Avropa ordusu nə dərəcədə realdır?

Son vaxtlar Avropada vahid ordunun yaradılmasının mümkünlüyü barədə müzakirələr aparılır. Xüsusilə də ötən ay Avropa Komissiyasının sədri Jan-Klod Yunkerin vahid Avropa ordusunun yaradılmasının zəruriliyi barədə səsləndirdiyi fikirlərdən sonra müzakirələrin intensiv xarakter aldığı müşahidə olunur. Məsələyə münasibət birmənalı deyil. Bəzi siyasətçilər vahid ordu ideyasına isti yanaşdıqlarını açıqlasalar da, digərləri hazırda belə bir ordunun yaradılmasının real olmadığını vurğulayırlar.

Qeyd etmək yerinə düşərdi ki, Avropa Komissiyasının sədri Jan-Klod Yunkerin ötən ay səsləndirdiyi fikirlər okeanın hər iki tayında ciddi müzakirələrə təkan vermişdi. Ukrayna böhranından sonra yaranmış yeni geosiyasi reallığı nəzərə almağı vacib sayan avropalı siyacətçi yeni çağırışlara adekvat reaksiya verilməsi üçün Avropa Birliyinin vahid ordusunun yaradılmasının mühüm olduğunu önə çəkirdi. Komissiya sədrinin sözlərinə görə, belə bir addım atmaqla Avropa birliyi dəyərlərinin qorunmasına yüksək qiymət verdiyini təsdiqləyərdi. Bundan başqa, vahid ordu təhlükəsizlik məsələlərində ümumi siyasət yürütməyə şərait yaradardı. “Avropanın ümumi ordusu dünyaya göstərərdi ki, Avropa Birliyi ölkələri arasında artıq müharibə olmayacaq”,-deyən cənab Yunkerin Almaniyanın “Welt am Sonntag” qəzetinə müsahibəsində regionun bir sıra ölkələrinin üzv olmadığı üçün NATO-nun bütövlükdə təhlükəsizliyə zəmanət vermədiyini də vurğuladığı bildirilirdi.

Maraqlıdır ki, Jan-Klod Yunkerin ideyası Almaniya siyasətçiləri tərəfindən müsbət qarşılanmışdı. Almaniya hökumətinin rəsmi nümayəndəsi Kristiane Virtsin sözlərinə görə, kansler Angela Merkel cənab Yunkerin ideyasına müsbət yanaşır. Xanın Merkel hesab edir ki, Avropada dərinləşmiş hərbi əməkdaşlıq əlaqələri olmalıdır. Bununla belə, Almaniya kansleri düşünür ki, vahid ordu gələcəyin layihəsidir. Almaniyanın müdafiə naziri Ursula fon der Lyayenin də vahid ordunun “avropalıların gələcəyidir” dediyi məlumdur. Xanım nazirin sözlərinə görə, vahid ordunun yaradılması Avropanın təhlükəsizliyini, eləcə də Avropanın NATO-da mövqelərini gücləndirərdi. Hərbi məsələlərdə milli suverenliyin Avropa Birliyinə verilməsini məqsədəuyğun hesab edən almaniyalı nazirin nümunə qismində Şenqen razılaşmasını və Ümumavropa əmək bazarını misal gətirdiyi də vurğulanır. Bununla yanaşı, Ursula fon der Lyayen cənab Yunkerin ideyasının qısa zaman kəsiyində reallaşacağına inanmadığını da dilə gətirmişdi.

Ancaq Avropanın vahid ordusunun yaradılması ideyası Qərbdə birmənalı qarşılanmır. Məsələn, Böyük Britaniya hökuməti hesab edir ki, milli təhlükəsizlik Avropa Birliyinin kompetensiyasına daxil deyil. Estoniyada da düşünürlər ki, vahid ordunun yaradılması yaxın perspektivdə mümkün olmayacaq. Bu ölkənin xarici işlər naziri Keyt Pentus-Rozimannusun sözlərinə görə, vahid ordu ideyası təhlükəsizlik ətrafında yaranmış vəziyyətə birbaşa cavab verə bilməz və bu ideyanı yalnız Avropanın uzunmüddətli layihəsi kimi nəzərdən keçirmək olar. Xanım nazir düşünür ki, Avropa təhlükəsizlik arxitekturasının vacib hissəsi Transatlantik əlaqələrdir və Avropanın vahid ordusu bu əlaqələri əvəz etmək iqtidarında deyil. İlk növbədə ona görə ki, Avropa ölkələrinin NATO qarşısında müəyyən hərbi öhdəlikləri var. Ən əsası, Avropanın resursları məhduddur və təkrarlama gözlənilən səmərəni verməyəcək. Keyt Pentus-Rozimannus hesab edir ki, vahid ordunun formalaşdırılması hərbi komandanlıq strukturlarının, qərargahlarının və digər mühüm hərbi infrastrukturlarının yaradılmasını tələb edir. Halbuki bütün bunlar NATO-da var və belə bir geniş həcmli işlərin həyata keçirilməsi çox vaxt və resurslar tələb edir. Bununla belə, Estoniya rəsmisi hesab edir ki, Avropa Birliyi ölkələri silahlı qüvvələrini möhkəmləndirməli və hərbi xərclərini artırmalıdır.

Qeyd etmək yerinə düşərdi ki, hazırda Avropa ölkələrinin təhlükəsizliyinə NATO cavabdehdir. Ancaq Avropanın təhlükəsizliyinin təmin olunmasına yönələn xərclərin böyük hissəsi ABŞ-ın payına düşür. Hazırda Avropa ölkələrində hərbi xərclər ümumi daxili məhsul istehsalının 2 faizini təşkil edir. Xüsusilə də son 10 ildə Avropanın hərbi xərclərinin kəskin azaldığı müşahidə olunur. Məsələn, 2001-ci ildə “Köhnə dünya” il ərzində hərbi məqsədlərə 251 milyard avro xərcləyirdisə, hazırda bu rəqəm təqribən 190 milyard avro səviyyəsindədir. ABŞ hökumətinin təkidlərinə baxmayaraq, Avropada hərbi xərclərin artırılmasına zərurət duyulmadığı önə çıxarılırdı. Ancaq Ukrayna böhranı “Köhnə dünya”nı mövqeyini dəyişməyə məcbur etdi. Hərbi xərclərin artırılması təklifi artıq ciddi müqavimətlə qarşılanmır və silahlı qüvvələrin güclənməsinə yönələn addımların müzakirəsi yeni vüsət alır. Doğrudur, Avropanın vahid ordusunun yaradılması ideyası hələ 1950-ci ildən müzakirə olunur və hər dəfə belə müzakirələrdən sonra təklif qeyri-müəyyən müddətə rəfə qaldırılır. İndi də belə bir halın müşahidə ediləcəyi inandırıcı görünür, cünki iqtisadi problemlərin hələ tam həll olunmadığı bir şəraitdə NATO-nu əvəz edəcək vahid ordunun yaradılması hazırda mümkün deyil. Amma istənilən halda vahid ordu ideyasının reanimasiyası “Köhnə dünya”nın Ukrayna böhranından sonra təhlükəsizlik ətrafında yaranmış yeni reallığa adekvat cavab verməyə cəhd göstərməsi kimi də qiymətləndirilə bilər. Buna görə də bir çox tanınmış mütəxəssislər hesab edir ki, hərbi məsələdə Avropanın qlobal oyunçuya çevrilməsinə hələ çox var və Şimali Atlantika bloku “Köhnə dünya”nın təhlükəsizliyinə cavab verən yeganə təşkilat kimi qalacaq.

Səbuhi Məmmədov,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında