Mən əminəm ki, bizim idman bayramlarımıza gələn xarici qonaqlar, idmançılar, məşqçilər
Bakıdan öz vətənlərinə ən xoş təəssüratla qayıdacaqlar. Azərbaycan gənc müstəqil dövlətdir.
Ancaq bizim çox böyük və zəngin tarixi və mədəni irsimiz var. Azərbaycanın zəngin tarixi,
mədəniyyəti bizim qürur mənbəyimizdir. Azərbaycanda qədim tarixi memarlıq abidələri bizim qürur mənbəyimizdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 26 aprel, 2015-ci il
Təşkilat Komitəsi və “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat
Komitəsinin peşəkar heyəti planlarımızı reallığa çevirmək üçün
27 ay ərzində yorulmadan çalışıblar. Belə qısa müddət ərzində görülmüş
bu qədər işləri, hətta, ən çılğın arzularımızda təsəvvür edə bilməzdik.
Əslində, bütün Bakı heyəti, hətta oyunlar başlamazdan öncə dünya rekorduna imza atdı.
Patrik Hikki
Avropa Olimpiya Komitəsinin prezidenti
Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi etməyə hazırlaşır. Birinci Avropa Oyunlarının başlanılmasına sanılı günlər qalır. Onu da qeyd edək ki, ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi heç də təsadüfi deyil. Bu, ilk növbədə hakimiyyətlə xalq arasında sıx vəhdətin olmasının, getdikcə artan iqtisadi qüdrətimizin, dünya birliyində yüksələn nüfuzumuzun, respublikamızda ictimai-siyasi sabitliyin davamlı olmasının və həyata keçirilən uğurlu xarici siyasətin nəticəsidir.
Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi beynəlxalq aləmdə ölkəmizə olan inam və etimadın bariz nümunəsidir. Aprelin 26-da beynəlxalq idman ictimaiyyətinin diqqəti yenidən respublikamıza yönəldi. Həmin gün dünyanın idman tarixində əlamətdar hadisə baş verdi. Bakıda birinci Avropa Oyunlarının məşəli alovlandırıldı. Avropa Oyunlarının həyəcanının başlanğıc günü kimi tarixə düşən həmin gün böyük təntənə ilə qeyd olundu.
Birinci Avropa Oyunları kimi mötəbər bir yarışın ilk dəfə gənc müstəqil bir dövlətdə keçirilməsi, təbii ki, çox böyük müvəffəqiyyətdir. Belə bir əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsi bu gün ölkəmizin yüksək səviyyədə inkişaf etdiyini bir daha təsdiqləyir. Artıq beynəlxalq idman təşkilatları belə bir tarixi hadisənin təşkilatçılığını yekdilliklə bizə həvalə ediblər. Tarixi əhəmiyyətli idman hadisəsinə ev sahibliyi etmək üçün qısa müddətdə xeyli işlər görülmüşdür. Təbii ki, bütün bunların önündə respublikamızın adını yüksəkliklərə ucaltmış Heydər Əliyev siyasi kursunun uğurlu davamı dayanır. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət idman siyasətinin layiqincə davam etdirilməsi ölkəmizin beynəlxalq idman qurumlarında mövqelərini daha da möhkəmləndirmiş və dünya idman tarixinə yeni nailiyyətlər həkk etmişdir. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin də bildirdiyi kimi, bu gün artıq bütün dünyada Azərbaycanı idman ölkəsi kimi tanıyırlar. Çünki müstəqilliyin ilk illərindən etibarən həyata keçirilən dövlət idman siyasətinin tərkib hissəsi kimi, ölkəmiz ayrı-ayrı idman növləri üzrə müxtəlif səviyyəli beynəlxalq turnirlərin, Avropa və dünya çempionatlarının yüksək təşkilatçılığı ilə beynəlxalq qurumların diqqətini cəlb edə bilib. Biz aprelin 26-da bunun bir daha şahidi olduq. Azərbaycan Prezidenti İlham Əliyev “Bakı-2015” ilk Avropa Oyunları məşəlinin yandırılması mərasimindəki çıxışında da ölkəmizin artıq nüfuzlu beynəlxalq qurumların tədbirlərinin keçirildiyi məkana çevrildiyini və belə möhtəşəm idman yarışının Azərbaycanda təşkilinin tarixi hadisə olduğunu diqqətə çatdırdı: “2012-ci ilin sonunda Avropa Olimpiya Komitəsi birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul etmişdir. Bu, tarixi bir qərar idi. Çünki başqa qitə oyunlarından fərqli olaraq, Avropada Oyunlar heç vaxt keçirilməmişdir. Bu, Azərbaycana Avropa Olimpiya ailəsi tərəfindən göstərilmiş böyük etimad idi”.
Avropa Olimpiya Komitəsinin bu qərarının ölkəmizə olan inam və etimadın bariz nümunəsi olduğunu vurğulayan dövlətimizin başçısı qeyd etmişdir ki, belə bir etibar Azərbaycan xalqını sevindirdi. Bu, bizim üçün həm şərəf, həm də böyük məsuliyyətdir. Respublikamızın rəhbəri yarışların keçiriləcəyi günə az vaxt qaldığından dərhal işə başlanıldığını və bununla əlaqədar Təşkilat Komitəsinin yaradıldığını bildirmişdir. Bu müddət ərzində Təşkilat Komitəsi çox fəal və böyük uğurla işləmişdir. Bu gün artıq Azərbaycan və Bakı şəhəri bu oyunların keçirilməsi üçün tam hazırdır.
Məlum olduğu kimi, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva sədrlik edir. Ölkə başçısı yüksək fəaliyyətə görə Təşkilat Komitəsinə minnətdarlığını bildirmişdir. Qeyd olunmuşdur ki, oyunların hazırlanması üçün artıq bütün məsələlər öz həllini tapmışdır.
İlk dəfə keçiriləcək Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsi beynəlxalq aləmin və dünya idman ictimaiyyətinin diqqət mərkəzindədir. Azərbaycan belə bir mötəbər tədbiri də yüksək səviyyədə keçirməklə dünya birliyini növbəti dəfə heyrətləndirəcək. Oyunların yüksək səviyyədə keçirilməsi ölkəmizin dünyada olan reytinqini daha da artıracaq. Bunu “Bakı-2015” ilk Avropa Oyunları məşəlinin yandırılması mərasimində çıxış edən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki də qeyd etmişdir. İlk Avropa Oyunlarının artıq reallığa çevrildiyini diqqətə çatdıran qonaq xatırlatdı ki, Avropa Oyunlarını qəbul edən ilk ölkənin ”Odlar Yurdu" Azərbaycan olacağı iki il bundan əvvəl elan olunub: “Ən cəlbedici elementlərdən biri - ölkənizin milli rəmzi olan alov, eyni zamanda, Olimpiya Hərəkatının gücünün və qüdrətinin əsas təcəssümüdür. Məşəlin alovlandırılmasının və estafetin müasir ənənəsinin əsasını qoymuş, qədim idman oyunlarını yaratmış yunan sivilizasiyası odu, alovu müqəddəs sayırdı”.
Hazırlıq işlərini və məşəlin yandırılma mərasimini — nadir mərasimi yüksək dəyərləndirən P.Hikki demişdir ki, Olimpiya irsinə sadiq qalaraq Atəşgah məbədində Avropa Oyunlarının məşəlini alovlandıraraq məşəli stadiona və “Bakı-2015" Oyunlarının açılış mərasiminə yola salırıq. Bunu Avropa idmanı üçün həlledici məqam hesab edən ali qonaq, təmsil etdiyi Avropa Olimpiya Komitəsi adından minnətdarlığını bildirmişdir. O, nəzərdə tutlmuş planların birgə reallaşmasına doğru yekun addım atıldığından məmnunluğunu ifadə etmişdir: ” Kamillik, dostluq və hörmət kimi Olimpiya dəyərləri məşəl estafetində aydın şəkildə əks olunur. Məşəlçilər qardaşlıq ruhunda alovlanan məşəli bir-birinə ötürərək idman vasitəsilə sülh, dostluq və təntənə mesajını hər yerə yayırlar".
Avropa Olimpiya Komitəsinin prezidenti “Bakı-2015” ilk Avropa Oyunlarının yüksək səviyyədə hazırlıq işlərinin görülməsində Prezident İlham Əliyevə və hazırlıq işlərində şəxsən iştirak edərək dəyərli göstəriş və tövsiyələrini vermiş, işə tam sadiqliyini nümayiş etdirmiş Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.
Xatırladaq ki, 2012-ci il dekabrın 7-8-də Romada keçirilmiş 41-ci AOK Baş Assambleyasında, Avropanın 49 Milli Olimpiya Komitəsi Azərbaycan Respublikasının paytaxtı Bakını 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarını qəbul edən şəhər kimi təsdiqləmişdir. Gizli səsvermə yolu ilə keçirilən seçimdə iştirakçıların əksəriyyəri — 84 faizi Azərbaycana səs vermişdir.
Avropa Olimpiya Komitəsinin qərarını yüksək qiymətləndirən Azərbaycan Prezidenti bunun heç də təsadüfi olmadığını diqqətə çatdıraraq demişdir: “Şəxsən mən, hesab edirəm ki, bu Oyunların Bakıda keçirilməsi haqqında qəbul edilmiş qərar bir neçə amillə bağlıdır. İlk növbədə, bunu idmançılarımızın uğurlu çıxışı mümkün etmişdir. Son Yay Olimpiya Oyunlarında Azərbaycan komandası 30-cu yerə layiq görülmüşdür. Avropa ölkələri arasında isə biz 15-ci yerə yüksəlmişik. Eyni zamanda, Azərbaycanda gözəl gənc nəsil yetişir. Gənc idmançılarımız da bizi sevindirir. Keçən il yeniyetmələrin Olimpiya Oyunlarında Azərbaycan komandası 10-cu yerə yüksələ bilmişdir. Bu, tarixi nailiyyətdir”.
Dövlətimizin başçısı son illər ərzində respublikamızda müasir idman infrastrukturu yaradılmasına da münasibət bildirərək demişdir ki, Azərbaycanın bölgələrində 40-dan çox Olimpiya İdman Mərkəzi yaradılmışdır. Bakı şəhərində yaradılan və əsaslı şəkildə təmir edilən bütün idman obyektlərimiz ən yüksək standartlara cavab verir. Şəxsən, mən hesab edirəm ki, bundan yüksək standart mümkün deyil.
Avropanın, habelə dünyanın tanınmış idman mütəxəssisləri də qeyd edirlər ki, Bakıda keçiriləcək I Avropa Oyunları ən yüksək səviyyədə təşkil olunacaq və idman tədbiri tarixdə mühüm yer tutacaq. Qeyd edək ki, yarışda qitənin 50 ölkəsindən 6200 idmançının iştirakı gözlənilir.
Ölkəmizin belə bir mötəbər tədbirə ev sahibliyi etməsi, təbii ki, Azərbaycanın inkişafını gözü götürməyən qüvvələrin və antimilli dairələrin təşvişinə səbəb olub. Xəyanətkarlar və milli satqınlar ölkəmizin beynəlxalq aləmdə artan reytinqinə xələl gətirmək üçün müxtəlif vasitələrə əl atır, yalan və böhtanlarla dolu hesabatlar hazırlayır və guya Azərbaycanda insan hüquq və azadlıqlarının pozulduğunu bildirirlər. Artıq belə yalanlara inanan yoxdur. Bu günlərdə Avropa Olimpiya Komitəsinin (AOK) insan hüquqları məsələsinin Azərbaycan hakimiyyəti qarşısında qaldırılması ilə bağlı İnsan Haqları Koalisiyası adlandırılan qurumun müraciətinə sərt şəkildə rədd cavabı verməsi də bunu təsdiqləyir. AOK cavab bəyanatında bildirib ki, Azərbaycanda insan haqlarının vəziyyətinin “dözülməz olması ilə bağlı” irəli sürülən iddialar haqda hər hansı məlumata malik deyil və bu istiqamətdə rəsmi Bakıdan heç bir sorğu-sual etməyəcək. Təşkilat qeyd edib ki, onun suveren bir ölkədəki hüquqi və siyasi prosesləri mühakimə etmək səlahiyyəti yoxdur. Bununla yanaşı, həmçinin müstəqil ölkənin siyasi sisteminə müdaxilə etmək səlahiyyətində olmadığını, lakin Azərbaycan hakimiyyətindən Oyunlar zamanı Xartiyanın pozulmayacağı barədə zəmanət aldığını müraciət müəlliflərinin diqqətinə çatdırıb. Komitə bildirib ki, bütün başqa idman təşkilatları kimi, o da hər hansı ölkənin mövcud siyasi sistemi şəraitində fəaliyyət göstərməlidir. Göründüyü kimi, ölkəmizin uğurlarına qısqanclıqla yanaşanların arzuları bu dəfə də ürəklərində qaldı. Artıq 50 ölkənin idmançıları və on minlərlə idman həvəskarı Bakıda keçiriləcək I Avropa Oyunlarına yola düşməyə hazırlaşır.
Antimilli qüvvələrin xəbis niyyətlərinə baxmayaraq, Azərbaycanda bir-birinin ardınca mötəbər tədbirlərin keçirilməsi, həmçinin idman bayramı davam edir. İki ildən sonra Bakıda İslam Həmrəylik Oyunları keçirilməsi barədə artıq qərar qəbul olunub. Bütün bunlar, əslində, Azərbaycanın dünyada oynadığı nadir rolu əyani şəkildə ifadə edir.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.