Hesab edirəm ki, biz bu oyunların keçirilməsində standartları müəyyən edəcəyik.
Yəqin artıq bilirsiniz ki, oyunlarda 20 idman növü üzrə 6 mindən çox idmançı iştirak edəcək.
2016-cı ildə biz Dünya Şahmat Olimpiadasını, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik.
Bu da çox rəmzidir. Eyni ölkədə, eyni şəhərdə iki ildə siz Avropa Oyunlarını, sonra isə
İslam Həmrəyliyi Oyunlarını seyr edəcəksiniz. Bu, Azərbaycanın bugünkü reallığını əks etdirir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 21 noyabr, 2014-cü il
Mən dəfələrlə Bakıda olmuşam və hər dəfə buraya gələndə sanki öz doğma evimə gəldiyimi hiss edirəm.
“Eurovision” hamımızı ruhlandırıb... Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasını gözəl,
füsunkar Bakı şəhərində mükəmməl səviyyədə təşkil etdiyinizə görə minnətdaram.
Bu, təbii ki, ən yüksək standartlara cavab verir. Mən bunu gələn il
“Bakı-2015" ilk Avropa Oyunlarında da görəcəyimizə inanıram.
Patrik HİKKİ
Avropa Olimpiya Komitəsinin prezidenti
İdmana yatırılan sərmayə, sadəcə, infrastrukturun yaradılması ilə kifayətlənmir.
Bu sərmayə, təbii ki, təhsilin də inkişafında mühüm rol oynayır. Sizin gördüyünüz işlər,
töhfələriniz bütünlüklə cəmiyyətin inkişafına, təhsil sisteminin daha da təkmilləşməsinə, daha səmərəli
olmasına müsbət təsir göstərməklə yanaşı, idmançıların beynəlxalq yarışlarda uğur qazanmalarına
və dünya səviyyəsində Azərbaycanın imicinin möhkəmlənməsinə səbəb olur.
Bütün bunların nəticəsidir ki, Azərbaycan idmançıları beynəlxalq yarışlarda çoxlu sayda medallar qazanırlar.
Tomas BAX
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti
Mən son günlər sadə bir azərbaycanlı olaraq qəlbimə, ruhuma fəxr və iftixar hissi yaşadan iki məqamla rastlaşdım. Doğrudur, hər iki məqam, ilk növbədə, Bakıda keçiriləcək Avropa Oyunları ilə bağlı idi. Ancaq etiraf edim ki, üzdə belədir.
Əslində, həmin faktlar sürətlə inkişaf edən Azərbaycan dövlətinin özünəməxsus həqiqətlərinin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması baxımından xüsusi önəm kəsb edirdi. Həmin faktlar sübut edir ki, gənc müstəqil Azərbaycan dövləti xariqələr yaratmaq iqtidarındadır. Əgər elə olmasaydı, Avropa idman tarixinə yeni səhifələr yazmaq Azərbaycana etibar edilməzdi. Həmin səhifələr barədə bir az sonra söz açacağıq. İndi isə qeyd etdiyim məqamları açıqlayaq.
Birinci məqam haqqında. “Bakı-2015" Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin mətbuata verdiyi müsahibənin bir məqamına diqqət yetirək: ”Avropa Oyunlarının Təşkilat Komitəsinin yazdığı tarixin çox əlamətdar bir günüdür. Çünki bu gün biz yarışın açılışına 50 gün qalmasını qeyd edirik. I Avropa Oyunları ilə bağlı cəmi 50 gündən sonra bütün dünya Azərbaycanı seyr edəcək". Yəqin ki, hörmətli oxucu sitatın sonuncu sözlərini daha maraqla oxudu. “Bütün dünya Azərbaycanı seyr edəcək”. Söhbət təkcə telekanalların Bakıdan yayacağı canlı yayımlardan getmir. Söhbət həm də paytaxtımıza gələcək on minlərlə əcnəbinin öz ölkəsinə internet, telefon və digər informasiya vasitələri ilə göndərəcəyi xəbərlərdən gedir. Sözün həqiqi mənasında, dünya Bakını izləyəcək. Damarlarında azərbaycanlı qanı axan kiminsə bununla fəxr etmədiyinə... inanmaq çətindir. Cənab Kleq əlavə edib ki, oyunlara ev sahibliyi etməyimiz Azərbaycanı bütün dünyaya təqdim etmək üçün gözəl fürsətdi: “Bu, həmçinin bizə gözəl, gənc, dinamik inkişaf edən ölkəni bütün dünyaya tanıtmaq üçün imkan yaradır. Biz burada nəinki Azərbaycanın, Avropanın idman tarixini yaradırıq. Təbii ki, ölkə Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti, onun mövqeyi və bu işə bağlılığı olmasaydı, bütün bunlar mümkünsüz olardı. Buna görə də uzun müddət öz qəlbində saxladığı bu xülyanı məhz Əliyevin dəstəyi ilə Avropa Olimpiya komitələri həyata keçirə bildi. İnanıram ki, cəmi 50 gündən sonra Azərbaycan bizim həyata keçirdiyimiz bu layihədən olduqca fərəhlənəcək”.
Avropalı mütəxəssis proqnoz verir ki, 50 gündən sonra Azərbaycan bu layihədən fərəhlənəcək. Fakt isə ondan ibarətdir ki, biz həmin 50 günü gözləmədən, indidən də ölkəmizin bütün uğurlarından fərəhlənirik. Biz istənilən uğurun şahidinə çevriləndə ölkəmizin bugünkü azadlığı və firavanlığı uğrunda mübarizələrdə canından keçmiş şəhidlərimizin və ilk növbədə böyük xilaskarımız Heydər Əliyevin ruhuna hər dəfə rəhmət oxuyuruq.
İndi isə ikinci məqam haqqında. Yaşıdım olan bir çox soydaşlarım kimi, mən də əyalətdən paytaxta gələndə – ötən əsrin 70-ci illərinin əvvəllərində mədən fəhləliyində çalışmışam. Üç il qabaq Prezident İlham Əliyevin “Mən o yerləri görəndə dəhşətə gəldim”, – dediyi Bayıl mədənlərində beş ildən çox işlədim. Yəni o yerlərin hansı gündə olduğunu ən yaxşı bilənlərdən biri də mənəm. İndi həmin yerdən keçəndə, sözün həqiqi mənasında, insan qüdrətinə, dövlət rəhbərinin təşkilatçılıq məharətinə heyran olursan. Dörd - beş metr dərinliyində olan mazut gölləri, ucu-bucağı görünməyən bataqlıqlar, üfunət iyi verən qamışlıqlar, yüz ildən artıq müddətə ətrafa atılmış sənaye və tikinti tullantıları, yöndəmsiz və hərəsi bir səmtə “baxan” yastı-yapalaq tikililər, ...bir sözlə, ifadə edilməsi mümkün olmayan bir dəhşətli mənzərənin mövcud olduğu yerdə cəmi iki il ərzində, necə deyərlər, cənnətmisal bir park yaradılıb. İki il əvvəl buranı görənlər indi sadəcə gözlərinə inana bilmirlər. Parkın ortasında isə “Bakı-2015"-in ən böyük qurğularından olan Bakı Su İdmanı Sarayı göz oxşayır. Prezident İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın iştirakı ilə açılış mərasimi keçirilən saray haqqında verilən ümumi məlumat nə qədər könül oxşasa da, həmin məlumatları eşidəndə adam burada keçiriləcək yarışları görməyə daha çox tələsir. Xatırladaq ki, Azərbaycanda su idmanı növlərinin inkişaf etdirilməsi, bu sahədə yerli və beynəlxalq səviyyəli yarışların təşkili məqsədilə Prezident İlham Əliyev 2012-ci il avqustun 30-da Bakıda müasir standartlara cavab verən Su İdmanı Sarayının tikilməsi haqqında sərəncam imzalamışdı. Sonrakı il aprelin 19-da isə dövlət başçısının iştirakı ilə bu möhtəşəm idman sarayının təməlqoyma mərasimi təşkil edilmişdi. 6 hektar ərazisi olan bu nəhəng idman qurğusu yüksək keyfiyyətlə inşa olunub və artıq istifadəyə hazırdır. Mən, dövlət başçımızın sərəncamı ilə həmin ərazidə reallaşdırılmış başqa bir layihədən bəhrələnmiş 156 jurnalistdən biri - “jurnalistlər evi”nin sakini kimi, son il yarımda demək olar ki, həftədə iki dəfə Su İdmanı Sarayının tikintisi gedən obyektə gəlir, görülən işlərə baxırdım. Etiraf edim ki, dostlarla söhbətdə bu binanın tikintisinin iyun ayına qədər başa çatmayacağından narahatlığımı dilə gətirmişdim. Amma yanılırammış. Saray yüksək səviyyədə , vaxtından əvvəl təhvil verildi.
Doğrudur, biz hər gün həmin sarayın yanından keçirik və tikinti gözümüzün qabağında başa çatdırılıb. Ancaq bu qurğu haqqında ümumi məlumatları televiziyadan eşidəndə, qəzetlərdən oxuyanda, adam öz dövlətinin qüdrəti ilə fəxr edir. Dövlət başçısına verilən məlumatda qeyd olundu ki, Bakı bulvarının yeni salınan hissəsində yerləşən və ümumi sahəsi 72 min kvadratmetr olan Su İdmanı Sarayı Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir. Bildirildi ki, Su İdmanı Sarayında üç hovuz inşa olunub ki, bunlardan ən böyüyü üzgüçülük yarışlarının keçirilməsi üçün ayrılıb. Uzunluğu 50, eni 25 metrdir, dərinliyi isə 2,5 metr olan əsas yarış hovuzu su idmanının müxtəlif növləri üzrə yerli və beynəlxalq səviyyəli yarışlar üçün nəzərdə tutulub. Əsas zaldakı hündürlükdən suya tullanma hovuzunun uzunluğu 25 metrdir. Qeyd olundu ki, suya tullanma platforması 5 pilləli - 1, 3, 5, 7,5 və 10 metr olaraq inşa olunub. Burada quraşdırılan hovuzlar Beynəlxalq Üzgüçülük Federasiyasının rəsmi tərəfdaşı olan İtaliyanın “MyrthaPools” markalı hovuzlarıdır. Yarışları eyni vaxtda gəlmiş 6000-dən çox tamaşaçı izləyəcək. Xatırladaq ki, iyunun 12-dən 28-dək keçiriləcək Avropa Oyunlarında 49 ölkədən 6000-dən artıq idmançı 20 idman növündə mübarizə aparacaq. İlk Avropa Oyunları Bakıda 21 məkanda keçiriləcək. Bakı Su İdmanı Sarayında yaradılan yüksək şərait isə bir daha bu idman tədbirinin yüksək səviyyədə baş tutacağına təminat verir.
Bu mötəbər beynəlxalq tədbirə hazırlıq işləri və əldə edilmiş nailiyyətlər barədə qələmə almaq istədiyimiz yazını möhtəşəm uğurlarımızın bilavasitə müəllifi olan Prezident İlham Əliyevin fikirləri ilə tamamlamaq istəyirik: “Azərbaycan müstəqil ölkə kimi gəncdir. Müstəqilliyimizin cəmi 23 yaşı var. Əlbəttə ki, müstəqilliyimizin ilk illərində əsas prioritet müstəqil ölkəni qurmaq, dövlətçiliyimizi və müstəqilliyimizi möhkəmləndirmək və siyasi təsisatları yaratmaq idi.
Avropa Olimpiya Komitəsinə üzv olmaq qərarımız bu komitə tərəfindən çox müsbət qarşılandı və prioritetlərimizi nümayiş etdirdi. Avropa Olimpiya ailəsinə üzv olduqdan sonra Azərbaycan Avropa təsisatlarına daha sürətlə inteqrasiya etməyə başladı. Siyasi sistemimiz Avropanın siyasi sisteminin modelidir. Çünki, bildiyiniz kimi, müstəqilliyimizi bərpa etdiyimiz vaxt siyasi sistem, ümumiyyətlə, mövcud deyildi. Biz uğurları qazanmaq, müstəqillik fürsətini qaçırmamaq üçün müstəqil dövlət qurmalı, siyasi təsisatları yaratmalı, o cümlədən güclü iqtisadiyyatı formalaşdırmalı idik.
Bu baxımdan Avropa Olimpiya ailəsinin hissəsi olmaq, həmçinin bizə Avropa təsisatlarına fəal şəkildə inteqrasiya imkanını yaratdı. Yeri gəlmişkən, Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsindəki sədrliyi... çox uğurla keçdi. Əlbəttə ki, 2001-ci ildə reallaşmış Avropa Şurasına üzvlük bizə islahatları davam etdirmək və Avropa dəyərlərini ölkəmizdə təşviq etmək imkanını yaratdı. Siyasi islahatlar Azərbaycan üçün əsas prioritetlərdən biridir. Güclü demokratik təsisatların qurulması bizim üçün uğur şərtidir, çünki bizim bu gün güclü iqtisadiyyatımız var. Lakin möhkəm siyasi sistem olmadan inkişafımız görmək istədiyimiz qədər sürətli ola bilməzdi".
Fikrimizcə, yazını yekunlaşdırmaqdan ötrü bundan uğurlu cümlə tapa bilməzdik. Çünki bu gün Azərbaycanın cəmiyyət həyatının bütün sahələrindəki uğurlarını saymaqla qurtarmaq mümkün deyil. BMT Təhlükəsizlik Şurasına, Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməyimiz, kosmosa üzərində Azərbaycan bayrağının təsviri olan rabitə peykimizi çıxarmağımız, Bakını sivilizasiyalararası dialoq məkanına, ölkəmizi tolerantlıq ünvanına çevirməyimiz, dostlarımıza dost əli uzadıb, bədxahlarımıza hər addımda layiq olduqları cavab verməyimiz və bu kimi yüzlərlə fakt bugünkü Azərbaycan həqiqətləridir. Həmin uğurların hamısının təməlində bilavasitə möhtərəm Prezidentimizin dediyi məqam - möhkəm siyasi sistem dayanır. Biz həmin sistemi Heydər Əliyev siyasi dühası nəticəsində qurmuşuq.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.