Epidemiya, yoxsa çeroki hindularının soyqırımı?

Qədim dünyanın bakteriyalarının səbəb olduğu epidemiya Amerika hindularının kütləvi məhv edilməsində əsas rol oynamayıb. Aborigenlər ənənəvi tibbi metodlarla çiçək xəstəliyinə qarşı səmərəli mübarizə apara bilmişlər, avropalılar isə onlara qarşı bakterioloji silahdan (virus yoluxduran örtüklər haqqında mifdən kənar) istifadə etməmişlər. Çeroki tayfalarının çiçəyə qarşı mübarizəsi haqqında kitabın müəllifi Amerika tarixçisi Pol Kelton bu qənaətdədir. 

Kelton tarixçi həmkarı Cerard Daymondun əksinə çıxaraq, heç də elə hesab etmir ki, avropalıların qədim dünyanı ələ keçirmələrini infeksion xəstəliklər təmin etmişdir. Onun sözlərinə görə, hindu çerokilər 1700-cü illərdə artıq çiçək ilə mübarizədə kifayət qədər səmərəli üsullar tapmışdılar, hər şeydən əvvəl, sərt karantin. Epidemiyanın başladığı bütöv kəndlər təcridə məruz qalır, infeksiyaya yoluxanları isə kəndin kənarında yerləşdirirdilər.

XVIII əsrdə yalnız müstəmləkəçi orduların bilavasitə hücumları çerokilərə epidemiyaya qarşı davam gətirmək imkanlarını məhdudlaşdırdı. Məsələn, britaniyalılarla birinci müharibədə (1759-1761) hinduları ağ dərililərin düşünülmüş siyasəti üzündən (onlara bakteriya  yoluxdurulmuş örtüklər paylamaqla) çiçək yox, yandırılmış torpaqlar siyasəti  məhv etmişdi. Britaniyalılar çox tez-tez çerokilərin kəndlərini yandırır, qaçqınların başqa məntəqələrə kütləvi axını karantinin səmərəli nəticəsinə imkan vermirdi.

Kelton yazır: “Onlar karantinin nə olduğunu bilirdilər. Onlar bilirdilər ki, xəstəliyin gizləndiyi yerdən qaçmaq lazımdır. Onlar heç də uzanıb ölümü gözləmirdilər. Lakin müstəmləkə siyasəti onlara konstruktiv tədbirlər görməyə imkan vermirdi...Əgər sizin kəndinizə Avropa orduları və ya Amerika qoşunları müdaxilə edirsə, xəstəlikdən qorunmaq çətin olur...”

Bununla belə, XIX əsrdə çerokilər təkcə öz ənənəvi təbabət metodlarını saxlamadılar, həm də onu avropalıların müalicə metodları ilə təkmilləşdirdilər. Çiçəyə qarşı peyvənd onlara bu xəstəliyin epidemiyasını dayandırmağa imkan verdi. Tayfa ağ dərili amerikalıların nailiyyətlərini fəal şəkildə tətbiq etməyə (evdə, kənd təsərrüfatında, məktəblərdə)  başladı və 1830-cu ildə  yalnız zor gücünə deportasiya onlara ölümcül zərbə vurdu.

 Əlbəttə, bu gün uzun illərdir xristian dünyasının, xüsusilə uydurulmuş, guya  ötən əsrin əvvəllərində törədilən “erməni soyqırımı” ideoloji silahı ilə Türkiyəyə qarşı hücuma keçən “demokratik avropalılar” nədənsə dədə-babalarının  Şimali Amerikada aborigen xalqların, xüsusilə hinduların başına açdıqları oyunları, başlarının dərilərini soymalarını, qulaqlarını kəsmələrini, bakterioloji silahla məhv etmələrini qətiyyən yada salmaq istəmirlər.

 Məlumat üçün qeyd edək ki, bioloji silah ilk dəfə Amerikada, hələ ABŞ yaranmamışdan meydana gəlmişdir. Onun ixtiraçısı çiçək virusu ilə yoluxdurulmuş örtüklərin 1763 -cü ildə üsyan qaldırmış hindulara qarşı istifadə etməsini təklif edən  Britaniya generalı Jeffri Amxerst hesab olunur. Bu tarix kifayət qədər geniş yayılsa da, son illərdə avropalılar bu haqda danışmağı sevmirlər.

Fikrimizcə, Avropanın “erməni soyqırımı” kartı oynadığı indiki vaxtda oxucularımıza  bu haqda, qısa da olsa, informasiya vermək yerinə düşər. Şimali Amerikada yeddiillik müharibə sona yaxınlaşırdı. 1763-cü ildə delavarların və onlara rəğbət bəsləyən başqa tayfaların üsyanı Britaniya ordusunu çətin vəziyyətdə qoymuşdu. İyul ayına yaxın hinduların aramsız hücumları nəticəsində ordu bir neçə fortu itirdi və onların bəzilərində çiçək xəstəliyi yayılmağa başladı. Pitt qalaçasının (gələcəkdə Pittsburq) rəisi polkovnik Henri Buke Britaniya ordusunun cənub bölməsinin komandiri general Amxerstə məktubunda xəstəliyin yayılması barədə məlumat verir. Məktubdan aydın olur ki, qalaçanın  müdiri kapitan Simeon Ekuerin göstərişi ilə xəstələr üçün hospital tikilir. Məhz bu hospital məlum isti örtüklər hekayətinin başlanğıcına çevrilir. Vaxtı ilə xəz dəri satışı ilə məşğul olan Uilyam Trent Yeddiillik müharibə dövründə Şimali Amerikada istehkamların, qalaçaların tikintisi, yolların salınması, imkan düşəndə, bizneslə məşğul olurdu. Qalaçanın mühasirəsi vaxtı Trent yerli döyüşçülərin başçısı idi.

1763-cü il iyunun 24-də Trent öz jurnalında mühasirədə olan qalaçaya danışıqlara iki hindunun gəlməsi barədə qeydlərini edir: “Onlara ehtiram nişanəsi kimi hospitaldan iki isti örtük və bir dəsmal verdik. Mən ümid edirəm ki, bu lazımi səmərəni verəcək.” Rəsmi hesabatda isə, yemək və içki istisna olmaqla, bu barədə heç bir qeyd aparılmır.

Bukenin məktubuna cavabında general Amxerst çiçək barədə yazır: “Hansısa şəkildə xəstəliyin toxunmadığı hindu tayfalarında çiçəyin yayılmasını təşkil etmək olmazmı? İndiki vəziyyətdə biz onların sayını azaltmaq üçün istənilən hiylədən istifadə etməliyik.” Buke cavab verir ki, hospitaldakı isti örtüklər əməliyyatını həyata keçirməyə hazırdır və buna əlavə olaraq hinduları ingilis tazıları vasitəsilə zəhərləməyi də təklif edir. Amxerst örtüklər ideyasını bəyənir, itlərlə bağlı isə bildirir ki, “İngiltərə çox uzaqdır”. Buke sərəncamı yerinə yetirəcəyini vəd edir, ancaq qalaçanın rəisinə məktubunda  örtüklər barədə heç nə yazmır.

Amxerst tabeliyində olanlara qətiyyətlə bildirir ki, hinduları əsir götürməsinlər, heç zaman onlara etibar etməsinlər, ancaq onları sona qədər məhv etmək üçün hər şeyi etsinlər. Virusa yoluxdurulmuş örtüklərlə bağlı əhvalatın bu günümüzə çatmasında iki amerikalı tarixçiyə-  Frensis Pakman və Hovard Pekemə təşəkkür düşür.  Bu epizodla bağlı yazışmaları isə Bernard Knollenberq toplamış və 1954-cü ildə çap etdirmişdir.

Sonda müasir məlumatlara istinad edərək demək olar ki, 1492-ci il oktyabrın 12-də Xristofor Kolumb sonralar “Yeni dünya” adlandırılan kontinentin  adalarından birinə ayaq qoyanda əhalinin sayı 100- 145 milyon nəfər təşkil edib.İki əsrdən sonra onların sayı 90 faiz azaldı. Hazırda nə vaxtsa hər iki Amerikada yaşayan yerli xalqlar öz əvvəlki sayının ən yaxşı halda 5 faizini qoruyub saxlaya bilmişdir. Planetin qərb yarımkürəsindəki xalqların soyqırımının dünya tarixində paraleli yoxdur. Əcəba, oğru kimin bağrını yarmaq üçün belə hündürdən bağırır! 

İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında