Rusiyanın “S-300”ləri İrana göndərmək qərarı Yaxın Şərqdə nəyi dəyişə bilər?

İranın nüvə proqramı üzrə ABŞ-la apardığı danışıqlarda müsbət irəliləyişin olmasını əsas gətirərək aprelin 13-də Rusiya Prezidenti Vladimir Putin bu ölkəyə “S-300" zenit-raket kompleksinin təhvilinə qoyduğu qadağanı aradan qaldırdığını bəyan edib.

Xatırladaq ki, 800 milyon dollarlıq beş ədəd “S-300" sisteminin alqı-satqısı ilə bağlı Rusiya ilə İran arasında müqavilə 2007-ci ildə Tehranda imzalanıb. Lakin İranın nüvə proqramı ətrafında mövcud olan mübahisəli vəziyyətlə əlaqədar olaraq Rusiya tərəfi müqavilənin icrasını təxirə salıb. 2009-cu ildə İranın Qərbin nəzarəti altında az zənginləşdirilmiş uranı zənginləşdirilməmiş nüvə yanacağı ilə əvəz etməkdən imtina etməsi İranı yeni sanksiyalarla üz-üzə qoyub. BMT Təhlükəsizlik Şurasında İrana hücum silahlarının verilməsini, satışını qadağan edən qətnamənin qəbulu buna hüquqi əsas yaradıb. Rusiyanın o zamankı prezidenti Dmitri Medvedev də İrana qarşı sanksiyaların tətbiqinə tərəfdar çıxıb və 2010-cu il sentyabrın 22-də “S-300” hava müdafiə sisteminin İrana satışını qadağan edib.

Son zamanlar İran ilə “altılıq” ölkələri arasında gedən danışıqlarda müşahidə olunan irəliləyişlər, aprelin 1-də İranın nüvə proqramı üzrə çərçivə razılaşmasının əldə olunması Rusiyanı sanksiyaların ləğvi istiqamətində addım atmağa ruhlandırıb.

İsrail və ABŞ-ın reaksiyası

Raket sistemlərinin İrana təhvil tarixi bəlli olmasa da, onların bu ölkəyə verilməsinə qoyulan qadağanın aradan qaldırılması qərarı İsraildə böyük narahatlıqla qarşılanıb. Rusiya tərəfi sözügedən raket kompleksinin müdafiə xarakteri daşıdığını əsas gətirərək bunun heç bir dövlətə, o cümlədən İsrailə təhlükə yaratmayacağını bəyan edib. Lakin İsrail rəsmiləri İranın silahlanmasının birbaşa öz ölkələri və region üçün təhlükəli olduğunu bildirirlər.

ABŞ dövlət katibi Con Kerri də qərarın narahatlıq doğurduğunu ifadə edib. Lakin bu ölkənin Prezidenti Barak Obamanın qərara münasibəti daha maraqlı olub. Obama Rusiyanın addımını təbii qarşıladığını, “S-300" sistemlərinin İrana təhvilinin indiyədək uzadılmasının təəccüblü olduğunu deyib, çünki sanksiyalar müdafiə xarakterli silahların satışını qadağan etmir. Onun sözlərindən aydın olub ki, Rusiyanın “S-300"-ün satışı ilə bağlı 2010-cu ildə qoyduğu qadağa məhz ABŞ tərəfinin xahişi və istəyi ilə baş verib.

Maraqlıdır ki, Rusiyanın “S-300" zenit-raket kompleksini İrana satmaq qərarının nüvə danışıqlarına göstərəcəyi təsirlə bağlı həm ABŞ, həm də Avropa İttifaqı belə bir narahatlığın olmadığını bəyan edib.

Bəzi ekspertlər Kremlin “S-300" komplekslərinin İrana satışına qadağanın aradan qaldırılması qərarını Rusiyanın İran üzərində siyasi, iqtisadi təsirini artırmaq və bu ölkə ilə hərbi-ticarət əlaqələrini bərpa etmək cəhdi kimi qiymətləndirirlər. Bununla belə, istisna edilmir ki, bu alqı-satqı Rusiya-İsrail münasibətlərinə də ciddi zərbə vura bilər. 2014-cü ildə Rusiyanın İsraillə ticarət dövriyyəsi İranla olan ticarət dövriyyəsindən iki dəfə çox - 3,4 milyard dollar təşkil edib. Başqa bir maraqlı məqam ondan ibarətdir ki, Ukrayna məsələsində balanslı mövqe nümayiş etdirən İsrail Rusiyaya qarşı sanksiyalara qoşulmayıb.

Gözləntilərin təsdiqi olaraq, Rusiyanın “S-300"-lə bağlı qərarının İsraillə münasibətlərinə zərbə vurduğunu deməyə əsas verən məqamlar ortaya çıxır. Belə ki, sözügedən qərardan sonra İsrail tərəfi faşizm üzərində qələbənin 70 illiyi münasibətilə Rusiyada keçiriləcək mərasimlərdə iştirak üçün yüksək rütbəli rəsmi nümayəndə göndərmək fikrindən daşınıb. İsrailin adından tədbirlərdə iştirakı nəzərdən keçirilən şəxslər arasında ölkə Prezidenti Ruven Rivlinin, Baş nazir Benyamin Netanyahunun və bir sıra nazirlərin adları hallansa da, sonda İsrailin Moskvadakı səfirinin göndərilməsi qərara alınıb. İsrail tərəfi bu addımın Rusiyanın “S-300" qərarı ilə bağlı olduğunu birbaşa etiraf etməsə də, istər Rusiyada, istərsə də İsrailin özündə və beynəlxalq ictimaiyyətdə məsələ məhz bu cür qarşılanıb.

“S-300" kompleksləri İran üçün nə dərəcədə önəmlidir?

Vaxtilə Sovet İttifaqı İranın əsas hərbi təchizatçısı rolunu oynayıb. Lakin SSRİ-nin dağılması və beynəlxalq münasibətlərdə qüvvələr balansının dəyişməsi ilə İran daha çox Qərblə əlaqələrə maraq göstərib. Bununla belə, 2000-ci illərin əvvəllərindən İranın nüvə proqramı ilə bağlı yaranan anlaşılmazlıq rəsmi Tehranı yenidən Kremllə yaxınlaşmağa vadar edib. Nüvə proqramı məsələsinin tərəflər arasında hərbi, iqtisadi əməkdaşlığa vurduğu zərərə baxmayaraq, İran tərəfi əlaqələrin davam etdirilməsində maraqlıdır.

Bəzi rəylərə görə, son illərdə Liviya, İraq, Suriya, Yəmən kimi ölkələr etibarlı hava hücumundan müdafiə sistemlərinə malik olmadıqları üçün Qərb dövlətlərinin havadan bombardmanlarına məruz qalıblar. Hava müdafiə sistemi güclü olan ölkələrə qarşı isə əsasən, birbaşa hava hücumlarının təşkilindən çəkinilir, bu ölkələrə diplomatik təzyiq, daxili sabitliyin pozulması kimi üsullarla təsir göstərməyə çalışılır. Hesab olunur ki, hazırda aparılan nüvə danışıqları da İranın nüvə obyektlərinin bombalanmasına gedən yolda Qərbin “sülhpərvər” imicini yaratmaq məqsədi daşıyır. Bu səbəbdən də İranın özünü və nüvə obyektlərini qoruması üçün “müdafiə divarı” yaratmasına imkan verəcək “S-300" raket komplekslərini almasına maneənin aradan qalxması Qərbdə qəzəblə qarşılanır.

Sanki bu ehtimallara cavab olaraq İsrail mediasında belə bir fikir yer alır ki, “S-300" kompleksləri İranın nüvə obyektlərini təcrübəli və sovet hərbi texnikasına bələd olan İsrail hərbi hava qüvvələrinin zərbələrindən qoruya bilməz.

Bənzər mesajı Barak Obama müsahibələrinin birində ifadə edərək deyib ki, Rusiyanın “S-300" hava müdafiə sistemi nə qədər yaxşı olsa da, İrana veriləcəyi təqdirdə ABŞ qüvvələri onun öhdəsindən gələ bilər.

Digər tərəfdən, ekspertlərə görə, İranın hərbi cəhətdən hazırlıq səviyyəsi yerləşdiyi region standartları ilə müqayisədə o qədər də yüksək səviyyədə deyil və əsasən müdafiə xarakteri daşıyır. Üstəlik, ölkənin köhnəlmiş texnika ilə silahlanmış ordusunun yenidən müasir silah-sursat və avadanlıqlarla təchiz olunmasına ehtiyac var. Bütövlükdə, İran ordusunun modernləşdirilməsinə 40 milyard dollar xərc lazımdır. Ona görə də “S-300" raket kompleksinin alınması İran hava müdafiə sisteminin təkmilləşdirilməsində mühüm irəliləyiş ola bilər.

Digər tərəfdən, İranın təhlükəsizlik qayğılarını artıran mühüm məqamlardan biri regiondakı rəqiblərinin hərbi inkişaf səviyyəsidir. İsraillə yanaşı, Səudiyyə Ərəbistanı və digər bir sıra ərəb dövlətləri də İranla regional nüfuz uğrunda rəqabət aparır. Üstəlik, bu ölkələr İran qarşısında nəzərəçarpacaq hərbi üstünlüyə malikdir. Belə ki, Səudiyyə Ərəbistanı 2014-cü ildə hərbi texnika, silah-sursat idxalına görə Hindistanı da qabaqlayaraq 6,4 milyard dollar xərclə birinci yerə yüksəlib. İranın digər bir rəqibi olan Birləşmiş Ərəb Əmirliyi isə 2,2 milyard dollar xərcləməklə dördüncü yerdədir. Ötən il Səudiyyə Ərəbistanı 1,5 milyard dollar, BƏƏ isə 105 milyon dollar dəyərində hərbi hava texnikası alıb. “İranın yerləşdiyi regiondakı gərgin vəziyyəti nəzərə alsaq, müasir hava müdafiə sistemləri onun üçün çox vacibdir” - deyən Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözləri də İranın hərbi cəhətdən həssas tərəflərindən birinə diqqəti cəlb edir.

Sergey Lavrovun “S-300"-lə bağlı qərara münasibətində maraq doğuran bir məqam isə nazirin bunu Yəməndəki hadisələrlə əlaqələndirməsi olub. Lavrov İrana qonşu ərazilərdə, o cümlədən son həftələrdə Yəməndəki hərbi prosesləri əsas gətirərək hava müdafiə sistemlərinin vacibliyini əsaslandırıb. Bu səbəbdən də güman etmək olar ki, Səudiyyə Ərəbistanının Yəməndə apardığı hərbi əməliyyatlara müdaxilə etmək imkanları olmayan Rusiya bu yolla ən azından Səudiyyə Ərəbistanının regiondakı əsas rəqibi olan İranın hərbi gücünü artıra biləcəyi mesajını verməyə çalışır.

Bütün bunlar onu deməyə əsas verir ki, İran Rusiyanın “S-300" zenit-raket komplekslərinə böyük ehtiyac duyur. Bu kompleksin hər hansı real döyüş şəraitində istifadəsi barədə informasiya mövcud deyil. Lakin 1970-ci illərin sonunda SSRİ-də istehsal olunan, daha sonralar Rusiya tərəfindən təkmilləşdirilən “S-300" kompleksi hazırda dünyada ən güclü raket sistemlərindən biri hesab olunur. Üstəlik, bu sistemlərin İrana daşınması üçün 6 ilədək vaxt lazım olduğunu nəzərə aldıqda, demək olar ki, indiki məqamda Rusiyanın məlum qərarı İranın müdafiə vəziyyətində real dəyişiklik etməkdən çox siyasi gediş xarakteri daşıyır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında