“Mələk donlu mister”in kələk dolu piar torbası ifşa olunur

Yaxud, cənab Kerri Azərbaycanda jurnalistlərin, yazıçıların və digər yaradıcı insanların satın alınması barədə konkret tapşırıq veribmiş

ABŞ rəsmiləri  dövlətlərin  daxili işlərinə qarışmaq üçün Almaniya, Fransa , Türkiyə və digər ölkələrin rəsmi şəxslərinin telefon danışıqlarına gizli şəkildə qulaq asanda bir məqamı yaddan çıxartmışdılar - bunun qarşılığı da ola bilər. Onlar həmin məqamı unutsalar da,  əlahəzrət fakt  dövri olaraq hamının yaddaşını təzələyir.

Necə ki, fakt indi ABŞ diplomatlarını ifşa elədi. Bilavasitə ABŞ Konqresindən məlum olub ki, bir sıra ölkələrə qarşı başlanan iyrənc kampaniyalara məhz bu binadan start verilir. Söhbət ondan gedir ki,  “soyuq müharibə” dövründən sonra dünyanın onlarca ölkəsinin daxili işlərinə müdaxilə edərək, bəşər tarixinə qan-qada, xaos, anarxiya və on illər boyu davam edəcək qarşıdurmalardan başqa heç nə gətirə bilməyən qüvvələr indi əsas rəqiblərinin qarşısında aciz görünürlər. Ona görə də  nisbətən kiçik və müstəqil siyasət yeridən dövlətlərə qarşı əzələ nümayiş etdirməyi məqsədəuyğun sayırlar.

Vaşinqtonun altı aya çökdürmək istədiyi Rusiyanın   çoxistiqamətli və sarsıdıcı sanksiyalardan sonra ayağa qalxması  Qərb ideoloqlarını çaşdırdı və onları növbəti ssenarilər hazırlamağa sövq etdi. İndi hədəf Rusiyanın qonşularıdır. Hesab edirlər ki,  bu ölkələrdə  baş verəcək istənilən mənfi hal gələcəkdə ermənipərəstlərin və ikili standart müəlliflərinin karına gələ bilər. Müxtəlif qurumların “hücum təşkil etdiyi” yeni ünvanlardan biri də Azərbaycandır. Yeni qaynar nöqtə yaratmaqdan ötrü burnunun ucu göynəyən ABŞ siyasətçilərinə bu işdə erməni lobbisi, antitürk qüvvələr və təəssüf ki, həm də öz milli satqınlarımız kömək edirlər.

Çox təəssüf  ki,  məlumatlı mənbələrin təsdiq etdiyi kimi, bu kampaniyanın əsas fəaliyyət mərkəzi rolunu ABŞ-ın dövlət katibi Con Kerrinin Konqresdəki ruporu oynayır. Con Kerrinin islamofob, ermənilərə xüsusi yaxınlığı ilə seçilən, ABŞ-dakı bütün ermənipərəst təşəbbüsləri cidd-cəhdlə dəstəkləyən şəxs kimi tanındığını və bir çox belə təşəbbüslərin müəllifi olduğunu nəzərə alsaq, bu məlumat heç də təəccüblü görünməməlidir. Mətbuat haqlı olaraq yazır ki, bu fakt,  ABŞ-ın müstəqil dövlətlərin daxili işlərinə qarışmadığı və hakimiyyət çevrilişi planları hazırlamadığı barədə ən yüksək səviyyələrdə söylənilən fikirlərin üzərindən birmənalı olaraq xətt çəkir. İndiyə qədər özünü dünyaya mələk kimi göstərməyə çalışanlar indi artıq bütün dövlətlərin daxili işlərinə qarışdıqlarını gizlədə bilmirlər.

Uzun illərdən bəri beynəlxalq aləmdə fəaliyyət göstərən  antiazərbaycan şəbəkəsi və erməni lobbisi  yenə də adi bir alət kimi işlədilir. Gənc müstəqil dövlət olan Azərbaycana təzyiqlər göstərilməsi üçün bütün səylərini birləşdirərək, mütəşəkkil qaydada, məqsədyönlü şəkildə fəaliyyətə keçərək, Azərbaycanda xaos və anarxiya yaratmaq mümkün olmasa da,  heç olmazsa, bu ölkənin nüfuzuna xələl gətirmək  niyyətini açıq şəkildə ortaya qoyurlar. Təsadüfi deyil ki, hazırda insan hüquqları, media azadlığı, korrupsiya və digər məsələlər süni və qərəzli şəkildə şişirdilir, birinci  Avropa Oyunlarını “boykot” çağırışları eşidilir, möhtəşəm idman yarışlarının “əhəmiyyətsizliyi”, Avropanın diqqətindən “kənarda qaldığı” rəyinin formalaşdırılmasına cəhdlər olunur. İlk Avropa Oyunlarını siyasiləşdirmək, onun ətrafında birtərəfli informasiya vakuumu yaratmaq, beynəlxalq ictimaiyyətin diqqətini təhrif olunmuş şəkildə ölkəmizin daxili məsələlərinə yönəltmək və son nəticədə artıq bəzi dövlətlərə qarşı istifadə olunmuş və haradasa effekt vermiş təzyiq və təhdid metodları ilə Azərbaycanı öz müstəqil siyasi kursundan geri çəkilməyə məcbur etmək planı  dövriyyəyə buraxılır.

Yeri gəlmişkən, Prezident Administrasiyası rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə fəaliyyətə başlayan 3-cü Qlobal Bakı Forumunda çıxış edərkən  bu məsələyə çox kəskin münasibət bildirib: “İnsan hüquqları pozulursa, başa düşürəm, bunu tənqid etmək lazımdır.  Amma 25 ildir Azərbaycanda 1 milyon insanın haqqı pozulub, niyə bir dövlət başçısı ortaya  prinsipial mövqe qoymur,  Qərb bir kəlmə demir. Bu gün beynəlxalq aləmdə ən böyük böhran ədalət böhranıdır.  Ədalət yoxdur. Bu vəziyyət nə Qərb üçün yaxşıdır, nə də bizim üçün”.

Bəri başdan qeyd edək  ki, Azərbaycan bu təhdidlərdən çəkinmir və öz bədxahlarına  bir neçə mükəmməl  “silah”la cavab verir. Bunlar  xalqın dövlətlə vahid güc halında birləşməsi, rəsmi Bakının Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rol, Azərbaycan dövlətinin Rusiya Federasiyası, Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası, Almaniya Federativ Respublikası, Pakistan İslam Respublikası və digər onlarca sədaqətli və inanılmış strateji tərəfdaşının mövcudluğudur. Azərbaycan diplomatiyası son 20 ildə, sözün həqiqi mənasında, möhtəşəm uğurlara imza atmışdır və həmin uğurlar nəticəsində bizim dostlarımız bədxahlarımızdan yüz qat artıqdır. Ona görə də ermənipərəstlər və bədxahlarımız hansı hoqqadan çıxsalar da, bizi öz yolumuzdan döndərə bilməyəcəklər.

Məhz bizim diplomatiyamızın uğurudur ki, Avropa Olimpiya Komitəsi antiazərbaycan əhval-ruhiyyəli çağırışlara aydın və konkret cavab verdi ki, biz müstəqil dövlətin daxili işlərinə qarışa bilmərik. Çünki Avropa qurumlarında da  bu çirkin fəaliyyətin necə, hansı resurslarla, kimlər tərəfindən gerçəkləşdirildiyini  yaxşı bilirlər. Onlara da məlumdur ki,  yaxın keçmişdə MDB məkanında digər ölkələr də Qərb dairələri tərəfindən təşkil olunmuş belə kampaniyalara məruz qalıblar.  Avropada bu fəaliyyətin əsl motivləri hamıya bəlli olsa da, məkirli dairələr onu cidd-cəhdlə gizlətməyə, qondarma iddialarla öz niyyətlərini ört-basdır etməyə çalışırlar. 

Yaxşı bilirik ki, bu canfəşanlığın mayasında uzun illərdir Qərb və erməni mənbələrindən maliyyələşdirilərək və təlimatlandırılaraq Azərbaycana qarşı aparılan qərəzli qarayaxma kampaniyasında fəal iştirak edən, ölkə qanunlarını kobud şəkildə pozan, konkret cinayət halları törətdiklərinə baxmayaraq, öz himayədarlarının dəstəyi sayəsində cavabdehlikdən yayınan, lakin sonda məsuliyyətə cəlb olunmuş “5-ci kolon”un üzvlərini müdafiə etmək məqsədi dayanır. Yəni əsas məqsəd Azərbaycanı zəiflətmək olsa da, bunun üçün,  ilk növbədə, xalqımızın düşmənlərinin maneəsiz fəaliyyətini  təmin etməkdir.  Konkret desək, məqsəd Vətənə xəyanət ittihamı ilə həbs olunan Leyla və Arif Yunusların həbsdən azad edilməsidir. Yeri gəlmişkən, son 15-20 ildə ABŞ qurumları öz casuslarını müdafiə etmək üçün bir çox ölkələrlə münasibətləri pozublar: “Nə edirsən – et, mənim casuslarımın fəaliyyətinə toxunma”.

 Qeyd etdiyimiz kimi, ABŞ-ın dövlət qurumları müxtəlif ölkələrin rəsmi şəxslərinin telefon danışıqlarını izləyəndə bir məqamı unudublar: Konqresin özündən də kənara məlumatlar çıxır. Mətbuatın bir neçə gün əvvəl etibarlı mənbədən əldə etdiyi sənədlər planlı, məqsədyönlü şəkildə həyata keçirilən antiazərbaycan  fəaliyyətin əsas hədəflərini, miqyasını, konturlarını, iştirakçılarını, istifadə olunan metod və resurslarını müəyyənləşdirməyə imkan vermişdir.  Təbii ki, bu təfsilata Azərbaycan ictimaiyyətinin də böyük marağı və ehtiyacı vardır.

Məlumat ondan ibarətdir ki,  ABŞ-da  antiazərbaycan  kampaniyanın təşkil olunması “National Endowment for Democracy” təşkilatına həvalə edilib. Məlumdur ki, əsasən, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və deməli, dövlət büdcəsindən maliyyələşdirilən NED uzun illərdir Azərbaycanda “5-ci kolon”un formalaşdırılması, hakimiyyət çevrilişi planlarının fəal iştirakçılarından biri rolunda çıxış edir. Bu təşkilat vasitəsilə Azərbaycandakı “tərəfdaş” QHT və media vasitələrinə ABŞ və Qərb mənbələrindən milyonlarla dollar vəsait ötürülür. Bu isə o deməkdir ki, həmin qrantverənlərin də, onlara məlumatötrənin də hesabat verməsini tələb etməyin vaxtı çatıb.

İndi okeanın o tayındakı  məlumatverənlər deyirlər ki, bir müddət əvvəl  mərkəzi fiqur NED olmaqla, Azərbaycanla bağlı xüsusi layihə hazırlanıb. Hazırda layihə təsdiq mərhələsindədir və yaxın günlərdə onun açıqlanması nəzərdə tutulur. 2 il müddətində həyata keçiriləcək layihəyə artıq külli miqdarda vəsait ayrılıb. Sənədin preambula hissəsində açıq şəkildə bildirilir: “Azərbaycana öz davranışlarına görə yerini göstərmək zamanı gəlmişdir”. Bildirilir ki,  Freedom House təşkilatının sabiq rəhbəri Devid Kramer, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç, “5-ci kolon”un “parlaq nümayəndələrindən” olan və hazırda Amerikada yaşayan Elmar Şahtaxtinski də daxil olmaqla, bir qrup şəxsin ABŞ Dövlət katibi Con Kerriyə müraciət ünvanlaması ilə layihənin ilkin konturları ictimaiyyətə məlum olub.

 Layihənin  qapalı hissəsi isə konqresmen və senatorlar da daxil olmaqla, 100 nəfər tanınmış ictimai-siyasi xadimdən imzalar alınması, Konqresdə dinləmələr təşkil edilməsi ilə yanaşı, Azərbaycana qarşı sanksiyaların tətbiqi, vətəndaşlarımızın səyahət imkanlarının məhdudlaşdırılması, bank hesablarının dondurulması və digər istiqamətlərdə tədbirlərin reallaşdırılması təşəbbüsü irəli sürülür. Sənədə əsasən, Azərbaycanda bu məqsədlərə dəstək verən təşkilat qismində “Milli Şura” adlandırılan qurumun cəlb olunması planlaşdırılıb. Yəni, Azərbaycanı Ukraynanın gününə salmaq üçün ssenari üzərində işləyirlər.

 Məlumat verilir ki,  “İnsan hüquqları naminə idman” kampaniyası adlandırılan ikinci sənədə əsasən, Avropada hərəkətverici qüvvə rolunda beynəlxalq hüquq-müdafiə təşkilatları çıxış etməklə, habelə rəsmi dairələr, Avropa İttifaqı, Avropa Şurası, ATƏT və digər böyük beynəlxalq təşkilatlar cəlb olunmaqla Azərbaycana qarşı yeni “qara piar” layihəsinin icrasına başlanmışdır. Sənəddə açıq şəkildə bildirilir ki, bu il və qarşıdan gələn illərdə Azərbaycanda birinci  Avropa Oyunlarının, parlament seçkilərinin, “Formula 1" yarışmasının, İslam Həmrəylik Oyunlarının və digər mühüm beynəlxalq tədbirlərin keçiriləcəyinə görə, dünya ictimaiyyətinin diqqəti ölkəmizə yönələcəkdir və bu fürsətdən istifadə edilməklə Azərbaycana qarşı məcburetmə tədbirləri həyata keçirilməlidir.

Qeyd edilməlidir ki, bu il yanvarın 15-16-da Polşanın paytaxtı Varşavada beynəlxalq QHT-lərin görüşü keçirilib. Həmin görüşdə  Azərbaycana qarşı təşkil olunacaq kampaniyanın ilkin konturları müzakirə olunub. Bildirilib ki, bu ilin iyununda Bakıda birinci Avropa Oyunlarının keçirilməsi beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycana yönəltmək və Xədicə İsmayılova, İntiqam Əliyev, Leyla və Arif Yunuslar, Anar Məmmədli və digərlərinin azad edilməsinə nail olmaq üçün əlverişli məqam yaradıb. Müzakirənin nəticəsi olaraq tərtib olunmuş ilkin layihədə kampaniyanın əsas məqsədi, çağırışı, kommunikasiya, Azərbaycanda, beynəlxalq miqyasda və internetdə fəaliyyətin əsas istiqamətləri, lazım olan resurslar öz əksini tapıb, habelə işçi qruplar müəyyənləşdirilib.

Adıçəkilən “siyasi məhbus”lar da, onları istiqamətləndirən və maliyyələşdirənlər də, indi antiazərbaycan kampaniyanı başlayanlar da yaxşı bilirlər ki, onların kiminsə həbsdən azad edilməsi barədə səsləndirilən çağırışları  kampaniyanın əsas mahiyyətini gizlətmək istəyindən başqa bir şey deyildir. Əsas məqsədi isə gizlədə bilmirlər. Əldə olunmuş sənədin  preambulasında bildirilir ki, Azərbaycan beynəlxalq ictimaiyyətin (ABŞ-ın və Avropanın bəzi dairələrinin) çağırışlarına biganə yanaşdığına görə “cəzalandırılmalıdır”, ona qarşı koordinasiya olunmuş və əsaslı surətdə düşünülmüş təbliğat kampaniyası keçirmək üçün böyük beynəlxalq tədbirlərdən istifadə edilməlidir. Birinci  Avropa Oyunları həmin kampaniyanın zirvəsi kimi müəyyən edilib. Yaxınmüddətli perspektivdə məqsəd Azərbaycanı insan hüquqlarının pozulması xəritəsində möhkəm yerləşdirmək, konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunmuş və “siyasi məhbus” kimi təqdim edilən “5-ci kolon” nümayəndələrinin azadlığa çıxmasına nail olmaq, bunun üçün Azərbaycan QHT-lərini və mediasını “fəallaşdırmaq” və ictimai qınağı stimullaşdırmaq, Avropa institutlarını, siyasətçiləri, idmançıları Azərbaycana qarşı yönəltməkdir.

Uzunmüddətli perspektivdə isə cəmiyyətdə “5-ci kolon” stereotipini dağıtmaq, Azərbaycan ictimaiyyətinin biganəliyini və passivliyini aradan qaldırmaq, vətəndaşlarda ölkədə baş verən müsbət dəyişikliklərin imitasiya xarakterli olduğu, əslində isə vəziyyətin dözülməzliyi barədə ümumi rəy formalaşdırmaq, QHT-lərin, medianın hökumət əleyhinə fəallığını təmin etmək və son nəticədə “cəmiyyəti dəyişiklik üçün istifadə etməyə ilhamlandırmaq və səfərbər etmək” məqsədi güdülür. Beləliklə, layihə sonda Azərbaycanda ictimai-siyasi proseslərə təsir imkanlarını bərpa etməklə, ictimai-siyasi sabitliyin pozulmasına və hakimiyyət dəyişikliyi ssenarisinin reallaşdırmasına hesablanıb.

Bəzi adamlara tapşırıq verilib ki;  hələ başlamamış Avropa Oyunları ilə bağlı korrupsiya və qanunsuzluqlara dair hesabatlar hazırlansın; ABŞ və Avropa rəsmiləri və siyasətçiləri ilə davamlı təbliğat işləri aparılsın; bu məqsədlə internet səhifələri, bülletenlər, bəyanatlar, məktub və müraciətlər hazırlansın; Əl-Cəzirə, BBC və Nordic Broadcastes mərkəz KİV-lər olmaqla, kampaniyaya beynəlxalq media yardımını təşkil etsin; Azərbaycanda baş verən hər bir neqativ hadisədən xüsusi  məqsədlər üçün istifadə edilsin; Avropa Oyunlarını boykot etmək siyasətçilərdən, xüsusilə xarici işlər nazirlərindən xahiş edilsin; Beynəlxalq Olimpiya Komitəsinə və  milli olimpiya komitələrinə müraciətlər hazırlansın  və göndərilsin. Avropa Oyunlarında iştirak edən bütün ölkələrdə etiraz aksiyaları keçirilsin, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq institutlar bu qara kampaniyanın məqsəd və məramının həyata keçirilməsinə cəlb olunsun və ən nəhayət, jurnalistlər, yazıçılar və digər yaradıcı insanlarla işbirliyi  qurulsun.

Azərbaycan jurnalistlərinin satın alınmasına gəlincə, xatırladaq ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov bu məsələyə xüsusi münasibət bildirib:  “ Aydın görünür ki, məqsəd ölkəmizin imici ilə bağlı birmənalı qaydada mənfi rəy yaratmaqdır. Bu gün Azərbaycan jurnalistikasının üzərinə çox möhtəşəm və ağır bir missiya düşür. Çünki qarşıdakı aylarda  belə mənfi fikirlərin bir qədər də intensivləşəcəyi ehtimal edilir. Azərbaycan jurnalistikası daha həssas olmalı, Azərbaycan cəmiyyəti düzgün şəkildə məlumatlandırılmalıdır”.

Yəni layihə müəllifləri şərəfsizcəsinə təxribat planları hazırlamaqla yanaşı, ölkəmizdəki bəzi jurnalistləri, yazıçıları, yaradıcı insanları  satın almağa da ümid edirlər. Onlar belə təxribatları reallaşdırdıqları ölkələrdəki təcrübələrinə arxayındırlar. Ancaq  bilsinlər ki, Azərbaycanda  Avropa Oyunları keçiriləcək, ermənipərəst, islamafob Kerrilərin təxribat planları keçməyəcək. Avropa onu enerji daşıyıcıları ilə təmin edən Azərbaycanı kiminsə çirkin istəklərindən üstün tutmaq iqtidarındadır. Bir də ki, ABŞ- da kimsə insan hüquqlarını qorumaq barədə düşünürsə, onda getsin hər gün polis əliylə qanına qəltan edilən qaradərililərin hüquqlarını qorusun! Axı o adamlar ABŞ polisinin həmvətəni, Prezidentin isə soydaşlarıdır.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında