Ermənistanın Azərbaycana təcavüzü, saxta “erməni soyqırımı” və Qərbin ikili standartlar siyasəti

XX əsrin 80-ci illərinin ikinci yarısında Sovet İttifaqında yenidənqurma adı altında bir sıra dəyişikliklər baş verdi. Belə bir şəraitdə ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün aşkarlıq və demokratiyadan istifadə edərək yenidən Türkiyəyə və Azərbaycana qarşı genişmiqyaslı kampaniyaya başladılar.

Bu dövrdə, 1985-ci il fevralın 21-də Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin sovet rəhbərliyinə 24 aprelin “Soyqırımı qurbanlarının xatirə günü” kimi qeyd edilməsi haqqında müraciəti Sov.İKP MK Siyasi Bürosunun iclasının gündəliyinə daxil edilmişdi. Bunun ardınca iyunun 20-də SSRİ Nazirlər Soveti “1985-1986-cı illərdə xarici ölkələrdən ermənilərin SSRİ-yə repatriasiyasının davam etdirilməsi haqqında” qərar qəbul etdi. Həmin qərarın yerinə yetirilməsi nəticəsində Ermənistana xarici ölkələrdən çoxlu sayda erməni köçürüldü. Onlar özləri ilə qatı erməni millətçiliyi gətirməklə azərbaycanlılara qarşı düşmənçiliyi qızışdıraraq bu istiqamətdə təbliğat işini genişləndirdilər. Artıq 1985-ci ilin sonunda “Daşnaksütyun” partiyasının Afinada keçirilən XXII qurultayı “Böyük Ermənistan” uğrunda mübarizəni yenidən genişləndirmək haqqında qərar qəbul etmişdi. 1987-ci il  iyulun 18-də Avropa Parlamenti saxta “erməni soyqırımı” iddialarını tanıdı və “soyqırımı qurbanlarına” xatirə günü təsis etdi.

1980-ci illərin sonunda ermənilər yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə ərazi iddiaları irəli sürdülər. Hər dəfə Qarabağa dair ərazi iddiaları kənardan, məhz Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılırdı. Heç şübhəsiz, ermənilərin bu ərazi iddiaları birdən-birə deyil, Yerevanda və Qərbdə olan himayədarları tərəfindən hələ xeyli əvvəl hərtərəfli plan əsasında hazırlanmışdı. Sovet dövründə mərkəzi hakimiyyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat kampaniyası aparılmış və nəticədə mənfi ictimai fikir formalaşdırılmışdı. Erməni ideoloqları və onların havadarları Azərbaycanın tarixi, sosial-iqtisadi inkişafı haqqında faktları açıq-aşkar saxtalaşdıraraq bütün ittifaq miqyasında yaymışdılar. 1988-ci il hadisələri başlayanda ilk vaxtlar vəziyyəti son dərəcə gərginləşdirməyə, ictimai rəyi öz tərəflərinə çəkməyə çalışan erməni siyasətçiləri və onların mərkəzi ittifaqdakı himayədarları vilayətin iqtisadi geriliyi pərdəsi altında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün uzun müddətdən bəri hazırlanmış plan üzrə Xankəndidə və Yerevanda hərəkata başladılar. Lakin baş verən sonrakı hadisələr DQMV-nin sosial-iqtisadi geriliyi barədə erməni ideoloqlarının irəli sürdükləri bu saxta tezisin yalnız bəhanə, əsas məqsədin isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasında olduğunu göstərdi.

1988-ci ildə Dağlıq Qarabağı Ermənistana birləşdirmək tələbi ilə Azərbaycana qarşı ərazi iddiaları irəli sürən ermənilər o dövrdə təkcə SSRİ hakim dairələrinin deyil, Qərb ölkələrinin dövlət və hökumət orqanlarının himayədarlığına da arxalanırdılar. Bu məsələdə Qərb ölkələrinin hakimiyyət orqanlarına müəyyən təsir gücünə malik xaricdəki erməni lobbisinin də əsas rolu olmuşdur. Faktlar göstərir ki, hadisələrin inkişafının əvvəlində də, sonrakı mərhələlərində də bu amillər güclü rol oynamışdır. Xaricdəki erməni lobbisi bunu SSRİ-nin rəhbər orqanlarına kobudcasına müdaxilə və zorakılıqla təzyiq göstərmək mövqeyindən edirdi. Erməni lobbisinin təzyiqi və yardımı ilə dünyanın bir sıra ölkələrində SSRİ-nin rəsmi nümayəndəlikləri və beynəlxalq təşkilatlar qarşısında keçirilən saysız-hesabsız nümayiş, yığıncaq və mitinqlər təşkil edilirdi. Qərb dövlətlərinin hakimiyyət orqanlarında ermənilərin təmsil olunmaları və onların dövlətin yüksək vəzifəli şəxslərinə müəyyən təsiri, ilk növbədə, ABŞ-da özünü daha qabarıq şəkildə göstərirdi. Bu məqsədlə onlar özlərinin bütün siyasi, iqtisadi və hüquqi vasitələrindən istifadə edərək Ermənistana Amerika tərəfindən iqtisadi və humanitar yardım göstərilməsinə çalışırdılar.

1989-cu il iyulun 19-da ABŞ Senatı erməni lobbisinin təsiri və təzyiqi ilə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində vəziyyət barədə qətnamə qəbul etdi. Amerika Senatının Azərbaycan əleyhinə kobud böhtanlarla dolu bu qətnaməsi Azərbaycanda çox narazılıqla qarşılanmış və bununla əlaqədar Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti qəti etirazını bildirərək ABŞ-ın rəsmi dövlət hakimiyyət orqanları tərəfindən belə hərəkətlərə son qoyulmasını tələb etmişdi. Bəyanatda ABŞ Senatının qəbul etdiyi bu qətnamə suveren bir dövlətin – Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirildi. Təəssüf ki, o zaman nə SSRİ Ali Soveti, nə də SSRİ Xarici İşlər Nazirliyi bu məsələyə öz münasibətini bildirmədi. Baxmayaraq ki, SSRİ-nin müttəfiq respublikalarından biri olan Azərbaycanın daxili işlərinə müdaxilə birbaşa SSRİ qanunlarının pozulması və onun daxili işlərinə qarışmaq demək idi.

Bu hadisədən az sonra, yəni, 1989-cu il noyabrın 17-də ABŞ Senatının xarici işlər üzrə komitəsi yenidən Azərbaycanın daxili işlərinə kobud müdaxilə edərək Dağlıq Qarabağ barədə qətnamə qəbul etdi. Bu qətnamə Azərbaycana qarşı qərəzli mövqe tutan ABŞ Senatı tərəfindən noyabrın 19-da bəyənildi. ABŞ Senatının xarici işlər üzrə komitəsinin qəbul etdiyi bu qətnamə “Dağlıq Qarabağ xalqının mübarizəsinin ABŞ tərəfindən müdafiə olunmasının ifadəsi” kimi qələmə verilsə də, sənədin mətnindən aydın olurdu ki, “Dağlıq Qarabağ xalqı” ifadəsi altında yalnız ermənilər nəzərdə tutulurdu. Qətnamənin bütün bəndləri Azərbaycana qarşı yönəldilmiş böhtan və iftiralardan ibarət idi. Qətnamədə həqiqətdən tamam uzaq olaraq DQMV ermənilərinin öz müqəddəratını təyin etməyə can atması, vilayətin statusunun ixtilaf mənbəyi olaraq narahatlıq doğurduğu, Ermənistanın blokadası və bu kimi məsələlər real faktlara deyil, erməni iddialarına əsaslanaraq vurğulanırdı. Erməni iddialarının qətnamədə öz əksini tapması, SSRİ hökumətinin gördüyü tədbirlərin müsbət qiymətləndirilməsi Azərbaycan əleyhinə həqiqətdən uzaq, yalan və qərəzli məlumatların verilməsinin nəticəsi idi. ABŞ Senatının bu qərarı ilə əlaqədar SSRİ Xarici İşlər Nazirliyi yalnız bəyanatla çıxış etməklə kifayətləndi.

Bu dövrdə ermənilərin Türkiyəyə qarşı saxta iddiaları da Qərbin bəzi dairələri tərəfindən müdafiə edilirdi. Belə ki, 1989-cu il oktyabr ayının axırında ABŞ Senatı hüquq komitəsinin qəbul etdiyi qərar layihəsində aprel ayının 24-ü saxta “erməni soyqırımı”nın 75 illiyinin qeyd edilməsi kimi göstərilirdi. Bu layihəyə Respublikaçılar Partiyasının Senatdakı lideri, ermənipərəst senator Robert Doul rəhbərlik etmiş və qərarı 54 senator imzalamışdı.

Azərbaycana və Türkiyəyə qarşı bu təzyiqlərin davamı kimi, ayrı-ayrı erməni lobbiçilərinin təsiri və köməyi sayəsində ABŞ Senatı tərəfindən 1991-ci il iyulun 20-də Ermənistana iqtisadi yardım göstərmək barədə qərar qəbul olundu. İyulun 26-da isə Prezident Corc Buşun SSRİ-yə səfəri ərəfəsində ABŞ Senatı əksər səslə ermənilərin, guya Azərbaycan ərazisindən zorla köçürülməsini pisləyən qətnamə qəbul etdi. Heç bir əsaslı fakt olmadan qətnamədə Azərbaycanın DQMV bölgəsində və digər yerlərində yaşayan ermənilərə qarşı sovet ordusunun və Azərbaycanın hərəkətləri pislənirdi. Daha sonra Senat ermənilərin DQMV-dən  zorla köçürülməsini (?) dayandırmağa və münaqişəni dinc yolla, danışıqlar vasitəsilə həll etməyə çağırırdı. Demokratik dövlət hesab edilən ABŞ-da Senatın qəbul etdiyi bu qətnamə Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın yalan və iftira ilə dolu sənədlərindən birini xatırladırdı.

1988-1991-ci illərdə Dağlıq Qarabağ problemi ilə əlaqədar ABŞ-da bir sıra sənədlərin qəbul edilməsində erməni icması tərəfindən 1971-ci ildə yaradılan Amerika erməni məclisinin böyük rolu olmuşdur. Bununla yanaşı, Amerikanın erməni icmasına rəhbərlik edən məclis erməni millətinin mənafeyini tam təmsil etmək məqsədilə ABŞ-ın hökumət dairələri, senatorları, konqresmenləri ilə sıx əlaqə saxlayırdı. Bu təşkilat ABŞ Senatında Dağlıq Qarabağ məsələsi ilə əlaqədar müzakirələrdə 100 senatordan 48-ni öz tərəfinə çəkə bilmişdi. Bu dövrdə ABŞ hökumətinin Ermənistan üçün ayırdığı 10 milyon dollara prezidentin fondundan 5 milyon dolların əlavə olunması da məhz bu məclisin xidməti idi.

ABŞ-ın yüksək vəzifələrdə mövqe tutan erməni ictimai və siyasi xadimləri Dağlıq Qarabağ məsələsinin həllində hökumət qulluqçularının, senatorların, konqresmenlərin və digər rəsmi şəxslərin fəal iştirakına və bu işdə öz köməklərini göstərməsinə nail olmaq üçün hər cür vasitələrdən, ən kiçik imkandan belə tam müvəffəqiyyətlə istifadə edərək onların vasitəsilə Sovet İttifaqının dövlət və hökumət orqanlarına təzyiq göstərməyə çalışırdılar. SSRİ-nin süqutundan sonra regionda nüfuz uğrunda rəqabətə girişmiş böyük dövlətlər keçmiş ittifaqın müstəqillik qazanmış respublikalarına, xüsusilə, zəngin təbii sərvətlərə və əmək ehtiyatlarına malik Azərbaycana yenə də qərəzli mövqedən baxmağa başladılar.

1992-ci il oktyabrın 24-də Konqresin 102-ci çağırış 2-ci sessiyasında keçmiş SSRİ-nin Azərbaycandan başqa digər 11 respublikasına (Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistan) demokratiyanın inkişafı və bazar iqtisadiyyatına keçid məqsədilə 460 milyon dollar həcmində yardımı nəzərdə tutan “Azadlığı Müdafiə Aktı” və ona 907-ci düzəlişin qəbul edilməsi Azərbaycan-ABŞ münasibətlərini bir qədər də soyudaraq ikitərəfli münasibətlərdə daim müzakirə obyektinə çevrilən problem yaratdı. Azərbaycana qarşı iqtisadi yardıma qadağa qoyan bu qərarda göstərilirdi: “Birləşmiş Ştatların Azərbaycana yardımı o vaxta qədər mümkün olmayacaq ki, ABŞ Prezidenti müəyyənləşdirib Konqresə məlumat versin ki, Azərbaycan hökuməti bütün blokadaları, həmçinin Ermənistan və Dağlıq Qarabağa qarşı zor gücündən istifadəsini dayandırmaq üçün əməli iş görür”. 907-ci düzəlişin mətni açıq-aşkar göstərirdi ki, bu qərar regiondakı real vəziyyətin təhlilindən deyil, yalnız münaqişə tərəflərindən biri olan Ermənistanın mənafeyi nöqteyi-nəzərindən qəbul edilmişdi. Bu qərarın qəbul edilməsində heç şübhəsiz, Konqresə böyük təsir gücünə malik erməni lobbisinin əsas rolu olsa da, o dövrdə Azərbaycan-ABŞ munasibətlərində də soyuqluq yaratmışdı.

Qərb ölkələrində Azərbaycan əleyhinə olan mərkəzlərdən biri də məhz Fransadakı erməni icmasıdır. Azərbaycan əleyhinə mənfi ictimai rəyin formalaşmasında erməni diasporu ilə yanaşı, eyni zamanda, böyük tirajına və yüksək poliqrafiya keyfiyyətinə malik çoxsaylı mətbuat orqanlarının rolu da böyük olmuşdur. Fransanın kütləvi informasiya vasitələri, məsələn “Mond”, “Fiqaro”, “Parizyen” kimi qəzetlər, ölkənin bir sıra televiziya şirkətləri, xüsusilə “TF-1” və “Antenn-2” şirkətləri Azərbaycan əleyhinə təbliğat aparır, Dağlıq Qarabağ ətrafında və Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrə ermənilərin mənafeyi, eləcə də nöqteyi-nəzərindən yanaşırdılar. Təsadüfi deyil ki, akademik A.Aqanbekyan Dağlıq Qarabağa dair ermənilərin iddialarını ilk dəfə məhz Fransada açıqlamış və 1987-ci il noyabrın 18-də  “Humanite” qəzetində nəşr etdirmişdi. Bu müsahibə ermənilərin Dağlıq Qarabağa dair ərazi iddialarının başlanması üçün bir siqnal rolunu oynadı.

XX əsrin sonunda azərbaycanlılar növbəti dəfə etnik təmizləmə və soyqırımına məruz qalmışdılar. Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət edilmişdi. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfər  azərbaycanlı həlak olmuş, 100 min nəfərdən çoxu yaralanmış, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdu. 1992-ci il fevralın 26-da ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Dünya tarixində Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Sonqmi, Ruanda, Srebrenitsa və Holokost kimi dəhşətli faciələrdən heç də geri qalmır. Adıçəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur. Ancaq bütün dünyanın gözü qarşısında və yaxın tariximizdə  baş verən bu dəhşətli soyqırımına böyük dövlətlər laqeyd yanaşır, bəzən də ermənipərəst mövqedən çıxış edirlər.

1992-ci ildən beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Minsk qrupunun vasitəçilik səyləri ilə yanaşı, 1999-cu ilin aprelindən yeni formada da addımlar atılmışdır. Çox ağır və çətin keçən danışıqlar zamanı Azərbaycan dövləti öz haqlı mövqeyini müdafiə edərkən bir sıra çətinliklərlə qarşılaşır. Çünki münaqişə başlayandan keçən dövr ərzində aparılan danışıqlarda təcavüzkar Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətindən əl çəkmir. Digər tərəfdən isə dünya birliyinin ikili standartlar prinsipindən çıxış etməsi, BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrini həyata keçirmək üçün konkret fəaliyyət göstərməməsi danışıqlar prosesində irəliləyişin əldə olunmasına maneə törədir. Buna səbəb, bir tərəfdən Ermənistan Respublikasının qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətini davam etdirməsi, digər tərəfdən beynəlxalq təşkilatların təcavüzkarla təcavüzə məruz qalanı eyni  tutmasıdır.

Son illərdə Ermənistanın və Qərbdəki bəzi qurumların saxta “erməni soyqırımı” haqqında uydurmalarına gəldikdə isə, bu iddia subyektiv mülahizələrə söykənməklə yanaşı, islamofob, antiazərbaycan və antitürk meyillərin güclənməsinin təzahürüdür. 2015-ci il mart ayının 12-də Avropa Parlamenti “Dünyada insan haqları və demokratiya” adlı sənəddə Avropa İttifaqına daxil olan 28 ölkəyə qondarma “erməni soyqırımı”nın tanınması ilə əlaqədar  müraciət etmişdir. Bu günlərdə isə Avropa Parlamenti bunun davamı olaraq növbəti addımı atmaqla antiazərbaycan və antitürk mövqeyini bir daha ortaya qoydu. Həmin sənədin mahiyyəti ondan ibarətdir ki, Avropa İttifaqına daxil olan ölkələr 24 aprel tarixini “erməni soyqırımı günü” kimi qeyd etsinlər.

Bu qətnamənin qəbul edilməsi hazırda Avropada, Qərbin təşəbbüsü ilə yaradılan əksər beynəlxalq qurumlarda, o cümlədən və xüsusilə Avropa Parlamentində ikili standartlar və islamofob əhval-ruhiyyənin hökm sürdüyünü göstərir. Bununla yanaşı, neçə illərdir biz bütün dünyaya, həmçinin Avropa ölkələrinə və beynəlxalq təşkilatlara yarası hələ sağalmamış Xocalı soyqırımı haqqında həqiqətləri, son 200 ildə ermənilərin türklərə və azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri real faktlarla çatdırırıq. Amma bunun əvəzində Avropa ölkələri, Avropa Parlamenti, Avropa Şurası kimi qurumlar məsələ ilə bağlı obyektiv, real təsiri olan heç bir qərar qəbul etməmişlər. Əksinə, tarixi faktlar, sənədlər təsdiq edir ki, 1915-ci ildə Türkiyə ərazisində ermənilərə qarşı heç bir soyqırımı olmamışdır. Türkiyənin müharibəyə cəlb olunduğu həmin dövrdə ermənilər çoxsaylı silahlı dəstələr yaradaraq arxa cəbhədə üsyan qaldırmış, türk ordusuna qarşı hücumlar təşkil etmiş, ayrı-ayrı şəhər və qəsəbələrdə kütləvi qətllər törədərək əhaliyə qarşı qeyri-insani aksiyalar həyata keçirmişlər. Təbii ki, türk ordusu da dinc əhalini müdafiə etmək, onları erməni vəhşiliklərindən qorumaq üçün lazımi tədbirlər görmüşdür. Ermənilərin bu və ya digər ərazilərə köçürülməsi zamanı da heç bir soyqırımı baş verməmişdir. Heç şübhəsiz ki, Avropa Parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnamə Avropa Parlamenti tarixində heç bir həqiqəti əks etdirməyən, I Dünya müharibəsinin real tarixini təhrif edən, ədalətsiz, xüsusi məqsəd daşıyan və siyasiləşmiş bir qərardır.

Buna görə hazırda tarixi reallığı təhrif edərək, heç bir fakta istinad etmədən, o dövrün arxiv materiallarını araşdırmadan bir qrup siyasətçinin, deputatın ötən əsrin əvvəlində baş verən hadisələri qiymətləndirməsi tamamilə yanlışdır və “erməni soyqırımı” haqqında iddialar subyektiv mülahizələrə söykənməklə yanaşı, islamofob, antimüsəlman və antitürk meyillərin güclənməsinin təzahürüdür. Bu, həm də müasir dünyada, xüsusən Qərbdə hökm sürən ikili standartların nəticəsidir. Təbii ki, Qərbin ayrı-ayrı dairələrinin tarixi təhrif etmək və müsəlman dünyası haqqında yanlış təsəvvür formalaşdırmaq cəhdləri pislənilməli, bütün iddialar konkret faktlar əsasında cavablandırılmalıdır. Tərəqqipərvər bəşəriyyət bilir ki, belə hadisə olmayıb və bu kimi qərarlar, qətnamələr yalnız ayrı-ayrı dairələrin öz maraqlarını təmin etmək cəhdlərinin nəticəsi olaraq meydana çıxır.

 Eyni zamanda, bu qətnamə Avropa Parlamentinin birinci belə subyektiv, antiislam, antitürk və antiazərbaycan mahiyyəti kəsb edən qərarı deyil və çox güman ki, gələcəkdə də biz bu cür “qərarların” şahidi olacağıq. Həm  Azərbaycan, həm  də Türkiyə antiqərb mövqeyində deyil, Qərblə bütün sahələrdə ədalətli, bərabərhüquqlu əməkdaşlığa və tərəfdaşlığa hazırdırlar. Amma təəssüf ki, son zamanlar həm ABŞ-da, həm də Avropada müsəlman və türk xalqlarına qarşı bir ovqat hökm sürməkdədir. Bu siyasətin Qərbə nə verəcəyini tarix özü göstərəcək. Amma Azərbaycan dövləti imkan verə bilməz ki, onların bu kimi ədalətsiz qərarları dünya ictimaiyyətinə təlqin olunsun və real həqiqət kimi zorla insanların şüuruna yeridilsin. Bu qərardan sonra Azərbaycan Avropa Parlamenti ilə münasibətlərinə yenidən baxmalı olacaq və artıq Azərbaycan Avropa Parlamentinin “Avronest” qrupunda fəaliyyətini dayandırmışdır. Belə getsə, Avropa Parlamenti ilə də bütün əlaqələrə yenidən baxmalı olacağıq.

Avropa Parlamentinin belə bir ədalətsiz mövqe nümayiş etdirməsi ilk dəfə deyil. 2014-cü ildə 751 parlamentarisi olan bir təşkilat  tələsik 46 nəfər üzvünü toplamaqla Azərbaycan haqqında daha bir qətnamə qəbul etmişdi. Təbii ki, bu qətnamənin də hüquqi bazası yox idi. Buna baxmayaraq, Avropa türk dünyasına qarşı öz qərəzini, qeyri-obyektivliyini və ayrı-seçkiliyini açıq şəkildə nümayiş etdirir. Bu, həm də Avropanın belə üsullarla Azərbaycana və Türkiyəyə təzyiq edərək siyasi kursunu dəyişməyə məcbur edilməsinə yönələn bir addımdır. Bütün bunlara rəğmən Avropa Parlamenti qətnamə qəbul edərkən düşünməli, atdığı addımın demokratiyaya, beynəlxalq hüququn tələblərinə zidd  olub-olmamasını müəyyən etməlidir.

Avropa Parlamentinin belə bir məsuliyyəti - yüz il bundan əvvəl “erməni soyqırımı” deyilən  və olmamış bir hadisəni öz üzərinə götürməsi, eyni zamanda, Azərbaycan ictimaiyyətində Avropa demokratiyasına olan inamı da sarsıtmışdır. Bir qədər əvvəl  Roma Papası tərəfindən saxta “erməni soyqırımı”nın tanınması barədə verilmiş bəyanat da dünyada baş alıb gedən ədalətsizliyin və islamofobiyanın göstəricisidir. Heç şübhəsiz ki, Azərbaycan dövləti və xalqı belə yalanlarla, “qara piar” kampaniyaları ilə “Eurovision” mahnı müsabiqəsi zamanı da qarşılaşmışdı və indi də I Avropa Oyunları ərəfəsində həmin siyasəti  açıq-aşkar müşahidə edirik.

2003-2014-cü illər Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm mərhələ olmuşdur. Belə ki, Azərbaycan son illər ərzində stabil inkişaf edən, yüksək iqtisadi göstəricilərə nail olan və beynəlxalq siyasətdəki uğurları ilə dünya ictimaiyyətinin rəğbətini qazanan dövlət olaraq bütün bu müvəffəqiyyətlərin nəticəsində beynəlxalq səviyyədə ən mötəbər qurumun - BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilmişdir. Digər tərəfdən, bu hadisə son illərdə Azərbaycanın dünya siyasətindəki müxtəlif qlobal problemlərin müzakirəsinə cəlb olunmasının, ölkəmizin regional siyasətlə yanaşı, dünya siyasətinin də əsas aktorlarından birinə çevrilməsinin göstəricisidir. Azərbaycan artıq sivilizasiyalararası dialoqun, multikulturalizmin mərkəzi, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu məkan kimi qiymətləndirilməlidir. Son illər ərzində Azərbaycan istər siyasi, istər iqtisadi sahədə böyük uğurlara imza atmışdır. Bu uğurlar bugünkü Azərbaycan reallıqlarını əks etdirir. İqtisadi sahədə nailiyyətlər mötəbər beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapmışdır. Azərbaycanın kredit reytinqləri artmaqdadır. Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”nda ölkəmiz artıq dünyada 38-ci, MDB məkanında isə 1-ci yerdədir. Bu, çox böyük nailiyyətdir və Azərbaycan iqtisadiyyatının çoxşaxəli şəkildə inkişaf etdiyini göstərir.

Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz  regionunda əsas söz sahibi olan dövlət kimi çətin  və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu istiqamətdə əsas diqqət Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa edilməsi, regionda sabitliyin və təhlükəsizliyin gücləndirilməsi, Xəzər dənizi hövzəsinin demilitarizasiyası, Avratlantik strukturlara inteqrasiya və s. məsələlərə yönəldilmişdir. Hazırda mühüm geosiyasi məkan kimi Azərbaycan regionda  sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli  tərəfdaş hesab  edilir. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, “Regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz”.

Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar da məhz ölkəmizin uğuru olmaqla yanaşı, Azərbaycanın dünyada artan nüfuzunun, geniş imkanlarının beynəlxalq birlik tərəfindən qəbul edilməsinin əyani göstəricisidir. Bu baxımdan Azərbaycanın müasir geosiyasi şəraitdə inkişaf etmiş dövlət kimi özünü təqdim etməsini heç şübhəsiz ki, bəzi qüvvələr qəbul edə bilmirlər. Azərbaycan bu kimi tədbirlərdə özünü, mədəniyyətini, xalqının adət-ənənələrini, keçdiyi yolu, tarixini, bir sözlə, sivil dünyanın dövlətin dəyərləndirilməsində istifadə etdiyi digər dəyərlərini dünyaya təqdim edir. Bununla yanaşı, Azərbaycan bu gün İsveçrə, Norveç, Fransa, İngiltərə kimi inkişaf etmiş Avropa dövlətləri ilə bir sırada durur və yüksək səviyyəli tədbirləri həyata keçirir. 

Azərbaycan bu cür dünya səviyyəli tədbirlərin ən yüksək standartını ortaya qoyursa, o zaman bütün bunlar bu gün antimüsəlman siyasətinin, ovqatının hökm sürdüyü Avropada, Qərbdə bəzi qüvvələri heç də razı salmır. Məhz erməni lobbisi də bunun arxasında dayanır və istəmir ki, Azərbaycan sivil dünyaya olduğu kimi təqdim edilsin. Çünki onlar illərlə Azərbaycan haqqında özlərinin düşündüyü mənfi rəyi formalaşdırmağa çalışmışlar və bu gün də bu antiazərbaycan siyasəti davam edir. Avropanın və Qərbin bəzi hüquq müdafiə, mətbuatla, insan hüquqları, vətəndaş cəmiyyətləri ilə bağlı təşkilatları da erməni lobbisinin təsiri altında antiazərbaycan fəaliyyətinə qoşulurlar. Bunların sırasında bəzi hökumətlərarası təşkilatlar və qurumlar “fəallıq” göstərirlər.

Bu səbəbdən, dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycan xalqını bu ədalətsizlik, ikili standartlar siyasəti, riyakarlıq və siyasi mədəniyyətsizlik üzür. Ancaq bu, bizim iradəmizə heç vaxt təsir edə bilməz. Dünyanın bütün yerlərində biz bunu görürük, kim güclüdür o da haqlıdır. Ona görə də güclü olmaq lazımdır. Biz də bunu çoxdan başlamışıq: güclü ordu, güclü iqtisadiyyat, vətəndaş həmrəyliyi və əlbəttə ki, düşünülmüş siyasət və sosial ədalət”.

Əli HƏSƏNOV
Azərbaycan Respublikası
Prezidentinin ictimai-siyasi
məsələlər üzrə köməkçisi,
tarix elmləri doktoru, professor

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında