynəlxalq tədbirdə səslənən iki məsələ hələ uzun müddət, bəlkə də növbəti foruma qədər dünya mətbuatının diqqət mərkəzində olacaq.

Qeyd etmək istədiyimiz birinci məsələ ilə bağlı fikri beş-altı natiqin dilindən eşitdik: “İkinci dünya müharibəsindən sonra yaranmış vəziyyət və həmin vəziyyətdən sonrakı durum necə olmalıdır? Bizim qarşımızda problemlər var, çağırışlar mövcuddur, dövlətlər, xalqlar arasında etimad məsələləri gündəliyimizdə vacib yer tutur...

Buna görə də aydınlaşdırmalıyıq ki, bu gün dünya durumunda məhz hansı yeni sərhədlər, üfüqlər açılır”. İkinci məsələ ilə bağlı fikir isə cəmi iki natiqin — Azərbaycan Prezidenti İlham Əliyevin və Prezident Administrasiyası rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun dilindən eşitdik. Həm dövlət başçımız, həm də dövlət rəsmimiz dünyaya açıq şəkildə ədalət çağırışı etdilər. Prezident dedi: “Biz bundan sonra da hüquq sistemimizin təkmilləşdirilməsi üzərində çalışmalıyıq. Çünki ədalət — cəmiyyətdə ədalət, ailədə ədalət və ümumiyyətlə, hər yerdə ədalət istənilən cəmiyyətin normal inkişafı və sabitliyi üçün ən əsas elementlərdəndir”.Yəni, Prezident ölkəmizdə bərqərar edilmiş ədalətdən danışdı. Ertəsi gün isə Novruz Məmmədov da dünya miqyasında kəskin ədalət böhranı yaşandığını bəyan etdi: “Bu gün beynəlxalq aləmdə ən böyük böhran ədalət böhranıdır. Ədalət yoxdur. Bu vəziyyət nə Qərb üçün yaxşıdır, nə də bizim üçün”.

Bir andaca bütün planetin hər yerinə yayılan həmin arqumentlər beynəlxalq aləmdəki mənfi və müsbət qütblü  siyasi dairələrin hamısının qulağında cingildədi: “Müasir dünya düzəninin son 70 ildə formalaşdırılmış stereotiplərdən uzaqlaşdırılmasının yolları Bakıda axtarılır” və “ Azərbaycanın dövlət başçısı və dövlət  rəsmisi  bütün dünyaya car çəkdilər ki, beynəlxalq aləmdəki  haqsızlığı, ədalətsizliyi və ikiüzlülüyü çox yaxşı başa düşürük  və dünyada ədalətin bərqərar olmasını istəyirik”.

... Həmin gün Bakıya yüksək səviyyəli nümayəndələr, təmsilçilər təşrif gətirmişdilər. Bu, ilk növbədə Azərbaycan  üçün böyük şərəf idi. Dövlətimiz sübut edirdi ki, Azərbaycan başladığı bütün layihələr kimi, Qlobal Bakı forumlarını da uğurla davam etdirir və əvvəlki forumlara nisbətən sonrakı tədbirlərin əhatə dairəsinin genişləndirilməsi ənənəsini yaşadır. Ancaq forumun açılış tədbirində nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyev elə ilk cümlələrdəcə mükəmməl bir milli dəyərlərə bağlılıq  nümunəsi sərgilədi. Dövlət başçımız  dünyanın ünlü simalarını salamlayandan dərhal sonra müasir Azərbaycanın uğurları ilə deyil, ulu mütəfəkkirimiz Nizami Gəncəvinin adı ilə fəxr etdiyini söylədi: “Olduqca məmnunam və fəxr edirəm ki, qısa bir zaman kəsiyində çox mühüm beynəlxalq təsisata çevrilmiş bu Mərkəz dahi azərbaycanlı Nizami Gəncəvinin adını daşıyır. Nizami ilə fəxr etməyən azərbaycanlı tapmaq çox çətindir...”

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin  gələcəkdə dünya siyasətinin mühüm məsələlərinə müraciət edəcəyini və irəli getmək yollarının müəyyənləşdirilməsində, gərginliyin azaldılmasında, əməkdaşlıq və qarşılıqlı anlaşma mühitinin yaradılmasında daha da vacib rol oynayacağını vurğulayan dövlət başçımız qeyd etdi ki, Azərbaycan əsrlər boyu sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Bizim coğrafi yerləşməmiz və xalqımızın tarixi irsi Azərbaycanda xüsusi ab-hava yaratmışdır. Dövlət başçımız xatırlatdı ki, həmin tarixi ənənə bu gün də yaşadılır: “Gələn ay biz III Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumuna da ev sahibliyi edəcəyik”. 

Azərbaycan Prezidenti qeyd etdi  ki, müstəqillik dövründə ölkəmizdə siyasi və iqtisadi islahatların paralel aparılması, sürətli transformasiya, sabitlik proqnozlaşdırıla bilən iqtisadi və sosial inkişafı təmin etmişdir. Bu gün Azərbaycan bütün azadlıqlardan faydalanır, bizim cəmiyyət azaddır, bizdə bütün azadlıqlar təmin edilir – media azadlığı, azad, senzurasız internet, ifadə və toplaşma azadlığı, din azadlığı var. Siyasi transformasiya davam edir. Biz bundan sonra da hüquq sistemimizin təkmilləşdirilməsi üzərində çalışmalıyıq. Azərbaycanın bütün təşkilatlarda güclü mövqeyi var və biz fərqli tarixə, ənənəyə və mədəniyyətə sahib olan ölkələri daha da yaxınlaşdırmaqda mühüm rol oynayırıq. Azərbaycan həm də Qoşulmama Hərəkatının üzvüdür. Bu da bizim prioritetlərimizin göstəricisidir. Biz bir neçə il əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimizlə fəxr edirik. Bu da aydın göstərir ki, beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir, Azərbaycana etibar edir və belə bir vacib səsvermə prosesində öz mövqeyini ifadə edir.        

Bütün beynəlxalq tədbirlərin tribunasından olduğu kimi, bu forumun tribunasından da Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıran dövlət başçımız bəzi hegemon dövlətlərin və beynəlxalq qurumların on illərdən bəri nümayiş etdirdiyi ikili standartlar nəticəsində həll edilməmiş qalan yeganə problemimizdən də söz açdı:  “Azərbaycanın tarixi və beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalı uzun illərdir ki, davam edir. Baxmayaraq, BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir ki, onlar Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Dağlıq Qarabağ Azərbaycanın tarixi, ayrılmaz parçasıdır və dünyanın heç bir ölkəsi “Dağlıq Qarabağ Respublikası” adlanan bu qanunsuz qurumu müstəqil olaraq tanımamışdır”.

Azərbaycan Prezidenti bir daha xatırlatdı ki, biz işğaldan əziyyət çəkirik. Bizim ərazimizin 20 faizdən artıq hissəsi hələ də işğal altındadır və bir milyondan artıq azərbaycanlı öz torpağında qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Biz etnik təmizləmədən əziyyət çəkmişik, bizə qarşı Xocalı soyqırımı törədilib və bu soyqırımı artıq dünyanın 10 ölkəsi tərəfindən tanınıb və həmin proses davam edir.

Qeyd etdiyimiz kimi, dünya siyasətçiləri III Qlobal Bakı Forumunu yüksək qiymətləndirdilər və bu tədbirin bütün xalqlar və ölkələr üçün əhəmiyyətli olduğunu söylədilər. “Sülh yalnız müharibənin olmaması deyil. Sülh qanunun aliliyidir”, – deyən Bolqarıstan Prezidenti Rosen Plevneliyev  dondurulmuş münaqişələrin  sayının artdığını bildirərək, dünyada davamlı nizam-intizama nail olunmasının zəruriliyini vurğuladı.  Makedoniya Prezidenti George İvanov isə  Avropa İttifaqının dəyərlərinə toxundu, bu qurumun yaratdığı dəyərlərin Qitəni əhatə edən ölkələrin hər birində bərabər qaydada paylanmasının vacib olduğunu bildirdi. Yeri gəlmişkən, biz, yəni Azərbaycan tərəfi də avropalı dostlarımızı həmin prinsiplərin qorunmasına çağırmışıq və çağırırıq.

Almaniyanın Federal Kansleri Angela Merkelin Bakı Forumuna ünvanladığı məktubda səsləndirilən fikirlər bu Avropa ölkəsinin  Azərbaycan paytaxtında keçirilən tədbirə verdiyi xüsusi önəmi ifadə edirdi: “III Qlobal Bakı Forumu bir çox dövlət və hökumət başçıları, bir sıra önəmli beynəlxalq təşkilatlar ilə müzakirə və fikir mübadiləsi aparmaq üçün gözəl fürsətdir. Qlobal maraq doğuran məsələləri müzakirə etmək barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü bu baxımdan çox qiymətlidir, vaxtına düşür və eyni zamanda, zəruridir. Hazırda dünya nizamı iki dünya müharibəsinin acı təcrübəsinə əsaslanır. Sülh, demokratiya və insan hüquqları dəyərlərini müdafiə etmək bizim iradəmizdən asılıdır. İnsanların uzunmüddətli rifahını, sabitliyini təmin etmək istəyən hər bir şəxs dünya birliyinin qaydalarını qəbul etməli və bərqərar olunmasına çalışmalıdır”. Sözün həqiqi mənasında, dəyərli çağırışdır.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun Bakı Forumuna ünvanladığı məktub da  Azərbaycan həqiqətlərinin dilə gətirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edirdi: “Bu görüş dünyanın aparıcı liderlərini bir araya gətirib. Bu şəxslər qlobal məsələlər üzrə bir-biri ilə rəqabət aparan şəxslərdir. Bu sahədə müxtəlif çağırışların həlli üçün müdrik yanaşma çox önəmlidir. Üçüncü Forumun məqsədi etimadın yaradılmasıdır. Müasir dünyada indiki təhdidləri nəzərə alsaq, onların həlli üçün belə forumun məqsədi çox önəmlidir. Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və açıq cəmiyyətlərin qlobal forumunun beynəlxalq əməkdaşlığın, ən əsas təhlükəsizlik məsələlərinin, çağırışların həll olunması sahəsində göstərdiyi səyləri yüksək qiymətləndirirəm”.

UNESCO-nun baş direktoru İrina Bokovanın forum iştirakçılarına ünvanlanan videomüraciətində də vacib məqamların olduğunu görürük: “Etimadın gücləndirilməsi  insan hüquqları və insan ləyaqətinə əsaslanan həmrəylik vasitəsilə sülhü müdafiə etmək üçün 70 il bundan əvvəl yazılmış UNESCO-nun mandatının əsasında durur... Bu məsələ, həmçinin UNESCO və Azərbaycan arasında aparılan tərəfdaşlığın özəyində durur. Mən mədəniyyətlərarası dialoqun təbliğ edilməsinə uzun müddətdir ki, sadiq qaldığına görə Prezident İlham Əliyevə öz təşəkkürümü bildirmək istəyirəm”.

Üçüncü Bakı Qlobal Forumunun əhəmiyyəti barədə qələmə almaq istədiyimiz sətirləri  Azərbaycan Prezidenti İlham Əliyevin adından forum iştirakçılarının şərəfinə verilən ziyafətdə dövlət başçımızın səsləndirdiyi fikirlərlə tamamlamaq istəyirik:  “Bu gün qonaqlarımız arasında Avropa, Asiya, Latın Amerikası və müsəlman ölkələrindən məşhur siyasətçilər, dövlət xadimləri var. Bizim hamımızı sülh, əməkdaşlıq, yəqinlik, ləyaqət, insan hüquqları və demokratiya ideyaları birləşdirir. Bunlar bizi birləşdirir. Bir çox ölkələrin nümayəndələrinin bu gün Bakıda bizimlə olması çox sevindirici və qürurverici haldır. Biz əməkdaşlığa, inkişafa töhfə vermək və bütün tərəflərə bir daha hamımızın sülh və əməkdaşlıq içində yaşamağın, bir-birimizlə mübarizə aparmamağın, bir-birimizə hücum etməməyin və zorakılığa son qoymağın gərək olduğunu bildirən ismarıcı göndərmək üçün işimizin öhdəsindən gəlirik. Çünki, təəssüflər olsun ki, zorakılıq artmaqdadır. Azərbaycan sabit inkişafa malik olan ölkədir. Azərbaycan müasir və gənc ölkədir, lakin, eyni zamanda, iqtisadi və siyasi cəhətdən müəyyən vəsaitlərə və potensiala malikdir. Biz sülh, əməkdaşlıq və inkişafı gücləndirmək üçün öz səylərimizdən, potensialımızdan istifadə edirik”. Təkcə onu əlavə edə bilərik ki, dövlətimizin və xalqımızın potensialı kifayət qədərdir.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında